Məhkəmə qərarları › İş №1(008)-450/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-450/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-450/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittihamçı X3, Xüsusi ittiham qaydasında ittiham edilən şəxs X1, Müdafiəçi iştirakları ilə X1 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, 2004-cü ildə X4 ilə evlənmiş və nikah bağlamışdır. Birgə nikahdan hazırda 19 yaşı olan X9 və 17 yaşı olan X6 doğulmuşlar. Bir neçə dəfə həyat yoldaşının ona xəyanət etməsini bilmişdir. 2021-2022-ci illərdə isə onun Ruqiyyə adlı bir qadınla görüşdüyünü və ona yenə xəyanət etdiyini aşkar etmişdir. Həmin zamanda o, kitabxanada çalışmış və sosial şəbəkələrdən - instaqramdan xüsusilə şəxsi ailə şəkillərini, iş kollektivi ilə olan şəkillərini, əmək fəaliyyəti ilə bağlı olan normal şəkillərini paylaşmışdır. O, həyat yoldaşının görüşdüyü həmin Ruqiyyə adlı şəxslə bir-neçə dəfə əlaqə yaradaraq onun ailəsindən əl çəkməsini, ailənin dağılmasına səbəb olmamasını tələb etmiş, lakin sonuncu isə qərəzli şəkildə onun başna oyun açacağını, ailəsini də onu da rüsvay edəcəyini, əlində yumaq edəcəyini, ona möhtac olacağını, və intihara sövq edəcəyini bildirmişdir. Nəticədə 2022-ci ilin avqust ayında onun adından instaqram, facebook və odnaklassnik adlı sosial şəbəkələrdə qeyri-etik adlarla hesablar açılmasını, onun öz hesablarında olan normal ailə şəkillərini və ona aid olmayan, üzləri bağlı olan açıq- saçıq və əxlaqsız şəkilləri də guya ona aid kimi paylaşılmasını, hesablarda onun və ailə üzvlərinin telefon nömrələri qeyd edilməsini, guya onun fahişəliklə, əxlaqsızlıqla məşğul olması, kənar şəxslərlə pul müqabilində görüşərək intim münasibətlərdə olması barədə və digər qeyri-əxlaqi şəkillər və məlumatların yerləşdirilməsini görmüşdür. Bu hadisə onu çox dərin yaralamış, mənəvi olaraq sarsılmış, üzərinə qoyulmuş bu qara ləkənin səbəbkarını və təşəbbüskarını axtarmağa başlamışdır. Bu paylaşımlardan sonra o, hətta işimi itirmiş, dəfələrlə intihar etməyə cəhd etmişdir. Apardığı araşdırmalar ilə müəyyən etmişdir ki, həmin səhifələr xx.xx.1990-ci ildə Masallı şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X5 məxsusdur. X13 həyat yoldaşının görüşdüyü şəxs olmaqla həmin səhifələr onun tərəfindən açılmışdır. Hazırda odnaklassnikidə səhifə açaraq yenə də təhqiramiz şəkillər paylaşmağa davam edir. Hesab edir ki, həmin şəxsin təqsiri müəyyən edilməklə barəsində ciddi cəza tədbirləri görülməlidir. Məhkəmə iclası iştirak edən xüsusi ittihamçı X8 şikayətin məzmununa uyğun izahat verərək, X1 Azərbaycan Respublikası CM-in 147.1, 148 və 148-1-ci maddələri ilə təqsirli bilinməsinə dair şikayətin məhkəmənin icraatına qəbul olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında ittiham edilən şəxs X7 şikayətə etiraz edərək şikayətdə göstərilən halların həqiqəti əks etdirmədiyini, bu barədə hər hansı bir sübutların mövcud olmadığını, əksinə xüsusi ittihamçının onun instaqram hesabını taparaq ona yazmasını bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Xüsusi ittiham qaydasında ittiham edilən şəxslər X1 müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsini bildirib həmin şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfındən törədilməsini təsdiq edən sübutlar əlavə edilmədiyindən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarında qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Qərarda həmçinin qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli Umumdünya İnsan Hüquqları Bəyannaməsində və 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında ”Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqin və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayətdə X1 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi qeyd olunsa da, qeyd olunan əməllərin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə və digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Bundan başqa Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında ittiham edilən şəxs X1 həm də Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir ki, həmin əməl üzrə xüsusi ittiham qaydasında cinayət təqibi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175— 177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Odur ki, hazırkı iş üzrə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.1.6, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xüsusi ittihamçı X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar