Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-484/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Dərvişlər kəndində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük massivi 04-cü döngədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən şəhər istiqamətində Zabrat şossesi küçəsində idarə etdiyi Hyundai markalı «az ** UV ***» dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan «VAZ 2106» markalı, «az ** FT ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qarşısına çıxıb saxlatdırmaqla digər nəqliyyat vasitələrinin və yol hərəkət iştirakçılarının hərəkətləri üçün maneçilik törədib küçədə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib onu qəsdən vuraraq sağ ayağın V barmağının dırnaq sədəfinin hissəvi travmatik qopması və dırnaq yatağına qansıma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya və sol bazunun qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydlik nümayiş etdirib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2017-ci ilədək o, Səbail rayonuda yanğın söndürən işləmişdir, əmək haqqı aşağı olduğundan dolana bilmədiyi üçün o işdən çıxmışdır. 2022-ci ilin may ayından o «Bolt» şirkətinə işə qəbul edilmiş və şirkətə məxsus olan «Hyundai» markalı, «az ** UV ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəailiyyəti ilə məşğul olmuşdur. Onun gündəlik qazancı 15 manat təşkil edir. 20 avqust 2022-ci il tarixdə, saat 09:40 radələrində Zabrat Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olmuş və avtomobildə bir qadın müştəri olmuşdur. Onun idarə etdiyi avtomobilin qabağında bir «Vaz 2106» markalı, «az ** FT ***» dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirdi. O arxadan ona işıq vasitəsilə işarə vermişdir ki, avtomobili sağa çəksin o ötmə əməliyyat etsin. Həmin avtomobil isə sağ tərəfə çəkilməmişdir, o avtomobili onun sağ tərəfinə keçib ona bildirmişdir ki, «ağsaqqal sənin hərəkət etdiyin zolaq 80 km sürətlik zolaqdır», daha sonra sözləri çəpləşmiş və o avtomobilini onun avtomobilin qarşısına verib saxlayıb yerə düşmüş və əsəblərini cilovlaya bilmədiyi üçün onu bir dəfə qolundan vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdirki özünə məxsus «VAZ 2106» markalı, «az ** FT ***» dövlət nömrə nişanlı avtomobili idarə edir. 20 avqust 2022-ci il tarixdə, saat 09:40 radələrində həmin avtomobillə Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində üzü şəhər istiqamətinə hərəkətdə olarkən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında eyni istiqamətdə hərəkətdə olan «Hyundai markalı», «az ** UV ***» dövlət qeydiyyat nişanlı avtomobil ona siqnal vermiş, o da həmin şəxsin onu tanıdığını düşünürək o da ona siqnal vermişdir. Bu zaman «Hyundai» markalı avtomobilin sürücüsü avtomobili onun avtomobilin qarşısına kəsərək saxlamış və bu anda yolda digər nəqliyyat vasitələrin hərəkətinə maneçilik törətmiş, həmin sürücü onu küçə söyüşləri ilə söyüb təhqir etdikdən sonra avtomobildən düşərək onun qolundan vurmuşdur. Hal-hazırda o təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qərarına əsasən CPM-in 40.2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1928 saylı, 23 avqust 2022ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ ayağın V barmağının dırnaq sədəfinin hissəvi travmatik qopması və dırnaq yatağına qansıma, sol bazunun qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 20 avqust 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ ayağın V barmağının dırnaq sədəfinin hissəvi travmatik qopması və dırnaq yatağına qansızma sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazunun qançın isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə əsasən xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi.Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsi tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində tutulmuşdur (səh.,49). Cinayət işinin materiallarında olan 15 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 62). Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.000 manat miqdarında cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə yüngülləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 900 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-484/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-484/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver