Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-448/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qazaxıstan Respublikası, Şevçenko şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 149.1, 310-cu maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Dərnəgül qəsəbəsi YYM-də nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2024-cü il tarixdə saat 23 radələrində təmir və tikinti işlərinin icraçısı Zərərçəkmiş şəxs rəhbərliyi altında əvvəllər fəhlə kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən yeni tikilmiş təmirsiz fərdi yaşayış evinin açıq vəziyyətdə olan qapısından keçməklə qanunsuz olaraq evə daxil olub evin otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 manat dəyərində “İnko” markalı laqonda, 01 ədəd 150 manat dəyərində laqonda, 01 ədəd 350 manat dəyərində pereferator, 01 ədəd 150 manat dəyərində drel, 01 metri 23 manat olan, ümumi dəyəri 1840 manat olan 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqillərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2790 ziyan vurmaqla oğruluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 2-ci dalan ərazisində tikinti işləri aparılan torpaq sahəsində fəhlə kimi işləmişdir və imkanı zəif olduğundan həmin işlədiyi yerdən oğurluq etməyə qərar vermişdir. Belə ki, xx.xx.2024-cü il saat 23 radələrində həmin Sabunçu rayonu Bilgəh qəsəbəsi 2-ci dalan ərazisində əvvəllər işlədiyi torpaq sahəsinə getmişdir. Təmirdə olan evin texniki otağında olan təxminən 40 metr uzunluqda elektrik naqili, 02 ədəd laqonda aparatı, 01 ədəd prefarator və 01 ədəd drel aparatını götürmüş, oğurladığı əşyaları həmin yerdə olan dəmir araba vasitəsi ilə həmin yerdən təxminən 200 metr uzaq məsafədə olan sahibsiz torpaq sahəsinə aparmış və sonra arabanı geri qaytarmışdır. Daha sonra oğurladığı əşyaları tanımadığı taksi sifariş edərək Xətai rayonu “OPD" deyilən ərazidə əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən məişət tullantıları yığılan yerə aparıb orada gizlətmişdir. Növbəti gün oğurluq yolu ilə əldə etdiyi 02 ədəd laqondanı “Ulduz” metrostansiyasmın yaxınlığında təmir işləri aparan tanımadığı şəxslərə satmışdır, 01 ədəd drel aparatını Nərimanov rayonunda təmir işləri aparan əvvəlcədən tanımadığı şəxsə satmışdır. Oğurladığı 01 ədəd prefarator aparatını Xətai rayonunda qeyd etdiyi məişət tullantıları atılan yerə qoyduqdan sonra naməlum şəraitdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurladığı 40 metr uzunluqda elektrik naqilini isə yandırıb mis hissəsini hissələrə bölərək tanımadığı şəxslərə satmış və həmin oğurluq əmlakları satdıqdan sonra ümumilikdə 300 manat civarında pul əldə etmişdir. Ona verilmiş ittihamda 80 metr uzunluğunda olan elektrik naqillərinin oğurlanması ilə razılaşmır. O qədər kabel və üstəlik digər əşyalar arabaya yerləşə bilməzdi. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, orada ən çoxu 40-50 metr kabel olardı. O istənilən vaxt açarı götürüb həmin otaqdan material və ya alət götürə bilərdi, elə vaxt olmuşdur ki, o gecə səhərəcən qalıb işini qurtarmaq üçün işləmişdir.Hadisə vaxtıda həmin evdə fəhlə kimi işləmişdir, sadəcə 2-3 günlük icazə almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında layihə üzrə təmir işlərinin icrasını həyata keçirir. Bunun üçün onun günəmuzd işçiləri vardır və o, təmir işlərinin icrasına nəzarət edir. Həmin ev Elçin adlı şəxsə məxsusdur, lakin həmin evdə təmir işlərini apardığı təmir alətləri onun özünə məxsusdur. 05 oktyabr 2024-cü il tarixdə işçilərindən Ağa adlı şəxs onun mobil telefonuna zəng edərək laqonda lazım olsa da tapa bilmədiyini bildirmişdir. O, həmin vaxt həmin təmir aparılan evdə olmamış, buna görə də Ağa adlı işçisinə onu gözləməyi tapşırmışdır. Bir az keçdikdən sonra o, həmin ünvana getmiş və laqondanı axtaran zaman ona məxsus digər bir laqondanın, həmçinin, pereferator və drelin yerində olmadığını aşkar etmiş və evdə oğurluq olduğuna əmin olmuşdur. Bundan sonra o, oğurluq edən naməlum şəxsi tapmaq üçün qəsəbədə yaşayan şübhələndiyi şəxslərə yaxınlaşaraq onlardan hadisə barədə soruşsa da bu istiqamətdə müsbət nəticə əldə etməmişdir. Həmin vaxt o, işçiləri ilə birlikdə təmir işlərini davam etdirirmiş, 07 oktyabr 2024-cü il tarixdə təmir işləri apardığı evdə işçiləri ona əvvəlcədən kardon qutuların altında qoyduğu 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqilinin yerində olmadığını bildirmişlər. Yenidən ünvana gedib baxdıqda həqiqətən də həmin qeyd olunan elektrik naqilinin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qonşuluqda yerləşən evlərin videomüşahidə kameralarından görüntüləri əldə edərək həmin görüntülərə baxmış və görüntülərə baxdıqda 03 oktyabr 2024-cü il tarixdə gecə saat 21 radələrində Nəsibin iki ədəd araba ilə onun təmir işləri apardığı həyətə daxil olub çıxdığını, yük daşıdığını müəyyən etmişdir. Bu barədə polisə məlumat vermişdir. Ona dəymiş ziyandan 1000 manat ödənilmiş qalan ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, oğurlanmış elektrik naqili bir topda bütöv olaraq 80 metr olmuşdur, çünki şitdən evə qədər çəkiləcək xəttə 40-50 metr bəs etməzdi. Nəsib həmin evdə fəhlə kimi işləmişdir. Lakin hadisə vaxtı ondan rayona getmək üçün 2-3 günlüyə icazə almışdır. Oğurlanmış əşyalar ona məxsus olmuş, lakin ittihamda göstərilən 150 manat dəyərində laqonda və 150 manat dəyərində direl həmin evdə usta işləyən Şahid3 məxsus olmuşdur. İstintaqda bu barədə bildirsə də, müstəntiq onun adına yazmışdır. Açarı usta və fəhlələrə vermiş, özləri açarı qoyub, özləri götürmüşlər. Nəsibin istənilən vaxt həmin yerdən alətləri götürmək ixtiyarı olmuşdur. İş saatları sərbəst olmuş, elə olmuşdur ki, Nəsib gecə də qalıb iş görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 15 il olar ki, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən özünə məxsus əlvan metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. 2024- cü ilin oktyabr ayının sonlarında məntəqədə olduğu zaman bir nəfər orta boylu şəxs yaxınlaşıb mis-məftil satmaq istədiyini bildirmişdir. O misə baxdıqda soyulmuş vəziyyətdə olduğunu, həmin misi çəkdikdə 1 kiloqram olduğunu müəyyən etmişdir. Həmin mis məftili 12 manat müqabilində həmin şəxsdən almışdır. Həmin şəxs özünü ona Natiq kimi təqdim etmiş, lakin sonradan polis şöbəsində həmin şəxsin adının Nəsib olduğu, həmin şəxsin ona satdığı misi oğurluq nəticəsində əldə etdiyi məlum olmuşdur. O metal qəbulu məntəqəsində müştərilərdən metal alan zaman onların sənədini tələb edir. Lakin, Nəsib adlı şəxs ona sənədinin üzərində olmadığını bildimiş, onun mobil nömrəsini götürüb sənədin surətini mobil nömrəsinə göndərəcəyini demişdir. Lakin, ona heç bir sənəd təqdim etməmişdir. Nəsib adlı şəxsin ona satdığı misin oğurluq yolu ilə əldə edildiyi barədə məlumatı olmamışdır. Sonradan 14-cü PŞ- dən onu dəvət etmişlər və orada ona məlum olmuşdur ki, Nəsib adlı şəxsin ona satdığı əmlaklar oğurluqdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əlvan metal qəbulu ilə məşğul olur. 2024-cü ilin oktyabr ayının sonlarında Xətai rayonu R.Bağırov küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsədə olan zaman məntəqədə olduğu zaman bir nəfər şəxs yaxınlaşıb mis-məftil satmaq istədiyini bildirmişdir. O misə baxdıqda görmüşdür ki, mis soyulmuşdur və məftil formasındadır, o həmin mis-məftili çəkdikdə 1,5 kiloqram olduğunu müəyyən etmiş, 18 manat müqabilində həmin şəxsdən almışdır. O metal qəbulu məntəqəsində müştərilərdən metal alan zaman onların sənədini tələb edir. Lakin, həmin şəxs adının Natiq olduğunu, ona sənədinin üzərində olmadığını bildirmişdir, sənədinin surətini gətirib təqdim edəcəyinə söz vermişdir. Lakin, o, ona heç bir sənəd təqdim etməmişdir. Sonradan polis şöbəsində həmin şəxsin adının Nəsib olduğu, həmin şəxsin ona satdığı misi oğurluq nəticəsində əldə etdiyi məlum olmuşdur. Nəsib adlı şəxsin ona satdığı misin oğurluq yolu ilə əldə edildiyi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, fərdi şəkildə yaşayış evlərində və obyektlərdə beton ustası kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs təmir tikinti işləri üzrə icraçı işləyir. 2024-cü ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən yeni inşa edilmiş təmirsiz evdə icraçı Zərərçəkmiş şəxs rəhbərliyi altında fərdi qaydada təmir tikinti işləri görmüşdür. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs da onlarla birlikdə həmin evin tikinti təmir işlərində fəhlə kimi çalışmışdır. Onlardan başqa evdə başqa ustalar və fəhlələr də çalışmışdır. 05 oktyabr 2024-cü il tarixdə həmin ev ünvanında təmir işləri gördüyü zaman laqondanın yerində olmadığını görmüşdür. Natiq müəllimə zəng edərək laqonda lazım olduğunu, lakin evi axtarsa da tapa bilmədiyini ona bildirmişdir. Həmin vaxt Natiq müəllim təmir etdikləri evdə olmamışdır. Sonuncu evi bir daha axtarmağını bildirmişdir. O, digər ustalarla birlikdə evi yenidən axtarsa da laqondanı tapa bilməmişdir. Təxminən yarım saat sonra Natiq müəllim evə gəlmiş və birlikdə laqondanı axtarmağa başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs məxsus olan, təmir tikinti işləri zamanı istifadə etdikləri başqa bir laqondanın, pereferator və drelin də yerində olmadığını aşkar etmişlər. Natiq müəllimə polisə şikayət etməli olduqlarını bildirdikdə sonuncu hələ buna lüzum olmadığını, qonşuluqda yerləşən tikililərdə quraşdırılmış müşahidə kameralarına baxacağını bildirmişdir. Bu ərəfədə işçilərlə evdə işlədikləri zaman əvvəlcədən Natiq müəllimin alaraq qoyduğu elektrik naqillərinin də yerində olmadığını aşkar etmişlər, bu barədə Natiq müəllimə məlumat vermişlər. Sonradan Natiq müəllim müşahidə kameralarına baxdığını, oğurluq edən şəxsi müəyyən etdiyini, həmin şəxsin onlarla birlikdə həmin yeni tikilidə fəhlə işləri görən Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Nəsibin ifadəsində göstədiyi elektrik naqilinin uzunluğu 40 metr deyil, 80 metr uzunluğunda olmuşdur. Natiq müəllim onlara evin açarını vermiş, orada işləyən usta və fəhlələr istənilən zaman həmin açardan istifadə edərək qapını açaraq həmin əşyaları götürüb işlətmişlər. Bir ədəd laqonda və 1 ədəd direl ona məxsus olsa da Zərərçəkmiş şəxs onun pulunu ona ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 2-ci dalan yaşayış massivində yerləşən fərdi yaşayıv evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 08-10); Videogörüntüyə baxış keçirilməsi haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, müraciət ilə əlaqədar həmin ərazidə müşahidə kameralarına baxış keçirilən zaman küçədə bir nəfər şəxs dəmir araba ilə əşyaların daşınmasını həyata keçirməsini müəyyən edilmiş, həmin görüntü diskə köçürülərək iş materiallarına əlavə edilmişdir(i.v.11); Maddi sübutun təqdim edilməsi haqqında 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayonu NZS yaşayış massivi ərazisində nömrəsiz ünvanda yerləşən metal qəbulu məntəqəsinə təhvil verdiyi mis tərkibli hissələrə bölünmüş elektrik naqili maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(i.v.13-15); Şübhəli şəxsin tutulması haqqında 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-ə təhvil verilmişdir (i.v.40); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.78-80); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.81-82); xx.xx.2024-cü il tarixli DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən təmirsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin köçürüldüyü diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 09 ədəd videofayl vardır. Həmin videofayllar açılaraq ardıcıllıqla baxış keçirilən zaman müəyyən edildi ki, gecə saatlarında qaranlıq hava şəraitində əynində ağ rəngli köynək, qara rəngli gödəkçə olan şəxs əlində yük arabası ilə hərəkət edir, yük arabasının içərisinin boş olduğu görünür. Başqa bir görüntüdə həmin şəxsin içərisi dolu olan yük arabası ilə hərəkət etdiyi görünür. Yük arabasının içərisində olan predmetlərin üzərinin sellofan materialla örtülü olduğu görünür. Digər bır görüntüdə həmin şəxsin yük arabasını hasarın yanında saxladığı görünür. Həmin şəxs şübhəli hərəkətlərlə ətrafa nəzər yetirdikdən sonra arabanın üzərindəki sellofan materialı qaldırır və nəsə götürüb arabanın yanından uzaqlaşır. Digər bir görüntüdə həmin şəxsin içərisi boş yük arabası ilə hərəkət etdiyi görünür, həmin vaxt içərisi dolu olan yük arabasının hasarın yanında olduğu müəyyən edilir. Baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdəki şəxsin özü olduğunu bildirmişdir(i.v.85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 149.1 və 310-cu maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.103-120); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.131-132); Sübutların qiymətləndirilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə təhvil verdiyi, araşdırma zamanı əldə edilmiş mis tərkibli hissələrə bölünmüş elektrik naqilinin cinayət işi üzrə maddi sübut qismində tanınması və saxlanması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmış, hadisənin videogörüntülərinin köçürüldüyü bir ədəd CD formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır(i.v.220-228); Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ən çoxu 40-50 metr kabel oğurlaması barədə ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsində oğurlanmış elektrik naqilinin bir topda bütöv olaraq 80 metr olduğunu göstərmişdir, çünki şitdən evə qədər çəkiləcək xəttə 40-50 metr bəs etməzdi. Eyni zamanda, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində elektrik naqilinin uzunluğunun 40 metr deyil, 80 metr uzunluğunda olmasını göstərərək zərərçəkmiş şəxsin ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq, quldurluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlurluq əməlinin törədildiyi evdə fəhlə kimi işləmiş, onda evin otağının açarı olmuş, istənilən zaman otağa daxil olaraq orada olan əşyalardan istifadə etməsinə icazə verilmişdir. Göstərilən xüsusatlar Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı Zərərçəkmiş şəxs və Şahid3 yuxarıda qeyd edilən ifadəsi ilə də təsdiq edilmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlində “daxil olma” əlamətinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə ziyanın ümumilikdə məbləği 2790 manat təşkil edir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini(CM-59.1.14), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 92.0.3-cü maddəsinə əsasən cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), daha əvvəl azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, buna baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 08 dekabr 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 02 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar- mis tərkibli hissələrə bölünmüş elektrik naqillərinin zərərçəkmiş şəxsə qaytarılması, 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar-mis tərkibli hissələrə bölünmüş elektrik naqillərinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-448/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-448/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver