Məhkəmə qərarları › İş №1(008)-434/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-434/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-434/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi ilə, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMCdə sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi yüklü və texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 5410” markalı ** ML *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X1 Yolu istiqamətində hərəkətdə olarkən yolun Böyükşor gölünün qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydaları pozaraq onunla eyni hərəkət istiqamətində irəlidə hərəkət edən və qarşısına çıxan maneəni, yəni xarab olduğu üçün yolun sağ hərəkət hissəsində hərəkətsiz vəziyyətdə dayanmış “Ford” markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini təhlükəsiz ötüb keçmək məqsədi ilə arxadan ikinci hərəkət zolağı ilə hərəkət edən nəqliyyat axınına yol vermək üçün dayanmış “İsuzu NKR 55L” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan öz avtomobilinin qabaq hissəsi ilə vurmuş, arxadan vurduğu “İsuzu NKR 55L” markalı avtomobil ətalət qüvvəsi ilə irəli atılaraq öz ön hissəsi ilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış “Ford” markalı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə “İsuzu NKR 55L” markalı avtomobilin salonunda qabaq oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ baldır sümüklərinin yerini dəyişən açıq sınığı, sifətin sıyrıntıları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər alaraq, sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını qeyd edərək barəsində başlanılmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar