Məhkəmə qərarları › İş №1(008)-432/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-432/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-432/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, «Oba marketdə» satıcı-kassir işləyən, Kəlbəcər rayonu, Xoləzəy kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət.Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onu təhqir etdiyi üçün ictimai yer olan Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən «Oba market»in qarşısında kənar şəxslərin gözü qarşısında tanıdığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, yumruqla qəsdən onun üz nahiyyəsindən iki dəfə zərbə endirib yerə yıxaraq, ona sağ göz almasının ağlı qişasına qansızma, sağ göz yuvası ətrafı-almacıq nahiyəsinin dərialtı hematoması, sağ qaş üstü nahiyənin əzilmiş səthi yarası, burun nahiyəsinin qançır-sıyrığı, sağ yanaq, boyun və hər iki dirsək nahiyələrinin sıyrığı, sağ çənə şaxəsi və sağ bazu nahiyələrinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 saylı «Oba market»də satıcı-kassir vəzifəsində çalışır. İş yoldaşı Nərgiz ilə daim normal münasibətləri olmuşdur. 25 aprel 2024-cü il tarixdə axşam saatlarında məhsulların üzərində olan qiymətlərə baxdıqda uyğunsuzluq aşkar etmişdir. Bundan Nərgizlə mağaza müdiri olan Anarı günahlandırmışdır. Nərgizin isə Anara zəng edərək ondan şikayətlənib danışığını bitirdikdə onun ünvanına nalayiq ifadə işlətmişdir. Nərgiz də cavab olaraq onu təhqir etdikdə vitrində olan xloru götürərək yerə çırpmışdır. Bu zaman Nərgiz arxa otağa keçdikdə özünün müştərilərini yola salmağa başlamışdır. Yaxınlıqda yerləşən gözəllik salonunda işləyən şəxslərin isə səslərinə gələrək Nərgizin yanına keçmişdir. Az müddət sonra təxminən saat 20:00 radələrinə İsmayıl gələrək arxa otağa keçib Nərgizi görübvə ondan nə baş verdiyini soruşduqda «get arvadından soruş» demişdir. Həmin vaxt İsmayıl onun ünvanına nalayiq ifadə işlətmişdir. Onlar tutaşmışlar. Lakin dükandan olan müştərilər onları aralaşdırmışdır. Siqaret çəkmək üçün dükanın qarşısına çıxdıqda İsmayılın dükanın qarşısında Anara zəng edərək, onun barəsində şikayətlənərkən onu «şərəfsiz» adlandırdıqda, qəzəblənərək Zərərçəkmiş şəxs üzərinə gedib qəsdən iki dəfə onun üz nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Nərgiz 5 saylı «Oba market»də satıcı-kassir vəzifəsində çalışır. Adətən axşamlar onu gedib işdən götürərək evə aparır. 25 aprel 2024-cü il tarixdə, təxminən saat 20:00 radələrində onu götürmək üçün iş yerinə gedib içəri daxil olduqda Nərgizin arxa otaqda olduğunu və yaxınlıqda olan gözəllik salonunda işləyən şəxslərin onun yanında olduğunu görmuşdür. Nərgizin müştəri ilə mübahisə etdiyini düşünərək digər satıcı-kassir Məhəmmədən nə baş verdiyini soruşduqda onun «get arvadından soruş» deyə cavab vermişdir. Onunla aralarında sözlə mübahisə yaranmış və onun Nərgizlə dalaşdığını düşünərək ünvanına nalayiq ifadə işlədərkən Məhəmməd onun üzərinə gəldikdə bir-birilərini itələmişlər. Həmin zaman orada olan müştərilərin onları ayırmışlar. Sonra isə dükanın qabağına çıxaraq mağaza müdiri olan Anara zəng edib Məhəmməd barəsində iradlarını bildirərkən onu «şərəfsiz»adlandırmışdır. Məhəmməd bunu eşitdikdə isə onun üzərinə gələrək qəsdən iki dəfə yumruqla üz nahiyyəsindən zərbə vurmuş və o yerə yıxılmışdır. Onlar barışmışlar. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən «Ucuzluq» adlı paltar dükanı işlədir. Həmin dükanın yanında «Oba market» var. 25 aprel 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində dükanda olarkən küçədən səs-küy eşidərək dərhal küçəyə çıxmışdır. «Oba market»in işçisi ilə bir nəfər şəxsin mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı «Oba market» də işləyən şəxsin digər şəxsi yumruqla iki dəfə vurmuşdur. Bundan sonra isə ətrafda olan şəxslər onları aralaşdırdıqda mübahisə bitmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 14 may 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 921 saylı, 03 may 2024-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasına qansızma, sağ göz yuvası ətrafı-almacıq nahiyəsinin dəri altı hematoması, sağ qaş üstü nahiyənin əzilmiş səthi yarası, burun nahiyəsinin qançır-sıyrığı, sağ yanaq, boyun və hər iki dirsək nahiyələrinin sıyrığı, sağ çənə şaxəsi və sağ bazu nahiyələrinin qançırı müəyyən edilmişdir. Həmin xəsarətlərin şəxsin qeyd etdiyi 25 aprel 2024-cii il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, törətdiyi əməldən peşman olmasını, onun alternativ cəza ilə islah olunmasının mümükünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar