Məhkəmə qərarları › İş №1(008)-451/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-451/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-451/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən «Oba» mareketdə müdir otağı kimi nəzərdə tutulan sahəyə saxlanc yerinə qanunsuz daxil olaraq, həmin otaqda qoyulmuş marketin baş satıcısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən 250 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. Hazırda işləməsədə hadisə zamanı dayısı İlqarın «Ford Tranzit» markalı avtomobili ilə rayonlara kolbasa paylamaqla məşğul olmuş, buna görə dayısı 400 manat maaş vermişdir. Təxminən üç ildir ki, narkotik vasitə olan heroini iynə ilə bədəninə daxil etməyə başlamış, həmin narkotik vasitəni hər dəfə 10-15 manata Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı məhlənin yaxınlığında olan «Oba merket»ə daxil olmuş və yeməsi üçün nəsə almaq istəmiş, bu zaman onu kameradan izləyən şəxsin olub-olmamasını bilmək üçün marketin içərisində olan, lakin girişi müştərilər üçün qadağan edilmiş otağa baxmış, həmin otaqda kamera nəzarətini həyata keçirən şəxsə aid masa olduğunu və həmin masanın üzərində kompyuterin olduğunu görmüş, içəri boylanaraq sağa və sola baxmış, sağ tərəfdə qadın çantasının olmasını görmüş, sonra içəri daxil olub həmin çantadan 2 manat 50 qəpik pul götürmüşdür, çantada başqa pul olmamışdır. Daha sonra o, göstərmişdir ki, çantadan pulu götürərək hadisə yerindən uzaqlaşmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi M.İbrahimov küçəsində yerləşən «Oba market»də baş satıcı işləyir. 14 noyabr 2022-ci il tarixdə işə gəlmiş və marketin içərisində müdür otağı və kamera nəzarət otağı kimi nəzərdə tutulmuş yerdə çantasını qoyaraq işinə başlamış, həmin gün işdən çıxarkən kredit ödənişini ödəməsi üçün 250 manat pulu rulon şəklində bükərək çantasına qoymuşdur. Axşam işdən çıxaraq evə getmək istəmiş, yolda çantasına baxarkən qoyduğu 250 manat pulunun yerində olmadığını aşkar etmiş, buna görə marketə qayıtmış və təhlükəsizlik kamerasına baxmış, bu zaman bir nəfər şəxsin qeyd edilən otağa qanunsuz daxil olduğunu və otaqda olan qara rəngli çantasının içərisindən 250 manat pulunu götürüb getməsinin şahidi olmuşdur. Baş vermiş oğurluqla bağlı səhəri günü iş yoldaşı, yəni mağaza müdiri Ramazana məlumat vermiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə bildirilmiş, sonra isə hadisə yerinə polis əməkdaşları gələrək ondan ərizə və izahat almış, hadisəni törədən şəxsi ilk dəfə olaraq görmüş, həmin şəxsi hadisədən əvvəl mağazada görməmiş, oğurlanmış pul şəxsi pulu olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən “OBA” marketə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.20); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 38); 17 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.46-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.49-50); vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.64-66); qətimkan tədbiri seçilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.68-69); videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən “OBA” marketdə müdir otağı kimi nəzərdə tutulan sahəyə qanunsuz daxil olaraq həmin yerə qoyulmuş marketin baş satıcısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs əl çantasının içərisindən 250 manat nağd pulu gizli olaraq talayıb əldə edərək Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsini əks etdirən 16 noyabr 2022-ci il tarixdə 12-ci PŞ-nin təhqiqatçısı polis mayoru Hüseyn Nağıyev tərəfindən hadisə yerindən götürülmüş “VİD-20221219-WA0008” kimi qeydiyyatdan keçməklə 1 dəqiqə 31 saniyə davam edən videoçəkilişə baxış keçirildi. Həmin baxış zamanı Təqsirləndirilən şəxs videoda görüntüsü olan şəxsin onun özü olduğunu, qeyd edilən otaqda adam olmadığından istifadə etməklə qadın çantasının içərisindən 2 manat 50 qəpik pul götürdüyünü bildirmişdir(i.v.71-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə CM-nin 44.4-cü maddəsinə əsasən cəzası 02 il islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.73-74, 75- 79); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 X1 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmış, təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində tutularaq Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Məhkəmə istintaqı zamanı bir ədəd CD diskə baxış keçirilmiş, həmin CD diskdə olan videogörüntünün diskə baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək çantadan 2 manat 50 qəpik pul götürməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdi ki, 14 noyabr 2022-ci il tarixdə işə gəlmiş və marketin içərisində müdür otağı və kamera nəzarət otağı kimi nəzərdə tutulmuş yerdə çantasını qoyaraq işinə başlamış, həmin gün işdən çıxarkən kredit ödənişini ödəməsi üçün 250 manat pulu rulon şəklində bükərək çantasına qoymuşdur. Axşam işdən çıxaraq kredit ödənişini ödəmək istəmiş, yolda çantasına baxarkən qoyduğu 250 manat pulunun yerində olmadığını aşkar etmiş, buna görə marketə qayıtmış və təhlükəsizlik kamerasına baxmış, bu zaman bir nəfər şəxsin qeyd edilən otağa qanunsuz daxil olduğunu və otaqda olan qara rəngli çantasının içərisindən 250 manat pulunu götürüb getməsinin şahidi olmuşdur. İş materiallarında olan CD diskə baxış zamanı Təqsirləndirilən şəxs marketin içərisində müdür otağı və kamera nəzarət otağı kimi nəzərdə tutulmuş yerdə qoyulmuş çantadan rulon şəklində bükülmüş pulun götürülməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məkəməsinin Plenumunun qərarının 19cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən “OBA” marketin içərisində qapısının üzərində “giriş qadağandır” sözləri yazılmış ayrıca müdir otağı kimi nəzərdə tutulan sahəyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-230/2021 nömrəli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əməlində cinayətin residivi olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), 17 dekabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar