Məhkəmə qərarları › İş №1(008)-440/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-440/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-440/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalliq oğlunun, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5, 66.3, 71.5 və 67.1-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilərək cəzası 08 (səkkiz) il 10 (on) ay müddətinə endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,716 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 10 yanvar 2023-cü il tarixdə, saat 09:10 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fəaliyyət göstərən “Bakı” kafesinin qarşısında olan küçədə özünü şübhəli apardığına görə saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan ağ rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 0,716 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Bir neçə müddətdir ki, narkotik vasitədən istifadə edir və istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alır. 10 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata bir büküm psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün, yəni, 10 yanvar 2023-cü il tarixdə, saat 09:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fəaliyyət göstərən “Bakı” kafesinin qarşısında olan küçədə olarkən ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində psixotrop maddə metamfetamin olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-yə getmişdir. Polis bölməsinə gəldikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan ağ rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 10 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə rəisi işləyir və polis mayoru rütbəsi daşıyır. 10 yanvar 2023-cü il tarixdə, saat 09:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat baş müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xidmət apararkən həmin ərazidə yerləşən “Bakı” kafesinin yaxınlığında bir nəfər piyada şəxsin onları gördükdən sonra özünü şübhəli aparmasını görmüş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin vaxt özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis Şöbəsinə getmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 14-cü Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan ağ rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 10 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan ağ rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə kristal şəkilli, spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 36-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 6/126 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün Ns 100” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)....” sözləri, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,716 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetamin qalıq çəkisi 0.666 qramdır. Cinayət işinin 68-70-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 21/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 yanvar 2023-cü il tarixli, 117 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqəsində olan 26 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan 26 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.666 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 73-74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5, 66.3, 71.5 və 67.1-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilərək cəzası 08 (səkkiz) il 10 (on) ay müddətinə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5, 66.3, 71.5 və 67.1-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki ağır cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olduğundan əməlində cinayətlərin residivi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.666 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalan 0.666 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar