Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-450/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, mənzil 47 ünvanında qeydiyyatda olan və yaşayan, məhkumluğu olan, 11 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən 08 saylı rejim korpusun 10 saylı kamerasında onunla birlikdə həbsdə saxlanılan X2 məxsus daxilində danışıq kartı olmayan «Cəzaçəkmə müəssisələrinin X3» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «İPhone6» markalı «A1586» modelli, «**********77988» imei kodlu mobil smartfondan 051 ***-**-** və 051 ***-**-** nömrəli danışıq kartları vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edərək rəsmi münasibətdə olmayan arvadı Şahid istifadəsində olan 051 ***-**-** nömrəsinə zənglər edərək danışıqlar aparmaqla istifadə etmiş və 30 yanvar 2024-cü il tarixdə saat 11:12-də təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı həmin kamerada olan hava borusunun içindən qeyd edilən mobil smartfon aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəza artırılaraq ümumilikdə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. 27 iyul 2024-cü il tarixdən etibarən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməkdədir. Bundan əvvəl isə Bakı İstintaq Təcridxanasında 01 iyun 2023-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək, ümumilikdə 1 il 1 ay müddətində həbsdə saxlanılmışdır. 30 yanvar 2024-cü il tarixdə, saat 11–12 radələrində təcridxana əməkdaşları onun saxlanıldığı kameraya daxil olmuş, kamerada baxış-axtarış tədbiri keçirilmişdir. Keçirilən baxış zamanı sanitar qovşağında hava borusu keçidinin içərisində danışıq kartı olmayan bir ədəd “iPhone” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. O, aşkar edilmiş mobil telefondan istifadə etmiş, faktiki olaraq arvadı olan, lakin rəsmi nikah bağlamadığı Şahid ilə onun adına olan 051 *** ** ** nömrəli telefon vasitəsilə telefon danışıqları aparmış, SMS yazışmaları etmiş, həmçinin videogörüntü vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs ilə aralarında faktiki ailə münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs təcridxanada saxlanılarkən onunla əlaqə saxlayaraq, onunla biryerdə saxlanılan Şirxan adlı şəxsin anasına telefon lazım olduğunu, onda olan iki telefonu Şirxanın anasına çatdırmasını bildirmişdir. Daha sonra o həmin telefonları üzərində öz nömrələri olmaqla taksi ilə Şirxanın anasına göndərmişdir. Sonradan həmin telefonların içəri keçiriləcəyini eşitdiyinə görə dərhal Şirxanın anası ilə əlaqə saxlayaraq telefonları göndərəcəyi taksi ilə geri qaytarmasını tələb etmişdir. Lakin, Şirxanın anası sadə telefonu içində nömrə olmamaqla qaytarmış, digər telefonu isə ümumiyyətlə qaytarmamışdır. Telefonu niyə qaytarmadığını soruşduqda isə Arifin tələbi ilə ona verdiyini bildirmişdir. Arif X1 müddətdə onunla tez-tez əlaqə saxlamış, həm görüntülü, həm zəng, həm də sms vasitəsilə danışmışlar. Bu proses təxminən iki davam etmişdir. İbtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. İfadələr arasındakı uyğunsuzluğun səbəbini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya hesab edilən mobil smartfondan istifadə etməsi faktı üzrə başlanmış ********* nömrəli cinayət işindən ********* nömrəli ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (i.v. 1- 3). 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları və hal şahidlərinin iştirakı ilə 30 yanvar 2024-cü il tarixdə 08 saylı rejim korpusun 10 saylı kamerasında baxış-axtarış tədbiri keçirilmişdir. Keçirilən baxış zamanı sanitar qovşağında hava borusu keçidinin içərisində danışıq kartı olmayan bir ədəd “iPhone” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. (i.v. 14-16). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompyuter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/170 nömrəli rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı və «İ0S 12.5.7» əməliyyat sistemi ilə təhciz olunmuş 1 ədəd «lPhone 6» markalı «A1586» modelli, «**********77988», imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim olunan «lPhone 6» markalı «A1586» modelli mobil smartfonun yaddaşında (kontaktlar, «SMS» mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olunmuşdur. (i.v. 83-87). Abşeron Rayon Məhkəməsinin 1(012)-225/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 169-174). Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-612/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-225/2024 nömrəli, 03 iyul 2024cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilərək təyin edilmiş cəza artırılaraq ümumilikdə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 163-168). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3”nın 11-ci əlavəsinin çıxarışına əsasən, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, daşınması, gəzdirilməsi və ya istifadə edilməsi qadağan olunmuş əşyaların siyahısına daxildir. (i.v. 182-183). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(008)-189/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 199-202). “İttiham elan etmək üçün şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 210-211). “Axtarışda olan şəxsin tutulmasına dair” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinə gətirilmişdir. (i.v. 219). “Qətimkan tədbiri seçilməsi haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 245-246). “Müvəqqəti saxlama yerindən azadetmə haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 248-249). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 aprel 2004-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 181.2.2, 185.2.1, 185.2.2 və 66.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 178.2.2, 180.2.1, 180.2.2, 180.2.4 və 66.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarına əsasən 07 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 07 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, o, Abşeron Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərarı əsasən təyin edilmiş cəza artırılaraq ümumilikdə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 186-188). Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin 06 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə saxlanılaraq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (CM- 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-225/2024 saylı hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)-612/2024 saylı qərarı ilə dəyişdirilərək təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə axtarışda olan şəxs kimi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması nəzərə alınmaqla cəzanın çəkilmiş 02 il müddəti cinayətlərin məcmusu üzrə təyin olunmuş cəza müddətinə hesablanaraq çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddii rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 225/2024 saylı hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)- 612/2024 saylı qərarı ilə dəyişdirilərək təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə axtarışda olan şəxs kimi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması nəzərə alınmaqla cəzanın çəkilmiş 02 il müddəti cinayətlərin məcmusu üzrə təyin olunmuş cəza müddətinə hesablanaraq çıxılmaqla şəxsin üzərində qəti olaraq 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar Bakı istintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-450/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-450/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver