Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-482/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X5, Müdafiəçilər – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X6 və X7 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, müraciətin məqsədi ona qarşı törədilmiş və ya törədilə biləcək cinayət xarakterli hərəkətlərin araşdırılması, həmin şəxslərə qarşı qanuni tədbirlərin görülməsi, həmçinin şikayətçinin həyat və sağlamlığının qorunmasının təmin edilməsidir. Eyni zamanda, şikayətçinin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun ləkələnməsinə yol verən şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunması tələb olunur. 2019-cu ildən etibarən Asif Məhərrəmov küçəsi 27 ünvanında (poçtun üstündə yerləşən ofisində) qanunvericiliyə uyğun olaraq hüquqi xidmət göstərməkdədir. 2024-cü ilin oktyabr ayında müştərisi olan Dadaşov Mübariz (tel: ***-***-**-**) onunla mübahisə edərək, ona kiminsə dediyi fikirləri çatdırmışdır. Dadaşov Mübariz bildirmişdir ki, guya o, hansısa qadını "şantaj edib" və ondan 2500 manat pul almışdır. Bundan əlavə, iş otağının pis vəziyyətdə olması barədə də qeyd etmiş, məqsədi isə qərəzli şəkildə onun işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. O, dəfələrlə həmin şər və böhtan xarakterli ifadəni ona kimin söylədiyini soruşsa da, Dadaşov Mübariz heç bir məlumat verməmişdir. Lakin, bu cür şər və böhtan xarakterli ifadəni kimin söylədiyini ehtimal etmiş və Mübarizə demişdir ki, bu sözləri ona deyən şəxs kişilik və qeyrət sahibidirsə, üzünü açıb onunla birbaşa üzləşsin. Məhkəmənin nəzərinə çatdırır ki, adıçəkilən şəxsin bu hadisədən xəbəri ola bilməzdi. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əvvəllər onun barəsində şər və böhtan xarakterli ərizə ilə Abşeron RPİ-nə müraciət etmiş Zamirə Rəsulovanın yanında çalışan bərbər Famil Quliyev tərəfindən, heç bir fakt və əsas olmadan, qərəzlə onun şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna xələl gətirmək məqsədilə şər və böhtan xarakterli əməllər törədilmişdir. O, ünvan 1 ünvanında yerləşən Balakən kafesində təsadüfən Famil adlı bərbəri görərək, onu oturduğu stola dəvət etmiş və ona qarşı ağır cinayət törətməkdə böhtan atması, işgüzar nüfuzunu ləkələməsi ilə bağlı əsaslarını soruşmuşdur. Famil etiraf etmişdir ki, guya bu söhbət dərzi Zamirənin ərinə danışmış və o, qapının arxasında qulaq asaraq bunu eşitmişdir. Lakin bu iddia yalan və absurddur, çünki belə bir söhbət mövcud olsa belə, onun iş otağının vəziyyəti barədə müzakirə aparılması mümkün deyil; qeyd etmək lazımdır ki, bərbər Famil bir dəfə belə onun iş otağında olmamışdır. Eyni zamanda, 2019-2020-ci illərdə onun yanında dərzi Zamirə Rəsulova işləyib. Bu faktlar göstərir ki, ona qarşı törədilən cinayət xarakterli əməllər əvvəlcədən əlbir olmuş cinayətkar dəstə tərəfindən planlaşdırılmışdır. Zamirə Rəsulova və onunla əlbir olan şəxslər, əvvəllər 19-cu polis bölməsində çalışan əməliyyatçı Kamal və dəstənin digər üzvü olan bərbər Famil təxminən bir il əvvəl ona qarşı eyni xarakterli əməllər törətmişlər. Zamirə Rəsulova tərəfindən Abşeron RPİ-yə verilmiş böhtan xarakterli ərizə əsasında cinayət işi başlanmış, lakin şikayətdə göstərilən heç bir sübutun olmaması səbəbindən işə xitam verilmişdir. Digər tərəfdən, əməliyyatçı Kamalın sifarişi ilə Zamirə Rəsulova tərəfindən 102 xidmətinə yalan məlumat verilmiş, bu barədə 19-cu polis bölməsində araşdırma aparılmış, lakin qanunsuz və əsassız olan şikayət yenə təmin edilməmişdir. Qabaqcadan əlbir olan şəxslər ona qarşı cinayətkar dəstə kimi fəaliyyət göstərmişlər: Zamirə Rəsulova — cinayətkar dəstənin təşkilatçısı (Cinayət Məcəlləsinin 218, 147.2 və 297.2-ci maddələri ilə məsuliyyət daşıyır); Famil Quliyev cinayətkar dəstənin icraçısı (Cinayət Məcəlləsinin 218 və 147.2-ci maddələri ilə məsuliyyət daşıyır); Polis mayoru Kamal Cavadov həmin dövrdə 19-cu polis bölməsinin əməkdaşı olmuş, hazırda 7ci polis bölməsinin əməkdaşıdır (Cinayət Məcəlləsinin 182, 302, 308 və 218-ci maddələri ilə məsuliyyət daşıyır). Zamirə Rəsulova, cinayətkar dəstənin təşkilatçısı kimi ona qarşı məqsədli şəkildə qərəzli və qanunsuz hərəkətlər həyata keçirmişdir. Belə ki, adıçəkilən şəxs ona borclu olduğu halda öhdəliyini vaxtında yerinə yetirməmiş, daha sonra borcun əri tərəfindən ödənilməsindən narazı qalaraq, şəxsi qərəz və qisas niyyəti ilə onu guya ağır cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə hədə-qorxu ilə tələb etmə) törətməkdə ittiham etmiş və bu məqsədlə 2023-cü ilin dekabr ayında rəsmi olaraq Abşeron Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bununla kifayətlənməyərək, Zamirə Rəsulova eyni məsələ ilə bağlı 102 polis xidmətinə zəng etmiş və bilərəkdən yalan məlumat vermişdir. Həmçinin, o, bu qanunsuz əməlləri həyata keçirmək üçün qabaqcadan əlbir olaraq cinayətkar qrup təşkil etmiş, həmin dəstənin digər üzvləri ilə birlikdə (əməliyyatçı Kamal Cavadov və bərbər Famil Quliyev) şikayətçinin şərəf və ləyaqətini alçaltmağa, işgüzar nüfuzunu ləkələməyə yönəlmiş, böhtan xarakterli məlumatların yayılmasını və ictimailəşdirilməsini məqsədli şəkildə təşkil etmişdir. Zamirə Rəsulovanın aşağıdakı hüquqazidd hərəkətləri onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq hüquqi qiymətin verilməsini zəruri edir: Zamirə Rəsulova tərəfindən Abşeron Rayon Polis Şöbəsinə müraciət edilərək, vətəndaş [ad və soyad] barəsində ağır cinayətdə təqsirli bilinməsi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli ərizə təqdim edilmişdir. Həmin şəxs tərəfindən qabaqcadan əlbir olan cinayətkar dəstə yaradılmışdır. Zamirə Rəsulova və dəstə üzvləri birlikdə vətəndaş [ad və soyad] barəsində böhtan xarakterli məlumatları ictimailəşdirərək, onun şərəf və ləyaqətini alçaltmaq, habelə işgüzar maraqlarına zərər vurmaq məqsədi ilə planlı fəaliyyət həyata keçirmişlər. Bu hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri daşıyır. Zamirə Rəsulova, polisdə olan himayəçilərinin dəstəyi ilə Abşeron Rayon Polis Şöbəsində aparılan təhqiqat zamanı təhqiqatçı polis polkovnik-leytenantı Rasim Məmmədova bildirmişdir ki, onun Zamirə Rəsulovada ondan xəbərsiz və gizli şəkildə çəkdiyi video materiallar mövcuddur. Bu açıqlamadan sonra zərərçəkmiş şəxs məsələ ilə bağlı prokurorluğa rəsmi müraciət etmişdir. Lakin müraciətdən sonra həm təhqiqatçı Rasim Məmmədov, həm də Zamirə Rəsulova əvvəlki iddianı inkar edərək, belə bir çəkilişin mövcud olmadığını bildirmişlər. Zamirə Rəsulova hal-hazırda onun ofisinə yaxın ərazidə dərzi kimi fəaliyyət göstərməkdədir. O, bu müddət ərzində ona qarşı böhtan xarakterli məlumatları ətrafına yaymaqla və bu məlumatları ictimailəşdirməklə reputasiya zədələyici davranışlar sərgiləmişdir. Halbuki, artıq beş ildir ki, həmin ərazidə yerləşən ofisdə qanuni əsaslarla fəaliyyət göstərir və Zamirə Rəsulova ilə heç bir sosial və ya şəxsi tanışlığı yoxdur. Zamirə Rəsulovanın sifarişi və ya təşəbbüsü ilə hərəkət etdiyi ehtimal olunan digər bir şəxs – Kamal Cavadov müəyyən kriminal əməllərdə iştirak etmiş və bu əməllərin bəziləri aşağıdakı kimi təsnif oluna bilər: 28 dekabr 2023-cü il tarixində istintaqa getdiyi zaman tanımadığı bir nömrədən zəng daxil olmuşdur. Telefon zənginə cavab verən zərərçəkmişə özünü əməliyyat-axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs adının Kamal olduğunu bildirmiş və bundan sonra ona qarşı hədə-qorxu xarakterli ifadələr işlətmişdir. Həmin şəxs, həmçinin, ona zəng etməsini və görüşməsini tələb etmişdir. 28 dekabr 2023cü il tarixində istintaqdan qayıtdıqdan sonra, A.Məhərrəmov küçəsi, Soliton mağazası ilə üzbəüz yerləşən çay evində oturaraq tələbə yoldaşı Abbas Abbasovu gözləmiş, həmin vaxt, saat 14:21-də 19-cu polis bölməsinin əməliyyatçısı Kamal ona zəng edərək istintaqdan qayıtmağını soruşmuş və görüşmək istədiyini bildirmişdir. Təxminən yarım saat sonra tələbə yoldaşları Abbas Abbasov və Rüfət Rüstəmov çay evinə gəlmiş, onlara bildirmişdir ki, 19-cu polis bölməsinin əməliyyatçısı Kamal onunla görüşmək üçün zəng edib və eyni zamanda bu şəxsi tanıyıb-tanımadıqlarını soruşmuşdur. Onlar daha sonra birbaşa 19-cu polis bölməsinə getmiş və o, Abbas birlikdə bölməyə daxil olmuşdur. Orada əməliyyatçı Əlidən Kamalı soruşmuşdur. Saat 15:27 radələrində o, Kamala zəng edərək 19-cu polis bölməsində olduğunu bildirmiş, Kamal isə telefonda ona bildirmişdir ki, onu bölməyə çağırmayıb və görüşmək üçün A.Məhərrəmov küçəsində yerləşən parkın yanındakı, “Əli Baba” kafesinin qabağına gəlməsini istəyir. Hüquqşünas dostları ilə birlikdə “Əli Baba” kafesinin qarşısına getmiş və oradan Kamala zəng etmişdir. Sonra, parkın yanında, “Əli Baba” kafesilə üzbəüz yerləşən çay evinin qarşısında o və dostları Kamalla görüşmüş. Kamal onu tanıdığını, dərzinin yanında hüquqi xidmətlə bağlı ofisinin olduğunu bildirdi və eyni zamanda səs tonunu aşağı salmışdır. Kamalın dəvətilə həmin küçədə yerləşən “Balakən” kafesinə gəldikləri və orada çay sifariş verdikləri qeyd edilmişdir. Kamal bildirmişdir ki, həmin gün dərzinin ürəyi getmiş, lakin o anda onun yanında olmayıb. Qeyd olunmalıdır ki, Kamal təkcə polis orqanlarında əməliyyatçı vəzifəsində çalışmır, eyni zamanda təcili yardım funksiyalarını da yerinə yetirirdi. Kamal tərəfindən ofisə gəlməsi barədə sorğu edilmişdir. O, izah etmişdir ki, 27 dekabr 2023-cü ildə həmin ünvana yalnız orada yerləşən tualetdən istifadə məqsədilə gəlmişdir. Lakin tualetin qapısı həmin gün zamokla bağlı olduğundan dərhal geri qayıtmışdır. Sözünü tamamladıqdan sonra Kamal dərzinin Zamirəyə zəng etmiş və videonun göndərilməsini tələb etmişdir. Zamirə həmin anı, yəni müraciət olunan şəxsin tualətə getmək istədiyi vaxtı videoya çəkərək Kamalın WhatsApp ünvanına göndərmişdir. Kamal həmin videonu təqdim etmişdir və müraciət olunan şəxsin tualətə doğru getməsi videoda təsbit olunmuşdur. O, Kamala sual vermişdir ki, tualətə getmək niyə qadağan olunmuşdur, halbuki həmin obyektin üstündə yerləşən dönərxananın müştəriləri də həmin tualetdən istifadə edir. Kamal bildirərək Zamirənin pulunu tərəfindən geri qaytarılmalı olduğunu və məsələnin müsbət həll olunmayacağını qeyd etmişdir. X16 İşlər Nazirliyinin “011” xidməti əməkdaşı olduğunu həm müraciət olunan şəxsin, həm də onunla birlikdə olan şahidlərin qarşısında bildirmişdir. Bu, qanunsuz hərəkətlər barədə hədələyici xəbərdarlıq kimi qiymətləndirilmişdir. Bir müddət sonra Kamal hüquqşünasların müşayiəti altında olduğunu hiss edib dərzinin yanına gedərək ona 102 xidmətini zəng etdirmişdir. Dərzinin 102 xidmətini çağırdığı vaxt ilə Kamalın müraciət olunan şəxsi duelə çağırdığı vaxtın vaxtı müəyyənləşdirildikdə aydın olur ki, Kamal və dərzi Zamirə əvvəlcədən planlaşdırılmış sxem əsasında hərəkət etmişlər. Məqsəd Kamalın müraciət olunan şəxsə istintaqda təsir göstərməsi və eyni zamanda Zamirəyə dərziyə pulunu qaytaracağına dair söz verməsi olmuşdur. Zamirənin Kamala verdiyi vədlər və onların əvvəlcədən necə razılaşması barədə yalnız aidiyyəti şəxslər və yuxarı instansiyalar məlumat sahibidir. 19-cu polis bölməsinin əməliyyatçısı Kamala dərzi tərəfindən verilən vədlər və ya aralarındakı yaxın münasibətlər səbəbindən, Zamirənin qanuni əri olmasına baxmayaraq, Kamal “Polis haqqında” qanunu, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunu, cinayət prosesual qanunvericiliyini, Cinayət Məcəlləsini qəsdən və qərəzli şəkildə pozmuşdur. Həmçinin, o, Cinayət Məcəlləsinin 308-ci, 309-cu və 182-ci maddələrində nəzərdə tutulmuş cinayət xarakterli əməl törətmişdir. Zamirə onun barəsində 102 xidmətinə verdiyi şikayət (şikayətin predmeti müraciət olunan şəxsin həmin obyektin tualetinə getməsi olmuşdur; tualətin qapısının bağlı olması səbəbindən dərhal geri qayıtması isə təsadüfi olmuşdur) üzrə araşdırmanı Sultan adlı sahə müvəkkili aparmışdır. Aparılan araşdırma nəticəsində müraciət olunan şəxsin həmin obyektin tualətinə getməyi ilə bağlı inzibati və ya cinayət xarakterli hər hansı bir əməlinin aşkar olunmadığı müəyyən edildiyindən, iş üzrə material bağlanmışdır. Yuxarıda qeyd edilən faktlardan görünür ki, A.Məhərrəmov küçəsində ona qarşı cinayət xarakterli əməlin törədilməsində Zamirə Rəsulova həm təşkilatçı, həm də təhrikçi kimi, 19-cu polis bölməsinin əməliyyatçısı Kamal isə icraçı kimi əvvəlcədən hazırlanmış və düşünülmüş plan əsasında qəsdən hərəkət etmişlər. Hətta əldə etdiyi məlumatlara əsasən, dərzi Zamirə və polis Kamal onun həyat və sağlamlığıma, eləcə də işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə yeni planlar hazırlayırlar. Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinə əsasən, polis əməkdaşlarının cinayət xarakterli əməlləri müvafiq prokurorluq orqanları tərəfindən araşdırılmalıdır. Lakin Nəsimi rayon prokurorluğu tərəfindən polisin əməllərinin araşdırılması məqsədilə işin X17 göndərilməsi qanunvericiliyin tələblərinə ziddir. Nəsimi rayon prokurorluğu A.Məhərrəmov küçəsində ona qarşı cinayət xarakterli əməlin törədilməsində Zamirə Rəsulovanın həm təşkilatçı, həm də təhrikçi, 19-cu polis bölməsinin əməliyyatçısı Kamalın isə icraçı kimi əvvəlcədən hazırlanmış və düşünülmüş plan əsasında qəsdən hərəkət etdikləri faktına hüquqi qiymət verilməsi məqsədilə müvafiq araşdırma aparmalıdır. 19-cu polis bölməsinin əməliyyatçısı Kamalın əməllərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci, 309-cu və 182-ci maddələri ilə cinayət xarakterli əməl kimi hüquqi qiymət verilməlidir. Zamirə Rəsulovanın əməlləri isə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə tövsif edilməli və hər iki şəxs müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir. Zamirə Rəsulova tərəfindən yaradılmış cinayətkar dəstənin digər üzvü Quliyev Famil olmuşdur. Famil uzun müddət Zamirənin işlədiyi obyektdə bərbər vəzifəsində çalışmış, gündəlik olaraq bir çox müştəri qəbul etmiş və hər iki şəxs arasında mehriban əlaqələr mövcud olmuşdur. Zamirə Familə şikayətin nəticəsi barədə məlumat vermişdir. Lakin Zamirənin göstərişi əsasında Famil ərazidə müraciət olunan şəxsin şərəf və ləyaqətini alçaldaraq, işgüzar nüfuzunu ləkələyərək, ona qarşı böhtan atmış və ağır cinayət – şantaj törətməkdə ittiham etmişdir. İttiham tərəfi olaraq hesab edir ki, xüsusi ittiham qaydasında təqdim olunan şikayətdə əks etdirilən hallar, həmin şikayətə əlavə edilən sübutlar və ən əsası məhkəmə iclasında tədqiq edilmiş materiallar əsasında bir daha təsdiq olunmuşdur ki, X6 və X12 yuxarıda göstərilən təhqir və böhtan xarakterli hərəkətləri Xəlil Cəlilova qarşı törətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həyata keçirmişlər. X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə və mülki iddianın təmin olunmasına dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X11 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun ifadə verərək X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə və mülki iddianın təmin olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 bildirmişdir ki, o, 2018-ci ilin yay aylarında Mikrorayonda yerləşən, Abbasov Abbasa məxsus atelyedə işə başlamışdır. Abbasov ona heç bir vergi ödəməyəcəyini və verginin öz öhdəsində olduğunu bildirmişdir. Ona orada bir otaq ayrılmış və iş fəaliyyətini həmin yerdə davam etdirmişdir. 2019-cu ilin oktyabr ayından etibarən iş yerinə polislər dəfələrlə gələrək bina Dövlət Əmlak Komitəsinə məxsus olduğu əsas gətirilərək iş yerini tərk etməyi tələb etmişlər. Lakin Abbasov müraciət edən şəxs və digər şəxslərin iş yerindən çıxmasına imkan verməmiş, dostunun vəkil X5 bu məsələləri həll edəcəyini bildirmişdir. Hər dəfə Abbasov ona narahat olmamağı və işlərin həll olunacağını vəd etmişdir. Polisin iş yerinin qapısını bağlayacağını bildirməsi ilə həmin gün əşyalarını yığıb iş yerini tərk etmiş və başqa bir yerə köçmüşdür. Yeni məkan olaraq bir dükanın içində işləməyə başlamışdır. İşlədiyi müddətdə Abbas dəfələrlə həmin yerə gələrək iş yerinin yenidən açıldığını bildirib, onu ora qayıtmağa razı salmağa çalışmışdır. Nəticədə, üç ay tamamında Abbasın təzyiqləri ilə yenidən həmin iş yerinə qayıtmışdır. Arenda pulu onun üçün sərfəli olduğundan qayıdışı baş vermişdir. Sonradan məlum olmuşdur ki, Abbas və Xəlil əlbir olmuşlar. Qayıtdıqdan sonra həmin vəkil yüksək təriflərlə qeyd edilmiş, onun gördüyü işlərin uğurlu olduğu, heç bir qapını aça bilmədiyi vurğulanmışdır. Xəlil Cəlilov bir müddət sonra atelyedə bir otaqda məskunlaşmış və orada mütəmadi olaraq fəaliyyət göstərməyə başlamışdır. O, hər gün iş yerinə gələrək onunla hal-əhval tutmuş, müxtəlif söhbətlər etmişdir. Zamanla ailə üzvləri ilə, xüsusilə uşaqları və həyat yoldaşı ilə maraqlanmağa başlamış, onların nə ilə məşğul olduqları barədə suallar vermişdir. O, bu zaman anlayır ki, vəkil bu cür davranışları ilə sanki öz çirkin məqsədləri üçün "anket" doldururmuş. X8 həyat yoldaşı ilə tanış olmuş, özünü peşəkar və güclü vəkil kimi təqdim etmişdir. Bu təqdimat nəticəsində həyat yoldaşı bir neçə dəfə ona hüquqi yardım üçün ehtiyacı olan insanlara Xəlili tövsiyə etmişdir. Xəlil Cəlilov iki dəfə onların evində də olmuş, qızının toyuna dəvət etmiş və ailə üzvləri də dəvətə uyğun olaraq toyda iştirak etmişdir. Xəlil Cəlilov aylarla öz məqsədlərini həyata keçirmək üçün onlara yaxınlıq göstərmiş, davranışlarında səmimi və yardımsevər insan obrazı yaratmağa çalışmışdır. Hətta həyat yoldaşı, X9, bu şəxsdən xoşu gəlmədiyini dəfələrlə bildirmiş, lakin əvvəlcə onun bu fikirlərini qəbul etməmişdir. Xəlil Cəlilov hər dəfə apardığı söhbətlərdə özünü yüksək nüfuz sahibi kimi təqdim edərək bildirib ki, o, vitse-prezident Mehriban xanım Əliyevanın yaxın ətrafındandır, Prezident Administrasiyasına təpiyi ilə qapı açır, orada onu hamı ayaq üstə qarşılayır. Bütün bu ifadələr və davranışlarla Xəlil Cəlilov özünü toxunulmaz və əlçatmaz bir fiqur kimi təqdim etməyə çalışmışdır. O, dəfələrlə Xəlil Cəlilovun yanına şübhəli görünüşlü şəxslərin gəlib-getdiyini müşahidə etmişdir. Həmin şəxslər hər dəfə gələndə, otağın qapısı bağlanmış və onların nə ilə məşğul olduqları barədə heç bir məlumat verilməmişdir. 2020-ci ilin iyul ayında Xəlil Cəlilov ona qarşı cinsi əlaqədə olmaqla bağlı açıq təkliflər etməyə başlamış, bu təklifləri qəti şəkildə rədd etmiş, lakin qarşı tərəf bu təkliflərdən əl çəkməmişdir. Xəlil Cəlilov öz istəyinə nail olmadığı halda onu və onun ailəsini hədələyərək, həyat yoldaşının avtomobilinə narkotik vasitə atdıraraq onu həbs etdirməklə və bütövlükdə ailəni məhv etməklə hədələmişdir. O, hətta üzərində daima narkotik vasitə gəzdirdiyini də açıq şəkildə etiraf etmişdir. o, gözünün nuru ilə qazandığı pulu borc və xərc hesabına toplayaraq, 2020-ci ilin sentyabr ayında Xəlil Cəlilova tələb olunan 2500 (iki min beş yüz) manat məbləğində ikinci ödənişi də etmiş və bununla əvvəlki məbləğlə birlikdə ümumilikdə 5000 (beş min) manat vermişdir. Bundan sonra həmin məqsədlə yazılmış iltizamın geri qaytarılmasını tələb etmişdir. X13 cavab olaraq bildirmişdir ki, “o boş şeydir, o sənə lazım deyil, mənə lazım idi. Vəssalam, sənin artıq mənə heç bir borcun yoxdur.” O, həmin an bu şəxsdən canının qurtardığını düşünərək sevinmişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, Xəlil Cəlilovun niyyəti burada bitməmiş və daha irəliyə hesablanmışmış. O, bu proseslərdən ciddi psixoloji zərbə almış, dəfələrlə özünə qəsd etmək fikrinə düşmüş, lakin uşaqları gözünün önünə gəldiyindən həmin niyyətdən vaz keçmişdir. O bildirir ki, ailəsi onun üçün hər şeydən üstündür və bu səbəbdən bütün əziyyətlərə sinə gərməyə məcbur olmuşdur. Xəlil Cəlilov tərəfindən göstərilən davamlı təzyiq, hədə və psixoloji gərginlik nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. O bildirir ki, bu şəxsi gördükdə, ona qarşı yaranmış nifrət hissindən bədəni, əlayağı əsir, psixoloji tarazlığı pozulur. 5 dekabr 2023-cü il tarixində Xəlil Cəlilov onun iş yerinə gələrək, guya ona 2.500 (iki min beş yüz) manat borcu olduğunu bildirmişdir. O isə bu iddianı qəti şəkildə rədd edərək, onun qarşısında heç bir borc öhdəliyinin olmadığını qeyd etmişdir. Bu cavabdan sonra Xəlil Cəlilov hədə xarakterli formada "İndi gör, mən neyləyirəm" deyərək iş yerindən uzaqlaşmış və dərhal ardından əvvəlki dövrdə məcburən imzalatdırdığı iltizam sənədinin şəklini çəkərək, WhatsApp vasitəsilə müraciət edən şəxsin həyat yoldaşına göndərmişdir. Bu şəxsin məqsədi yalnız pul tələb etmək və ailə daxilində qarşıdurma yaradaraq ailəni dağıtmaq olmuşdur. Bu hadisədən dərhal sonra həyat yoldaşı müraciət edən şəxsə zəng edərək vəziyyətlə bağlı izahat verməsini tələb etmişdir. 5 dekabr 2023-cü il tarixində baş vermiş hadisədən sonra, yəni Xəlil Cəlilovun onun həyat yoldaşına iltizam sənədini göndərməsindən sonra, emosional gərginlik keçirmiş, ağlayaraq həyat yoldaşına yalvarmış və hər şeyi danışacağını, lakin ondan yalnız həmin şəxslə birbaşa təmasa girməməsini xahiş etmişdir. Hadisənin bütün təfərrüatlarını öyrəndikdən sonra, həyat yoldaşı, iltizam sənədinin onun titrəyən əlləri ilə yazıldığını nəzərə alaraq, vəziyyəti düzgün qiymətləndirmiş və qarşı tərəfin təzyiqlərindən yaxa qurtarmaq məqsədilə borcun ödənilməsinin daha təhlükəsiz yol olduğunu bildirmişdir. Nəticədə, 10 dekabr 2023cü il tarixində Xəlil Cəlilov tərəfindən yazılı şəkildə iltizam təqdim olunmuşdur. Həmin sənəddə açıq şəkildə göstərilmişdir ki, onun Xəlil Cəlilova qarşı heç bir borcu qalmamış, eləcə də onun barəsində hər hansı bir şikayət və ya iddiası yoxdur. Bundan əlavə, Xəlil Cəlilov sənəddə gələcəkdə də heç bir şikayət irəli sürməyəcəyini bəyan etmişdir. Həmin görüş zamanı onun həyat yoldaşı Xəlil Cəlilova açıq şəkildə şərt qoymuşdur ki, gələcəkdə Zamirənin işlədiyi əraziyə yaxınlaşmasın, əks halda bu hal baş verərsə, dərhal hüquqmühafizə orqanlarına müraciət olunacaq. Xəlil Cəlilov isə cavabında həmin əraziyə yalnız borc məsələsinə görə yaxınlaşdığını bildirmiş və bir daha oraya getməyəcəyinə söz vermişdir. Lakin, qarşı tərəfin verdiyi vədə baxmayaraq, bu şəxs 3 gün sonra 14 dekabr 2023-cü il tarixində yenidən onu narahat etmişdir. Belə ki, ***-***-**-** nömrəsindən SMS göndərərək “Sinoptiklər güclü zəlzələ olacağını deyir, qayıt Zavira qalasına” məzmunlu mesaj yazmışdır. Mesajın məzmunu və forması onda növbəti dəfə ciddi narahatlıq və psixoloji gərginlik yaratmışdır. 14 dekabr 2023-cü il tarixində aldığı hədə xarakterli SMSdən ("Sinoptiklər güclü zəlzələ olacağını deyir, qayıt Zavira qalasına") sonra, o, vəziyyəti həyat yoldaşına bildirərək dərhal 102 xidmətinə yazılı şikayət təqdim etmişdir. Şikayətdə göstərilmişdir ki, Xəlil Cəlilov bundan öncə də dəfələrlə onu “səni ölənə qədər Zavira qalasında saxlayacağam” kimi ifadələrlə təhdid etmişdir. Şikayət əsasında Abşeron Rayon Polis İdarəsində ərizə qeydə alınmış və ilkin araşdırmalar aparılmışdır. Lakin təhqiqatçının bildirdiyinə əsasən, mübahisəli pul və iltizam məsələsi Nəsimi rayonu ərazisində baş verdiyindən, material Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə göndərilmişdir. Qeyd edir ki, 19-cu Polis Bölməsində bu iş üzrə araşdırma aparılmamış və şikayət faktı nəzərə alınmamışdır. Nəticədə, qarşı tərəf, yəni Xəlil Cəlilov daha da cəsarətlənmiş və öz hərəkətlərini açıq şəkildə davam etdirmişdir. Belə ki, Xəlil Cəlilov mütəmadi olaraq müraciət edən şəxsin iş yerinə yaxınlaşaraq, ətrafda dolaşmış, mobil telefonda mahnı qoşaraq otağın qarşısında gedib-gəlmişdir. Bu davranışlar müraciət edən şəxsdə ciddi narahatlıq və təhlükə hissi yaratmış, onun psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. Qarşı tərəfin (Xəlil Cəlilovun) təqibedici və hədə xarakterli davranışları davamlı xarakter almış, lakin bu halların bir qismi video-müşahidə kameraları vasitəsilə qeydə alınaraq sübut kimi hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. O, bildirir ki, 19-cu Polis Bölməsi tərəfindən Xəlil Cəlilova rəsmi xəbərdarlıq edilmiş, o isə üzrxahlıq edərək bir daha həmin əraziyə yaxınlaşmayacağını bəyan etmişdir. Lakin təxminən 4–5 ay əvvəl, ərazi üzrə sahə müvəkkili müraciət edən onunla əlaqə saxlayaraq, onun barəsində şikayət olduğunu bildirmiş və izahat üçün bölməyə dəvət etmişdir. Oraya gedərək izahatında qeyd etmişdir ki, şikayətdə göstərilən sözləri Quliyev Familə deməmişdir və bu ittiham əsassızdır. Bundan sonra, 2025-ci ilin 10 mart tarixindən etibarən, mobil nömrəsinə bilinməyən mənbədən, ad gününə uyğun gələn məbləğdə 11 manat 13 qəpik dəyərində kontur göndərilməyə başlanmışdır. Bu hal bir neçə dəfə təkrarlanmış və bunu Xəlil Cəlilovun məqsədli və psixoloji təzyiq göstərmək üçün etdiyi hərəkətlərdən biri kimi qiymətləndirmişdir. Əmin olduğundan, o, bu barədə 102 xidmətinə zəng etmiş, daha sonra Abşeron Rayon Polis İdarəsinə yazılı şəkildə şikayət təqdim etmişdir. Lakin polis bu konturların konkret kim tərəfindən göndərildiyini müəyyənləşdirə bilməmiş və vətəndaşa nəticə barədə məlumat verilməmişdir. O bildirir ki, bu tip fəaliyyətlər yəni şəxsi mobil nömrəyə anonim şəkildə kontur göndərilməsi və bununla narahatlıq yaradılması kiber cinayət elementləri daşıyır və bu cür hərəkətlərin arxasında Xəlil Cəlilovun dayandığına tam əmindir. O, həmçinin qeyd edir ki, bu şikayətdən sonra kontur göndərilməsi dayandırılmışdır, bu da bir daha göstərir ki, onu məqsədli şəkildə narahat edən tək şəxsin Xəlil Cəlilov olduğuna dair əsaslı şübhələr mövcuddur. Onun bu müddət ərzində baş vermiş hadisələr barədə həyat yoldaşına məlumat verməməsinin əsas səbəbi, ailəsinin təhlükəsizliyi və bütövlüyünü qorumaq istəyi olmuşdur. Bildirir ki, həyat yoldaşı əvvəldən Xəlil Cəlilovun davranışlarını bəyənmir və ona qarşı narazılıq nümayiş etdirir. O, ailəsində hər hansı bir gərginlik və ya fəsadın yaranmasının qarşısını almaq üçün vəziyyəti gizli saxlamış, çünki yoldaşının xarakterini yaxından tanıyan biri kimi onun bu cür hallara emosional və kəskin reaksiya verəcəyini öncədən bilirdi. O qeyd edir ki, həyat yoldaşında "əsl kişi xüsusiyyəti" olduğunu nəzərə alaraq, bu məsələlərin açıq şəkildə danışılmasının ailənin sarsılmasına, hətta faciəvi nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirdi. Digər tərəfdən, xüsusi ittihamçı qismində çıxış edən X11, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, müraciət edən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham edərək böhtan atma) cinayət əməlini törətdiyini iddia etmiş və barəsində cinayət məsuliyyəti müəyyən olunmasını, eləcə də mülki iddia qaldırılmasını tələb etmişdir. Lakin məhkəmədən xahiş edir ki, qarşı tərəfin irəli sürdüyü iddialar əsassız və sübutsuz olduğundan, iş üzrə icraata xitam verilsin. O, bildirir ki, ittihamı və mülki iddianı əsaslandıracaq heç bir fakt, sübut və hüquqi dəlil təqdim olunmamışdır və belə olan halda cinayət təqibi aparılmasına hüquqi əsas yoxdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 bildirmişdir ki, o, dəfələrlə X5 onlarla eyni binada işləyən X2 otağının qarşısında dayanaraq onunla danışmağa çalışdığın; müşahidə etmiş, bu vəziyyət bir neçə dəfə təkrarlandığı üçün məsələ ilə maraqlanaraq X1 nə baş verdiyini soruşmuşdur. Həmin vaxtda X6 bu barədə ətraflı məlumat verməmiş və vəziyyəti izah etməkdən çəkinmişdir. Bir müddət sonra iş yerində quraşdırılmış müşahidə kameralarının qeydləri üzərindən X5 mütəmadi şəkildə X2 otağına gedib-gəldiyi tərəfindən müşahidə edilmişdir. Vəziyyətin ciddiliyini nəzərə alaraq bu hal barədə yenidən X6 ilə danışdıqda, o, bildirmişdir ki, Xəlil adlı şəxs tərəfindən davamlı şəkildə psixoloji təzyiqə və şantaja məruz qalır. X2 verdiyi məlumata əsasən, X11 ondan maddi vəsait tələb etmiş, əks halda onun ailə münasibətlərini pozmaqla hədələmişdir. Qeyd etmək istəyir ki, X11 ilə bağlı bu və ya digər formada heç bir sosial şəbəkədə, kütləvi informasiya vasitəsində və ya ictimai platformada fikir bildirməmiş, onun barəsində heç bir açıqlama verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və onların müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. X11 şikayətdə digər şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. (Yalnız vəsatət verilərək X4 şahid qismində məhkəmə iclasına çağırılması xahiş edilmişdir ki, həmin vəsatətə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin şahid qismində çağırılması xahiş edilən şəxslərlə bağlı tələb olunan məlumatları əlavə edilməmişdir) Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi yer barədə məlumatlar qeyd edilməmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə bu məlumatlar aydın şəkildə göstərilməlidir. Bu məlumatlar hadisənin baş verdiyi şəraiti konkretləşdirir və həmçinin məhkəmənin ərazi yurisdiksiyasını müəyyən etməyə imkan verir. Bu məlumatlar təqdim edilmədiyi halda şikayət ümumi, konkretləşdirilməmiş xarakter daşıyır və iddia olunan cinayətin tərkib əlamətləri müəyyən edilə bilmir. Xüsusi ittiham qaydasında şikayətlərdə barəsində şikayət verilmiş şəxsin əməldə iştirakının subut edilməsi vacibdir. Dəlillər (məsələn, yazılı sənəd, audio/video, şahid ifadələri) olmadan həmin şəxsin məsuliyyətə cəlb edilməsi mümkün deyil. Törədənin konkret olaraq kim olduğu göstərilmədikdə və ya bu şəxsi əmələ bağlayan sübutlar əks olunmadıqda, məhkəmə şəxsin məsuliyyət daşıyıbdaşımadığını müəyyən edə bilmir. Xüsusi ittiham şikayətlərində isə şahidlərin tam rekvizitləri (adı, soyadı, atasının adı, yaşayış ünvanı) və ifadələrinin konkretliyi tələb olunur. Bu məlumatlar olmadan şikayətin sübutlarla əsaslandırıldığı iddiası etibarsız sayılır. Məhkəmə bu cür qeyridəqiq şikayət əsasında işə baxa bilməz. Əgər əməli təsdiq edən sənəd, yazı, mesaj, video və ya başqa sübutlar varsa, şikayətdə onlara istinad edilməli, əgər mümkün olarsa, əlavə olunmalıdır. Sübutlar təqdim edilmədikdə və ya sadəcə ümumi şəkildə “hadisənin şahidi var” deyilərək göstərilmədikdə, şikayət faktlara deyil, subyektiv iddialara əsaslanan sənəd kimi dəyərləndirilir. Cinayət əməlinin məkan və zaman çərçivəsi qeyd olunmadıqda, şikayət subyektiv xarakter daşıyır və məhkəmə tərəfindən faktın araşdırılmasına real hüquqi əsas yaratmır. Hadisənin harada və nə vaxt baş verdiyi bilinməzsə, şahid ifadələri, video və ya digər sübutlar müvafiq olaraq qiymətləndirilə bilməz. Bu hallar cinayət əməlinin konkret hüquqi qiymətləndirilməsinə mane olur, bu isə şikayətin hüquqi baxımdan əsassız və qeyri-müəyyən hesab edilməsinə səbəb olur. Xüsusi ittiham qaydasında zərər əsasən mənəvi zərər şəklində olur (şəxsi nüfuzun alçaldılması, ictimai rüsvayçılıq və s.). Əgər ərizədə maddi zərər iddia edilirsə, bu zərərin məbləği, səbəbi və əməllə əlaqəsi göstərilməlidir. Zərərin qeyd edilməməsi şikayətin niyə verildiyi, şikayətçinin nə tələb etdiyi barədə aydınlıq yaratmır. Bu isə şikayətin məzmun baxımından ümumiləşmiş və qeyri-dəqiq xarakter daşıdığını göstərir. Cinayət təqibi üçün şəxsə müəyyən bir əməl aid edilməlidir, bu əməl də konkret sübutlarla təsdiq olunmalıdır. CPM-də qeyd olunur ki, maddi sübutlar, sənədlər, elektron materiallar, səsyazılar və digər vasitələrlə cinayət tərkibi sübuta yetirilməlidir. Şəxsin yalnız adı çəkilməklə məsuliyyətə cəlb edilməsi, faktiki əsaslandırma olmadan, prosessual hüquq normalarının pozulmasıdır. Cinayət təqibi prosesi şəxsin əməldə iştirakına dair aydın sübut olmadan başlaya bilməz. Şikayətdə şəxsin əmələ birbaşa aidiyyəti hansı dəlillərlə sübuta yetirildiyi əks olunmamışdır. Cinayət hüququ baxımından şəxsi konkret əmələ bağlayan sübutların təqdim olunması zəruridir: Yazılı sübutlar (mesajlar, məktublar), elektron sübutlar (sosial şəbəkə postları, skrinşotlar), video və ya audio qeydlər, ekspert rəyləri və ya şahid ifadələri. Əgər şəxs konkret əməldə iştirak etməyibsə və ya bu iştirak sübuta yetirilməyibsə, cinayət təqibi qanunsuz və əsassız sayılır. Bu, məhkəməyə obyektiv qərar verməyə imkan vermir. Cinayət əməlinin şahidlər vasitəsilə sübuta yetirilməsi üçün heç bir konkretlik yoxdur. Məhkəmə təhlili göstərir ki, şikayətçi hadisəni görmüş və ya bilavasitə bilən şahidləri ya göstərməyib, yaxud bu şəxslərin: Adı, soyadı, atasının adı, yaşayış ünvanı hadisə ilə bağlı konkret nəyi bildikləri göstərilməyib. Şahidlərin bu məlumatlar olmadan ifadə verməsi mümkün deyil və belə ifadələrin hüquqi etibarı da şübhə altına düşür. Bu isə istintaq və məhkəmə prosesini faktiki sübutlardan məhrum edir. Məhkəmənin apardığı təhlil bir daha göstərir ki, xüsusi ittiham şikayəti, faktlarla yox, ümumi ifadələrlə tərtib edilib, sübutlar təqdim olunmayıb, .şəxlərin əməli törətdiyinə dair heç bir konkret əsas yoxdur. Şikayətçi zərər çəkmiş statusunu əsaslandıra bilməyib. Cinayət-Prosessual Məcəllənin qeydolunan tələblərinə əsasən, xüsusi ittiham qaydasında verilən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməsi mütləq şərt sayılır. Həmin məlumatlar olmadan iddianın nəinki hüquqi, hətta faktiki baxımdan dəyərləndirilməsi və ilkin araşdırmaya cəlb edilməsi mümkün deyil. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-482/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-482/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver