Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-467/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Cəlilabad rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən, mütəmadi olaraq dəyərini sonradan ödəmək şərti ilə müxtəlif qida məhsulları aldığı ərzaq mağazasına, həmin mağazanı işlədən Zərərçəkmiş şəxs çağırışı əsasında gələrək, Zərərçəkmiş şəxs bir qədər əvvəl telefon vasitəsi ilə şəxsiyyətinə toxunan sözlər deməsi, habelə azyaşlı oğlu tərəfindən həmin gün mağazadan alınmış una görə yaranmış 1 manat 20 qəpik məbləğində borcunu dərhal ödəməsini şəxsiyyəti alçaldan formada tələb etməsi səbəbindən, qeyd olunan ünvanda yerləşən mağazanın içərisində, şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq sol bazu oynağının natamam travmatik çıxığı -şişkinliyi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən, bacısına məxsus fərdi evdə yaşayır. 3 azyaşlı övladı var, özü Qarabağ qazisidir, ayağı amputasiya olunmuş, 2-ci qrup müharibə əlilidir. Zərərçəkmiş şəxs onun qonşusudur. Evdə ondan başqa işləyən olmadığından və qiymətlər bahalaşdığından dolanması çətinləşmiş, ərzağa pul çatdıra bilmədiyindən ərzaq mallarını uzun müddət qonşusu Zərərçəkmiş şəxs işlətdiyi mağazadan nisyə almış, təqaüdünü alanda mağazaya olan borcunu ödəmişdir. Son dövrlər pulu olmadığından evinə ərzaq almamış, ona hədiyyə edilən undan evdə çörək bişirməklə yavan çörəklə dolanmışdır. Eldəniz elə bilmişdir ki, o, digər mağazadan alver edir, odur ki, ondan küsmüş, lakin Eldənizin ondan küsməsindən məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə “Zəfər” günü onun bayramı olduğundan həmin tarixdə saat 16 radələrində oğlu İbrahim, Eldənizin mağazasından nisyə 1 manat 20 qəpiklik un almışdır ki, bayramla əlaqədar yeməyə peraşki bişirsinlər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, evinə gələrkən Eldəniz ona zəng vuraraq bildirmişdir ki, oğlu İbrahim Eldənizdən nisyə 1 manat 20 qəpiklik un alıb, təcili borcunu ödəsin. O, Eldənizə demişdir ki, evdədir, indi gətirib borcunu ödəyər. Eldəniz ona gileylənərək demişdir ki, “görürsənmi haranı gəzsəndə yenədə firlanıb taxta qapının dəmir qapıya işi düşür, sənə bu qədər hörmət etdim, yenədə başa düşmədin”. Eldənizin ona nisyə un verməsini başına qaxınc etməsindən əsəbləşərək Eldənizi telefonda təhqir etmişdir. Eldənizdə onu təhqir etmiş və demişdir ki, gəl mağazaya səninlə işim var. O, mağazaya getmiş, Eldənizlə mağazanın içərisində sözlə mübahisə etmiş, mağazada heç kim olmamış və mağazanın içərisi küçədən görünmədiyindən mübahisələrini eşidən olmamışdır. Eldəniz uşaqlarına nisyə un verməsini yenidən başına qaxınc etdiyinə görə mübahisələri dava-dalaşa çevrilmişdir. Eldəniz onun bədəninin müxtəlif nahiyələrindən vurduğuna görə əsəblərini cilovlaya bilməyib Eldənizin sol qolunu burmuş, yumruq və təpiklə Eldənizin bədəninin müxtəlif nahiyələrindən vuraraq mağazadan çıxmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayır, evinin küçəyə baxan hissəsindən küçəyə qapı açmaqla həyətində mağaza yaratmış, meyvə-tərəvəz və gündəlik tələb olunan, az çeşiddə ərzaq malları satır. Təqsirləndirilən şəxs yaxın qonşusudur, Hakimlə və ya Hakimin ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur, uzun illərdir ki, qonşu kimi mehriban münasibətləri olmuşdur, işlətdiyi mağazanın müştəriləri yaxın qonşularıdır, ərzaq mallarını yaxın qonşularına nisyə verdiyindən qonşuları onunla alver edirlər, bu da ona sərf edir. Qonşusu Təqsirləndirilən şəxs və Hakimin ailə üzvləri uzun müddətdir ki, gündəlik tələbat mallarını onun işlətdiyi mağazadan alırlar. Onun Hakimlə olan razılaşmalarına görə ay ərzində malları ondan nisiyə alır, o, bu barədə dəftərində qeydiyyat aparır, ayın sonunda Hakim pensiyasını aldıqdan sonra borclarını bağlayır. O, qonşularla bu kimi şərtlərlə ona görə alver edirmiş ki, qonşuları zəruri olan malları ondan alsınlar. Son dövrlər Hakim icarəyə avtomobil götürərək sərnişin daşımaqla məşğul olmuş və ona olan borcunu ödəmiş, Hakimin mağazaya borcu qalmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayından başlayaraq Hakim və Hakimin ailə üzvləri ondan deyil, digər mağazalardan mal almış, Hakimin bu kimi hərəkətləri ona toxunmuş, belə ki, Hakimin pulu olmadıqda o, Hakimə dayaq duraraq nisyə mal satdığı halda Hakimin pulu olduqdan sonra tanımadığı və heç vaxt Hakimə nisyə mal satmayan mağazalarla alver etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində, yəni uzun fasilədən sonra Hakimin oğlu İbrahim onun mağazasına gələrək 1 manat 20 qəpiklik un almış və adını borc dəftərinə yazdırmışdır. O, buna əhəmiyyət verməmiş, lakin 1 saat sonra, yəni saat 17 radələrində Hakimə zəng vuraraq bildirmişdir ki, oğlu İbrahim ondan nisyə 1 manat 20 qəpiklik un almış, təcili borcunu ödəsin. Hakim demişdir ki, evdədir, indi gətirib borcunu ödəyəcək. O, Hakimə gileylənərək demişdir ki, “görürsənmi haranı gəzsəndə yenədə firlanıb taxta qapının dəmir qapıya işi düşür, sənə bu qədər hörmət etdim, yenədə başa düşmədin”. Bununla Hakimə demək istəmişdir ki, nəyə görə nisyə olanda malları ondan alır, nağd alanda başqasından. Hakim telefonda ona nalayiq ifadələr işlətmişdir deyə o, da Hakimin cavabını verərək Hakimi mağazaya çağırmışdır. Təxminən 5 dəqiqə sonra Hakim mağazaya gəlmiş, həmin məzmunda mağazanın içərisində Hakimlə sözlə mübahisə etmiş, mağazada heç kim olmamış və mağazanın içərisi küçədən görünmədiyindən mübahisələrini bilən və eşidən olmamışdır. O, bir daha Hakimə bildirmişdir ki, onun mağazasından alver etmədiyi halda onun mağazasından nisyə mal alması düzgün deyil. Onun iradı Hakimə xoş gəlmədiyindən mübahisələri dava-dalaşa çevrilmişdir. Bu zaman Hakim onun sol qolunu burub yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmiş, o, Hakimi özündən itələmiş, Hakim mağazadan çıxaraq evinə tərəf getmişdir(i.v.44-48); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozunda yerləşən marketin qarşısına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.6-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X1- Təcrübi və tədris birliyinin Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2642 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol bazu oynağının natamam travmatik çıxığı-şişkinliyi müəyyən edilir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.21-22); 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 40-41); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir(i.v.81-82); Azərbaycan Respublikası Qarabağ Qaziləri Birliyinin 1322 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmış, İİ qrup müharibə əlilidir(i.v.83); TSEK-nın xx.xx.2010-cu il tarixli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifə borcunu yerinə yetirməklə əlaqədar ikinci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir(i.v.83); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır(i.v.85-87); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq iş üzrə icraata xitam verilsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları üçün məhkəmədən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, xx.xx.2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını(CM-59.1.12), Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmasını, İİ qrup müharibə əlili olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmasını, İİ qrup müharibə əlili olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirkarın cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı yüngülləşdirici halları müstəsna hallar hesab etdiyindən, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə barəsində sanksiyada nəzərdə tutulandan aşağı həddə cərimə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-467/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-467/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver