Məhkəmə qərarları › İş №1(008)-432/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-432/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-432/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtobus sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 8-ci mədən ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, Zərərçəkmiş şəxs siqnal verib yol istəyən zaman, sonuncu ilə kənar şəxslərin gözü qarşısında mübahisə edib, yumuruqla sifət nahiyyəsinə bir dəfə zərbə endirib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngün dərəcəli zərər vuran sol gözün ağlı qişasına qansızma və sol gözyuvasıaltı almacıq nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 204 saylı avtobusda sürücü işləyir, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Sabunçu qəsəbəsi, 3saylı xəstəxananın qarşısında avtobusla dayanıb sərnişin düşürən zaman, bir nəfər taksi sürcüsü siqnal verib ona yol verməsini istəmişdir. O sürücüdən səbirli olmasını, sərnişinləri avtobusdan düşdükdən sonra yoluna davam edəcəyini bildirmişdir. Lakin taksi sürücüsü yenidən siqnal verib ona yol verməyini istəyərək ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, avtobusdan yerə enib taksi sürücüsünə yaxınlaşaraq nə üçün onu təhqir etdiyini soruşmuş, daha sonra isə taksi sürücüsünü avtomobilin içərisində oturduğu yerdə 1 dəfə yumruqla sifətindən vurmuşdur. Həmin vaxt taksi sürücüsü avtomobilindən yerə enərək onu vurmaq istədikdə ətrafda olan tanımadığı şəxslər onları ayırmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi avtomobil ilə Sabunçu qəsəbəsi, 3-saylı xəstəxananın yanında dayanıb taksi xidməti göstərmiş, avtomobilinə bir nəfər tanımadığı sərnişini mindirib yoluna davam etmək istəyərkən 204 saylı avtobus onun idarə etdiyi avtomobilin qarşısında saxlamışdır. O, əlini pəncərədən çıxarıb avtobus sürücüsünə işarə etmişdir ki, yol versin. Bu zaman avtobus sürücüsü avtobusdan yerə enərək onun idarə etdiyi avtomobilin pəncərəsinə yaxınlaşaq ona bildirmişdir ki, “sən məni təhqir etmisən.” O, avtobus sürücüsünə izah etmişdir ki, onu təhqir etməyib, sadəcə əli ilə işarə edib ki, avtobusu bir qədər irəli sürsün. Həmin vaxt avtobus sürücüsü onun sözlərinə qulaq asmadan avtomobilinin içərisində əyləşdiyi yerdə sağ əli ilə pəncərədən bir dəfə onun sifət nahiyyəsinə yumruqla zərbə vurmuşdur. Bu vaxtı ətrafda olan şəxslər ona yaxınlaşıb avtobus sürücüsünü kənara çəkib onları ayırmışlar. Avtobus sürücüsü avtobusa əyləşib hadisə yerindən uzaqlaşmışdır. Avtobus sürücüsü onu yumruqla vurarkən əlində hər hansı bir əşya və ya alət olmamış, baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Baş vermiş hadisənin şahidləri adını bilmədiyi sərnişin və kənarda dayanmış tanımadığı şəxslər olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sabunçu qəsəbəsində 3-saylı xəstəxanadan çıxıb avtobus dayanacağına doğru gedərkən 204 saylı avtobus sürcüsünün ağ rəngli avtomobilin sürcüsü ilə mübahisə etdiyini, daha sonra isə əlini avtomobilin pəncərəsindən içəri salıb taksi sürcüsünü yumruqla sifət nahiyəsindən vurduğunu görmüdür. BU vaxtı ərtafda olan şəxslər avtobus sürücüsünü tutub kənara çəkmişlər. Avtobus sürücüsü avtobusa əyləşib hadisə yerindən uzaqlaşmışdır. Baş vermiş hadisənin şahidləri ətrafda olan insanlar olmuşdur(i.v.36-38); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilərək fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir(i.v.11-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 353 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma və sol gözyuvasıaltı almacıq nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetrilməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.21-22); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.24); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 mart 2023-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 06(altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar