Məhkəmə qərarları › İş №1(008)-431/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-431/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-431/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 22.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor şossesi ilə metropolitenin “Koroğlu” stansiyasına doğru 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor şossesi, metropolitenin “Koroğlu” stansiyasının istiqamətində yerləşən yol ötürücüsünün yaxınlığında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön orta hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya ağır dərəcəli travmatik və hemorragik şok, baş beyin maddəsinin əzilməsi, qaraciyərin və böyük piyliyin əzilmiş-cırılmış yaraları, sağ İİİ, V, Vİ, Vİİİ, İX, Xİ qabırğaların yerini dəyişən, sol İV, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları, ikitərəfli hemopnevmotoraks, sağ təpə, sağ gicgah sümüklərinin, əsas və ənsə sümüklərinin, sağ almacıq və əng sümüklərinin, çənə sümüyünün qapalı, qəlpəli, yerini dəyişən sınıqları, sağ qasıq sümüyünün qapalı, qəlpəli sınığı, Vİİ boyun fəqərəsinin, İ-İİ-İİİ oma fəqərələrinin sağ köndələn çıxıntılarının V bel fəqərəsinin arxa çıxıntısının qapalı sınıqları, sağ said sümüklərinin, sol bazu sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin, sol bazu sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin yerini dəyişən açıq sınıqları, almın, sağ yanağın, boynun, burunun, sağ said və sağ mil-bilək oynağı nahiyələrinin, sol baldırın əzilmiş-cırılmış yaraları ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərəvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi və 30 ildən çox sürücülük təcrübəsi var. Mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Baş vermiş hadisəyə qədər 15 gün olardı ki, “Toyota” markalı, “Prius” modelli, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin sözügedən avtomobil şirkətə məxsusdur və o, həmin şirkətdən maaş almaq qarşılığında həmin avtomobil ilə Bakı şəhərində taksi sürücüsü olaraq fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən, saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə sifarişlə götürdüyü sərnişini düşürtmüşdür. Bundan sonra yaşadığı evə getmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində yolun hərəkət hissəsinin sağdan ikinci zolağı ilə saatda 60-70 km sürətlə hərəkətdə olarkən asma körpünün altında yolu soldan sağa qaçaraq keçən kişi cinsli piyadanı idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur. Bundan sonra avtomobili dərhal saxlamış, vurduğu şəxsə yaxınlaşmış, baş vermiş hadisə barədə DİN-in “102” xidmətinə və təcili tibbi yardıma zəng etmişdir. O, hadisə yerində dayanaraq polis əməkdaşlarının oraya gəlməsini gözləmişdir. Hadisə zamanı avtomobildə ondan başqa heç kim olmamış, o özü tək olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, o, ümumiyyətlə spirtli içki qəbul etmir, həmçinin siqaret də çəkmir. Avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə yaşadığı evə getmək istəyərkən Bakı şəhəri, Sabunçu rayonu, metropolitenin “Koroğlu” stansiyası yaxınlığında olan körpünün altından yolu keçən zaman “Toyota” markalı, “Prius” modelli, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onu vurmuşdur. Hadisədən sonra o, huşunu itirmiş və bu vaxta kimi hələ də özünə gələ bilmir. Onu da qeyd etmişdir ki, sürücü tərəfindən ona heç bir maddi və mənəvi dəstək göstərilməmişdir. Hadisədən sonra sürücü onu xəstəxanaya gətirdikdən sonra bir daha onun yanına gəlməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı o, ağır xəsarət aldığı üçün onda yaddaş pozulmuşdur və hadisəni tam dəqiqliyi ilə xatırlamır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona ağır bədən xəsarətləri yetirmiş “Toyota” markalı, “Prius” modelli, **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona vurulmuş maddi ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, atası səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı atası Zərərçəkmiş şəxs xəsarətlər almış, onun müalicəsinə xeyli vəsait sərf etmişlər. Təqsirləndirilən şəxs onlara hər hansı köməklik göstərməmişdir. Hazırda atası zərərçəkmiş şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor şossesi, metropolitenin “Koroğlu” metrostansiyasının istiqamətində baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.5-14); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Şirvan RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir (i.v.18); xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, “**-KC-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.20); xx.xx.2023-cü il tarixli, 2/36806 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır(i.v.21); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Sabunçu rayon Şöbəsinin 11 dekabr 2023-cü il tarixli, 3031 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Ağır dərəcəli travmatik və hemorragik şok. Baş beyin maddəsinin əzilməsi. Qaraciyərin və böyük piyliyin əzilmiş-cırılmış yaraları. Sağ İİİ, V, Vİ, Vİİİ, İX, Xİ qabırğaların yerini dəyişən, sol İV, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları. İkitərəfli hemopnevmotoraks. Sağ təpə, sağ gicgah sümüklərinin, əsas və ənsə sümüklərinin, sağ almacıq və əng sümüklərinin, çənə sümüyünün qapalı, qəlpəli, yerini dəyişən sınıqları. Sağ qasıq sümüyünün qapalı, qəlpəli sınığı. Vİİ boyun fəqərəsinin, İ-İİ-İİİ oma fəqərələrinin sağ köndələn çıxıntılarının V bel fəqərəsinin arxa çıxıntısının qapalı sınıqları. Sağ said sümüklərinin, sol bazu sümüyünün yerini dəyişən qapalı sınıqları. Sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin, sol bazu sümüyünün yerini dəyişən qapalı sınıqları. Sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin yerini dəyişən açıq sınıqları. Alının, sağ yanağın, boynun, burunun, sağ said və sağ mil-bilək oynağı nahiyələrinin, sol baldırın əzilmiş-cırılmış yaraları. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəaritdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərəvurmaya aiddir. Lokalizasiyasma və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.32-36); Baxış keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanı vurması, vurduqdan sonra avtomobili saxlayaraq avtomobildən düşməsi görüntüləri aşkar edilmişdir (i.v.40); DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2- 43829/2024 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AE 506320 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2024-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 450179 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v.56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.57); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2024-cü il tarixli, 8/766 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.60-63); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 5 saylı Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2032-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir (i.v.87 A); Qətimkan tədbirinin seçilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.88-89); Sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı baş vermiş hadisə görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.91-95); Zərərçəkmiş şəxs və mülki iddiaçı X4 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində müayinə və müalicə üçün sərf etdiyi 6000 (altı min) manat, mənəvi ziyan və keçirdiyi sarsıntılara görə isə 10.000 (on min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməli(CPM-198.1.), maddi sübut - 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində müayinə və müalicə üçün sərf edilən xərclərlə bağlı 6000 (altı min) manat, mənəvi ziyan və keçirdiyi sarsıntılara görə isə 10.000 (on min) manat məbləğində, ümumilikdə 16000(on altı min) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş qəbzlərdən görünür ki, (49.94+205+139.32+5.94+112.26+53.19 + 23.80+4.23+3+17.10+17+24.99+20.20+50.94+146.08 +65.78+10+18.09+ 22.06+ 9.89 + 52.55+2.40+21.60+4.58+51.22+91.42+0.95) ümumilikdə 1223,53 (min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat dəyərində müxtəlif dərman vasitələri alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına vurduğu zərərin əvəzi kimi müalicəsi üçün 1223,53(min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat məbləğində ziyan vurulması təqdim olunmuş sənədlərlə təsdiq edilsə də, müayinə və müalicəyə sərf edilməsi göstərilən digər hissə ilə, yəni 4776,47 manat məbləğlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mülki iddiaçı 10000(on min) manat mənəvi zərər tələb etmişdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçının sağlamlığına zərər dəymiş, mülki cavabdehin təqsiri üzündən iddiaçı fiziki, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 1000 (min) manat tutulması ağlabatan və ədalətlidir. Beləliklə verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 1223,53 (min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat maddi və 1000 (min) manat mənəvi zərər, cəmi 2223,53 (iki min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1223,53 (min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat maddi və 1000 (min) manat mənəvi zərər, cəmi 2223,53 (iki min iki yüz iyirmi üç manat əlli üç qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar