Məhkəmə qərarları › İş №1(008)-442/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-442/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-442/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, prokuror-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 10 may 2025-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanın qarşısında yerləşən boş sahədə şəxsi münasibət zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən iki dəfə yumruqla zərbə vuraraq ona sol təpəgicgah-alın nahiyəsinin dərialtı hematoması; sol qulaq seyvanının, sol gözyuvasıətrafı nahiyənin, burun, qarın və sol diz oynağı nahiyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 26 ildir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ünvanda yaşayır. Onun həmin məhəllədə bu zamana kimi heç kim ilə arasında mübahisə olmamışdır. O, uşaqlığından bu yana çalışdığı üçün evdən səhər saatlarında çıxıb axşam qayıtmışdır. Lakin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində evinin qarşısında olan zaman qonşuluqda yaşayan Rəsul adlı şəxs onun evinin qarşısından keçdikdə ona qarşı dodaqaltında nəsə deyib. Bu zaman o, Rəsuldan nə dediyini soruşduqda Rəsul ona qarşı aqresiv yanaşaraq nalayiq ifadə işlədib. O da buna görə Rəsula qarşılıq vermişdir. Bundan sonra Rəsul onun üzərinə yeriməyə başlayıb. Rəsul yaxınlaşıb onun yaxasından tutaraq həyətinə doğru itələməyə başlayıb. O da buna görə əsəbləşib Rəsulun üz nahiyyəsindən iki dəfə yumruq ilə zərbə endirib. Bundan sonra Rəsul onun sinəsindən itələyərək ondan aralaşmış və o da evinə getmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs ailə münasibətlərinə müdaxilə edir, uzun müddətdir ki, bu hal davam etmişdir. Zərərçəkmiş şəxs özü onu vurmağa təhrik etmişdir. Hazırda aralarında barışıq əldə edilməmiş, barışıq üçün cəhd etsə də, zərərçəkmiş şəxs barışmaqdan imtina etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 25 ildir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ünvanda yaşayır. Onun indiyə kimi həmin məhəllədə heç kim ilə arasında mübahisə olmamışdır. Buna baxmayaraq sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə gələn zaman məhəllədə qonşuları Firdovsi ilə qarşılaşıb. O, həmin şəxslə salamlaşıb yoluna davam etmək istəyərkən Firdovsi ona dayanmağını deyib. Bundan sonra Firdovsi ona yaxınlaşıb iki gün bundan öncə anası ilə birlikdə haradan gəldiyini soruşub. O, isə həmin gün hüzürləri olduğunu və ümumiyyətlə anasını görmədiyini bildirib. Firdovsi bu zaman yenidən özü barəsində nə isə danışıb danışmadığını soruşub. O, isə Firdovsi barəsində heç bir söz demədiyini bildirdiyində Firdovsi anidən onun üz nahiyəsindən yumruq ilə 2 dəfə zərbə endirib və o, zərbənin təsirindən büdrəyib və yıxılıb. Firdovsi yenidən üzərinə gəlmək istəyən zaman o, Firdovsini itələyərək aralaşıb və evə gəlib. Bundan sonra hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda aralarında barışıq əldə edilməmişdir. Qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Qurban Bayramov küçəsində yoldan 30 metr kənarda yerləşən fərdi yaşayış sahəsinin qarşısında olan boş sahədə baş vermişdir(i.v.6-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 992 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol təpə-gicgah-alın nahiyəsinin dərialtı hematoması; sol qulaq seyvanının, sol gözyuvasıətrafı nahiyənin, burun, qarın və sol diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir(i.v.20-21). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v. 59). “Sübutların qiymətləndirilməsi haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş, izahatlar, baxış keçirmə protokolu və ekspertiza rəyi iş üzrə sübut növü kimi qəbul edilmişdir (i.v. 60-62). Sistem üzərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X1 vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması” zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması sübuta yetirildiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması(59.1.4) və törətdiyi əməldən peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə beş cəza növü: (-cərimə, -ictimai işlər, islah işləri,-azadlığın məhdudlaşdırılması, -azadlıqdan məhrumetmə) nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi zamanı sərf etdiyi 20 iş saatına görə 11 manat hesablanmaqla 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar