Məhkəmə qərarları › İş №1(008)-483/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-483/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-483/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı , Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Türkmənistan Respublikası Balkanabat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Hacıalılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 0,368 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 26 fevral 2024-cü il tarixdə saat 23:30-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 252 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, xx.xx.2024-cü il tarixdə üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,368 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin bir-birini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonunda üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini alıb həmin bükümü də əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 26 fevral 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 252 saylı tam orta məktəbin qarşı ilə piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş adını, soyadını soruşaraq, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər, o, da başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə heroinin olmasından məlumatlıdırlar, buna baxmayaraq o, özünü çox da şübhəli aparmamışdır ki, bəlkə onu sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, o, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatının olduğunu deyərək, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getməyi təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində narkotik vasitə heroin olan bükümü tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər və onu polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmiş, bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmiş oda artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd “Xiaomi Mİ” markalı mobil telefonunu və qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən onun istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, da səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə olduğunu deyərək, 25 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadə üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin 13-cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. Polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 26 fevral 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş. Əməliyyat qrupunun tərkibinə o və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişdir. Onlar tərəfindən aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 252 saylı tam orta məktəbin yaxınlığında olan zaman ona yaxınlaşıb özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatına malik olduqlarını bildirib onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər oda etiraz etməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsində xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış və götürmə aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Xiaomi Mİ” markalı mobil telefonu və qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli toz şəkilli maddəyə bənzər maddə aşkar olunmuş, sorğu zamanı isə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu deyərək, 25 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli toz şəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş hazırda Bakı şəhər Nərimanov RPİ-nin 17-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 13-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilərək üzərində olması ehtimal edilən narkotik vasitələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş 01 ədəd şəffaf sellefonda içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Həmin 01 ədəd bükümə baxış keçirilən zaman içərisində tünd toz halında, qəhvəyi rəngdə, spesifiq iyə malik maddə aşkar olunmuş və o həmin narkotik maddə bildiyi kakos olduğunu və 25 fevral 2024-cü il tarixdə Suraxanı rayonunda tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1153 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Arayışlar üçün №160» dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm narkotik vasitəyə bənzər maddə; Təqsirləndirilən şəxs- imza,...iştirak etdilər-iki imza, Təhqiqatçı: İ,Əsədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz 0,318 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v.36-40). Rəyi vermiş böyük ekspert X2 Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1153 nömrəli rəyinin nəticə hissəsində “0,318” qram yazılmasının texniki səbəbdən baş verməsini, həmin çəkinin istifadə olunduqdan sonra qalıq məbləğ olduğunu, nəticə hissəsnin “0,368” qram kimi oxunmalı olmasını qeyd etmişdir(i.v. 99-101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli 1408 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.114-115). “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmı, onun barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1153 nömrəli rəyinin nəticə hissəsində təmiz çəkisi 0,318 qram kimi yazılmış sözlər “0,368” kimi oxunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,368 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” diskin maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin ayrıca icraata material ayrılmış, iş üzrə təqsirləndirlən şəxsin, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.136-143). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə, saat 23:30-dan tutulmuş hesab edilmişdir (i.v.11). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.81-83). 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir(i.v.84-85). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(008)- 483/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və haqqında axtarış elan olunmuşdur (i.v.181-183). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 4(008)- 483/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏN Pentensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına etap edilmişdir (i.v.193-194). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 4(008)- 483/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(i.v.199-200). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam edilmişdir. (i.v.112-113). Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,368 qram narkotik vasitə heroindən ekspertiza təhqiqatından sonra qalan qalıq 0,318 qram olan narkotik vasitə heroin 28 fevral 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan hissəsi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v 93-95). Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmışdır. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmü 18 iyul 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayəti törətməsi), cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmü ilə 02 iyun 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halllar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2024 saylı, 20 iyun 2024-cü il tarixli hökmünə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, hazırki iş üzrə şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan qalıq 0,318 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi Talıq oğluna iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar