Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-447/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,558 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə saat 09:37-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən «Al Market»-in yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,558 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin fevral ayında barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 08 yanvar 2024-cü il tarixdə gecə saatlarında Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində 01 bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə alaraq üzərində saxlamışdır ki, səhərə yaxın istifadə etsin. Belə ki, o, 08 yanvar 2024-cü il tarixdə saat 09:37-də Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən “Al Market”in yaxınınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərərək Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək ona qanunsuz olaraq narkotik vasitə əldə etməyi, üzərində saxlamağı və daşımağı barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə dəvət etmişlər. O, da, etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Polis Bölməsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olan narkotik vasitəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin inzibati otaqların birində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bu barədə rəsmi ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıq masanın üzərinə qoymuş və təqdim etdiyi bükümün içərisində olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərində bundan başqa qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olduğunu, travma aldığını, əməlindən peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, 08 yanvar 2024-cü il tarixdə gecə saatlarında Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə gecə saatlarında tədbir görülərək əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və Şahid1 daxil edilmişlər. Onlar tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 09:37-də Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən “Al Market”in yaxınlığında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumata malik olduqlarını bildirib Təqsirləndirilən şəxs Sabunçu RPİnin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparılana kimi müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 15ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos” kimi tanığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə içərisində qəhvəyi rəngli maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənərək ekspertiza mərkəzinə göndərilməsindən ötrü götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət edərkən və gətirilərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.55-57); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:37-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos” kimi tanığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir.Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v.29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/54 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün Nq161” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” və s. sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,558 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v.34-38); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.77-79); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.80); Diskə baxış keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, 08 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edildi. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos” kimi tanığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə içərisində qəhvəyi rəngli maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, üzəri möhürlənərək ekspertiza mərkəzinə göndərilməsindən ötrü götürülür(i.v.86); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəriman rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.87-88, 90-101); Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir(i.v.129); Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 4077 nömrəli Travma haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs döyüş tapşırığını yerinə yetirərkən “Sol baldırın yuxarı hissəsinin 1/3-nin qəlpə yaralanması” diaqnozlu xəsarət alımışdır(i.v.130); xx.xx.2024-cü il tarixli, 2491 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.131- 132); Sübutların qiymətləndirilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,558 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 1,458 qram hissəsi məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır(i.v.134-139); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-447/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun haqqında axtarış elan edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 19 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-58/2023 saylı hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını bugünə kimi çəkməmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntü şəxsi axtarış və götürmə haqqında 08 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1,558 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, “Xocavəndin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsinni, müharibə zamanı travma almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməlini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq hazırki cinayət əməlini törətmişdir. Odur ki, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-58/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-67.1), 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-58/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş təmiz çəkisi 1,558 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,458 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-447/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-447/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver