Məhkəmə qərarları › İş №1(008)-461/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-461/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-461/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, Bağ sahəsi 1103 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Məhəmməd Hadi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “Chevrolet Cruze” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsinə daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan 305 manat nağd pul və 250 manat dəyərində üzərində “AC-9213-2+16g-İPS” yazıları olan avtomobil monitorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 555 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində işlədiyi dönərxananın yaxınlığında saxladığı “Mercedes- Benz E240” markalı, 99ME480 dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan dəyəri 30 manat olan “Nokia” markalı mobil telefonu və dəyəri 300 manat olan gödəkcəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 330 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi nömrəsiz fərdi evin qarşısında saxladığı “Vaz 2106” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonundan 90 manat dəyərində olan 01 ədəd “Autobat” markalı 12V 60Ah 540A (EN) avtomobil akkumulyatoru və 60 manat dəyərində olan 01 ədəd “Pioneer” markalı maqnitofonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərənin açıq olmasından istifadə edərək qanunsuz olaraq daxil olub oradan 450 manat dəyərində 01 ədəd Rusiya istehsalı “LG” markalı, 43LK6200PLD modelli, 109 diaqonal (43 düyüm) televizoru və 100 manat dəyərində 01 ədəd “Hugo Boss” markalı ətri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol şüşəsinin alt hissəsindən bıçaqla salıb sındıraraq avtomobilin salonundan 420 manat dəyərində 01 ədəd üzərində “TS7-4+64-AHD- İPS” yazıları olan avtomobil monitoru və içərisində 500 manat nağd pul olan 01 ədəd 10 manat dəyərində üzərində “Hovis H Brand” yazıları olan, 11x20 sm ölçüdə, qara rəngli pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 930 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxladığı “Toyota Prado” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop faralarını üzərindəki bıçaqla söküb çıxararaq 200 manat dəyərində həmin “Toyota Prado” markalı, Tayvan istehsalı, üzərində TY1132-BORE2 70052960 yazıları olan avtomobilin stop faralarını, bıçağın dəstəyi ilə avtomobilin ön sağ şüşəsinə vuraraq sındırıb avtomobilin salonundan içərisində 3000 manat nağd pul vəsaiti olan 01 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “ZARA” yazısı olan, 21x28 sm ölçüdə, Çin istehsalı əl çantası, 250 manat dəyərində 01 ədəd üzərində “Starvis F/1.8 1080P FOV 140 6G LENS” yazıları olan video qeydiyyat aparatı, 700 manat dəyərində 01 ədəd 100 ml “Xerjoff” markalı ətir, 370 manat dəyərində 01 ədəd “X5 Leather” 100ML markalı parfum, 165 manat dəyərində 01 ədəd “Pilot 65” 100ML markalı parfumu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 4715 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, əvvəllər oğurluq və narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuş, sonuncu dəfə 2023-cü ilin may ayında azadlığa çıxmışdır. Həbsdən azad olunduqdan sonra ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, 2023-cü ilin dekabr ayında saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılmış “Chevrolet Cruze” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsini daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan 305 manat nağd pul və avtomobil monitorunu gizli olaraq talamışdır. Bundan başqa, o, 2024-cü ilin yanvar ayında tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində dönərxananın yaxınlığında saxlanılmış “Mercedes-Benz E240” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan gödəkcəni gizli olaraq talamış, lakin ittihamda göstərilən “Nokia” markalı mobil telefonu götürməmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi nömrəsiz fərdi evin qarşısında saxlanılmış “Vaz 2106” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonundan 01 ədəd avtomobil akkumulyatoru və 01 ədəd “Pioneer” markalı maqnitafonu oğurlamışdır. O, təkrarən xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərənin açıq olmasından istifadə edərək qanunsuz olaraq daxil olub oradan 01 ədəd “LG” markalı, televizoru və 01 ədəd ətri gizli olaraq talamışdır. O, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılmış “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol şüşəsinin alt hissəsindən bıçaqla salıb sındıraraq avtomobilin salonundan 01 ədəd avtomobil monitoru və 01 ədəd qara rəngli pul kisəsini gizli olaraq talamışdır. O, təkrarən xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılmış “Toyota Prado” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stop faralarını üzərindəki bıçaqla söküb çıxarmış, daha sonra, bıçağın dəstəyi ilə avtomobilin ön sağ şüşəsinə vuraraq sındırıb avtomobilin salonundan 01 ədəd qara rəngli əl çantası, 01 ədəd video qeydiyyat aparatı, 03 ədəd ətri oğurlamışdır. O, oğurladığı əşyaları bir qismini sataraq şəxsi ehtiyaclarına sərf etmiş, bir qismini isə zərərçəkmiş şəxslərə geri qaytarmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət işi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ona məxsus nömrəsiz fərdi yaşayış evi var. O, 04 yanvar 2024-cü il tarixdə ailəsi ilə birlikdə Qusar rayonuna getmiş, 08 yanvar 2024-cü il tarixdə, gecə saatlarında yaşadığı evə geri qayıtmışdır. O, evin həyətinə daxil olduğu zaman evin mətbəx otağının pəncərəsinin açıq olduğunu görərək dərhal evə daxil olmuş, evin qonaq otağında yerləşən dəyəri təxminən 450 manat olan 107 sm ölçülü, 43 diaqonallı “LG” markalı plazma televizorun, həmçinin evin yataq otağında rəfdə yerləşən dəyəri təxminən 100 manat olan “Hugo Boss” markalı qadın ətrinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq faktı ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Cinayət nəticəsində ona vurulmuş zərər qaytarılsa da, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında cinayət işi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:00 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən dönər sexindən çıxaraq etibarnamə əsasında idarə etdiyi **-ME-*** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz E240” markalı avtomobilinə yaxınlaşdıqda, avtomobilinin alın şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını müəyyən etmişdir. O, dərhal avtomobilin salonuna baxış keçirmiş, avtomobildə olan 30 manat dəyərində “Nokia” markalı mobil telefonun və dəyəri 300 manat olan markasını xatırlamadığı gödəkcəsinin oğurlandığını aşkar etmişdir. Hadisə ilə bağlı iş yoldaşı X1 DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində avtomobildə olan dəyəri təxminən 30 manat olan “Nokia” markalı mobil telefonun və dəyəri təxminən 300 manat olan markasını xatırlamadığı gödəkcəsinin oğurlanmasına görə ona ümumilikdə 330 manat maddi ziyan dəymiş, lakin, “Mercedes-Benz E240” markalı avtomobilinin alın şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmış, buna görə ona ayrıca 150 manat zərər dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, 13 yanvar 2024-cü il tarixində, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünə məxsus “Toyota Prado” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb yaşadığı evə getmişdir. Həmin gün axşam saat 22 radələrinədək avtomobildən istifadə etməmişdir. Həmin gün axşam saat təxminən 22 radələrində avtomobilə yaxınlaşdıqda qəza işığının yandığını görmüş və avtomobilinə baxış keçirdikdə məlum olmuşdur ki, naməlum şəxs və şəxslər ilk öncə avtomobilin yük yerini dəmir parçası ilə əymiş, 200 manat dəyərində iki ədəd arxa stop işıqlarını çıxarmış, daha sonra sağ ön tərəfdən şüşəni sındırmaqla avtomobilin saxlanc yerindən içərisində 3000 manat pul vəsaiti, şəxsiyyət vəsiqəsi, xarici pasport, hərbi bilet olan 01 ədəd 30 manat dəyərində qara rəngli əl çantası, 250 manat dəyərində 01 ədəd “Xiaomi” markalı videoregistrator, 700 manat dəyərində 01 ədəd 100 ml “Xerjoff” markalı ətir, 370 manat dəyərində 01 ədəd 100 ml “X5 Leather” markalı ətir, 165 manat dəyərində 01 ədəd 100 ml “Pilot” markalı ətir oğurlamışlar. Hadisəni aşkar etdikdən sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4715 manat maddi ziyan dəymişdir. İzahatında hadisə yeni baş verdiyi üçün oğurlanmış əmlaklarımın sayını və qiymətini tam müəyyən etməmiş, həm də avtomobilinə dəymiş ziyanı da hesablayaraq kortəbii şəkildə hesablama aparıb ona 6000 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə, saat təxminən 07:30 radələrində yaşadığı evdən çıxıb küçədə, yəni yaşadığı evin qarşısında saxladığı Chevrolet Cruze markalı avtomobilinə yaxınlaşmış və avtomobilinin yan şüşəsinin sındırıldığını görmüşdür. Avtomobilindən oğurluq baş verdiyini düşünüb içəriyə baxış keçirən zaman 250 manat dəyərində olan monitor və avtomobilin əlcək bölməsində olan 305 manat pulunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 555 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvanın məhləsində ona məxsus olan “BMW 520” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışdır. xx.xx.2024-ci il tarixdə işə maşınsız gedib axşam saat 22 radələrində evə gələn zaman avtomobilin ön sol şüşəsinin sındırıldığını görmüşdür. İçəri baxdıqda salondan 420 manat dəyərində monitor və 01 ədəd ümumi dəyəri 5 manat olan içərisində 500 manat nağd pul, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi olan pul kisəsinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 925 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində özünə məxsus “Vaz 2106” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında küçədə park edərək evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində qeyd olunan avtomobilə yaxınlaşan zaman məlum olmuşdur ki, tanımadığı şəxs və ya şəxslər avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonundan 60 manat dəyərində olan “Pioner” markalı maqnitofonu və markasını xatırlamadığı 90 manat dəyərində olan akkumulyatoru oğurlamışlar. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Nizami rayon, Qara Qarayev prospekti, Neftçilər metro stansiyası yaxınlığında yerləşən “Maks” lombarda satıcı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində iş yerində olarkən X2 işlədiyi lombarda gələrək LG markalı 1 ədəd televizoru lombarda qoyub əvəzində 200 (iki yüz) manat pul götürmək istədiyini bildirmişdir. O da lazımi sənədləri hazırlayıb sonuncuya imzalamaq üçün təqdim etmiş, televizoru qəbul etmiş və əvəzində 200 manat Təqsirləndirilən şəxs pul vermişdir. Televizorun oğurluq olduğundan heç bir məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 101-102-ci vərəqəsində olan 17 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 168-171-ci vərəqəsində olan 19 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Vüqar Hadinin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 172-174-cü vərəqəsində olan 19 yanvar 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 238-240-cı vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(008)-426/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 2-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 3-4-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/940 nömrəli, 18 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların istifadədə olması və qeyd edilən xüsusatları nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə (üzərində “Autobat” 12V 60Ah 540A (EN) yazıları olan avtomobil akkumulyatorun (üzərində istismar xarakterli boya qopuqları, cızıqlar olmaqla) dəyəri 50 manat, “Toyota Prado” markalı, Tayvan istehsalı, üzərində TY1132-BORE2 70052960 yazıları olan avtomobilin stop faralarının (üzərində qırıq və cızıqlar olmaqla) dəyəri 200 manat, qara rəngli, üzərində “ZARA” yazısı olan, 21x28 sm ölçüdə, Çin istehsalı əl çantasının dəyəri 30 manat, avtomobil açarı üçün qabın dəyəri 2 manat, üzərində “Hovis H Brand” yazıları olan, 11x20 sm ölçüdə, qara rəngli pul kisəsinin (üzərində istismar xarakterli qopuqlar, cızıqlar olmaqla) dəyəri 10 manat, üzərində “AC-9213-2+16g-İPS” yazıları olan avtomobil monitorunun (üzərində istismar xarakterli cızıqlar olmaqla) dəyəri 120 manat, üzərində “TS7-4+64-AHD- İPS” yazıları olan avtomobil monitorunun (üzərində istismar xarakterli cızıqlar olmaqla) dəyəri 200 manat, üzərində “Starvis F/1.8 1080P FOV 140 6G LENS” yazıları olan video qeydiyyat aparatının (üzərində istismar xarakterli cızıqlar olmaqla) dəyəri 20 manat, Rusiya istehsalı, “LG” markalı, 43LK6200PLD model, 109 diaqonal (43 düym) televizorun (üzərində istismar xarakterli cızıqlar olmaqla) dəyəri 350 manat) ümumi dəyəri təxminən 982,00 manat müəyyən edilmişdir. Digər 3 adda ətir şüşələrinin (“X5 Leather” markalı parfum 100ML, “Fakharal OUD” markalı parfum, “Pilot 65” 100ML markalı parfum) içərisi boş olduğu üçün qiymətsiz müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 8-9-cu vərəqəsində olan 19 mart 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd “Autobat” markalı 12V 60Ah 540A (EN) avtomobil akkumulyator, 01 ədəd “X5 Leather” markalı parfum 100ML, 01 ədəd “Fakharal OUD” markalı parfum, 01 ədəd “Pilot 65” 100ML markalı parfum, 1 cüt “Toyota Prado” markalı avtomobilin stop faraları, 01 ədəd dəri əl çantası, 01 avtomobil açarı üçün dəri qab, 01 ədəd “Hovis H Brand” markalı dəri pul kisəsi, 02 ədəd avtomobil monitoru, 01 ədəd “Starvis” markalı video qeydiyyat aparatı, 01 ədəd “LG” markalı 43LK6200PLD seria nömrəli 110 diaqonallı televizor cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün sahiblərinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 61-77-ci vərəqəsində olan 23 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 baş vermiş oğurluq hadisəsi ilə istintaqa təqdim etdiyi görüntüləri əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 01 ədəd “Hovis H Brand” markalı dəri pul kisəsinin məbləğinin ekspertiza rəyində göstərilən 10 manat dəyərlə hesablanması nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 235-237-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 15 (on beş) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 24 dekabr 2021-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 26 iyun 2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eləcə də həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2013-cü il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd “Autobat” markalı 12V 60Ah 540A (EN) avtomobil akkumulyator, 01 ədəd “X5 Leather” markalı parfum 100ML, 01 ədəd “Fakharal OUD” markalı parfum, 01 ədəd “Pilot 65” 100ML markalı parfum, 1 cüt “Toyota Prado” markalı avtomobilin stop faraları, 01 ədəd dəri əl çantası, 01 avtomobil açarı üçün dəri qab, 01 ədəd “Hovis H Brand” markalı dəri pul kisəsi, 02 ədəd avtomobil monitoru, 01 ədəd “Starvis” markalı video qeydiyyat aparatı, 01 ədəd “LG” markalı 43LK6200PLD seria nömrəli 110 diaqonallı televizorun sahiblərinə qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “Autobat” markalı avtomobil akkumulyator, 01 ədəd “X5 Leather” markalı parfum, 01 ədəd “Fakharal OUD” markalı parfum, 01 ədəd “Pilot 65” markalı parfum, 01 cüt “Toyoto Prado” markalı avtomobilin stop faraları, 01 ədəd dəri əl çantası, 01 ədəd avtomobil açarı üçün dəri qab, 01 ədəd “Hovis H Brand” markalı dəri pul kisəsi, 02 ədəd avtomobil monitoru, 01 ədəd “Starvis” markalı video qeydiyyat aparatı, 01 ədəd “LG” markalı 43LK6200OLD seriya nömrəli 110 diaqonallı televizorun sahiblərinə geri qaytarılması nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar