Məhkəmə qərarları › İş №1(008)-474/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-474/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-474/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci il Xudat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yasamal qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə, saat 09 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, nömrəsiz ünvanda yerləşən evinin qarşısında ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qollarından tutub silkələmiş, boğazından tutub sıxaraq qəsdən sillə ilə boyun nahiyəsindən bir dəfə zərbə vurub itələyərək, ona ağrı simptomu ilə müşayiət olunan sağ qulaqarxası nahiyənin dərialtı hematoması, sağ qulaq seyvanı, boyun, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yasamal qəsəbəsi, nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl tanış olmuş, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs ona məlumat vermədən evdən çıxdığı üçün münasibətləri pozulmuş, Zərərçəkmiş şəxs ilə əlaqə saxlamamışdır. O, təxminən 6-7 ay sonra Zərərçəkmiş şəxs başqa bir şəxslə münasibətinin olduğunu öyrənərək onu qısqanmışdır. 15 may 2024-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs öz iradını bildirmək məqsədi ilə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, nömrəsiz ünvanda yerləşən yaşayış evinə getmiş, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında onunla qarşılaşmışdır. O, Zərərçəkmiş şəxs başqa şəxslə münasibət qurduğu üçün öz iradını bildirmiş, lakin, Zərərçəkmiş şəxs onunla yüksək səslə kobud şəkildə danışdığı üçün aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs sözlərindən əsəbləşərək onun qollarından tutaraq silkələmiş, daha sonra onun boğazından tutaraq boyun nahiyəsinə sillə vurmuş, onu divara tərəf itələmişdir. Aralarında baş vermiş mübahisə bir neçə dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kim olmamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, nömrəsiz fərdi yaşayış evində yaşayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə bir neçə il əvvəl tanış olmuş, Təqsirləndirilən şəxs ilə tanışlığının məqsədi onunla evlənmək olmuşdur. O, təxminən bir il sonra Təqsirləndirilən şəxs ailəli olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs onu aldatdığı üçün ondan ayrılmaq istəmişdir. Təqsirləndirilən şəxs evli olduğu üçün ondan ayrılmaq istədiyini bildirdikdə, ilk öncə Təqsirləndirilən şəxs arvadını boşayaraq onu alacağını bildirmiş, lakin, onun ayrılmaq fikrinin qəti olduğunu görərək Təqsirləndirilən şəxs şantaj yolu ilə ondan ayrılmamasını tələb etmişdir. O, məcbur qalaraq Təqsirləndirilən şəxsyla münasibətini davam etdirmiş, lakin, sonradan Təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşadığını, ailə üzvləri ilə aralarında problemlərin olduğunu öyrəndiyi üçün ona yenidən ayrılmaq istədiyini bildirmiş, bu səbəbdən Təqsirləndirilən şəxs onu döymüşdür. O, aldığı xəsarətlər nəticəsində xəsatəxanaya yerləşdirilmiş, xəstəxanada olarkən Təqsirləndirilən şəxs bir daha ona yaxınlaşmayacağını bildirərək polisə barəsində şikayət etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək yenidən onunla barışığa cəhd etmiş, onu bacısı ilə tanış etmişdir. O, münasibətləri alınmadığı üçün Təqsirləndirilən şəxs ailə üzvlərinə məlumat vermişdir. Təqsirləndirilən şəxs anası oğlu ilə bacara bilmədiyini bildirərək onun hərəkətləri ilə bağlı polisə müraciət etməsini tövsiyə etmişdir. O, məcbur qalaraq Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı polisə şikayət etmiş, Təqsirləndirilən şəxs izahatı alınaraq sərbəst buraxılmış, lakin, Təqsirləndirilən şəxs bir neçə ay ona yaxınlaşmamışdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs bacısı onu qonaq çağırmış, münasibətləri normal olduğu üçün o, etiraz etməmişdir. Təqsirləndirilən şəxs bacısıgildə olduğu zaman bacısı ondan danışmağa başlamış, o, bu mövzuda danışmaq istəmədiyini, yaşıdığı evə getmək istədiyini bildirmişdir. O, evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanışını çağırmış, Təqsirləndirilən şəxs onları təqib etdiyi üçün həmin şəxsdən Təqsirləndirilən şəxs ona yaxınlaşacağı təqdirdə nişanlısı olduğu bildirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bir neçə gün sonra avtomobilinin nömrəsindən taksi fəaliyyəti ilə məşğul olan tanışını taparaq onun evinə getmiş, ona hədə-qorxu gəlmişdir. 15 may 2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ərazisndə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qolundan tutub onunla danışmaq üçün avtomobilə əyləşməsini tələb etmiş, o, etiraz edərək avtomobilə əyləşməyəcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onun qollarından tutub silkələmiş, boğazından tutub sıxaraq qəsdən sillə ilə boyun nahiyəsindən bir dəfə zərbə vurub itələmişdir. Təqsirləndirilən şəxs yenidən onun boğazından tutaraq onu boğmağa başlamış, Təqsirləndirilən şəxs yaxınlıqda dayanan dostu onlara yaxınlaşaraq müdaxilə etmiş, Təqsirləndirilən şəxs onu buraxmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onu biabır edəcəyi ilə hədələdiyi üçün o məcbur qalaraq avtomobilə əyləşmiş, avtomobil bir qədər hərəkət etdikdən sonra onlar avtomobili həmin ərazidə yerləşən «Rahat» marketin yaxınlığında saxlamış, Təqsirləndirilən şəxs yenidən onu təhqir edərək bədən xəsarətləri yetirmişdir. O, bir neçə dəfə avtomobilin qapısını açaraq qaçmağa cəhd etməsinə baxmayaraq Təqsirləndirilən şəxs buna şərait yaratmamışdır. O, avtomobildən endikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra polis bölməsinə dəvət edilərək ərizə və izahatı alınmış, ekspert müayinəsindən keçirilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 1106 nömrəli, 18 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sağ qulaqarxası nahiyənin dərialtı hematoması, sağ qulaq seyvanı, boyun, sol bazu və sol bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin şəxsin yıxılması nəticəsində törənməsi, eləcə də, özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 51-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar