Məhkəmə qərarları › İş №1(008)-477/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-477/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-477/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, Zərərçəkmiş şəxs - Quliyev Təbriz Bayram oğlunun, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Talıbov Təyyar Talıb oğlunun, Təqsirləndirilən şəxs - Nuriyev Elvin Zaid oğlunun iştirakları ilə, 13 oktyabr 1988-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 30 məhəllə ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Araz küçəsi, ev 163 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Nuriyev Elvin Zaid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nuriyev Elvin Zaid oğlu verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Nuriyev Elvin Zaid oğlu özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Quliyev Təbriz Bayram oğluna qabaqcadan 3.950 (üç min doqquz yüz əlli) manat pul müqabilində Birləşmiş Ərəb Əmirliyi Krallığının Dubay şəhərindən "Sony ZV-E1" markalı fotoaparat və onun hissəsi olan "Laowa 12 mm" markalı linzasını gətirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ondan 2024-cü ilin dekabr ayının 13-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında Təbriz Quliyevə məxsus "Kia Sorento" markalı 99-W-657 dövlət qeydiyyat nişanlı avtomobildə 2.550 (iki min beş yüz əlli) manat pul vəsaitini əlbəəl alaraq, 16 dekabr 2024-cü il tarixdə isə qalıq 1.400 (min dörd yüz) manat pul vəsaitini isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbəri olmayan arvadı Nuriyeva Brilliant Elçin qızının istifadəsində olan Kapital Banka məxsus 5239 1517 4424 3265 nömrəli kart hesabına köçürtdürməklə vahid niyyətlə əhatə edilən qəsdlə Quliyev Təbriz Bayram oğlunun ümumilikdə 3.950 (üç min doqquz yüz əlli) manat pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bununla da, Nuriyev Elvin Zaid oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxs Quliyev Təbriz Bayram oğlu ilə barışdığını və ona dəymiş zərəri tam ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quliyev Təbriz Bayram oğlu təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlunun dediklərini təsdiq edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edərək bu barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Quliyev Təbriz Bayram oğlu tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmiş, onunla barışdığından təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu zərərçəkmiş Quliyev Təbriz Bayram oğlu ilə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə zərərçəkmiş şəxs Quliyev Təbriz Bayram oğlunun təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu ilə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizəsini və məhkəmə iclasında həmin ərizəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Nuriyev Elvin Zaid oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Nuriyev Elvin Zaid oğlu barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Nuriyev Elvin Zaid oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar