Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-455/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1974-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 2 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağstafa şəhəri, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 15 noyabr 2023cü il tarixdə gecə saatlarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsinə hasardan aşma yolu ilə daxil olaraq həyətdə yerləşən saxlanc yerinin qapı kilidini sındırmaqla qanunsuz olaraq içəri daxil olub oradan 1500 manat dəyərində 01 ədəd 109 diaqonallı “LG” markalı televizoru və 400 manat dəyərində 01 ədəd somavarı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1900 (min doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00 radələrində qonşuluqdakı həyətyanı sahədə yerləşən saxlanc yerinə yaxınlaşıb qapını özünə tərəf dartmış, qapının kilidi olmadığından açılmışdır. İçəri daxil olub çarpayının yanında 1 ədəd “LG” markalı televizoru götürüb hasardan aşıb evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə oğurladığı televizoru satmaq üçün Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən bazara gəlmişdir. Lakin televizorun ekranında çat olduğuna görə onu almamışlar. Televizoru bazarın yanında “Bravo” marketin yaxınlığında yerləşən məişət tullantıları qutusuna tullayıb evə gəlmişdir. Həmin vaxt orada samovar oğurlamamış, yalnız 1 ədəd “LG” markalı televizor oğurlamışdır. Videogörüntüdə yanında olan şəxs Elgündür. Onunla birlikdə yeyib içmişlər. Televizoru oğurladıqdan sonra bazara aparanda Elgün onunla birlikdə getmişdir. Televizorun oğurluq olmasından onun məlumatı olmamışdır. Heç vaxt oğurluq etməmişdir. Sadəcə hadisə vaxtı içkili olmuşdur. Belə bir səhv etmişdir. Əməlindən peşmandır. İki oğlu torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişlər, müharibə veteranlarıdır. Məhkəmədən qeyd edilənləri nəzərə alınıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən bağ evi ona məxsusdur. Evinin bəzi əşyalarını həmin bağ evin həyətində olan saxlanc yeri kimi istifadə olunan köşkə qoyur. Həmin bağ evinə hər gün gedib baş çəkir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində həmin ünvandan çıxıb yaşadığı ünvana gəlmişdir. xx.xx.20223cü il tarixdə saat təxminən 10 radələrində bağ evinə getdikdə həyətdə saxlanc yerinin qapısının kilidinin sındırıldığını görmüş və içəri baxdıqda orada olan 1500 manat dəyərində 01 ədəd 109 dioqanallı “LG” markalı televizorun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Qeyd edilən saxlanc yerindən samovarı da oğurlanmışdır. Sadəcə təqsirləndirilən şəxs samovarı oğurlamadığını bildirir və ona inanır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən bağ evinin həyatyanı sahəsində olan köşkünün kilidini qırma yolu ilə içərisində olan 1 ədəd “LG” markalı, 109 düyümlü, 1500 manat dəyərində televizorunun və 400 manat dəyərində 1 ədəd samovarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, baş vermiş hadisə nəticəsində ona ümumi olaraq 1900 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq baş vermiş hadisə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Cinayət törətməkdə şübhəli olan şəsin tutulması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - 19 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - diskə baxış keçirilməsi haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə xx.xx.2023cü il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətində yerləşən saxlanc yerində baş vermiş oğurluq hadisəsinin videomüşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərini əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 06:25 dəqiqədə qaranlıq hava şəraitində şəxsiyyəti qeyri-məyyən olan iki nəfər şəxsin yanaşı olaraq iti addımlarla hərəkət etməsi, onlardan birinin əlində iri həcmli qeyri-müəyyən predmetin olması, digər şəsin əlində orta ölçüdə qeyri-müəyyən predmetin olması müəyyən edilmişdir. Həmin naməlum şəxslər iti addımlarla hərəkət edərək aralanırlar. Biri dayanıqlı vəziyyətdə olan avtomobilin arxa tərəfindən, digəri isə həmin avtomobilin qabaq tərəfindən keçdikdən sonra birləşirlər. Həmin şəxslərin sonrakı hərəkətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs videogörüntüdə əlində televizor olan şəxsin özü olduğunu, həmin televizoru ünvan 3 ünvanında yerləşən evin saxlanc yerindən oğurladığını bildirdi. Əlavə suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdəki yanındakı şəxsin adı Elgündür, onun oğurluq hadisəsi ilə əlaqəsi yoxdur, həmin şəxs onun evində qonaq olmuş, səhər ertədən yeyib içmişlər, oğurluq etdikdən sonra həyətində evin arxasında gizlətdiyi televizoru götürüb Sabunçu bazarına satmağa getmişdir. Həmin vaxt yanında olan həmin Elgün adlı şəxs onunla birlikdə bazara tərəf getmişdir. Həmin şəxsin onun əlindəki televizorun oğurluq olmasından məlumatı olmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, oğurluq hadisəsi ilə əlaqədar videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. - AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4882/2024 məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il taridə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin saxlanc yerindən samovar oğurlamamasına dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Əyyubov X2 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci ildə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu ildə AR Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə cəza müddəti başa çatdığı üçün müəssisənin qeydiyyatından çıxarılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2016cı il tarixdə təyin olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə müddəti bitmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-597/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 2 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 276533/17 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-597/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş 1 il 2 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi.əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Lakin onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadan nəticə çıxartmayaraq yenidən cinayət törətməsi cəzanın islah təsirinin yetərli olmaması qənaətinə gəlinməklə cəzanın məqsədinə nail olunmadığının göstəricisi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Əyyubov X1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-ü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 20 iyul 2024cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-455/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-455/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver