Məhkəmə qərarları › İş №1(008)-474/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-474/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-474/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 21 iyul 2022-ci il tarixdə saat 09:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi-30 ünvanında yerləşən “Stimul” hospitalın qarşısında tanışı Zərərçəkmiş şəxs həkim müayinəsi zamanı özündə olan 1200 manat məbləğində pulunu itirmək təhlükəsi olduğundan müayinədən qayıdana qədər saxlaması üçün ona verdiyi həmin pulu götürüb, əynində olan şalvarın cibinə qoyaraq pulu həqiqətən də saxlayacağı görüntüsünü yaradıb, Zərərçəkmiş şəxs tibb müəssisəsinə daxil olduğunu gördükdə pulu gizli olaraq talayıb oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, bundan başqa, təqsirləndirilən şəxsə verilmiş ittiham toplanmış sübutlarla uyğunluq təşkil etmir, bu da, iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnməsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda atası ilə birgə Bakı şəhəri Nərimanov rayonunda kirayədə yaşayır. O, Zərərçəkmiş şəxs ilə əvvəllər qonşu kimi Sabunçu rayonu, ünvan 2 ünvanında yaşamışlar. Zərərçəkmiş şəxs 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və müharibə zamanı yaralanaraq xəsarət almışdır. 2022-ci ilin 21 iyul tarixində o, atası Rasim Abışov və X1 rayonunda təşkil olunacaq tanışlarının yas mərasiminə birgə getmək qərarına gəlmişlər və Zərərçəkmiş şəxs yolüstü Sabunçu rayonunda yerləşən “Stimul” hospitalda tibbi müayinə olunacaqmış, həmin gün saat 09 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 markalı maşınla onlar hospitala gəlmişlər. Zərərçəkmiş şəxs “Stimul” hospitalın qarşısında cibindən 1200 manat pulu çıxarıb ona tibbi müayinəsi qurtarıb qayıdana kimi pulu saxlamasını və onun maşında oturub gözləməsini xahiş etmiş, o razılaşaraq pulu alıb cibinə qoymuşdur. Təqribən 10 dəqiqə maşında oturub gözləyəndən sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmiş və maşını tərk edib Qəbələ rayonuna gedərək həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermiş və ümumi ziyandan yalnız 400 manat ödənildiyini bildirmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən sonuncuya aid olan 1200 manat pul etibar edilərək müvəqqəti saxlamaq üçün verilmiş və Təqsirləndirilən şəxs da pul ona etibar edildiyi andan sonra onun həmin pulu ələ keçirmək niyyəti yaranmış və nəticədə faktiki sahibliyində olan, ona etibar edilmiş həmin pulu talayaraq mənimsəmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ilə bağlı işin faktiki hallarına uyğun olmayan əsassız qənaətə gəlinmiş, sonuncunun əməli düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməlində CM-nin 179-cu maddəsinin tərkib əlamətlərinin olub-olmaması tam, hərtərəfli, obyektiv araşdırma aparılmaqla hüquqi qiymət verilməmiş, eləcə də Təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyəti ona düzgün izah edilmədiyindən sonuncu dəlilləri təkzib etmək və öz müdafiəsini səmərəli qurmaq imkanından tam məhrum olmuşdur. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törə tməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Beləliklə, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, bundan başqa, təqsirləndirilən şəxsə verilmiş ittiham toplanmış sübutlarla uyğunluq təşkil etmir, bu da, iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs verilmiş vəsatətin təmin edilməməsini, təqsirləndirilən şəxs barəsində həbs seçilməsini xahiş etdi. Müdafiəçi vəsatətin təmin edilməsini ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs verilmiş vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, dövlət ittihamçısının vəsatətini müzakirə edərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar