Məhkəmə qərarları › İş №1(008)-459/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-459/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-459/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, idman məşqləri üçün nəzərdə tutulan, texniki cəhətdən saz və atəş üçün yararlı, HБ-324 №li, yivli odlu silah hesab edilən «Marqolin» konstruksiyalı tapançanı, 5,6 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz olan, «Marqolin» konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə, saat 20:55-də Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən Böyükşor gölünün yaxınlığında saxlanılmış, 28 mart 2024-cü il tarixdə saat 00:21-də qeyd olunan fərdi yaşayış evinə baxış keçirilərkən ikinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın siyirməli rəfindən bir ədəd odlu silah hesab edilən «Marqolin» konstruksiyalı tapança və «Marqolin» modelli silahların komplekt hissəsi olan bir ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayıb. 07 mart 2024-cü il tarixdə Bərdə rayonunda olduğu zaman üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxs ona 01 ədəd darağı ilə birlikdə «Marqolin» konstruksiyalı tapança vermiş, silaha marağı olduğu üçün suvenir olaraq saxlamaq məqsədi ilə yaşadığı ünvana gətirərək gizlətmiş, bununla bağlı ailə üzvlərinə məlumat verməmişdir. O, 27 mart 2024-cü il tarixdə, saat 20:55 radələrində tanışları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən Böyükşor gölünün yaxınlığında idarə etdiyi “Kia” markalı, **-SZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə, eləcə də yaşadığı ünvanda saxlamaqda şübhəli olduğunu bildirib, onları polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Həmin İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərində olan predmetləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra baxış keçirilərkən üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Həmçinin şifahi sorğu zamanı hazırda idarə etdiyi avtomobildə odlu silah saxlamadığını, lakin yaşadığı ünvanda silah saxladığını və ora gedildiyi halda təqdim edə biləcəyini, eləcə də avtomobilinə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını, X1 və X2 tanışları olduqlarını və birlikdə Saatlı rayonuna getmək istədikəri üçün bir yerdə olduqlarını bildirmişdir. Daha sonra Piriman İsayevin və İlkin Kərimlinin üzərilərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmənin keçirilməsi barədə protokol tərtib olunmuş və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobildən digər əşya və predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və yaşadığı ünvana gedilərək razılıq əsasında həmin ünvana baxış keçirilmişdir. Daha sonra yaşayış evinin ikinci mərtəbəsində sağ tərəfdə olan yataq otağında olan siyirmədən 01 ədəd tapançanı çıxarıb təqdim etmişdir. Həmin predmet polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış davam etdirilərkən yaşadığı ünvandan digər əşya və predmet aşkar edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 mart 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib özündə və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 27 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə, saat 20:55 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən «Böyükşor» gölünün yaxınlığında idarə etdiyi «Kia» markalı, **-SZ- *** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zamanı saxlanılmış, prosessual hərəkətlərin aparılmasından ötrü «Kia» markalı, **-SZ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi atarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, xidməti iş otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasının həyətində «Kia» markalı, **-SZ-*** qeydiyyat nişanlı avtomobilə axtarış keçirilmiş, lakin, axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs yaşadığı ünvanda silah saxladığını bildirmiş, baxış keçirilməsi məqsədilə 28 mart 2024-cü il tarixdə saat 00:21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gedilmişdir. Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirmişdir. 28 mart 2024-cü il tarixdə, saat 00:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana video çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Daha sonra təhqiqatçı tərəfindən qapı döyüldükdə qapını Təqsirləndirilən şəxs atası Bəfadar Zahidov açmış və yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib iştirakçıları mənzilə dəvət dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah döyüş sursatı və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı olduğunu bildirmiş, yaşayış evinin ikinci mərtəbəsində sağ tərəfdə olan yataq otağındakı siyirmədən 01 ədəd tapança tipli dəmir predmeti təqdim etmişdir. Həmin predmetə baxış zamanı 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd sandıqça tipli dəmir predmet olması müəyyən edilmişdir. Həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan digər əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs silahı təxminən 20 gün əvvəl tanımadığı şəxsin ona verdiyini, ondan istifadə etmədiyini, həmin silahın onda olmasından heç kimin məlumatının olmadığını, heç kimə istifadə üçün vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tapança və 01 ədəd daraq qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Böyükağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. 28 mart 2024-cü il tarixdə gecə saatlarında yaşadığı ünvanın qapısı döyülmüş, qapını açdıqda oğlu Zahid ilə birlikdə bir neçə nəfər şəxsin olmasını görmüşdür. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd edərək Zahidin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib yaşadığı ünvanda saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra ondan yaşadıqları ünvana baxışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, buna etiraz etmədiyini bildirib onları içəri dəvət etmişdir. Daha sonra Zahiddən yaşadıqları ünvanda odlu silah, döyüş sursatı və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub-olmaması soruşulmuş, Zahid yaşadığı ünvanda odlu silah, döyüş sursatı olduğunu bildirmişdir. Daha sonra yaşayış evinin ikinci mərtəbəsində sağ tərəfdə olan yataq otağında olan siyirmədən 01 ədəd tapança tipli dəmir predmeti təqdim etmişdir. Həmin predmetə baxış zamanı 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd sandıqça tipli dəmir predmet olması müəyyən edilmişdir. Həmin predmetlər polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış davam etdirilərkən yaşadıqları ünvandan digər əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Zahid həmin predmetləri təxminən 20 gün əvvəl tanımadığı şəxsin ona verdiyini, ondan istifadə etmədiyini, həmin predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, heç kimə istifadə üçün vermədiyini bildirdi. Daha sonra o, şifahi sorğu zamanı həmin predmetlərin yaşadığı ünvanda olmasından məlumatının olmadığını bildirmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığı üçün onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Sonra yaşadığı ünvana baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuşdur Cinayət işinin 21-ci vərəqəsində olan 27 mart 2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-32-ci vərəqəsində olan 27 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, xidməti iş otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan 27 mart 2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasının həyətində «Kia» markalı, **-SZ-*** qeydiyyat nişanlı avtomobilə axtarış keçirilmiş, lakin, axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 41-42-ci vərəqəsində olan 28 mart 2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixdə, saat 00.21-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağındakı dolabın siyirməli rəfindən 01 ədəd tapança tipli silaha oxşar predmet və 01 ədəd darağ aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 62-66-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 28 mart 2024 il tarixli, 24/624R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd HБ-324 №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,6 mm kalibrli, Marqolin konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Marqolin konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən "güllə-giliz kartotekasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisə tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 102-103-cü vərəqəsində olan 28 mart 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd HБ-324 №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,6 mm kalibrli «Marqolin» konstruksiyalı tapança və «Marqolin» konstruksiyalı tapançaların komplekt hissəsi 01 ədəd darağ cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 113-117-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(0085)-428/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 141-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 aprel 2024-cü il tarixli, 3-13-12/2-57578/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, HБ-324 №li «Marqolin» konstruksiyalı silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur. Cinayət işinin 153-сü vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Təhlükısiziliyi Xidmətinin 15 aprel 2024-cü il tarixli, 3-39-27/2-1393/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, HБ-324 №li «Marqolin» konstruksiyalı tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Cinayət işinin 156-сı vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 aprel 2024-cü il tarixli, 3-25/2-15/1409/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, HБ-324 №li «Marqolin» konstruksiyalı tapança Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Cinayət işinin 162-168-ci vərəqəsində olan 08 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 157-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 27 mart 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkи halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd HБ-324 №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,6 mm kalibrli «Marqolin» konstruksiyalı tapança və «Marqolin» konstruksiyalı tapançaların komplekt hissəsi 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd HБ-324 №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,6 mm kalibrli «Marqolin» konstruksiyalı tapança və «Marqolin» konstruksiyalı tapançaların komplekt hissəsi 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar