Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-465/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji Sanatoriya, Ailəvi Yataqxana ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi-0,575 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 27 yanvar 2023-cü il tarixdə, saat 07.00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi evinin yaxınlığında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə dəvət olunaraq, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir ədəd qızılı siqaret kağızı bükümünün içərisində saxladığı təmiz çəkisi-0,575 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ay əvvəl “kakos” kimi tanıdığı narkotik vasitə heroin istifadə etməyə başlamış, narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yalnız üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün bir ədəd kağıza bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə heroin alıb üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 07:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ 14-cü Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş, şəxsiyyətini təsdiq edən sənəd istəmiş, həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində isə narkotik vasitə olduğuna görə qorxduğu üçün oradan qaçıb yayınmaq istəmiş, qaçmaq istəyərkən təsadüfən ayağı sürüşmüş, müxtəlif xəsarətlər almış, lakin polis əməkdaşları qaçmağına imkan verməmiş, özünü şübhəli apardığından polis əməkdaşları onlarla birlikdə 14-cü Polis bölməsinə getməyi təklif etmişlər, buna etiraz etməyib onlarla birlikdə həmin bölməyə getmiş, polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, şübhəli şəxs qismində saxlanıldığı bildirilmiş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edilmiş, bundan sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olması izah edilmiş, müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşulduqda, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirərək bu barədə ərizə yazmış, bundan sonra üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli qolu qısa gödəkçənin sağ yan cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd qızılı siqaret kağızı bükümünü çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümün polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmiş, həmin polis əməkdaşının təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğu soruşulduqda səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə “kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu ərazisində adını və soyadını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edillərək ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də protokolun düzgünlüyünü imzası ilə təsdiq etmiş, Sabunçu RPİ 14-cü Polis bölməsinə şübhəli şəxs qismində gətirilərkən və bölmədə olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmiş, eləcə də digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. xx.xx.2023cü il tarixdə, saat 07.00 radələrində Sabunçu RPİ 14-cü PB-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1la birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində xidmət apararkən orada fəaliyyət göstərən “Albalı” marketin yaxınlığında bir nəfər tanımadıqları şəxs piyada hərəkət edərkən özünü şübhəli aparmış və onları görüb uzaqlaşmaq istəmiş, həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirmiş və onlardan yayınmağa çalışmış, həmin şəxsin oradan qaçmaq istəyərkən təsadüfən ayağının sürüşdüyü üçün yerə yıxılması nəticəsində bədəninin müxtəlif nahiyyələrində yüngül sıyrıqlar əmələ gəlmişdir. Bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olduğu, eləcə də üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onda şübhə yaratmış, bu səbəbdən həmin şəxsi Sabunçu RPİ 14-cü PB-yə dəvət etmiş, həmin şəxs razılaşaraq onlarla birlikdə 14-cü PB-yə gəlmiş və bu barədə raportla PB-nin rəhbərliyinə məruzə edərək onu növbətçi hissəyə təhvil vermiş, polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, raport üzrə araşdırmanın aparılması 14-cü PB-nin təhqiqatçısına həvalə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş, qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmamasının soruşulmuş, o da video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsi təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu qısa gödəkçəsinin sağ yan cibindən bir ədəd qızılı siqaret kağızı bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün təhqiqatçı tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu və xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu ərazisində adını və soyadını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq möhürlənmiş, sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmış, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir(i.v.80-83); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 07:00 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş X4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki olan qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən qızılı rəngli siqarət kağızındakı bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddə heroin olduğunu, bu narkotik vasitəni 26 yanvar 2023-cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 manata almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. X2 təqdim etdiyi qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü açdıqda həmin bükülüdə tünd qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik narkotik maddə hesab edilən heroinə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində narkotik maddə hesab edilən heroinə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/498 nömrəli 27 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs Səid oğlunun üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 31-34); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X5 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin tarixdə saat 09:30 radələrində ona ittiham elan edilmişdir(i.v.49-50); təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 dindirilməsi saat 10:55-də başa çatmışdır(i.v.58-60); videogörüntüyə baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə Sabunçu RPİ 14-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov özünü təqdim edir, sonra Sabunçu RPİ 14-cü PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, sonra cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Firon İsgəndərov, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq polis bölməsinə gətirildiyini bildirərək, hüquq və vəzifələrini izah edir. Sonra bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilib-verilmədiyini soruşur. Təqsirləndirilən şəxs suala yox cavabını verir. Daha sonra tgəhqiqatçı video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini izah edərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs buna etiraz etmir. Bundan sonra təhqiqatçı Firon İsgəndərov, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu qısa gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxardaraq masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən aşkar olunmuş maddəni iştirakçılara və videokameraya nümayiş etdirir, həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual verir. Sonuncu təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “patı” olduğunu və təxminən 3 ay müddətində istifadə etdiyini deyərək, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı Firon İsgəndərov əməliyyat müvəkkillərindən saxlanılan şəxsin üzərinin bir daha yoxlanılmasını xahiş edir, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Firon İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Videogörüntüyə keçirilən baxışda iştirak edən təqasirləndirilən şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirir. (i.v.61-62); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 65-67); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2023-cü il tarixli 569 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, X3 Opioidlərin və Psixostimulyatorların istifadə etmə halları olub. Lakin hal-hazırda X3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X5 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.79); maddi sübut kimi tanıma haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 27 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ 14-cü PB-də şübhəli şəxs qismində tutularkən X2 üzərindən qanunsuz saxlanılan narkotik vasitə heroin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd DVD-R disk cinayət işi üzrə madi sübut kimi tanınmışdır. (i.v.86); maddi sübut kimi tanıma haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində, bir ədəd bükümdə təmiz çəkisi-0,575 qram olmuş narkotik vasitə heroin maddi sübut hesab olunmuş, tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0,525 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.(i.v.88); Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı vardır(i.v.96-99); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,575 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə X2 himyəsində 2 azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, X5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X4 elektron nəzarət vasitəsi tətbiq edilməli, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X5 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,525 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat X1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-465/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-465/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver