Məhkəmə qərarları › İş №1(008)-481/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-481/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-481/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Yardımlı rayonu, Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə dostu Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək qohumunun dövlət orqanlarında yüksək vəzifədə işlədiyini və onun vasitəsi ilə 2.500 manat əmək haqqı olan Fövqaladə Hallar Nazirliyinin X14-xilasetmə Xidmətinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalan vədlər verib inandıraraq xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “X15” yaşayış kompleksinin yaxınlığında nömrəsiz ünvanda yerləşən “Landmark” şirkətinə aid evin qarşısında 7.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2015-ci ildən tanıyır, həmin ildən Rəfaellə birgə “Landmark” şirkətində fəhlə işləmişlər, çox yaxın münasibətləri olmuşdur. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamışdır.Belə ki, Rəfaeldən aldığı 7000 manat məbləğində pulu verdiyi Elxan adlı şəxs onu da aldatmışdır. Elxan nəinki Rəfaelin 7000 manat pulunu, hətta onun özünün işə düzəlməsi üçün Elxana verdiyi 10000 manat pulunu ələ keçirib yoxa çıxmışdır. Belə ki, o, Eıxanı 2-3 il olar ki, tanıyırdı. Elxan özünü ona Azərbaycan Respublikası Prezident Adminstrasiyasında işləyən şəxs kimi təklif etmiş və ona vəsiqə göstərmişdir. Bu səbəbdən o, Elxana inanmışdır. İlkin olaraq Elxan ona işə düzəlməkdə kömək edə biləcəyini, əlaqələrinin geniş olduğunu bildirmişdir. Bu səbəbdən o, Elxana özünün işə düzəlməsi üçün 10000 manat məbləğində pul vermişdir. Sonradan Elxan ona istədiyi digər şəxslər varsa onları da işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Rəfaelə bir imkan olduğunu, əgər istəyirsə Elxanın onu da işə düzəldə biləcəyini bildirmişdir. Rəfael razılaşmışdır. X7 Hallar Nazirliyinin Xəzər- Hövzə Qəza-xilasetmə Xidmətinə mühafizəçi işinə 7000 manata düzəldə biləcəyini demiş, o, Rəfaeldən həmin pulu alaraq Elxana vermişdir. Bir müddətdən sonra Elxan vədinə əməl etməmiş və o, Elxanın onu aldadığını anlayaraq bununla bağlı şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. Şikayəti ilə bağlı onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə dəvət etmişlər və araşdırma nəticəsində X8 adlı və soyadlı şəxs olmadığını bildirmişlər. Əslində hazırki iş üzrə onun heç bir təqsiri yoxdur. O, özü də Elxan adlı şəxsin yalanlarının qurbanı olmuş və ona 10000 manat ziyan dəymişdir. Onun Elxanla yazışmaları onun telefonunda qalır və ailə üzvləri gələn məhkəmə iclasında həmin yazışmaları məhkəməyə təqdim edə bilərlər. Hesab edir ki, onun hazırki cinayətdə təqsiri yoxdur. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs Elxanı zərərçəkmiş şəxsə qayınatası kimi təqdim etdiyini, bunun səbəbinin isə Elxanın ona “əgər sən məni yaxın adamın kimi təqdim etməsən heç kim inanıb sənə pul verməyəcək” deməsi olmuşdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır, belə ki, həmin ildə o, “Landmark” biznes mərkəzində fəhlə işləyərkən Kənan da, həmin mərkəzdə fəhlə kimi fəaliyyətə başlamışdır. Qısa müddətdə Kənanla mehriban münasibətləri yaranmış və dostluq etmiş, ailəlikcə gediş-gəliş etməyə başlamışlar. Hətta Kənanın atası Kamil, qardaşı Amaldan başqa Kənanın bibisi və dayısı uşaqları, həmçinin digər qohumlarıda onu tanıyırlar, dəfələrlə Kənanın doğulub boya-başa çatdığı Yardımlı rayonunda qonaq olmuş, qohumlarının toylarında iştirak etmişdir. Bir sözlə Kənanla çox etibarlı və möhkəm dost olmuşlar. 2021-ci ilin yanvar ayında Kənanın evlənmək istədiyi qadını, yəni Əzizəni Kənana vermədiklərinə görə Əzizənin valideyinlərinin razılığı olmadan evlənmişlər, o, Əzizəni tanısa da, Əzizənin valideyinlərini və ya digər qohumlarını tanımamışdır. 2021-ci ilin may ayında o, Kənan və “Landmark”ın digər fəhlələri ilə birgə Sabunçu rayonu, Nardaran qəsəbəsində, “X12” yaşayış kompleksinə bitişik, nömrəsiz ünvanda yerləşən “Landmark”a aid evin təmiri ilə məşğul olarkən Kənan ona bildirmişdir ki, qayınatası X4 çox hörmətli və zəngin şəxsdir, Azərbaycan Respublikası Prezidentinin administrasiyasında işləyir. Kənan demişdir ki, qayınatası Elxan Həsənbəylinin vasitəsi ilə onu yaxşı işə düzəldə bilər. O, etiraz etməmiş, bildirmişdir ki, dövlət işini istəyir. O, Kənandan soruşmuşdur ki, əgər qayınatası kiməsə iş düzəldə bilirsə, nə səbəbdən Kənanın özünü işə düzəltmir. Kənan bildirmişdir ki, qayınatası Kənanı DİN-ə polis əməkdaşı kimi işə düzəldəcək. O, Kənandan ali təhsilinin olmadığı halda polisə necə işə düzələ biləcəyini soruşmuş, Kənan demişdir ki, DİN-ə zabit kimi deyil, polis nəfəri kimi düzələcək. O, bildirmişdir ki, polis nəfəri düzəlməsi üçün 1.85 metr boy lazımdır, lakin Kənanın boyu 1.65 metrdir. Kənan pərt vəziyyətə düşərək demişdir ki, hələ polisə düzəlməsi barədə qayınatası ilə konkretləşdirməmişdir. Onun ağlına belə gəlməmişdir ki, Kənan onu aldada bilər. Sonrdan düşünmüşdür ki, Kənan onu aldatmaqda qayınata adından ona görə istifadə etmişdir ki, Kənanın qohum və tanışlarından yeganə üz üzə tanımadığı şəxs Kənanın qayınatası olmuşdur. Lakin ağlına gəlməmişdir ki, Kənan arvadı Əzizə ilə evlənərkən Əzizənin valideyinlərinin razılığı olmadığı halda evləndiklərinə görə qayınatası ilə danışmırİar, düşmən münasibətindədirlər. Həmin ərəfədə Kənan ona Fövqaladə Hallar Nazirliyində, Neft Şirkətində və digər yerlərdə iş təklif etmiş və bildirmişdir ki, istənilər işə onu düzəldə bilər. O, Fövqaladə Hallar Nazirliyinin Xəzər-Hövzə Qəza-xilasetmə Xidmətinə mühafizəçi işini bəyəndiyini demiş, Kənan bildirmişdir ki, düzəldə bilər. 2021-ci ilin iyun ayının sonlarında Kənan ona demişdir ki, onu 7.000 manata Fövqaladə Hallar Nazirliyinin Xəzər-Hövzə Qəza-xilasetmə Xidmətinə mühafizəçi işinə danışıb, aylıq əmək haqqı 2.500 manat olacaq. Kənan bildirmişdir ki, həmin işi başqa şəxslərdə istəyirlər, ləngiyərsə iş əldən çıxa bilər. Kənan izah etmişdir ki, 7.000 manatı ödədikdən sonra 3 ay müddətində kurs oxuyacaq, kursu bitirdikdən sonra dənizdə FHN-nin mühafizəçisi kimi xidmətə başlayacaq, 15 gün dənizdə xidmət aparacaq, 15 gün isə evində istirahət edəcək. Kənan bildirmişdir ki, 7.000 manatla bərabər iş üçün Kənana şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışını və 4 ədəd 3X4 ölçüdə şəkilini verməlidir. Onun arzularına uyğun iş olduğundan Kənanla razılaşmış, 1 həftə ərzində qohum və tanışlarından 7.000 manat pul toplamışdır. Həmin vaxt Kənanla artıq 6 il idi ki, dostluq edirdilər, etibarlı və möhkəm dost olduqlarından ağlına gəlməzdir ki, Kənan onu aldada bilər. Odur ki, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində, “X12” yaşayış kompleksinin yaxınlığında, “Landmark” şirkətinə aid nömrəsiz bağ evinə işə gələrkən, evin qarşısında fəhlə yoldaşları Maksimin “VAZ 2107” markalı avtomobilində Kənanla təklikdə, Kənana 7.000 manat nağd pul, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışını və 4 ədəd 3X4 ölçüdə şəkilini vermişdir. Kənan bildirmişdir ki, narahat olmasın, qayınatası ilə birgə özüdə onun işi ilə bağlı rəhbər işçilərlə görüşəcək. Həmin ərəfədə, yəni 2021-ci ilin avqust ayından Kənan işə gəlməmiş, o, Kənandan işə gəlməməsinin səbəbini soruşarkən bildirmişdir ki, qayınatasının sayəsində maddi vəziyyəti yaxşıdır, fəhləlik etməyə ehtiyacı yoxdur. Həmin ərəfədə Kənandan kursların başlamamasının səbəbini soruşduqda Kənan bildirmişdir ki, kurs məsələsini qayınatası həll edib, o, getmədiyi halda adı kursda gedir, kurs bitdikdən sonra guya kursda oxumağı barədə sənədləri hazırlayacaqlar. O, Kənana inanaraq əhəmiyyət verməmiş, lakin mütəmadi olaraq Kənandan işi barədə soruşmuş, heç bir irəliləyiş olmamasından narazılığını bildirmişdir. 2021-ci ilin oktyabr ayında Kənan ona xüsusu geyim (uniforma) verərək həmin formada xidmət aparacağını bildirmişdir. O, görmüşdür ki, xüsusi forma Fövqaladə Hallar Nazirliyinə aid deyil, hətta üzərində “made in cina” sözləri yazılıb. Hiss etmişdir ki, Kənan onu aldadır, lakin yenədə inanmamış, düşünmüşdür ki, yəqin FHN-nin yeni formasıdır. Həmin ərəfədə Kənandan iş barəsində soruşduqda Kənan demişdir ki, arvadı ağır xəstədir, qayınatasının başı qızına qarışıb, İsraildən həkim gətizdirib, odur ki, onun işi ilə məşğul ola bilmir. Növbəti dəfələrdə Kənan demişdir ki, arvadı hamilə olmuş və hamiləliyi pozulmuşdur, odur ki, qayınatası və ya özü onun işi ilə məşğul ola bilməyiblər. Kənan təklif etmişdir ki, işləmək istəmirsə pulunu qaytarsın, o, düşünmüşdür ki, əgər Kənan pulunu qaytarmağa hazırdırsa deməli Kənan onu aldatmır, odur ki, pulunu geri istəməmiş, Kənana bildirmişdir ki, gözləyər, təki işini başa çatdırsın. Sonrakı günlərdə Kənanın müxtəlif bəhanələrlə onu aldatmasına tam əmin olduqda Kənana demişdir ki, onu qayınatası X4 ilə görüşdürsün. Kənan etiraf etmişdir ki, onu aldadırmış, qayınatası ilə heç bir münasibəti yoxdur, ünsiyyət etmirlər, düşmən münasibətindədirlər, evlənərkən maddi sıxıntıları olduğundan 7.000 manatını şəxsi işlərinə xərcləyib. Kənana bildirmişdir ki, Kənanın dələduzluq hərəkətləri barədə şikayət edəcək. Kənan demişdir ki, şikayət etməsin, pulunu qaytaracaq, lakin qaytarmamışdır. 2022-ci ilin mart ayında Kənanın qardaşı Amal Baloğlanovla görüşmüş, Amala Kənanın onu aldatması barədə danışmış, həmin vaxt ona məlum olmuşdur ki, Kənanın qayınatası “X4” deyil, X1r. Amal ondan 1 ay möhlət istəmiş, bildirmişdir ki, 7.000 manatını qaytaracaq. 1 ay ərzində qaytarmadıqlarını görüb 2022-ci ilin may ayının əvvəllərində Kənanın atası Kamil Baloğlanovla metronun “28 may” stansiyasının yaxınlığında görüşmüş, Kamil bildirmişdir ki, 3 həftə ərzində qaytaracaq. Lakin pulunu qaytarmadıqlarını görüb 2022-ci ilin may ayında DİN-in 102 xidmətinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7000 manat məbləğində pulu verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən küçədir (i.v.3-5). “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır (i.v.101-107). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxsi aldatmadığını, əksinə özünün də Elxan adlı şəxs tərəfindən aldadıldığını, bununla bağlı telefonunda çoxsaylı yazışmaların olduğunu, hətta polis orqanlarına şikayət ərizəsi ilə müraciət etdiyini və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində onun izahatının alındığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması məqsədi ilə onun arvadı X2 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs teıefonunda olan yazışmalara baxış keçirilməsi üçün onun istifadəsində olmuş mobil telefonun məhkəməyə təqdim edilməli olmasını bildirsə də, təqsirləndirilən şəxsin arvadı Təqsirləndirilən şəxs telefonunda olan bütün yazışmaların silindiyini və hər hansı SMS və ya “Whatsapp” yazışmalarının qalmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs X3 qarşı şikayət ərizəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə və ya Bakı şəhəri Xətai rayon prokurorluğuna daxil olub-olmaması, daxil olmuşdursa, şikayətin məzmunu və həmin şikayət üzrə görülmüş tədbirlər barəsində məhkəməyə məlumat verilməsinə dair sorğu ilə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli, ********* saylı məktubla Təqsirləndirilən şəxs ifadəsində “Səccəd”, “Baba” və “Elxan” kimi qeyd etdiyi şəxs barəsində göstərdiyi xüsusatla bağlı ərizə ilə müraciət etməsi, lakin həmin ərizədə belə həmin şəxsin soyadını və digər anket məlumatlarını göstərməməsi və həmin xüsusatın iş materialları ilə təsdiq edilməməsi səbəbindən Təqsirləndirilən şəxs özünü müdafiə etmək xarakteri daşıması kimi qiymətləndirildiyi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında onun təqsirliliyinin təkzib edilməsi istiqamətində irəli sürdüyü dəlillər araşdırılmış və təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar sadəcə öz əməlinə haqq qazandırmaq üçün irəli sürülmüş və məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirilmişdir. Belə ki, təqsirləndirilən şəxs Elxan adlı şəxsi artıq 2-3 ildir ki, tanıdığını bildirsə də, 2- 3 il tanıdığı və kifayət qədər yaxın münasibətlərdə (nəzərə alınsa ki, ona etibar edərək həm özünə, həm də zərərçəkmiş şəxsə məxsus olan pulları həmin şəxsə verdiyini bildirmişdir) olduğu şəxsin adını belə dəqiq bilməməsi, polis orqanına ünvanladığı şikayət ərizəsində həmin şəxsin adını “Səccəd”, “Baba” və “Elxan” kimi üç müxttəlif adda göstərməsi (məhkəmə iclasında bunun səbəbi olaraq həmin şəxsin özünü Elxan kimi təqdim etməsinə baxmayaraq işçilərinin onu ”Baba” deyə çağırdıqlarını bildirmişdir), həmin şəxsi zərərçəkmiş şəxsləri aldadaraq öz qayınatası kimi təqdim etməsi Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrində səmimi olmamasına və məsuliyyətdən yaxa qurtarmaq üçün bu məzmunda ifadə verməsinə dəlalət edir.. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs Elxan adlı şəxsin onu zərərçəkmiş şəxslərə qayınatası kimi təqdim etməsini, əks təqdirdə zərərçəkmiş şəxslərin ona inanmayaraq pul verməyəcəklərini bildirməsi onun zərərçəkmiş şəxsləri aldatması qənaətinə gəlməyə imkan verən hallardan biridir. Belə ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirmək niyyəti olmasa idi o, Elxan adlı şəxsi qayınatası kimi təqdim etməz və doğrudan da Elxan adlı şəxs olmuş və ona “əgər sən məni yaxın adamın kimi təqdim etməsən heç kim inanıb sənə pul verməyəcək” demişdirsə, bu hal özü artıq Elxan adlı şəxsin zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirmək məqsədinin Təqsirləndirilən şəxs məlum olmasının və həmin pulların ələ keçirilməsinin onun niyyəti ilə əhatə olunmasının göstəricisidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs polis orqanlarına müxtəlif adlar göstərməklə aldadıldığına dair ərizə verməsini onun tərəfindən gələcəkdə zərərçəkmiş şəxslər ondan şikayət edəcəyi təqdirdə özünün müdafiəsi üçün öncədən düşünülmüş addım kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxsin ifadəsi, işin faktiki halları və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə AR CM-nin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 09 noyabr 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, o, 06 oktyabr 2022-ci il tarixdə AR CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir (i.v.65-66). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 178.1-ci maddəsi il 06 ay müddətə, həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v.67-72). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırda təyin edilmiş cəza Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar