Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-479/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, X1, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 zəng vuraraq ondan yaxın münasibətdə olduğu sonuncunun qardaşı Əliyev Asəf intiqam oğlunun harada olması barədə məlumat verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 X5in öz ailəsinin yanında olmasını deməsini cüzi səbəb kimi bəhanə edərək, həmin tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanın qarşısına gəlmiş, orada heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarını, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozmuş, bununla kifayətlənməyib qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan, vətəndaşların normal həyat və istirahəti üçün maneə yaradan, narahatçılıq hissinə səbəb olan hərəkətləri ilə Zərərçəkmiş şəxs1 saçlarından dartaraq ona güclü fiziki ağrı yetirməklə onu yerlə sürüyəcəyi və ətini didəcəyi ilə hədələyərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt onun bu qanunsuz hərəkətlərinə irad tutaraq anası Zərərçəkmiş şəxs1 onun əlindən almağa çalışan ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərərək qəsdən sonuncunu itələməklə yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən təpik və yumruqla vuraraq sağ diz oynağı nahiyəsinin əzilmiş yaraları, sağ süd vəzisinin qançırı, büzdüm və sol ayağın iç topuğu nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci ildən Asəf Əliyevlə tanış olmuş, rəsmi olmasa da ər-arvad kimi birlikdə yaşayırlar. 2022-ci ilin iyun ayında Asəflə aralarında mübahisə olmuş, Asəf evdən çıxıb getmişdir. Onun işlətdiyi, lakin Asəfin adına olan mobil nömrəsini Asəf bağlatmış, həmin nömrənin dublikatını alaraq işlətməyə başlamışdır. Asəf onun işlətdiyi nömrəyə gələn zənglərə onun əvəzinə cavab verərək zəng vuran şəxslərlə sorğu aparmışdır. Bu barədə ona müştəriləri zəng vuraraq iradlarını bildirmişlər. O, bu barədə Asəfə desə də Asəf yaxşı etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində o, Asəfin bacısı Zərərçəkmiş şəxs2 yığaraq bildirmişdir ki, Asəf onun nömrəsindən onun dostluğunda olanları və ona zəng vuran müştərilərini narahat edir, Asəfə desin ki, bu kimi hərəkətlər etməsin. Nigarla aqressiv danışmış, Nigar da telefonda ona kobud cavab vermişdir. Həmin tarixdə saat 22 radələrində qərara gəlmişdir ki, Asəfin anasının yaşadığı ünvana gedib orada onu taparaq izah etsin ki, nömrəsindən heç kimə zəng vurmasın. Bu məqsədlə taksiyə minərək Asəfin anasının yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 63 ünvana getmişdir. O, qapını döysə də, qapını açan olmamışdır. Təxminən 5 dəqiqə sonra Asəfin anası Elmira qapını açmış, o, Elmira ilə qapıda danışarkən Nigar həyətə çıxaraq onu söymüş, daha sonra Nigar onu vurmuşdur. Aralarında sözlə mübahisə olmuş, Nigar onu vurduğundan o da Nigarı vurmuşdur. Hadisə zamanı qaynanası Elmira, baldızı Nigar və özündən başqa heç kim olmamışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı ödədiyini bildirərək əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Asəf ailəli olmuş, ailəsindən ayrılaraq Təqsirləndirilən şəxs ilə 2017-ci ildən qeyri rəsmi yaşamağa başlamışdır. Rumiyəni gəlini kimi qəbul etmişdir. Rumiyə əvvəllər dəfələrlə onun yaşadığı evdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Rumiyə qızı Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng vuraraq Asəfi soruşmuşdur. Asəf onun evində olmadığından Nigar Rumiyəyə bildirmişdir ki, Asəfi görməmiş, Asəf onun evində deyil, Rumiyə əsəbi formada Nigarla danışaraq ora gələcəyini demişdir. Nigar da onun danışığından əsəbləşmiş, DİN-in 102 xidmətini yığaraq bu barədə məlumat vermiş, fikirləşmişdir ki, şikayətlərindən sonra Rumiyə onlardan əl çəkər. Lakin həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində görmüşdür ki, Rumiyə evin qapısını döyərək uca səslə qışqırır ki, “Asəf evdə olduğunu bilirəm çıx çölə”. Nigarla qərara gəlmişlər ki, qapını açmasınlar, Rumiyə çıxıb getsin. Rumiyə qapını açmadıqlarını görüb dayanmadan qapını döyərək qapını açmaqlarını bildirmişdir. Bundan əsəbləşərək DİN-in “102” xidmətini yığaraq Rumiyənin onları narahat etdiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra qapını açmışdır ki, Rumiyəni sakitləşdirsin. Nigara demişdir ki, evdən çıxmasın, Rumiyəyə deyəcək ki, guya Nigar evdə yoxdur. Qapını açdıqda Rumiyə demişdir ki, “Asəfi məndən gizlədə bilməzsiz”. O, bildirmişdir ki, “Asəf burda yoxdur, onu burda axtarma”. Rumiyə ona inanmamış, həmin anda Nigar qapıya çıxmış, Rumiyə ilə bir birlərini təhqir edərək əl qol atmışlar, Rumiyə Nigarın saçından tutaraq Nigarı yerə yıxmışdır, həmin vaxt qızı xəsarət almışdır. O qızı və Rumiyəni aralamış, özü hər hansı xəsarət almamışdır. Hadisə vaxtı gəlini Rumiyə, qızı Nigar və ondan başqa heç kim olmamışdır. Hazırda gəlini Rumiyə ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda anası Zərərçəkmiş şəxs1, həyat yoldaşı Seymur Əliyev və iki övladları ilə birgə yaşayır. X5 ailəli olmuş, təxminən 2017-ci ildən Rumiyə adlı qadınla qeyri rəsmi yaşamağa başlamış, Rumiyəni gəlin kimi qəbul etmişlər. Rumiyə dəfələrlə onların evində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Rumiyə ona zəng edərək qardaşı Asəfin harada olmasını soruşmuşdur. Asəf onunla yaşamadığından, Rumiyəyə demişdir ki, Asəfi görməmiş, Asəf onun evində yoxdur. Rumiyə ondan Asəfin yerini tələb edərək onunla kobud danışdığından bildirmişdir ki, Asəfə görə onu deyil, Asəfin özünü yığsın. Rumiyə də onunla aqressiv danışmış, kobud formada onlara gəlib Asəfi tapacağını bildirmişdir. O da Rumiyənin danışığından əsəbləşərək DİNin 102 xidmətini yığaraq bu barədə məlumat vermişdir. Düşünmüşdür ki, Rumiyə bundan sonra gəlib onu narahat etməz. Lakin Rumiyə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə gecə saatlarında, yəni saat 22 radələrində evlərinin qapısını bərk döymüş, uca səslə qışqıraraq bildirmişdir ki, “Asəf sənin evdə olduğunu bilirəm çıx çölə, Nigar sənə Asəfin harada olmasını göstərəcəm”. Rumiyənin əsəbi olduğunu görüb anası ilə qərara gəlmişlər ki, qapını açmasınlar. Rumiyənin getmədiyini görüb anası Zərərçəkmiş şəxs1 saat 22:20 radələrində DİN-in “102” xidmətini yığaraq Rumiyə barədə şikayət etmişdir. Lakin təxminən 10 dəqiqə sonra anası Elmira qapını açmışdır ki, Rumiyəni sakitləşdirsin və ona demişdir ki, o, evdən çıxmasın, Rumiyəyə deyəcək ki, guya Nigar evdə yoxdur. Anası Elmira həyətə olan giriş-çıxış qapısını açmış, Rumiyə ilə anası mübahisə etməyə başlamış, o da özünü saxlaya bilməmiş, çölə çıxaraq mübahisəyə qoşulmuş, bir birlərini təhqir edərək əl qol atmışlar, Rumiyə həmin vaxt onun saçından tutub dartdığı üçün yıxılaraq xəsarət almış, sonradan Rumiyə oradan çıxıb getmişdir. Hadisə vaxtı anası, o və Rumiyədən başqa heç kim olmamış, qızları həmin vaxt evdə olmamış, digər qardaşı olan Azərgildə qalmışlar. Hazırda gəlinləri Rumiyə ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun nənəsi, Zərərçəkmiş şəxs2 isə anasıdır. Rumiyə onun dayısı Asəfin yoldaşıdır. xx.xx.2022-ci il tarixdə, yəni hadisə baş verdiyi gün, o və bacısı evdə olmamış, Azər dayısıgildə qalmışlar. Ümumiyyətlə hadisəni görməmiş, istintaqda ifadə verməmiş, müstəntiq onların evinə gələrək barış ərizəsini imzalamaq adı ilə nəyə isə qol çəkdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov 63 ünvanına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.09- 11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2022-ci il tarixli 2072 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 ağrı simptomu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilmiş yaraları; sağ süd vəzisinin qançırı; büzdüm və sol ayağının iç topuğu nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.13-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 41); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 50); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir(i.v.64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 65-66); qətimkan tədbirinin seçilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 91); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs2 ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində CM-nin 128-ci maddəsi tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində CM-nin 128-ci maddəsi tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 01 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında baş vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə Təqsirləndirilən şəxs ilə onun qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Asəf Əliyevin anası və bacısı arasında baş vermiş, 2017-ci ildən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs münasibətdə qaynana və baldız münasibətlərində olmuşlar. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 01 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə şəxsi münasibətlər zəminində baş vermiş, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs2 istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin 01 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən evin qarşısında baş verməsi, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, ittiham tərəfinin sübut kimi istinad etdiyi şahid ifadəsi ilə bağlı qeyd edir ki, Şahid məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməyərək ümumiyyətlə hadisə günü evdə olmadığını, hadisəni görmədiyini, ibtidai istintaq zamanı ifadə vermədiyini bildirmişdir. Bundan başqa, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs2 istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “ətrafdakı şəxslərin gözü qarşısında” Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxslərin özü və Zərərçəkmiş şəxs2 qızı Şahid ilə məhdudlaşdırmış, həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Şahid qismində tanınsa da məhkəmədə verdiyi ifadəsində o hadisə günü evdə olmadığını, hadisənin şahidi olmadığını qeyd etmiş, ümumiyyətlə ibtidai istintaq zamanı ifadə vermədiyini bildirmişdir. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.2.2-ci maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-479/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-479/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver