Məhkəmə qərarları › İş №1(008)-440/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-440/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-440/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs icarəyə götürdüyü Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 9 ünvanında yerləşən adsız kafedə müştəri qismində olarkən əyləşdiyi masaya qulluq etmiş Zərərçəkmiş şəxs masanın yemək süfrəsini yığışdırıb çay dəstgahını gətirməsi sifarişinə Zərərçəkmiş şəxs ünvanına etdiyi “dodaq altı” cavabını bəhanə edib xuliqanlıq niyyətilə sonuncunun sifət nahiyəsinin sağ və sol tərəfinə bir neçə dəfə dayanmadan yumruq zərəbələri vurub qəsdən Zərərçəkmiş şəxs sol gözyuvasıətrafıalmacıq-yanaq nahiyəsinin və sağ bazunun dərialtı hematomaları, alın nahiyəsinin, burun nahiyəsinin və alt dodağın əzilmiş-cırılmış yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sağ gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağ almacıq sümüyünün yerini dəyişən qapalı, qəlpəli sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində tanışı Qafqaz ona zəng edib demişdir ki, ümumi tanışı Hümmət ilə birlikdədir, Zabrat qəsəbəsində bir kafe yeri bilir, həmin kafedə yeməklər çox ucuz qiymətə satılır, həmin kafeyə yeyib içməyə gedirlər. Qafqaz ona demişdir ki, Məmmədi götürüb həmin kafeyə gəlsin, orada yeyib içsinlər. O, da buna görə tanışı, eləcə də, onunla eyni məhəllədə yaşayan Məmməd ilə telefon əlaqəsi saxlayıb bildirmişdir ki, tanışları Qafqaz ilə Hümmət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kafeyə yeyib-içməyə gedirlər, onları da həmin kafeyə dəvət ediblər. O, Məmmədlə məhəllədə görüşüb Zabrat qəsəbəsində yerləşən Qafqazın dediyi sözü gedən kafeyə getmişdir. O, həmin kafeyə ilk dəfə getmiş, həmin kafenin üzərində ad olmamış, çox da səliqəli vəziyyətdə olmamışdır, çox aşağı səviyyədə yer olmuşdur. O, Məmməd ilə kafeyə daxil olanda Qafqaz ilə Hümmət masa arxasında əyləşib yemək yeyib spirtli içki araq qəbul etmişlər. Masanın üzərində sosiska yumurta, kartoşka ilə toyuq qızartması, kotlet yumurta yeməkləri olmuşdur. Qafqaz ona demişdir ki, araqı özləri almışlar. Həmin vaxt təxminən saat 18 radələri olmuşdur. O, Məmməd və Qafqaz ilə Hümmətin əyləşdiyi masa arxasında əyləşmiş, kafedə işləyən təxminən 50 yaşında olan adını bilmədiyi şəxs onlar üçün əlavə yemək və boşqab gətirmiş, Məməd ilə o, yemək yeyib araq içmişlər. Onların əyləşdiyi masa içəri daxil olduqdan sonra ikinci masa olmuş, masanın bir tərəfi divara söykənmişdir. Onlar təxminən bir saat həmin kafedə yemək yeyib araq içmişlər. Lakin yeməyin dadı xoşuna gəlməmişdir. Daha sonra Məmməd ayağa qalxıb kafenin giriş hissəsində olan odun peçinin yanında dayanıb siqaret yandırıb çəkməyə başlamışdır. Onlar bir litr araqı içib qurtarmışlar, hiss etmişdir ki, sərxoş olmuşdur. O, əyləşdikləri masanın kafenin mərkəzinə tərəf olan hissəsində əyləşmişdir. Həmin gün təxminən 19:30 radələrində kafedə onlara qulluq edən kişiyə çay sifariş vermişlər. Həmin kişi çay hazırlayıb, stəkanları gətirib onların əyləşdiyi masanın üzərinə qoymuş, o, həmin kişiyə demişdir ki, stolun üzərində olan boş qabları yığışdırsın, stolun üzərini səliqəyə salsın, həmin kişi geriyə çevriləndə donquldanmışdır ki, “bunlara bax, hərə bir göstəriş verir”, o da, sərxoş olduğu üçün onun sözlərinə əsəblərini cilovlaya bilməmiş və ayağa qalxıb həmin kişinin sifət nahiyyəsinə sağ və sol əlləri ilə dayanmadan bir neçə yumruq zərbəsi vurmuş və həmin kişi yerə yıxılmışdır. Hümmət ilə Qafqaz ayağa qalxıb araya keçib onu kənara çəkmişlər. O, həmin kişini yumruqla vurarkən əyləşdikləri masa aşmış, üzərində olan qablar, araq butulkası, külqabı, çəngəl, qaşıq da yerə düşmüşdür. Daha sonra o, Qafqaz, Məmməd və Hümmət kafedən çıxıb getmişlər. O, etdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir ki barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cıımşüd oğlu ifadəsində göstərdi ki, təxminən iki olar ki, o, yaşadığı evin yaxınlığında yerləşən adı olmayan kafeni icarəyə götürüb işlətmişdir. Həmin kafeinin adı yoxdur, kafe 21 kvadrat metr ölçüdədir, kafedə müştərilərn əyləşib yemək yemələri üçün üç ədəd masa vardır. O, evində yemək hazırlatdırıb kafeyə gətirir, həmin kafeyə müştərilər gəlib yemək istəyəndə sobanın üzərində qızdırıb müştərilərə verir. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində müştəri qismində iki nəfər cavan oğlan onun işlətdiyi kafeyə gəlmişlər. Onların yaşı təxminən 30-32 olardı. Həmin müştərilər giriş qapısının sağ tərəfində olan ikinci masa arxasında əyləşib sosiska yumurta, kartoşka ilə toyuq qızartması, kotlet yumurta sifariş vermişlər. O, həmin müştrərilərin verdikləri sifarişi masa üzərinə gətirmişdir. Həmin şəxslər spirtli içki olan araq da sifariş vermişlər, o masa üzərinə bir litrlik araq gətirib qoymuşdur. Təxminən 30 dəqiqə sonra daha iki nəfər hündür boylu cavan oğlan kafeyə gəlib əvvəlcə gələn iki nəfər şəxsin əyləşdiyi masada əyləşib onlarla yeyib içməyə başlamışlar. O, başa düşmüşdür ki, onlar tanışdırlar. Həmin müştərilər təxminən bir saat yarım kafedə əyləşib yemək yeyib araq içmişlər. Həmin gün təxminən 19:30 radələrində həmin müştərilər ona çay sifariş vermişlər. O, da çay hazırlayıb, stəkanları gətirib onların əyləşdiyi masanın üzərinə qoymuşdur. Həmin müştərilərdən biri, yəni masanın mərkəzinə tərəf əyləşmiş sonradan adı ona məlum olan İsaq adlı şəxs demişdir ki, stolun üzərində olan boş qabları yığışdır, stolun üzərini səliqəyə sal. İsaq adlı müştəri yenidən ona demişdir ki, ləng tərpənirsən, get tez gəl. O, da İsaqa demişdir ki, ləng deyil, onlara qulluq edir və geriyə çevrilmişdir ki, gedib çayniki, eləcə də, podnosu gətirsin ki, boş qabları yığışdırsın. Həmin vaxt İsaq ayağa qalxıb yandan onun sifət nahiyyəsinə sağ və sol əlləri ilə dayanmadan bir neçə yumruq zərbəsi vurmuş və o zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt həmin müştərilərin əyləşdiyi masa da aşmış, masanın üzərində olan qablar, araq btulkası və külqabı da yerə düşmüşdür. Bundan sonra onu vuran İsaq və yanında olan 3 nəfər şəxs kafedən çölə çıxıb getmişlər. Kafedə baş vermiş dava-dalaş zamanı kafedə özü və müştəri qismində dörd nəfər eyni masa arxasında əyləşən İsaq, Məmməd, Qafqaz və Hümmət adlı şəxs olmuşdur, başqa heç kim olmamışdır, kafedə başqa heç kim olmadığı üçün kafenin iş rejimi pozulmamışdır. İsaq onu pis döymüş, hətta almacıq sümüyü sınmışdır. Ona görə fikirləşmişdir ki, İsaqın cəzası daha ağır olsun, eləcə də, İsaqın yanında olan dostları da cəzalansın. Buna görə də, ilkin ifadəsində və tibbi ekspertizada həkimə verdiyi məlumatda onu dörd nəfər şəxsin döyməsini, eləcə də, araq butulkası, külqabı və stul ilə də vurmaqlarını bildirmişdir. Lakin həqiqətdə onu İsaq yumruqla vurub xəsarət yetirmişdir, İsaqdan başqa onu döyən şəxs olmamışdır, həmçinin o, araq butulkası, külqabı və stul ilə vurulmamışdır. O, İsaqı əvvəllər tanımamış və aralarında hər hansı bir ədavətləri olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində tanışı İsaq onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, tanışları Qafqaz ilə Hümmət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kafedə əyləşib yemək yeyirlər, onları da həmin kafeyə dəvət ediblər. O, İsaqla görüşüb Zabrat qəsəbəsində yerləşən sözü gedən kafeyə getmişdir. O, həmin kafeyə ilk dəfə imiş ki, gedirmiş, həmin kafenin üzərində ad yox imiş, çox da səliqəli vəziyyətdə deyilmiş, kafenin güzəranı çox aşağı səviyyədə olmuşdur. O, Elvin ilə kafeyə daxil olanda Qafqaz ilə Hümmət masa arxasında əyləşib yemək yeyib spirtli içki qəbul edirmişlər. Həmin vaxt təxminən saat 18 radələri olarmış. O, Elvin ilə masa arxasında əyləşmiş, kafedə işləyən sonradan adı ona məlum olan Murad şəxs onlar üçün yemək gətirmiş, İsaq və o özü də bir qədər spirtli içki olan araq qəbul etmişlər. Onların əyləşdikləri masa içəri daxil olduqdan sonra ikinci masa imiş, masanın bir tərəfi divara söykənmişdir. O, əvvəlcə həmin masanın kafenin mərkəzinə düşən stulunda əyləşmiş, daha sonra isə ayaq yoluna gedib qayıtdıqdan sonra masanın divara tərəf olan stulunda əyləşmiş, masanın mərkəzinə tərəf isə, yəni onun əvvəlcə əyləşdiyi stulda Hümmət əyləşmişdir. Onunla üzbə-üz Qafqaz əyləşmiş, Qafqaz da divara tərəf olan stulda əyləşmiş, Qafqazın yanında isə, yəni mərkəzə tərəf olan stulda İsaq əyləşmişdir. Onlar təxminən 1 saat həmin kafedə yeyib içmişlər. Onlar bir litr araqı içib qurtarmışlar, İsaqın sərxoş olması açıq aydın hiss olunurmuş. Həmin gün təxminən 19:30 radələrində kafeni işlədən Murada çay sifariş vermişlər. Daha sonra o, ayağa qalxıb kafenin giriş hissəsində olan odun peçinin yanında dayanıb siqaret yandırıb peçin içərisində olan közü dəmir çubuqla tərpəşdirmişdir. İsaq əyləşdikləri masanın kafenin mərkəzinə tərəf olan hissəsində əyləşmişdir. Murad çay hazırlayıb, stəkanları gətirib masanın üzərinə qoymuş, İsaq Murada demişdir ki, stolun üzərində olan boş qabları yığışdırsın, stolun üzərini səliqəyə salsın, Murad geriyə çevriləndə nə isə demiş, lakin Muradın nə dediyini başa düşə bilməmişdir. Muradın sözlərindən əsəbiləşən İsaq ayağa qalxıb onun sifət nahiyyəsinə sağ və sol əlləri ilə dayanmadan bir neçə yumruq zərbəsi vurmuş və Murad yerə yıxılmışdır. Həmin vaxt Hümmət ilə Qafqaz araya keçib İsaqın qoluna girib onu kənara çəkmişlər. Əyləşdikləri masa yerə aşmış, üzərində olan qablar, araq btulkası, külqabı, çəngəl, qaşıq da yerə düşmüşdür. Daha sonra İsaq, Hümmət, Qafqaz və o özü kafedən çıxıb getmişlər. Şahid1 ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, o, Elvinin adının İsaq olduğunu bilməmişdir, sonradan bilmişdir ki, Elvinin rəsmi adı İsaqdır. O, satmaq istəmədiyi üçün İsaqın Zərərçəkmiş şəxs döydüyünü bildirməmişdir. Dava-dalaş xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən kafedə baş vermişdir, təxminən 1 dəqiqə davam etmişdir, yəni ani olaraq baş vermiş və bitmişdir, İsaq Murad adlı şəxsin sifət nahiyyəsinə bir neçə yumruq zərbəsi vurub onu döymüşdür, həmin vaxt kafedə o özü, Qafqaz, İsaq və Hümmət olmuşdur. Kafedə baş vermiş dava-dalaş zamanı kafeyə səs- küyə kənardan heç kim gəlməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, İsaqı o Elvin kimi tanııyr. Məmməd, Hümmət və Elvin onun tanışlarıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində tanışı Hümmət ilə birlikdə olarkən Hümmət ona bildirmişdir ki, Zabrat qəsəbəsində bir kafe yeri bilir, həmin kafedə yeməklər çox ucuz qiymətə satılır, həmin kafeyə gedib yemək yeyib spirtli içki qəbul etsinlər. O, Hümmət ilə razılaşmış, Hümmətə demişdir ki, ümumi tanışları Məmməd və Elvinə də telefon zəngi edib onları kafeyə dəvət edir. Bundan sonra o, Elvin ilə telefon əlaqəsi saxlayıb ona demişdir ki, tanışı Hümmət ilə birlikdədir, Zabrat qəsəbəsində bir kafe yeri bilirlər, həmin kafedə yeməklər çox ucuz qiymətə satılır, həmin kafeyə yeyib içməyə gedirlər, Məmmədi götürüb həmin kafeyə gəlsin, orada yeyib içsinlər. Daha sonra o, Hümmət ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən sözü gedən kafeyə getmişdir. O, həmin kafeyə ilk dəfə idi ki, getmişdir. Kafedə təxminən 50 yaşında kişi olmuşdur. Onlar kafenin giriş qapısının sağ tərəfində olan ikinci masa arxasında əyləşib sosiska yumurta, kartoşka ilə toyuq qızartması, kotlet, yumurta sifariş vermişlər. Kafedə olan həmin kişi onların sifarişini masa üzərinə gətirmişdir. Onlar həmin şəxsə spirtli içki olan araq sifariş vermişlər. Həmin şəxs masa üzərinə bir litrlik araq gətirib qoymuşdur. Təxminən saat 18 radələrində Məmməd ilə Elvin kafeyə gəlmişlər, onlarla eyni masa arxasında əyləşmişlər, kafedə onlara qulluq edən şəxs Elvin və Məmməd üçün də boş qab və yemək gətirmiş, onlar birlikdə yemək yeyib spirtli içki olan araq qəbul etmişlər. Lakin Elvin bildirmişdir ki, yemək və araq onun xoşuna gəlməyib. Onlar iki saatdan artıq həmin kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Daha sonra Məmməd ayağa qalxıb kafenin giriş hissəsində olan odun peçinin yanında dayanıb siqaret yandırıb çəkməyə başlamışdır. Onlar bir litr araqı içib qurtarmışlar, Elvinin sərxoş olması açıq aydın hiss olunmuşdur. Elvin əyləşdikləri masanın kafenin mərkəzinə tərəf olan hissəsində əyləşmişdir. Həmin gün təxminən 19:30 radələrində kafeni işlədən kişiyə çay sifariş vermişlər. Həmin kişi də çay hazırlayıb, stəkanları gətirib onların əyləşdiyi masanın üzərinə qoymuş, Elvin həmin kişiyə demişdir ki, stolun üzərində olan boş qabları yığışdırsın, stolun üzərini səliqəyə salsın. Həmin kişi geriyə çevriləndə donquldanmış, lakin nə dediyini başa düşə bilməmişdir. Həmin şəxsin sözlərindən əsəbiləşən Elvin ayağa qalxıb həmin kişinin sifət nahiyyəsinə sağ və sol əlləri ilə dayanmadan bir neçə yumruq zərbəsi vurmuş və həmin kişi yerə yıxılmışdır. Həmin vaxt o, Hümmət ilə Elvinin qoluna girib onu kənara çəkmişlər. Əyləşdikləri masa yerə aşmış, üzərində olan qablar, araq btulkası, külqabı, çəngəl, qaşıq da yerə düşmüşdür. Daha sonra Elvin, Hümmət, Məmməd və o özü kafedən çıxıb getmişlər. Şahid2 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, dava- dalaş xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən kafedə baş vermişdir, təxminən 1 dəqiqə davam etmişdir, yəni ani olaraq baş vermiş və bitmişdir, indi adı ona məlum olan Murad adlı şəxsin sifət nahiyyəsinə Elvin bir neçə yumruq zərbəsi vurub onu döymüşdür, həmin vaxt kafedə o özü, Məmməd və Hümmət olmuşdur. Zərərçəkmiş şəxs düz danışmır, Zərərçəkmiş şəxs təkcə Elvin yumruq zərbələri vuraraq döymüşdür, o özü və Hümmət araya keçib Elvini kənara çəkmişlər. Murad yerə yıxıldıqdan sonra heç kim onu vurmayıb. Hümmət, Məmməd və o özü Muradı döyməmişlər. O, Hümmətin təkcə adını bilir, Hümmətin mobil nömrəsi mobil telefonundan silinib, ona görə onun anket məlumatlarını və mobil nömrəsini deyə bilməyəcəkdir. Kafedə baş vermiş dava-dalaş zamanı kafeyə səs-küyə kənardan heç kim gəlməmişdir(i.v.119-121); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə gedərək baxış keçirilmiş, baxış zamanı hadisənin Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 9 ünvanında yerləşən kafedə baş verməsi müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.09-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli 3165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağ almacıq sümüyünün yerini dəyişən qapalı, qəlpəli sınığı, sol gözyuvasıətrafı-almacıqyanaq nahiyəsinin və sağ bazunun dərialtı hematomaları, alın nahiyəsinin, burun nahiyəsinin və alt dodağın əzilmiş-cırılmış yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, tötənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcələrinə görə xəsarətlərdən - sağ gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağ almacıq sümüyünün yerini dəyişən qapalı, qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddir. Sol gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin və sağ bazunun dərialtı hematomaları, alın nahiyəsinin, burun nahiyəsinin və alt dodağın əzilmiş- cırılmış yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir(i.v.22-24); Könüllü gəlmə barədə 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 radələrində Sabunçu RPİ-nin İstintaq Şöbəsinə könüllü olaraq gələrək törətdiyi cinayət əməlini etiraf etmişdir(i.v.115); 08 may 2025-ci il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.122- 124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.131); Qətimkan tədbirinin seçilməsi barədə 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.164-165); Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddası və tələbi yoxdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək tutularaq dərhal həbs edilməsi və o məhkəməyə gətirilinədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq PŞ-nə gətirilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 01 sentyabr 2025-ci il tarixdən 05 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdən 05 sentyabr 2025-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar