Məhkəmə qərarları › İş №1(008)-474/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-474/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-474/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X13 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X10 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 xüsusi ittiham qaydasında verdiyi şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 1959-cu il tarixdə doğulmuşdur. Sonradan əldə etdiyi məlumatlar və dostlarının verdiyi informasiyalar əsasında məlum olmuşdur ki, övladı Tural Rəhimov 2013-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostlarının əhatəsində olan X4 ilə tanış olmuşdur. 2015-ci ilin oktyabr ayından etibarən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində X6 uzaq olması səbəbindən, Tural kirayə ev tutmaq qərarına gəlmişdir. Tural əvvəllər dostu ilə birlikdə yaşadığını bildirmiş, sonradan onun X4 ilə birlikdə yaşadığı məlum olmuşdur. Bir müddət sonra Tural ona aid olan avtomobili, özünün avtomobili olmadığı üçün sürmək məqsədilə götürmüşdür. Avtomobil istifadə edilən müddət ərzində qeydiyyat nişanları naməlum şəxslər tərəfindən oğurlanmışdır. Lakin sonradan o, şübhələnmişdir ki, həmin nömrəni X4 açdırmışdır. O, polis bölməsinə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir, çünki avtomobilin dayandığı dayanacaqda yerləşən kamera işlək vəziyyətdə olmamışdır. Turalın birgə yaşadığı X4 tərəfindən avtomobil nömrəsinin açılmasından sonra, kirayə yaşadıqları Nərimanov rayonundakı “Azenko” binalarındakı mənzili dəyişdirərək, başqa bir ünvandakı mənzilə köçmək məcburiyyətində qalmışlar. Həmin dövrdə Tural öz şəxsi xərcləri üçün pul vəsaitlərini daim onlardan almışdır. Zamanla Tural gündən-günə daha çox pul tələb etməyə başlamışdır. Avtomobil nömrəsinin oğurlanmasından sonra isə onunla Tural arasındakı münasibətlər pisləşmişdir. Bir müddət sonra Turalın dostu Bəhruzla əlaqə saxlamış, Bəhruzdan oğlu Turalla Gülər arasında olan münasibətdən xəbərdar olub-olmaması soruşduqda, o, bilmədiyini bildirmişdir. Daha sonra ondan münasibət haqqında ətraflı məlumat verməsi xahiş etmiş, Bəhruz bildirmişdir ki, dəfələrlə Turala Gülərdən uzaqlaşmasını tövsiyə etmiş, lakin bu tövsiyələr nəticəsiz qalmışdır. X8 münasibətlərini tamamilə kəsmək məcburiyyətində qalmışdır. Daha sonra məlum olmuşdur ki, 2018-ci ildə X7 Tural və Gülər qeydiyyata düşmək istəmiş, lakin Gülər qeyri-qanuni yolla səhv ünvana qeydiyyata alınmışdır. 2018-ci ilin iyun ayında Gülər anidən yaşadığı evə hücum etmiş, lakin həmin vaxt o, evdə olmamışdır. Sonradan qonşuluqda yaşayan şəxslərdən və polis əməkdaşlarından hadisə barədə məlumat alınmışdır. Həmin gün Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciət edərək izahat vermişdir. Bir müddət sonra hadisə ilə bağlı material Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Həmçinin, Gülər və Tural iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və ünvan 2 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8319/2017 saylı qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Bu hadisələrdən sonra 4 il müddətində ümumiyyətlə Turalla əlaqə saxlamamışdır. Sonradan isə Turalın maddi vəziyyətinin olduqca pisləşdiyini, bunun əsas səbəbinin Gülərin səhv addımları olduğunu öyrənmişdir. Buna görə də, ara-sıra öz qardaşına müraciət edərək Turalla əlaqə saxlamasını xahiş etmişdir. 2022-ci ilin sonlarında isə məlum olmuşdur ki, Tural və Gülər ümumiyyətlə ayrılmışlar. Bundan sonra Turalı yanına çağırmış və onlar birlikdə yaşamağa başlamışlar. 2024-cü ilin aprel ayında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən ona zəng edilmiş, polis əməkdaşı tərəfindən bildirilmişdir ki, X1 Rəhimov barəsində şikayətçi olmuş, iddia etmişdir ki, Tural ona 13 000 (on üç min) manat məbləğində borcludur. Bir müddət sonra Tural Rəhimov və X4 polis bölməsinə çağırılmışdır. X2 qeyri-etik hərəkətlər etmiş, səslər şöbənin bütün hissəsini bürümüşdür. Təhqiqatçı dəfələrlə onu polis bölməsinə dəvət etmiş, lakin o buna məhəl qoymamışdır. Aparılan araşdırmalar zamanı iddia olunan pul borcu ilə bağlı hər hansı tədbir görülmədən və izahat alınmadan iş bağlanmışdır. 2024-cü ilin dekabr ayında X4 onun yeznəsinə səsli mesaj göndərərək Tural Rəhimovdan 13 000 (on üç min) manat məbləğində pulun alınmasını tələb etmiş, tələb yerinə yetirilmədikdə həm Tural Rəhimovun, həm də onun barəsində rüsvayedici məlumatların sosial şəbəkələrdə yayımlanması ilə hədələmişdir. X3 məqsədi hədələmə yolu ilə pul almaq olmuş, lakin niyyətinə nail ola bilmədikdə qeyriqanuni hərəkətlərə əl atmışdır. Belə ki, 07 dekabr 2024-cü il tarixdə Aygün Hüseynzadə adlı tanış şəxsin verdiyi məlumat əsasında “TikTok” sosial şəbəkəsində istifadəçi və ailəsinin təhqir olunduğunu müəyyən etmişdir. O, “TikTok” sosial şəbəkəsinə daxil olaraq müəyyən etmişdir ki, X4 tərəfindən “TikTok” sosial şəbəkəsində “Rahimova.official” və “fidan.rahimova” adlı saxta profil hesabları yaradılmışdır. Həmin hesablar vasitəsilə “karol_karaleva_1” adlı istifadəçi ilə canlı yayımda yarışan zaman, onun və Aygün Hüseynzadənin iştirakı ilə keçirilmiş ziyafətdə çəkilmiş fotoşəkilin üzərinə musiqi və təhqiredici, söyüşlü səs yazısı əlavə edilərək video hazırlanmışdır. Hazırlanmış video “TikTok” sosial şəbəkəsində “ailə dağındanlar” adlı saxta profil hesabında yerləşdirilməklə həmin şəxslərin şərəf və ləyaqətinə hörmətsizlik edilmişdir. X4 tərəfindən sosial şəbəkələrdə onun barəsində böhtan xarakterli məlumatlar yaymaqla, onu təhqir etmişdir. Həmin şəxs ailənin şərəf və ləyaqətini alçaldıcı hərəkətlərə yol vermişdir. Xüsusilə, X4 yeznəsinə WhatsApp vasitəsilə göndərdiyi səs yazısında ona və Turala qarşı təhqiredici və nalayiq ifadələr işlətmiş, qısa müddət ərzində ona çatacaq borcun geri qaytarılmaması halında biabır edici addımlar atacağı ilə hədələyərək əvvəlcədən xəbərdarlıq etmişdir. Bundan əlavə, X4 lazım gəldiyi təqdirdə yeznəsinə ailəsi haqqında şəkillər paylaşmaq niyyətində olduğunu bildirmiş və bu kimi hallar baş verərsə, yeznəsinin inciməməsini qeyd etmişdir. X4 göndərdiyi səs yazılarında onun və Tural Rəhimov barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul tələb etmişdir. Bundan əlavə, X4 onun bir ziyafətdə çəkilmiş iki xanımın — birinin öz doğma qızı, digəri isə ailə yaxınlarından olan Aygün xanımın — şəkillərini “TikTok” sosial şəbəkəsində yayaraq, onların üzərinə nalayiq, rüsvayedici sözlər və söyüşlər əlavə etməklə onu təhqir etmiş, ona qarşı böhtan atmışdır. Bu hərəkətlər nəticəsində onun işgüzar nüfuzuna xələl gəlmiş, ailə və nəsil arasında münasibətlərdə gərginlik yaranmışdır. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə və mülki iddianın təmin olunmasına dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X12 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun ifadə verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barəsində lazimi qaydada məlumat verilməsinə və dəfələrlə barəsində məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə başmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmiş, eləcə də məhkəmə iclasına məcburi qaydada gətirilməsi təmin edilməmişdir. Buna görə də məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. X12 şikayətdə digər şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətin verildiyi yer barədə məlumatlar əks olunmamışdır. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan xüsusi ittiham cinayətləri (böhtan və təhqir) üzrə şikayətdə bu məlumatlar aydın şəkildə göstərilməlidir. Bu məlumatlar hadisənin baş verdiyi şəraiti konkretləşdirir və həmçinin məhkəmənin ərazi yurisdiksiyasını müəyyən etməyə imkan verir. Bu məlumatlar təqdim edilmədiyi halda şikayət ümumi, konkretləşdirilməmiş xarakter daşıyır və iddia olunan cinayətin tərkib əlamətləri müəyyən edilə bilmir. Cinayət əməlinin məkan və zaman çərçivəsi qeyd olunmadıqda, şikayət subyektiv xarakter daşıyır və məhkəmə tərəfindən faktın araşdırılmasına real hüquqi əsas yaratmır. Hadisənin harada və nə vaxt baş verdiyi bilinməzsə, şahid ifadələri, video və ya digər sübutlar müvafiq olaraq qiymətləndirilə bilməz. Bu hallar cinayət əməlinin konkret hüquqi qiymətləndirilməsinə mane olur, bu isə şikayətin hüquqi baxımdan əsassız və qeyri-müəyyən hesab edilməsinə səbəb olur. X12 şikayətdə digər şəxslərin gözü qarşısında X4 tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi şəxsin şəxsiyyətini və hüquqi vəziyyətini müəyyən etməyə imkan verəcək məlumatlar, xüsusən onun məşğuliyyət növü (peşəsi, vəzifəsi və ya sosial statusu) tam şəkildə əks etdirilməmiş, iddia edilən cinayət əməlini təşkil edən hərəkətlərin harada (coğrafi və konkret məkan baxımından) törədildiyi barədə məlumatlara yer verilməmişdir. Bu da həmin sənədin prosessual qüvvəyə malik olmasını, həmçinin iddia edilən cinayət faktına münasibətdə müddətlərin müəyyən edilməsini əngəlləyir. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar