Məhkəmə qərarları › İş №1(008)-435/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-435/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-435/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan 45000,00 manat məbləğində pul vəsaitinin və 30,00 manat dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020- ci il tarixli, 2(008)-599/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməyinə, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, 24.01,2022-ci il, xx.xx.2022- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə 45000,00 manat məbləğində pul vəsaitini ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri digəri ilə uzlaşan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ondan 45000 manat məbləğində pul vəsaitinin və 30,00 manat dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020- ci il tarixli, 2(008)-599/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin o, heç vaxt məhkəmə qətnaməsinin icrasında qərəzli olaraq yayınmamışdır .Belə ki, onun himayəsində azyaşlı övladı olduğundan o, normal qaydada əmək müqaviləsi ilə işə düzələ bilmir. Uşağı onun himayəsində olmaqla özü tək valideyn olduğundan uşağın məktəbə aparılıb-gətirilməsi saatlarında özü uşağı aparıb gətirdiyindən yalnız fərdi əməklə məşğul olaraq iş saatlarını oğlunun saatları ilə uyğunlaşdırmışdır. O, dayə kimi işləyir və aylıq təxminən 300 manat, bəzi hallarda bayram olan aylarda isə 320 manat pul alır. Onun keçmiş həyat yoldaşı yol qəzası keçirmiş və səhhətində ciddi problemlər olduğundan ona aliment də ödəmir. O, uşağını təkbaşına böyüdür. Dəfələrlə Tovuz rayon icra şöbəsinə alimentin ödənilməməsi ilə bağlı şikayət etsə də, oğlunun atasının səhhəti nəzərə alınmış və onun barəsində müvafiq tədbir görülmədiyindən alimentin ödənilməsi də təmin edilməmişdir. Himayəsində olan uşağına baxmağa, onun qayğısına qalmağa, onu məktəbə aparıb-gətirməyə başqa şəxs olmadığından uşağının bütün qayğıları onun üzərindədir. Bu səbəbdən də o, yalnız saatları uşağına uyğun olan işlə məşğul olaraq çətinliklə övladını böyüdür. Uşağı bir az böyüyüb özü sərbəst məktəbə gedib gələndən sonra əlindən gələni edib müxtəlif iş yerlərində işləyib borcunu zərərçəkmiş şəxsə qaytaracaqdır. Hazırda onun borcu qaytarmaması qərəzli xarakter daşımır və onun ailə və maddi vəziyyətindən qaynaqlanır. O, borcu hissə-hissə ödəmək üçün növbəti aydan başlayaraq müvafiq addımlar atacaqdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, 45000 manat məbləğində pul vəsaitinin və 30,00 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)-599/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Onun icra şöbəsində dəfələrlə izahatının alınmasına və xəbərdarlıq edilməsinə baxmayaraq o, 45000,00 manat məbləğində pul vəsaitini kifayət qədər qazanca malik olmasına baxmayaraq qərəzli olaraq onun xeyrinə ödəməmişdir.Təqsirləndirilən şəxsin onun borcunu ödəməsi üçün maddi imkanı var. Himayəsində azyaşlı uşağı olsa da, onun uşağına bacılarının da baxması və ya uşağın atasına verilməsi mümkündür. Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sabunçu Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)- 599/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs, 45000 manat məbləğində pul vəsaitini və 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs qızıdır. 2014-cü il əvvəllərində Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs Bakı şəhəri, 8-ci km qəsəbəsində yerləşən Lombardı götürərək müştərək şəkildə onunla birlikdə işlətməsini təklif etmiş və bunun müqabilində sənədləşdimə və digər xərclər üçün 50,000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu bildirmişdir. Anası isə, Səbinənin yaxın qohumları olduğu səbəbindən, ona inanmış və 3 dəfəyə, yəni, 20,000 manat, 15,000 manat və 10,000 manat, ümümilikdə 45,000 manat məbləğində pulu Səbinəyə nağd olaraq vermişdir. Anası Zərərçəkmiş şəxs dəfələrlə Səbinəyə borcunu qaytarmaq ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qaldığından, anasının məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 45000 manat məbləğində pul vəsaitini və 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə qətnamə çıxarılaraq icra olunması üçün Sabunçu Rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021 -ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən 04 iyul 2022-ci il tarixədək məhkəmə qətnaməsi üzrə olan borcunu kifayət qədər aylıq qazanca malik olmasına baxmayaraq qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının nəvəsidir. Yaxın qohumu kimi onun etibarından istifadə edərək aldığı borcu qaytarmadığına görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamənin icrasından qərəzli yayındığı səbəbindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi üzrə 45000 manat məbləğində borcunun olduğundan sonradan xəbər tutmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini ödəmək üçün kifayət qədər maddi imkanı var. Şahid Sabunçu Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)- 599/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 45000 manat məbləğində pul və ödənilmiş dövlər rüsumuna görə 30 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.09-13). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli, 2(008)-599/2019 saylı icra vərəqəsindən görünür ki, icra vərəqəsi 17 sentyabr 2021-ci il tarixdə verilmişdir (i.v.14-15). “İcraata başlamaq haqqında” 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli, 2(008)-599/2019 saylı icra vərəqəsinə iş üzrə icraata başlanılmışdır (i.v 16). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 3(008)- 5241/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v.69-71). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 8(008)- 135/2022 saylı qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.96-98). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (i.v.163). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (i.v.164). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsində göstərdiyi xüsusatlar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs satbil qazancının və maddi imkanının olmadığını göstərərək öz əməlinə haqq qazandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, şəxsin işləmək üçün tam fəaliyyət qabiliyyətli olduğu halda qətnaməsinin icrasını hissə-hissə də olsa təmin etmək istiqamətində addım atmaması, stabil əmək haqqı olan iş axtarmaq və ya bir neçə fərdi işlə məşğul olaraq müvafiq qazanc əldə etməyə cəhd etməməsi şəxsin məhkəmə qətnaməsini icra etmək üçün bütün imkanlardan istifadə etməməsinin göstəricisidir. Təqsirləndirilən şəxsin qətnaməni hissə-hissə icra etməyə hazır olması barədə göstərdiyi xüsusata münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi 2020-ci il tarixdə çıxarılmaqla elə həmin ildən icra vərəqəsi üzrə icraata başlanmış, icra vərəqəsində göstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş, borclunun qətnamənin hissə-hissə icrasına və ya maddi imkanı ilə əlaqədar olaraq qətnamənin icrasına möhlət verilməsinə dair hər hansı qanuni tədbir görməsi, ərizə ilə məhkəməyə müraciət etməsi müəyyən edilməmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin məhkəmə qətnaməsinə etinasız münasibət göstərərək qətnaməni qərəzli olaraq icra etməməsinə dəlalət edən hallardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz əməlinə haqq qazandırmaq üçün irəli sürdüyü dəlillər əsassız olmaqla öz təsdiqini tapmamış və iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs bu illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, ötən müddət ərzində qətnamənin icrası üçün heç bir tədbirlər görməmiş, özünün də qeyd etdiyi kimi güzəmuzd işləməsinə, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: 3572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 may 2014-cü il təvəllüdlü (X3) uşağı var (i.v.35). Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1169/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə məhkum edilərək 02 il müddətə islah işləri cəzasına məhkum edilməsinə dair hökm dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir (i.v.40-43). Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 1(102)-803/19 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1169/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v.44-48). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 1(008)-243/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir (i.v.145-148). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 fazi tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, 10 noyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v.150). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.192-193). 05 fevral 2019-cu il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında olan nikah ləğv edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(008)- 2966/2018 saylı qətnaməsindən görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış nikah ləğv edilmiş, boşanmadan sonra 22 may 2014-cü il təvəllüdlü X1 və 22 aprel 2000-ci il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxs yanında saxlanılması qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində 22 may 2014-cü il təvəllüdlü azyaşlı oğlu X3 ilə birgə yaşayır, azyaşlı oğlu onun himayəsindədir, onun valideyn vəzifələrini lazımi qaydada icra etməməsi, uşağa pis rəftarı barədə hər hansı müraciət icra hakimiyyətinə daxil olmamışdır. Məhkəmənin sorğusuna əsasən Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş 05 aprel 2023-cü il tarixli, 456 nömrəli məktubdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2966/2018 saylı, 12 aprel 2018-ci il tarixli icra sənədi 20 iyun 2018-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədi üzrə tələbkar Təqsirləndirilən şəxs həm yazılı, həm də şifahi olaraq icra şöbəsinə müraciət etdiyi gündən aliment borcunun ödətdirilməsi yönündə borclu barəsində məcburi tədbirlər görülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin himayəsində 14 yaşına çatmayan uşağının olmasını, onun ərindən boşanaraq məhkəmə qətnaməsi ilə 22 may 2014-cü il təvəllüdlü azyaşlı oğlu X1 onun himayəsinə verilməsini, hər şeydən öncə uşağın mənafeyini nəzərə alaraq Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 22 may 2014-cü il təvəllüdlü azyaşlı uşağı X1 14 yaşına çatanadək təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən məhkəmə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli Qanunla ratifikasiya etdiyi BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 2.1-ci maddəsinə əsasən iştirakçı dövlətlərin məhkəmələri uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının şərtləndirildiyi əsaslardan biri də şəxsin uşağının tərbiyəsi ilə məşğul olmasıdır. Bu zaman məhkumun şəxsiyyəti, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. hallar da nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq humanizm prinsipindən çıxış edərək Təqsirləndirilən şəxs himayəsində azyaşlı-14 yaşına çatmayan övladının olmasını, onun ərindən boşanmaqla uşağını təkbaşına böyütdüyünü və uşağın anasının himayəsinə verildiyini, kiçik yaşlarından ata qayğısından məhrum olan uşağın anası ilə birgə yaşayaraq ana qayğısına ehtiyacının olmasını, azadlıqdan məhrum etmə cəzasının hazırda real olaraq icra olunacağı halda uşağın ana qayğısından da erkən yaşından məhrum olmasının onun psixologiyasına, gələcək tərbiyəsinə və təhsil almaq imkanlarına mənfi təsir göstərəcəyini, beləliklə də, başlıca olaraq azyaşlı uşağın üstün mənafeyi və hüquqlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 22 may 2014-cü il təvəllüdlü azyaşlı oğlu X3 14 yaşına çatanadək, yəni 22 may 2028-ci il tarixədək təxirə salınmalı, Təqsirləndirilən şəxs üzərinə azyaşlı uşağına qayğı göstərmək, onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 172.6-cı maddəsinə əsasən müvafiq davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 22 may 2014-cü il təvəllüdlü uşağı X3 14 yaşına çatanadək, yəni 22 may 2028-ci il tarixədək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərinə azyaşlı uşağına qayğı göstərmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar