Məhkəmə qərarları › İş №1(008)-46/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-46/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-46/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.22024-cü il tarixli, 1(011)-190/2024 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.5 və 69.3-cü maddələrinə əsasən 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsinə qədər daşımış, 04 aprel 2024-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində olan zaman özünü şübhəli apardığına görə həmin vaxt orada xidmət aparan Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli köynəyin sağ döş cibindən 1 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2024-cü il tarixdə saat 05 radələrində ünvan 4 ünvanında yerləşən nömrəsiz həyət evinə daş hasarı aşıb saxlanc yeri hesab edilən evin zirzəmisinə qanunsuz daxil olub orada saxlanılan ev sahibi Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində 01 ədəd 5 litrlik samovarı, 50 manat dəyərində 01 ədəd “Ayqaz” markalı istilik peçini və 200 manat dəyərində 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş soyuducunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsə məxsus evə daxil olmamış, oradan oğurluq etməmişdir. Narkotik məclisində olan zaman “Əxi” kimi tanıdığı bir nəfər şəxs samovar gətirmiş və satmaq istədiyini bildirmişdir. Samovarın oğurluq olduğunu bilməmişdir. Almaq istəyən kimisə tanıyıb tanımadığımı soruşmuşdur, o da bir tanışına zəng edib bu barədə soruşmuşdur. Həmin şəxsin adı Elxandır. O da ala biləcəyini qeyd etmişdir. “Əxi” kimi tanıdığı şəxslə birlikdə Elxanın yanına getmiş, həmin şəxs samovarı özü Elxana 50 manata satmışdır. Pulu samovarı gətirən şəxs götürmüş, ona oradan heçnə verilməmişdir. Oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları 2-3 dəfə evinə gəlmiş, lakin o, işdə olduğundan onu tapa bilməmişlər. Sonuncu dəfə evə gəldiklərində o, çölə çıxmış, tutub 13-cü PŞ-nə aparmışlar. PŞ-də ona demişlər ki, oğurlanan samovar var, boynuna götürməlisən. Təzyiqə məruz qaldığından, döyüldüyündən boynuna götürməyə məcbur olmuşdur. Oğurluq hadisəsini boynuna almasa onu külli miqdarda narkotik satışıyla hədələmişlər, samovarın qaytarıldığını və onun oğurluqla tutulmayacağını bildirmişlər. Ailəsini hədələmişlər deyə ibtidai istintaq zamanı boynuna almağa məcbur olmuşdur. Ona tək samovar oğurlanıb demişlər, lakin sonradan bilmişdir ki, samovardan başqa soyuducu və istilik sobası da oğurlanmışdır. Samovarın satılmasında iştirak etmişdir, lakin oğurluq olduğunu bilməmişdir. Təxminən 1 il olar ki, narkotik vasitə qəbul edir. Lakin saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Tarixini xatırlamadığı vaxtda axşam saat 10 radələrində işdən gəlmiş, həmin vaxt 4-5 nəfər post patrul əməkdaşı gəlib onu evdən aparmışlar. Həmin əməkdaşların adlarını bilmir, üzdən görsə tanıyar. Həmin gün evə gəlməmişdən əvvəl narkotik vasitə əldə edib istifadə etmişdir. Polislər onu saxlayan zaman üzərində və ya evində narkotik vasitə olmamışdır. Onu bölməyə aparmışlar, orada üzərinə baxış keçiriləndə narkotik vasitə olmamışdır. Daha sonra onu döyümüşlər. O da məcbur olub etirafedici ifadə vermişdir. Nə dərəcədə inandırıcıdır ki, küçədə harasa getdiyin yerdə səni saxlasınlar və sənin üzərindən ancaq narkotik vasitə aşkar olunsun, pul, telefon aşkar olunmasın. Onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Dəqiq tarixi xatırlamadığı vaxtda təxminən saat 18 radələrində yaşadığı ünvan 4 ünvanını tərk etmişdir. Yoldaşı evdə tək olmuşdur, namaz qılan zaman qapının sındırıldığını eşitmişdir, işıqları söndürüb oğluna zəng edib hadisə barədə məlumat vermişdir, oğlu da ona zəng vurmuşdur. O da kürəkəninə zəng edib evə baş çəkməsini bildirmişdir. Kürəkəni evə gələn zaman görmüşdür ki, zirzəminin qapısı sındırılmışdır. Özü isə evə gəldikdə zirzəmiyə daxil olub kürəkəni verdiyi soyuducuya baxmış, o yerində olmuşdur. Daha sonra başqa əşyalara baxmamış və hadisə barədə heç kimə məlumat verməmişdir. Ondan sonra təxminən xx.xx.2024-cü il tarixdə yoldaşı ilə birlikdə bacanağıgilə getmişdir, oğlu imtahana hazırlaşdığı üçün evdə qalmışdır. Oğlu ona zəng edərək evə kiminsə daxil olduğunu bildirmişdir. Evə qayıtdıqda zirzəmidən “Ayqaz” markalı istilik peçinin, samovarın, 1 ədəd avtomobil üçün soyuducunun oğurlandığını aşkar etmişdir. Oğurlanmış əşyalardan ona sadəcə samovar qaytarılmışdır. Hadisə barədə 102 xidmətinə məlumat vermiş, gəlib hadisə yerinə baxış keçirmişlər. O, uzun müddətdir, həmin ərazidə yaşayır, qonşuları ilə münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs qardaşı ilə qonşudur.Tahirin özünü də tanıyır. Tahirin əvvəllər də cinayət işi olmuşdur, onun uşaqları ona köməklik etmişdir. Oğurluq edən şəxsin Tahir olduğunu əvvəldən bilsəydi, polisə şikayət etmədən özü onunla söhbət edərdi. Tahirin 2 azyaşlı uşağı vardır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə saat 21:30-da iş yoldaşı Şahid1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən də, özünü təqdim etməsini bildirmişlər. Bu zaman həmin şəxs verilən suallardan yayınaraq özünü şübhəli apardığı üçün onlar həmin şəxsi saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə təmin etmişlər. Sabunçu RPİnin 13-cü Polis Şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Orada xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin sağ döş cibindən bir ədəd şəffaf sellofanın içərisində olan ağ kristal şəkildə spesifik iyə malik maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş şəffaf sellofanın içərisində həmin maddə “Şüşə” deyilən psixotrop maddədir. Həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində olan zaman, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 (otuz ) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Şahid1 digər Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisəyə qədər təxminən, 1 ilə yaxın tanımışdır. Həmin şəxslə aralarında tanışlıq münasibəti vardır. xx.xx.2024-cü il tarixdə tanışı Tahir ona zəng edərək təcili samovar satdığını bildirmişdir. O isə həmin samovarı ucuz qiymətə ala biləcəyini söyləmişdir. Həmin gün Tahir yaşadığı həyətə gələrək samovarı 50 manata ona satmışdır. Tahir samovarı satmağa gələrkən tək olmuşdur. İlkin olaraq həmin şəxsə 30 manat, 2 gün sonra isə 20 manat məbləğində pul vermişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət edərək aldığı samovarın oğurluq olduğunu bildirmişlər.Tahir samovarın özünə məxsus olduğunu bildirmişdir. Ona görə samovarı almağa razılaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 04 may 2024-cü il tarixli qərardan görünür ki, material üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanının zirzəmisidir. Zərərçəkmiş şəxs kimi tanınma haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin baş müstəntiqi Cavd Əhmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. Polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin seçilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraatın birləşdirilməsi barədə 20 may 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəsi altında bir icraatda istintaq olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin sağ döş cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixli tarixdə axşam saatlarında Bül-bülə qəsəbəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü iiə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə vaxtı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə olunmuşdur; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1860 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,674 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-40/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.22024-cü il tarixli, 1(011)-190/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.5 və 69.3-cü maddələrinə əsasən barəsində 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat təxminən 18:30 radələrində saxlanılaraq MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7004 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 5 litr həcmli samovarın istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 150 manat müəyyən edilir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6374 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş 01 ədəd 5 lt həcmli samovarı tanınması məqsədilə iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş və o, iş üzrə götürülmüş 01 ədəd 5 lt həcmli samovarı nəzərdən keçirərək bildirmişdir ki, həmin 01 ədəd 5 lt həcmli samovar ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi həyət evindən oğurlanmış maddi sübutdur və onu fərdi xüsusiyyətlərinə görə tanımışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd samovar, onun üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,674 qarm olan psixotrop maddə metamfetamin, onun üzərində şəxsi axtarış və götürülmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmışdır. 01 ədəd samovar Zərərçəkmiş şəxs qaytarılmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0,624 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı iki övladı vardır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan 1 ədəd samovarı təhvil almışdır. Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:50 də Sabunçu RPİ-nin MSY-nə gətirilmiş, təlimata uyğun olaraq onun üzərinə, bədəninə tam baxış keçirilmiş, bu barədə akt tərtib olunmuşdur. Məktuba əlavə olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə MSY-nə gətirildikdə üzərinə baxış keçirilmiş və sağ qolunun içəri nahiyəsində sıyrıqlar aşkar olunmuşdur. Öz deməsinə görə tutulmazdan əvvəl həyətdə işləyərkən yıxılaraq bu xəsarəti almışdır. Bunu öz xətti ilə yazmış və imzlamışdır. AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibbi sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs açılmış 7447/2024 saylı tibbi kitabçadan görünür ki, həbs olunmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirmiş, baxış zamanı dəri səthində sol saidin ön səthində təzə çapıq toxuması müəyyən olunmuşdur. Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair ərizəsi əsasında toplanmış 147 C-25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.22024-cü il tarixli, 1(011)-190/2024 hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, xx.xx.2024-cü il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 il 11 ay 24 gün təşkil etmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.22024-cü il tarixli, 1(011)-190/2024 saylı hökmündə göstərilmiş məlumatlar Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış, müddətin axımı həmin sürücülük vəsiqəsi alındıqdan sonra başlayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsin evindən oğurluq etmədiyini, həmin samovarı “Əxi” deyə tanıdığı şəxsin ona təqdim edətək satmaq istədiyini, həmin şəxsi Elxanla görüşdürdüyünü, onların öz aralarında danışaraq samovarı “Əxi” deyilən şəxsin özünün satdığını bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 isə ifadəsində onun söylədiklərini təkzib edərək samovarı məhz Təqsirləndirilən şəxs özünün satdığını, həmin vaxt onun yanında başqa bir şəxs olmadığını, samovarın özünə məxsus olduğunu bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda qeyd edilən narkotik vasitənin ona məxsus olmadığını, iş üzrə şahid qismində dindirilən polislərin deyil, PPX əməkdaşlarının onu saxladığını, ona təzyiq göstərildiyi üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəfindən polis əməkdaşlarının istifadələrində olan telefon nömrələrinin aid olduğu mobil operatorlardan anten məlumatları əldə olunmuşdur. Həmin məlumatlardan müəyyən olunmuşdur ki, Şahid1 istifadəsində olmuş ********* saylı telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 21:30-da anten məlumatı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsini göstərir. "xxxx" Telekom MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinin xx.xx.2024-cü il tarixdə istifadəsinin qeydə alınmadığı göstərilmişdir. ***-***-**-** saylı telefon nömrəsi isə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində istifadə edilmədiyindən həmin vaxta anten məlumatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan da görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair ərizəsi əsasında toplanmış 147 C- 25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,674 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxsin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-40/2021 saylı hökmü ilə olan məhkumluğu ehtiyatsızlıqdan törədilən cinayətlə bağlı olduğundan residiv hesab edilə bilməz. Belə ki, AR CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.22024-cü il tarixli, 1(011)-190/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə cəzanın məqsədinə nail oluna bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi hər iki maddə üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və çəkilməmiş əlavə cəza 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza isə hazırki hökm üzrə təyin olunmuş cəza ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməli (CM-66.5, 66.4), əlavə cəza müstəqil icra olunmalı (CM-nin 68.2), hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şühbəli şəxs qismində tutulduğu müddətlər, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətlər ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.624 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və çəkilməmiş əlavə cəza 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası isə hazırki hökm üzrə təyin olunmuş cəza ilə tam toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 07 (yeddi) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.624 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar