Məhkəmə qərarları › İş №1(008)-475/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-475/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-475/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 94,60 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 11 mart 2025-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Kamsomol küçəsində yerləşən «Səhram market»-in arxasında Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq üstü yoxlanılarkən əynində olan ağ-yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə xeyli miqdarda satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı təmiz çəkisi 94,60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə qurudulmuş marixuana qəbul etmək üçün tanımadığı şəxslərdən alır. Son zamanlar istifadəsi üçün narkotik vasitə əldə etmək üçün sosial şəbəkədə yazışmağa başlamışdır. Sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş «Baba» adlı şəxs onun verəcəyi 485 manat pulun müqabilində ona 100 qram narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmişdir. O, təkliflə razılaşmış ona özünü İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş tanımadığı «Baba» adlı şəxs ilə onun istifadə etdiyi telefon nömrəsi ilə özünün istifadə etdiyi nömrəsi ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb ondan qurudulmuş marixuana istəmişdir. Həmin şəxs ona göndərdiyi hesab nömrəsinə ilkin olaraq 250 manat pul köçürməyini və istədiyi narktik vasitə qurudulmuş marixuananı qoyulacaq yeri ona deyəcəyini bildirmişdir. O, həmin şəxsin ona göndərəcəyi məkandan narkotik vasitə qurudulmuş marixuana götürdükdən sonra ona yerdə qalan 235 manat pulu ödəyəcəkdir. O, 11 mart 2025-ci il tarixdə ona göndərilmiş yadında qalmayan hesab nömrəsinə marketdə ödəmə aparatı vasitə ilə 250 manat pul göndərmişdir. Həmin şəxs ona vatsapla yazaraq göndərdiyi narktik vasitə qurudulmuş marixuananı bir neçə saatdan sonra Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Komsomol küçəsi «Səhram market»-in arxa tərəfində yolun kənarında yerdən sellofan bağlamada götürə biləcəyini bildirmişdir. Həmin günü axşam saatlarında özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş «Baba» adlı şəxsin ona bildirdiyi ünvana gedib həmin yerdə qoyulmuş bir ədəd sellofan bağlamanın içərisinə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı sonradan qəbul etmək üçün əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. 11 mart 2025-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Kamsomol küçəsi «Səhram market»-in arxa tərəfində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofana qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı və şalvarının cibindən mobil telefonunu təqdim etmişdir.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu, H.Salmani küçəsi, ev 4, mənzil 8-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün RPİ-nin rəisinin adına 11 mart 2025-ci il tarixdə raport yazmışdır. RPİ-nin rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 11 mart 2025-ci il tarixdə qərar verilməklə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında o, idarənin əməkdaşları ilə birlikdə 11 mart 2025-ci il tarixdə saat 19:25 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu, Kamsamol küçəsi “Səhram market”-in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu zaman tərəflərindən saxlanılmışdır. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrcp maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan ağ-yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən isə bir ədəd “Honor” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü tərəflərindən əlavə yoxlanılmışdır. Yoxlanış zamanı Təqsirləndirilən şəxs üstündən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunub götürülməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu görünən sellofan bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin sellofan bükülüdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükülüdə olan kütləni özünün istifadəsi üçün həmin günü sosial şəbəkə vasitəsi tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Götürülmüş 01 ədəd şəffaf sellofan büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə video çəkiliş aparılaraq protokolu yerində tərtib etməyə şərait olmadığından Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında protokol tərtib olunacağı barədə izah verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilərək barəsində müvafiq araşdırma aparılması ilə bağlı raport tərtib olunmuşdur. Bütün bunlar barədə Sabunçu RPİ-nin 13-cü PŞ-də protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, digər iştirakçılar və eyni zamanda Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:25 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokolun məzmunundan görünür ki, 11 mart 2025-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Sabunçu rayonu, Kamsamol küçəsi “Səhram market”-in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üstünə videoçəkilişdən istifadə olunmaqla keçirilən yoxlanış zamanı əynində olan ağ-yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. 11 mart 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 11 mart 2025-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Sabunçu rayonu, Kamsamol küçəsi “Səhram market”-in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna saxlanılmış Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə olunmaqla keçirilən yoxlanış zamanı əynində olan ağ-yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə və təqdim olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. DVD diskində olan görüntülərə kompüterdə baxış zamanı təhqiqata təqdim olunmuş narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə qurudulmuş mariuxuana aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/442 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 94,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 11 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman qeydə alınmış görüntülərin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 11 mart 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kamsamol küçəsi, “Səhram market”-in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə olunmaqla keçirilən yoxlanış zamanı əynində olan ağ-yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə və təqdim olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. DVD diskində olan görüntülərə kompüterdə baxış zamanı təhqiqata təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Telefon ilə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş «Honor» markalı ***-***-**-** saylı abonent nömrəsi ilə istifadə olunmuş mobil telefonun yaddaşında olan məlumatlara baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən mesaj, vatsap yazışmaları və telefon zəngləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-122/2025 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 adlı iki uşağı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2025-ci il tarixli 1935 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür; əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 12 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş 94,60 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 94,55 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlama müddəti 11 iyun 2025-ci il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 26 iyun 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 94,60 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə (ev dustaqlığında) saxlanıldığı 03 ay 26 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 7 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə (ev dustaqlığında) saxlanıldığı 03 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 4 (dörd) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 94,55 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar