Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-435/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 961-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli hökmü ilə 02(iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasında yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun oğlunu işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 2021-ci ilin fevral ayında Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Ləvəngi” kafesində 2300 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 2300 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir(epizod İ). Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun təqaüd məsələsini düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 2022-ci ilin fevral ayında Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Ləvəngi” kafesində 20000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir(epizod İİ). Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onun əlillik təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun tanışı cinayətdən xəbəri olmayan Şahid2 vasitəsi ilə, ilkin olaraq 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, nömrəsiz fərdi evin qarşısında 2.500 (iki min beş yüz) manat, 27 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən piyada keçidinin yaxınlığında 6.000 (altı min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 8.500 (səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir(epizod İİİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, halhazırda cəzasını çəkir. Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsilə tanımışdır. 2022-ci ilin may ayında Qurban ona zəng edərək tanışı Yusifə təqaüd düzəltmək lazım olduğunu bildirmiş və o, bu məsələnin həlli üçün Qurbandan 8500 manat məbləğində pul istəmişdir. Qurban onunla razılaşmış və öz tanışı Yusifdən 8500 manat məbləğində pul alaraq həmin şəxsin təqaüd məsələsini həll etmək üçün gətirib ona vermişdir. O, Yusifə məxsus 8500 manat məbləğində pulu Qurbandan 2 dəfəyə almışdır. Belə ki, ilk dəfə 2022-ci ilin may ayının ortalarında o, Şahid2 yaşadığı yəni, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, nömrəsiz fərdi evin qarşısına gedərək həmin şəxsdən 2500 manat məbləğində pulu almışdır. O, Qurbandan həmin pulu alan zaman həmin şəxs pulun Yusifə məxsus olduğunu demişdir. Bundan sonra o, Qurbandan qalan pulu soruşduqda həmin şəxs yaxın vaxtlarda Yusifdən alıb ona verəcəyini demişdir. Sonradan 27 iyun 2022-ci il tarixdə saat 15 radələrində yerdə qalan 6.000 manat məbləğində pulu Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən piyada keçidinin yaxınlığında almışdır. O, Şahid2 Zərərçəkmiş şəxs3 məxsus 8.500 manat məbləğində pulu aldıqdan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və həmin şəxslərə işi tez bir zamanda həll edəcəyini yalandan demişdir. Bundan başqa o Zərərçəkmiş şəxs1 uşaq vaxtından bəri tanıyır. Azərin atası Misir ilə Xocalı şəhərindən bəri tanışlıqları olmuşdur, belə ki, Zərərçəkmiş şəxs1 təqaüd məsələsinin düzəlməsinə kömək edib-etməyəcəyini soruşmuşdur. O da, həmin şəxsin təqaüd məsələsinə köməklik olunmasına razı olmuşdur. 2022-ci ilin fevral ayında Azər ilə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında görüşmüşdürlər. Kafedə görüşən zaman Azər şəxsiyyət vəsiqəsinin sürətini və digər həkim sənədlərinin sürətini, bundan başqa 4000 manat məbləğində pulu ona vermişdir. Azərə aylıq 950 manat məbləğində təqaüd düzəldəcəyini bildirmişdir. Aldığı pulun müqabilində heç bir iş görməyərək hər dəfəsində Azərə yaxın günlərdə təqaüd məsələsinin həll olunacağını bildirmişdir. Sonuncu dəfə Azərlə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında görüşmüşdürlər. Həmin vaxt orada həmin şəxsə işin ən qısa zamanda düzələcəyini bildirmişdir. Azər soruşduqda işini həll edəcəyini bildirmişdir. Lakin, Azərdən aldığı pulu şəxsi işlərinə, səhhətinə xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 qonşuluqdan tanımışdır. Arzu oğlunu işə düzəltməsi üçün kömək istədiyi üçün, həmin şəxslə qonşu olduqlarına görə kömək edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasmm yaxınlığında yerləşən “Ləvəngi” restoranında görüşərək əvvəlcədən razılaşdıqları kimi 2300 manat məbləğində pulu, oğluna məxsus şəxsiyyət vəsiqəsinin sürətini və xatırlamadığı sənədlərin sürətini götürərək həmin şəxsə ən yaxın zamanda oğlunu işə düzəldəcəyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs2 aldığı pulun müqabilində heç bir iş görməyərək aldığı pulu yalnız öz maddi xərclərinə sərf etmişdir. O, Şahid2 Zərərçəkmiş şəxs3 məxsus 8.500 manat məbləğində pulu alan zaman, həmin pulu kiməsə və ya hər hansı bir vəzifəli şəxsə verəcəyini deməmişdir. O, Şahid2 Zərərçəkmiş şəxs3 məxsus 8.500 manat məbləğində pulu aldıqdan sonra həmin puldan nə Qurbana, nə də ki, başqa şəxsə pul verməmişdir. O, Şahid2 Zərərçəkmiş şəxs3 məxsus 8.500 manat məbləğində pulu alan zaman yanlarında heç kim olmamışdır. Azər yalan danışır, o, Zərərçəkmiş şəxs1 ümumilikdə, 4000 manat məbləğində pulu Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən“Ləvəngi” restoranında təqaüd məsələsini düzəldəcəyinə vəd verərək həmin şəxsin aylıq 950 manat təqaüd alacağına inandıraraq almışdır. Zərərçəkmiş şəxs1 ilə görüşən zaman, həmin şəxsdən pulu götürəndə yanlarında onlardan başqa kimsə olmamışdır. Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında görüşən zaman onun yanında onun birlikdə iş gördüyü Səxavət və Tofiq adlı şəxslərdə olmuşdur. Əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir, Səxavət və Tofiq adlı şəxslərin anket məlumatlarını bilmir, həmin şəxsləri usta kimi işləyən zaman tanımışdır. Həmin şəxslərlə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında tanış kimi görüşüb çörək yemişdirlər. Səxavətin həkim, Tofiqin isə vəkil kimi işləməsi barədə heç bir məlumatı yoxdur. Tofiq və Səxavətə təqaüd düzəltmək adi ilə aldığı puldan heç bir məbləğdə pul veməmiş, Zərərçəkmiş şəxs1 ilə görüşən zaman həmin şəxslərin də təsadüfən orada olduqlarına görə, Zərərçəkmiş şəxs1 sakitləşdirmək üçün, pulu tələb etməsin deyə həmin şəxslərlə birlikdə iş gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 aldığı 4000 manat məbləğində pulu və Zərərçəkmiş şəxs2 aldığı 2300 manat məbləğində pulu və Zərərçəkmiş şəxs3 8500 manat məbləğində pulunu səhhəti ilə əlaqədar olaraq müalicələrinə və şəxsi işləri üçün sərf etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2015-ci ildə uşaqlıqdan bəri tanıdığı Təqsirləndirilən şəxs təqaüd düzəltməyi ona təklif etsə də, o qəbul etməmişdir. 2022-ci ildə Oqtay müharibə bitdiyi üçün təqaüdə çıxmağın daha asan olduğunu bildirərək onu təqaüdə çıxarması üçün köməklik edəcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Belə ki, Oqtay ona aylıq 950 manat təqaüd alaçağını bildirərək, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul müqabilində onun təqaüd məsələsinə köməklik edəcəyini bildirmişdir. O, Oqtayla, 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında görüşmüş, Oqtayla çay içib söhbət etdikdən sonra həmin kafenin giriş qapısının önünə çıxaraq 20.000 (iyirmi min) manat məbləğində pulu Oqtaya vermişdir. Oqtay isə bütün prosesin 3 ay ərzində baş tutacağını, təqaüdün təmin olunacağı gün birdəfəlik sığorta pulu üçün 18.000 (on səkkiz min) manat, növbəti ay 6.500 (altı min beş yüz) manat məbləğində pul alacağını bildirmişdir. Sığorta ödənişləri bitdikdən sonra isə aylıq təqaüdü 950 (doqquz yüz əlli) manat olacağını bildirmişdir. Daha sonra Oqtayla sağollaşaraq öz evinə getmişdir. 3 ay keçdikdən sonra Oqtayın heç bir iş görmədiyini görüb həmin şəxslə əlaqə saxlamışdır. Oqtay bildirmişdir ki, hal-hazırda həkimlər olmadığı üçün iş biraz yubanır. Həmin danışıqlarından 1 ay keçdikdən sonra görmüşdür ki, Oqtay heç bir iş görmür, anlamışdır ki, artıq onu aldatmışdır. Bir neçə dəfə Oqtayın yaşadığı evə getmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Ləvəngi” restoranında Oqtayla görüşərək həkim kimi təqdim etdiyi Səxavət və Tofiq deyə tanıtdığı vəkil orada olmuşdur. Pulu geri tələb etdikdə Tofiq telefonla danışdığı üçün onların yanından durub kənara keçmişdir. Pulunu geri tələb etdikdə isə Oqtay Səxavətin yanında pulu ən qısa zamanda geri qaytaracağını bildirmişdir. Lakin, bu günə kimi heç bir nəticə olmadığını görüb şikayət etmək qərarına gəlmişdir. Oqtay ilə uşaqlıqdan birlikdə böyümüşdürlər. Baş vermiş hadisəyə qədər 36 il Oqtayla tanışlıqları olmuşdur. Daha öncə görməsə də, Oqtayın təqaüdlə bağlı özü bu işlərlə məşğul olduğunu özü ona bildirmişdir. O, 20.000 (iyirmi min) manat məbləğində pulu aylıq 950 manat təqaüd almaq üçün zəruri sənədləri düzəltməsi üçün Oqtaya vermişdir. Pulu Oqtaya verən zaman yanlarında ikisindən başqa heç bir şəxs olmamışdır. Oqtaydan pulu tələb etdikdə Oqtay bu işin tək deyil ortaq gördüyü şəxslərin olduğunu bildirmişdir. Oqtayla görüşərək pulunu tələb edən zaman yanında həkim kimi təqdim etdiyi Səxavət və vəkil kimi təqdim etdiyi Tofiq də olmuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs Səxavət və Tofiq adlı şəxsləri onunla tanış edən zaman həmin şəxslərlə dost olduğunu, Səxavətin həkim, Tofiqin isə vəkil olduğunu bildirmişdir. Həmin şəxslərin anket məlumatları barədə heç bir məlumatı yoxdur. 1992-ci ildə müharibə zamanı müharibədə iştirak etdiyini Oqtay bildiyi üçün ona müharibə iştirakçısı kimi təqaüd düzəldəcəyini bildirmişdir. Ona dəymiş ziyan hazırda ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısı və qazisidir, ona görə də, dövlət tərəfindən 1993-cü il tarixdən 2022ci il tarixə qədər ona təqaüd verilmiş, lakin, 2022-ci ilin mart ayında ƏƏSMN tərəfindən təqaüdünün verilməsi dayandırılmışdır. Bakı şəhəri, Sabunçu rayonunda yaşayan Elsevər adlı döyüş yoldaşının yaşadığı evə qonaq gəldiyi zaman həmin şəxs qonşuluqda yaşayan Qurban adlı şəxsin qeyd olunan problemi aradan qaldıra biləcəyini ona bildirmiş, bundan sonra Elsevərlə birlikdə Qurbanın yaşadığı evə gedərək həmin şəxslə görüşüb onlara köməklik edə biləcəyini maraqlanmışdırlar. Qurban bu məsələdə ona köməklik edə biləcək vəkil tanışının olduğunu və bu işi görməsi üçün 8500 manat məbləğində pul lazım olacağını bildirmiş, o, həmin şəxslə razılaşaraq oradan uzaqlaşıb Sabirabad rayonuna getmişdir. 2022-ci ilin may ayında o, 2500 manat məbləğində borc pul taparaq Bakı şəhərinə gəlmiş və Şahid2 yaşadığı evə gedərək pulu həmin şəxsə vermişdir. xx.xx.2022ci il tarixdə isə bankdan kredit əldə edərək yenə Bakı şəhərinə gələrək Qurbanın yaşadığı evə gedərək, yerdə qalan 6000 manat məbləğində pulu həmin şəxsə vermişdir. Şahid2 qeyd olunan məsələni 3 ay müddətinə həll edəcəyini ona bildirsə də, nə məsələni həll etmiş, nə də ki, pulunu qaytarmışdır. Ona dəymiş ziyandan 350 manat qaytarılmış, qalan ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, pandemiya dövründə tanıdığı, yaşadıqları həyətdə qonşuluqda onlarla birlikdə yaşayan, Təqsirləndirilən şəxs onun oğlu Allahverən Orucovu 2300 manat pul müqabilində işə düzəldəcəyini demişdir. Bu barədə telefonla əlaqə saxlayan zaman Oqtay bildirmişdir ki, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşsünlər. 2021-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında “Ləvəngi” kafesində görüşmüşdürlər. Oqtayla görüşərək 2300 manat pulu vermişdir. Həmin vaxtdan sonra Oqtay hər dəfə müxtəlif bəhanələr gətirərək nə oğlunu işə düzəltmiş, nə də ondan aldığı pulu geri qaytarmışdır. Bundan sonra polis orqanlarına müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı barədə ərizə yazmışdır. Bildirmişdir ki, baş vermiş hadisəyə qədər 30 il Oqtayla tanışlıqları olmuşdur. Daha öncə Oqtayın işə düzəltmə ilə bağlı kiməsə kömək etməsi barədə məlumatı olmamışdır. O, 2300 manat məbləğində pulu oğlu Allahverən Orucovu işə düzəltməsi üçün Oqtaya 20 Yanvar metrostansiyasının yaxınlığında “Ləvəngi” kafesində vermişdir. Pulu Oqtaya verən zaman yanlarında ikisindən başqa heç bir şəxs olmamışdır(i.v.118-120); Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yusifi qonşuluqda yaşayan Şahid1 adlı şəxsin vasitəsilə tanımışdır. 2022-ci ilin may ayında Elsevər Yusiflə birgə onun yaşadığı evə gələrək Yusifin dayandırılmış təqaüdünün bərpasına köməklik etməyini xahiş etmiş, o, həmin şəxslərə Təqsirləndirilən şəxs adlı tanışının köməklik edə biləcəyini düşündüyünü bildirərək Oqtayın mobil telefonuna zəng etmiş, həmin şəxslə danışıb məsələni izah etdikdə, Oqtay həmin məsələni 3 ay müddət ərzində 8500 manata həll edə biləcəyini bildirmiş, o isə bu barədə Elsevərlə Yusifə danışdıqda həmin şəxslər razılaşaraq məsələni həll etməyi bildirmişdirlər. O, aradabir boş vaxtlarında taksi sürücüsü olaraq fəaliyyət göstərmiş, öz şəxsi avtomobili ilə sərnişin daşımaqla məşğul olmuş, bu minvalla da, Oqtayı tanımışdır, belə ki, günlərin bir günü Oqtay onun idarə etdiyi avtomobilə sərnişin qismində minmişdir, bu zaman həmin şəxs onun avtomobilində olarkən onun telefon danışığı zamanı sığorta və sənəd işlərini həll edə biləcəyini eşitmiş, buna görə də lazım olar deyə həmin şəxslə tanış olmuş və telefon nömrəsini götürmüşdür, daha sonra isə həmin şəxs özü onun da sığorta məsələsini həll etmiş, buna görə də həmin şəxsə onun inam və etibarı yaranmış, Yusifin də işini Oqtayın əli ilə həll etmək istəmişdir. 2022-ci ilin may ayında Yusif həmin məsələ ilə bağlı yaşadığı evin qarşısında ona 2500 manat məbləğində pul vermişdir. xx.xx.2022-ci il tarixdə isə yerdə qalan 6000 manat məbləğində pulu yenə də yaşadığı ünvanda ona vermişdir. O, pulların hamısını Oqtayla görüşüb ona vermiş və məsələni söz verdiyi kimi 3 ay müddətində həll etməsini xahiş etmişdir, həmin şəxs onunla razılaşaraq deyilən müddətdə məsələni həll edəcəyinə söz verib ondan ayrılmış, lakin, uzun müddət keçsə də, Oqtay bu günə qədər hər dəfə yaxşı olacağını ona bildirərək nə məsələni həll etmiş, nə də ki, pulu qaytarmışdır. Ümumilikdə o, Oqtaya Yusifdən 8500 manat məbləğində pulu alıb Yusifin əlillik dərəcəsini düzəltmək üçün vermişdir. Onun bu işi görməkdə məqsədi yalnız Yusifi tanıdığı üçün, həmin şəxslə aralarında dost münasibətləri olduğuna görə həmin şəxsə köməklik etmək olmuşdur, başqa da heç bir məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısı və qazisi, 2-ci qrup müharibə əlilidir. Zərərçəkmiş şəxs3 şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 və Şahid2 onun döyüş yoldaşlarıdır. Həmin şəxslərlə onlar 1-ci Qarabağ müharibəsində tanış olmuşdurlar. Baş vermiş hadisə barədə onu qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 əlillik dərəcəsinin dayandırılması və aldığı pensiya və təqaüdün dayandırılması barədə ona məlumat verdikdə o, Qurban adlı tanışının bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra Yusif ondan Qurbanla həmin şəxsi tanış etməyini istəmiş, o da Qurbana zəng etmiş və həmin şəxsləri görüşdürmüşdür. Qeyd etmişdir ki, bu vaxta qədər həmin şəxslər bir- birilərini tanımamışdırlar. Qurban Yusifə bu işin həlli ilə bağlı vəkil tanışının olduğunu və bu işi 8500 manat məbləğində pul qarşılığında həll edə biləcəyini demişdir. Buna görə də 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs3 2500 manat məbləğində borc pul taparaq Bakı şəhərinə gəlmiş və onun da iştirakı ilə Şahid2 yaşadığı evə yəni, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, nömrəsiz fərdi evin qarşısına gedərək pulu həmin şəxsə evin qarşısında vermişdir. xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs3 bankdan kredit əldə edərək, yenə Bakı şəhərinə gələrək Qurbanın yaşadığı evə, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, nömrəsiz fərdi evin qarşısına gedərək, yerdə qalan 6000 manat məbləğində pulu yenə onun iştirakı ilə həmin şəxsə vermişdir. Bu zaman Şahid2 pulu Zərərçəkmiş şəxs3 alan zaman həmin vəkil tanışının əli ilə bu işi 3 ay müddətində həll edəcəyini bildirmiş, lakin, uzun müddət keçməsinə baxmayaraq Qurban nə Yusifin işini həll etmiş, nə də ki, həmin sözügedən pulu qaytarmışdır. Bildirmişdir ki, onun bu işlə bağlı heç bir maddi marağı olmamışdır. O, sadəcə Yusifə köməklik etmək fikrində olmuş, çünki, Yusif ilə aralarında dost münasibətləri vardır. O, həmin ərəfələrdə işin gecikdiyini gördükdə, təxminən 2022-ci ilin sentyabr ayında o, Qurban və həmin işi düzəldəcəyini bildirdiyi Oqtay adlı şəxslə üçü birlikdə görüşmüş və o, həmin şəxslərə qəti şəkildə etirazını bildirmiş, tez bir zamanda Yusifin pulunu geri qaytarmalarını həmin şəxslərdən tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Yasamal rayonu 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Ləvəngi” restoranına baxış keçirilmiş, vətəndaş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə həmin yerdə görüşərək pulu ona verməsini qeyd etmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 9-13); baxış keçirilməsi haqqında 06 dekabr 2022-cil tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yerləşən “Ləvəngi” restoranına baxış keçirilmiş, vətəndaş Zərərçəkmiş şəxs2 qeyd olunan restoranı göstərərək bildirmişdir ki, 2021-ci ilin fevral ayında Oqtay adlı şəxs ondan 2300 manat pul almışdır ki, oğlunu işə düzəldəcəkdir, həmin vaxtdan Oqtay adlı şəxs nə oğlunu işə düzəltmiş, nə də ki pulu geri qaytarmışdır, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.28-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 fevral 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir(i.v. 76-80, 123-124); 13 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.162-167); hadisə yerinə baxış keçirilməsi barədə 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 1 küçəsi nömrəsiz fərdi ev ünvanına vətəndaş Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.183-184); qətimkan tədbirinin nəzərə alınması haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmışdır(i.v.251-252); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-435/2024 saylı, xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Müdafiəçi məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2300 manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın məbləğini tam olaraq qəbul etsə də, Zərərçəkmiş şəxs1 2000 manat deyil 4000 manat pul aldığını göstərmişdir ki, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2300 manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə əməli ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İ epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizod üzrə cinayət əməllərinin 2021-ci ilin fevral ayında baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizod üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizod (İ epizod) üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan İ epizod üzrə başlanmış cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə xitam verilməli olduğundan, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun təqaüd məsələsini düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 2022-ci ilin fevral ayında Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Ləvəngi” kafesində 20000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə bağlı İİ epizod üzrə verilmiş ittihamdan “təkrarən” və “təkrar” sözləri xaric edilməlidir. Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq əməli üzrə İİ epizoddan “təkrarən” və “təkrar” sözlərinin xaric edilməsi, həmçinin İ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizod üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf eməsini və səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 26 avquat 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), ittiham aktında qeyd olunan İ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(007)-315/2023 saylı hökmü üzrə olan 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2300 manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-nin 39.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-435/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-435/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver