Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-480/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 182-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 182-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, X6 ona qarşı qanunsuz olaraq hədə-qorxu tətbiq etməklə, məni qorxudaraq, "Azərhalal" zavodunun atamın ölümündən sonra satılması ilə bağlı əldə olunacaq vəsaitdən ona pul ödənilməsi barədə əlimlə yazılmış “birc” adlı borc aktı tərtib etdirmişdir. Həmin akt təhdid altında yazıldığı üçün onu könüllü və iradəsinə uyğun imzalamamışdır. xx.xx.2025-ci il tarixində, saat 11 radələrində telefon danışığı zamanı Biləndər özü etiraf etmişdir ki, həmin sənədi yandırmışdır. Bu fakt bir daha göstərir ki, sözügedən sənəd hüquqi qüvvəyə malik deyildir və sadəcə ona qarşı psixoloji təzyiq vasitəsi olmuşdur. Bütün bunlara baxmayaraq, Biləndər həmin sənədi Sabunçu Rayon Məhkəməsinə təqdim edərək ona qarşı mülki iddia qaldırmış və xx.xx.2025-ci il tarixli, c-2(008)-945/2025 saylı qətnamə əsasında 87,000 manatın onun üzərindən tutulmasına nail olmuşdur. Halbuki, məhkəmə işin hallarını tam araşdırmadan, yalnız bir tərəfin təqdim etdiyi bu saxta və təhdidlə alınmış sənədə əsaslanaraq mənfi nəticəyə gəlib.Biləndər Hüseyn oğlu bu əməlləri ilə ona qarşı böhtan atmaqla (CM-nin 147-ci maddəsi), təhqir etmək və şərəf və ləyaqətini alçaltmaqla (CM-nin 148-ci maddəsi), həmçinin təhdid və hədə-qorxu ilə pul tələb etməklə (CM-nin 182-ci maddəsinin əlamətləri) cinayət məsuliyyətinə səbəb olacaq hərəkətlər etmişdir. Bu sənəd Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, c-2(008)- 945/2025 saylı qətnaməsinin məzmununa və sonrakı nəticəyə dair verilmiş qərarın izahını ehtiva edir. Qısaca əsas məqamlar. Digər məlumat: Maddi və prosessual hüquq normalarının pozulması əsas gətirilərək: İddianın 50,000 manat hissəsinə görə X4 qarşı yeni qətnamə verilməsi təklif olunub. X8 87,000 manat borcu saxta etiraf edib, akt təqdim olunub. Bu səbəbdən iddia bu hissədə əsaslı hesab olunub. X7 barəsində isə işin hallarından onun hər hansı bir borcu olub-olmaması müəyyən edilməyib, buna görə də ona qarşı iddia təmin edilməyib. Tənqid və nəticə: Məhkəmə yalnız bir tərəfin təqdim etdiyi qəbzi əsas götürərək qərar çıxarıb. Halbuki qəbzin yazılma səbəbləri, şərait, şahid ifadələri və işin ümumi konteksti nəzərə alınmayıb. X3 cavabdeh kimi məsuliyyəti araşdırılmayıb. Əsaslar: AR Cinayət Məcəlləsinin 147,148 və ehtimal ki 182-ci maddələri; AR Mülki Prosessual Məcəlləsinin 44 və 45-ci maddələri (xüsusi ittiham işləri üzrə) xahiş edir: Biləndər Hüseyn oğlu barəsində Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələri üzrə cinayət təqibi başlanılsın;Həmin şəxsin mənə qarşı törətdiyi təhqir, böhtan və təhdid xarakterli hərəkətlər hüquqi qiymətini alsın;Sənədin əldə edilmə şəraiti və istifadə forması üzrə istintaq aparılsın;Məhkəmənin qətnaməsinə dair lazımi sübutlar, şahid ifadələri və telefon danışıq qeydləri sübut kimi qəbul edilsin;Ehtiyac olduğu halda mənə hüquqi yardım üçün dövlət hesabına vəkil təyin edilsin. Xüsusi ittiham qaydasında şikayət vermiş X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini, kimə qarşı şikayət verildiyinin məlum olmadığını göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini, kimə qarşı şikayət verildiyinin məlum olmadığını göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Lakin, X8 şikayət ərizəsində törədilmiş cinayətin nə vaxt, harada, necə törədilməsini göstərməmişdir. Bundan başqa, CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Lakin, X8 şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsini, yəni şəxsin soyadı, adı, atasının adını göstərsə də, yaşayış yerini göstərməmiş, bu səbəbdən həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri, tarixi göstərməmiş, şikayəti vermiş şəxs tərəfindən imzlanmamışdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 182-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-480/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-480/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver