Məhkəmə qərarları › İş №1(008)-482/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-482/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-482/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə, saat 08:40 radələrində X2 məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan Opel Astra markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanında avtobus dayanacağının qarşısındakı yolda Yavər Əliyev küçəsi tərəfdən üzü Sülh küçəsi istiqamətində saatda 50 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, bu kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaları pozub mövcud şəraitdə yolun hərəkət istiqamətinin sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi, alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ gözyuvasıətrafı və sağ dirsək oynağı nahiyələrinin qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə, saat 08:40 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomobil ilə Nazim İsmayılov küçəsi ilə üzü Sülh küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkət edirmiş. Bu zaman yolun sol hissəsindən sağ hissəsinə doğru iti yerişlərlə bir qadının yolu keçdiyini görmüşdür. Həmin qadın qəflətən qarşısına çıxdığı üçün avtomobili sağa doğru qaçırtmış, lakin buna baxmayaraq avtomobilin qabaq sol hissəsi ilə həmin qadını vurmuş və qadının başı ön şüşənin aşağı sol hissəsinə dəyərək yerə yıxılmışdır. Bundan sonra o, avtomobildən çıxaraq kömək məqsədi ilə həmin qadına yaxınlaşmış, həmçinin 103 xidmətinə zəng edərək hadisə yerinə X7 ekipajı dəvət etmişdir. X7 avtomobili gələrək sonradan adını Mehriban kimi bildiyi qadını X3 aparmışlar. Mehriban adlı qadın bir müddət həmin xəsətəxanada stasionar müalicə almış, özü də imkanı daxilində Mehribanın müalicəsinə maddi cəhətdən dəstək olmuşdur. Yol nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.tsmayılov küçəsində piyada keçidinin yanında baş vermiş, o, həmin piyadanın sol tərəfdən yola çıxdığı andan ona az məsafə qaldıqda görmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam və onunla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə saat 08:40 radələrində yaşadığı evdən çıxıb Nazim İsmayılov küçəsində olan avtobus dayanacağına getmişdir. Həmin küçəyə yaxınlaşdıqda istiqaməti üzü Sülh küçəsinə doğru olduğu üçün adi addımlarla piyada keçidindən yolu keçirmiş, yol ayrıcısı olan tək xətdən də 1 metr yolun əks tərəfinə keçdiyi zaman Opel markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyada keçidin üstündə onu vurmuş, nəticədə o, yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almış və hadisə yerində huşunu itirmişdir. Bundan sonra oradan təsadüfən keçən X7 ekipajı yaxınlaşaraq onu X3 aparmışlar. Hadisə zamanı başı avtomobilin alın şüşəsinə dəydiyinə görə alm nahiyəsindən ciddi xəsarətlər almış, piyada keçidindən yolu keçərkən təxminən 7-8 metr məsafə qət etmişdir ki, həmin vaxt sürücü avtomobil ilə onu vurmuşdur. Hazırda cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 2775 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi, alın-təpə nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıətrafı və sağ dirsək oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraidə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.17-19). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir (i.v.42). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 mart 2023-cü il tarixli, 8/561 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Opel Astra markalı, **- FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.62-65). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.91-92). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarında olan digər iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs iş materiallarında olan AD 136560 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs iş materiallarında olan AD 136560 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, məhkəmə istintaqı zamanı sərf etdiyi 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar