Məhkəmə qərarları › İş №1(008)-444/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-444/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-444/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babək oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Dəvəçi rayonunun Şahnəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyəti ilə 26 avqust 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində yerləşən “Taxtalı” adlı kafedə tanışları ilə birlikdə oturmuş müştəri Zərərçəkmiş şəxs sifarişini qəbul etməyərək kafenin bağlanılmaqla ona xidmətin göstərilməyəcəyini bildirib kafeyə əvvəlki borcunun ödəməməsini cuzi səbəb kimi bəhanə etməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib kafedə olan müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs uca səslə təhqir edərək əli ilə sinəsindən vurub yerə yıxaraq təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının dərialtı hematoması ilə müşayiət olunan sol tərəfli Vİİİ qabırğanın yerini dəyişməyən qapalı, xətti sınığı, sağ təpə və sağ kürək nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə posulmasına səbəb olduqları üçün dərəcəsinə görə qəsdən sağlamlığına yüngül zərər vurub şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, bir müddət olar ki, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən «Taxtalı» adlı kafeni icarəyə götürüb işlədir. Onun kafedə olan işlərinə qeyri rəsmi olaraq yaşadığı Natiq adlı şəxs də işindən sonra ona köməklik göstərir. Kafedə müştərilərə qulluq hər gün gündüz saatlarından axşam saat 23 radələrindək davam edir. 26 avqust 2023-cü il tarixdə saat 19 radələrində kafeyə əvvəllər müşəri olaraq gəlmiş adını sonradan bildiyi Fəxrəddin adlı şəxs tanışları ilə birlikdə kafeyə gəlib pivə sifariş verib içməyə başlamışlar. Fəxrəddin tanışları ilə birlikdə kafedə oturduqdan sonra saat təxminən 20:30 radələrində yenidən içməyə spirtli içki sifariş vermişdir. O, Fəxrəddinin kafeyə əvvəlki borcunu ödəmədiyinə görə onun tanışları ilə oturduqları masaya yaxınlaşıb artıq kafenin bağlanacağını, xidmətin göstərilməyəcəyini bildirmişdir. Bu zaman Fəxrəddinlə onun arasında hesabın verilməməsi ilə bağlı mübahisə yaranmışdır. Fəxrəddinlə onun arasında yaranmış mübahisəni görən tanışı Natiq aralarında olan mübahisəyə müdaxilə edib Fəxrəddinin əvvəllərdə kafedə borclu qaldığını bildirdikdə Fəxrəddin Natiqlə mübahisə etməyə başladıqda o, onların arasına girib onları sakitləşdirmək istəyərkən içkili vəziyyətdə olan Fəxrəddinin təhqirlərindən, stolun üstündə olan külqabını yerə salmasından və yersiz hərəkətlərindən artıq bezərək onu özündən kənara çəkmək üçün əli ilə çiynindən vuraraq onu kənara itələmişdir. Həmin vaxtı Fəxrəddin müvazinətini saxlaya bilməyərək yerə yıxılmış və xəsarət almışdır. Kafedə olan tanımadığı müştərilər araya girib onları sakitləşdirmişlər. O özü də Fəxrəddinlə Natiqin mübahisəsini sakitləşdirmək üçün onların arasına girib onları sakitləşdirmək istəyərkən sol və sağ əllərindən xəsarət almış, xəsarət almağı ilə bağlı onun heç kimdən şikayəti və tələbi yoxdur. Hadisə zamanı kafedə kənar tanımadığı müştərilər olmuş və hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, arabir istirahət etmək üçün Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən «Taxtalı» adlı kafeyə gedib gəlir. 26 avqust 2023-cü il tarixdə saat 19 radələrində tanışları ilə birlikdə «Taxtalı» adlı kafeyə gəlib pivə sifariş verib içməyə başlamışlar. Tanışları ilə birlikdə kafedə olarkən saat təxminən 20:30 radələrində yenidən içməyə spirtli içki sifariş vermişdir. Kafenin icarədarı kimi tanıdığı Vəfa onun tanışları ilə birlikdə oturduğu masaya yaxınlaşıb yüksək səslə onu təhqir edərək kafeyə əvvəlki borcunu ödəmədiyinə görə ona xidmət götərilməyəcəyini, artıq kafenin onun üçün bağlanmasını bildirib onun şəxsiyyətini tanışlarının yanında alçatmışdır. Bu zaman onun Vəfa ilə aralarında köhnə hesabın verilməməsi ilə bağlı mübahisəsi yaranmışır. Onun Vəfa ilə arasında yaranmış mübahisəyə Natiq adlı şəxs heç bir səbəb olmadan müdaxilə edib kafeyə əvvəllər borclu qaldığı pulu ödəməyini bildirdikdə o, Natiqə aidiyyəti olmayan şəxs kimi bu məsələyə qarışmaması kimi iradını bildirib onunla mübahisə etməyə başladıqda Vəfa heç bir səbəb olmadan üzərinə hücum çəkib əli ilə çiynindən vuraraq onu Natiqdən kənara itələmişdir. Həmin vaxtı o, Vəfanın zərbəsindən müvazinətini saxlaya bilməyərək yerə yıxılmış və yerdə olarkən Vəfa yenə də ondan əl çəkməyib təpiklə bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Kafedə olan tanımadığı müştərilər araya girib onları sakitləşdirmişlər. O almış olduğu xəsarətlərlə bağlı tibbi yardım almaq üçün X2 müraciət etmişdir.Hadisə zamanı kafedə kənar tanımadığı müştərilər olmuş və hadisə təxminən 10- 15 dəqiqə ərzində davam etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq yaşayır. Təqsirləndirilən şəxs bir müddət olar ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən «Taxtalı» adlı kafeni icarəyə götürüb işlədir. Vəfanın kafedə olan işlərinə işindən sonra köməklik göstərir. 26 avqust 2023-cü il tarixdə saat 19 radələrində kafeyə əvvəllər müşəri olaraq gəlmiş adını sonradan bildiyi Fəxrəddin adlı şəxs tanışları ilə birlikdə kafeyə gəlib pivə sifariş verib içməyə başlamışlar. Fəxrəddin tanışları birlikdə kafedə oturduqdan sonra saat təxminən 20:30 radələrində yenidən içməyə spirtli içki sifariş vermişlər. Vəfa Fəxrəddinin kafeyə əvvəlki borcunu ödəmədiyinə görə onun tanışları ilə oturduqları masaya yaxınlaşıb artıq kafenin bağlanacağını, ona xidmətin göstərilməyəcəyini bildirmişdir. Bu zaman Fəxrəddinlə Vəfanın arasında hesabın verilməməsi ilə bağlı mübahisə yaranmışdır. Vəfanın Fəxrəddinlə aralarında yaranmış mübahisəni görüb mübahisəyə müdaxilə edib Fəxrəddinin əvvəllərdə kafedə borclu qaldığını bildirdikdə Fəxrəddin artıq onunla mübahisə etməyə başladıqda Vəfa onların arasına girib onları sakitləşdirmək istəyərkən içkili vəziyyətdə olan Fəxrəddinin stolun üstündə olan külqabını yerə salmasından əsəbləşərək onu kənara çəkmək üçün əli ilə çiynindən vuraraq onu kənara itələmişdir. Həmin vaxtı Fəxrəddin müvazinətini saxlaya bilməyib yerə yıxılaraq xəsarət almışdır. Kafedə olan tanımadığı müştərilər araya girib onları sakitləşdirmişlər. Vəfa özü də Fəxrəddinlə onun mübahisəsini sakitləşdirmək üçün aralarına girib onları sakitləşdirmək istəyərkən sol və sağ əllərindən xəsarət almışdır. Kafedə baş vermiş hadisə zamanı Fəxrəddinə yalnız Vəfa əli ilə çiynindən vuraraq yıxmaqla xəsarət yetirmişdir, kafedə ona başqa şəxs xəsarət yetirməmişdir. Hadisə zamanı kafedə kənar tanımadığı müştərilər olmuş və hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Cinayət 16-18-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən «Taxtalı» adlı kafedir. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 xx.xx.2023-cü il tarixli 2128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ said və sağ bud nahiyələrinin qançırları, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin birinci barmağının dərialtı hematoması və sol əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 xx.xx.2023-cü il tarixli 2166 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının dərialtı hematoması ilə müşayiət olunan sol tərəfli Vİİİ qabırğanın yerini dəyişməyən qapalı, xətti sınığı; sağ təpə və sağ kürək nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 57-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqində olan 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2017-ci il tarixli, AZ-İV seriyalı, 239719 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 14 iyul 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X4, anası qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 91-92-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar