Məhkəmə qərarları › İş №1(008)-484/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-484/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-484/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7, onun nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1981-ci il Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə saat 00:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi “Kaspi” liseyinin qarşısında Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qanunun tələblərini pozaraq yolu sağdan sola doğru adi addımlarla keçən piyada xx.xx.1995-ci il təvəllüdlü X6 hərəkətdə olduğu yolun sağdan ikinci zolağında qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurmuş və Sadiq Məmmədovun aldığı baş beyin mədəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin mədəsinə və yumşaq qişalarına qansızma, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, çənə sümüyünün yerini dəyişən qapalı sınığı, sol baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ağciyərin əzilmiş-cırılmış yaraları, iki tərəfli hemopnevmotoraks(döş boşluqlarına hava və qanın yığılması), böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan bədən xəsarətərindən hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 14-dən 15-nə keçən gecə Neftçilər istiqamətində hərəkət edərkən Orxan adlı taksi şoferi ondan yol istəmiş, o da ona yol vermişdir. Daha sonra 1 nəfərin yolu keçdiyini görmüş, digərlərini görməmişdir. Ora çatana yaxın 2 nəfərin yola çıxıb qayıtdığını görmüş, 3-cü şəxs yəni mərhumu görməmişdir, onu təxmini 30-40 sm məsafə qalanda görmüş, zərərçəkmiş şəxsi vuranda əyləcə basmış, bu görüntüdə də öz əksini tapmışdır. Gedib qabaqda dayanmış, həyəcanlı olmuş, maşından düşüb zərərçəkmiş şəxsə müdaxilə etmək istədikdə sol tərəfindən kimsə onu vurmuşdur. Daha sonra qalxanda yenə mərhumun yanındakılar üzərinə gəlmişlər və nalayiq ifadələr işlətmişdilər, zərərçəkmişin dostları içkili olmuşlar. O isə onlara zərərçəkmiş şəxsə kömək etməli olduqlarını bildirmişdir. Mərhumun dostlarından biri onun başından vurmuş, hadisədən təxmini 3-4 dəqiqə keçəndən sonra Xaliq adlı taksi şoferi gəlmiş, maşını saxlamış, onları aralamışdır. Sonra başqa adamlar da gəlmiş, orada motosiklet sürən də olmuşdur. Onu oradan aralaşdırmışlar, “Kaspi” liseyinin yanında plakatın arxasına keçirmişlər. Mərhumun dostlarından biri olan Əli ona qarşı çox nalayiq ifadələr işlətmiş, o qaçanda onun üst geyiminin arxasından tutmuş və birlikdə yerə yıxılmışlar, onun saatı qırılmışdır. Daha sonra boğazından sıxmış, həmin vaxt onun ağzından içki iyi gəlmişdir. Onun əlindən qaçmış və həmin vaxtı Xaliq yenə onları aralamışdır. Həmin vaxtı adamlar çoxalmış və yol polisi gəlmişdir. Onu “Kaspi” liseyinin yanındakı plakatın yanına keçirtmişlər və oradakı qarajın yanında oturmuşdur. O dayandığı yerdən həmin şəxsləri görmüşdür. Həmin vaxta qardaşları da hadisə yerinə gəlmişlər. Qardaşı gəldikdən sonra dava olmasın deyə heçnə etməmişlər. O, birinci qardaşına və ailəsinə zəng etmişdir. Qasım ora gəldikdə ona su vermiş və onu öz maşınına otuzdurmuşdur. Sonra hadisə yerinə 2 ədəd Post Patrul maşını yaxınlaşmış, onlardan biri hadisə yerinə getmiş digəri isə onun olduğu döngəyə tərəf dönmüşdür. Həmin vaxtı o maşından düşmüş və polisə hadisəni törədənin özü olduğunu bildirmişdir. Daha sonra polis maşının arxasına əyləşmiş, daha sonra gələn yol polis əməkdaşları onun sənədini istədikə öz avtomobilində olduğunu, lakin mərhumun dostlarının orada olduğunu və əsəbi olduqlarından ora yaxınlaşmadığını bildirmişdir. Orxan oraya gedib onun sənədlərini gətirmiş və polis işçisinə vermişdir. O maşından düşən kimi onun üstünə gəlmişlər, ona xəsarət yetirmişlər. Hazırki əməlinə görə peşmançılıq hissi keçirir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə birinci yol polisləri yaxınlaşmışlar və onlar səhv eləmirsə Suraxanı rayonunun polisləri olmuşlar. Onlar ərazinin Sabunçu yoxsa Suraxanı olduğunu danışırdılar.Mərhum yerdə təmini 35-40 dəqiqə qaldıqdan sonra X24 işçiləri yaxınlaşmışlar. Təcili yardım əməkdaşları gəldikdən sonra polis əməkdaşları gəlmişlər. O, hadisədən sonra hər şeyi müstəntiqə demişdir, səhərə qədər müstəntiqin otağında oturmuşdur. Müstəntiqə hadisəni olduğu kimi danışmışdır, ona xəsarət yetirdiklərini bildirmişdir, lakin onlar barədə şikayət etməmişdir. Müstəntiqə Qasımın maşınında oturduğunu demişdir. Müstəntiqə hadisə yerinə ona qarşı edilənləri demiş, müstəntiq ona o barədə danışmayaq demişdir. Atasıda o barədə danışmağın yaxşı olmadığını bildirmişdir.Hadisə olduqdan sonra təxmini 20-30 dəqiqəyə ora yol polis işçiləri yaxınlaşmışdır, təxmini 40 dəqiqəyə tibbi yardım işçiləri yaxınlaşmışdır. Hadisə olan vaxtı təxminən sürəti 50-70 km/saat olmuşdur. Avtomobilin sol tərəfi ilə mərhumu vurmuşdur. Barışıq üçün addım atmışlar və barışıq əldə olunmuşdur, lakin sonradan həmin sənədi zərərçəkmiş şəxsin hüquqi varisi ləğv etdirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki cavabdeh X14 verdiyi ifadəsində göstərdi ki, 15 dekabr 2023-cü il tarixdə məlum hadisə ilə bağlı müstəntiq ona zəng vurmuşdur və belə bir hadisənin olduğunu demişdir. Lakin ölüm hadisəsinin olduğu barədə məlumat verməmişdir. Anası ilə getmişlər və bu nəticənin olduğunu öyrənmişlər, daha sonra oğlu Məmmədov Sadiqi dəfn etmişlər. Həmin hadisə baş verən yerdə sürət həddi saatda 60 km/saat qeyd olunmuşdur, lakin təqsirləndirilən şəxsin surəti barədə ekspertiza rəy verməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir. Həmin maddənin digər maddələrə tövsif edilməsini xahiş edir. Həmin şəxs təyin edilmiş sürətdən artıq hərəkət edərək hadisəni törətmişdir. Yəni CM-nin 263.2-ci maddəsində göstərilən kimi ehtiyasizlıqdan şəxsin ölümünə səbəb olmamışdır. Təqsirləndirilən şəxs yüksək sürətlə hərəkət etmiş, yola diqqət yetirməmiş və təqsirləndirilən əyləcdən istifadə etməmişdir. Hadisə görüntülərindən həmin yolun işıqlandırmasının olduğu və təqsirləndirilən şəxsin əyləcdən istifadə etmədən qəzanı törətdiyi məlum olur. Hadisənin videosundan görünür ki, hadisə olduqdan sonra arxada qırmızı işıq yanır, yəni vurandan sonra əyləci basmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra maşından düşmüş və Məmmədov Sadiqin qan içində olduğunu görmüş, vəziyyətin gərgin olğunu dərk edib və hadisə yerini dərhal tərk etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişə yardım etmək, kömək etməkdənsə çıxıb “Buta” kafesinə getmişdir. Orada bir müddət oturduqdan sonra oradakı dostlarənın təkidi ilə çıxıb gəlmiş və polis əməkdaşlarına təslim olmuşdur. Təqsirləndirilənin kafedə olması ilə bağlı xahiş edir anten məlumatları çıxarılsın. Təqsirləndirilən şəxsin dostları həmin gün həmin kafədə yeyib içməkdə olmuşlar, təqsirləndirilən şəxs də hadisəni törətdikdən sonra kafeyə dostlarının yanına getmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun şəxsən tanıdığı yoldaşlar varki, onlar təqsirləndirilən şəxsin hadisədən sonra “Buta” kafəsinə getməsini və yoldaşlarının təkidi ilə polisə təslim olmasını görmüşlər. Təqsirləndirilən şəxs evin borcundan 15 min manata imkanlarının olduğunu bildirmiş və onlar razılaşmış müqavilə bağlamışlar. Həmin müqavilənin ləğv olunmasının səbəbi budur ki, həimin insanlar müqavilə bağlandıqdan sonra bir dəfədə olsun zərərçəkmiş şəxs tərəfə mənəvi dəstək olmamışlar. Novruz bayramı ərfəsində onun evində qara bayram olmuşvə təqsirəndirilən şəxs onlara mənəvi dəstək olmamışdır.Bütün instansıyalara təqsirləndirilən şəxsin həbs olunması barədə müraciət edəcəkdir. O, hadisə yerində olmamışdır, evdə olmuş, yatmışdır.Gecə saat 1-in yarısında hadisə baş vermişdir. Oğlu Bakıxanovda yerləşən “Oba” marketdə adminstrator vəzifəsində işləmişdir. Hadisə günü gecə növbəsini təhvil almaq üçün getmişdir. Hadisə vaxtı zərərçəkmiş şəxs dostları ilə birlikdə olmuşdur. İstintaq dövründə anten məlumatlarının əldə olunması üçün müstəntiqə vəsatət vermişdir və rədd olunmuşdur. Məmmədov Sadiqin 1200 manat əmək haqqı olmuşdur və ona anasının adına ev götürmüşlər. O, mübaribə veteranı olduğuna görə güzəştli şərtlərlə ona kredit verilmiş və o bankdan 25 000 manat məbləğində kredit götürmüşdür. Onun həmin krediti ödəməyə tam imkanı yoxdur. 68 000 manata ev almışdır. O, təqsirləndirilən şəxsə bildirmişdir ki, onlardan şikayətçi olmaq fikri yoxdu, lakin evin banka 28 000 manat məbləğində borcu qalmışdır, onu ödəsinlər. Müstəntiq təqsirləndirilən şəxsin həmin məbləği ödəməyə gücünün çatmadığını bildirmişdir. O, isə bunun qarışılığında evdən qalan borcun 3000 manatını da özünün ödəyəcəyini, qalan 25 min manatın, 15 min manatını nağd ödəməsini və qalan hissəsini bank vasitəsi ilə hissə-hissə təqsirləndirilən şəxsin ödəməsini bildirmişdir. Bu təklif ilə onlar razılaşmamışlar. Barışıq müqaviləsi bağlamış, daha sonra istəməmiş və ləğv etmişdir müqaviləni. Təqsirləndirilənin cəzasını çəkməsini istədiyi üçün ləğv etmişdir. Müqavilə üzrə ona 15000 manat ödəniş olunub. Müqavilənin ləğv olunması barədə qarşı tərəfə məlumat verməmişdir, müstəntiqə məlumat vermişdir ki, təqsirləndirilənə bildirsin. Bayram vaxtı telefonda bir dəfədə olsun ona zəng vurub danışmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Hadisə günü “Borussiya” playstation klubuna gedərək playstation oyununu oynamışlar və daha sonra çıxmışlar. Saat təxminən 12 olmuş, 5 nəfər olmuşlar, o, Hüseyn, Sadiq, Ramin və Əli. Onlarla sağollaşdıqdan sonra o, bir qədər aralanmış, ordan 15-20 metr digər tərəfə, piyada keçidindən keçmək üçün getmişdir. Yolu keçən anda qəzanın səsini eşitmiş və arxaya döndükdə görmüşdür ki, mərhum onun yanına düşmüş haradasa 1 metr məsafələri olmuşdur. Tez yanına qaçmış və sağ çiyni üstünə qaldırmışdır. Əlini dəsmal ilə mərhumun qan axan tərəfindən tutmuşdur. Təxminən 10 dəqiqə sonra hadisə yerinə polis işçiləri yaxınlaşmışlar. X24a o zəng eləmişdir, ondan əvvəldə zəng edən olmuşdur. Təxminən 15-20 dəqiqəyə X24 yaxınlaşmışdır. Tibb işçiləri baxdıqdan sonra heç bir kömək edə bilməyəcəklərini demişlər. Verilən suallara cavab olaraq göstərmişdir ki, vuran maşının dayandığını görmüş, lakin şəxsin düşüb hadisə yerinə gəlməsini görməmişdir.Həmin yerdə adam çox olmuş, heç bir mübahisə yaranmamışdır. Sürücü ilə onun arasında mübahisə yaranmamışdır. Sürücünü görməmişdir. O, birbaşa mərhumun yanına getmişdir. Təxminən 10 dəqiqə ərzində polis işçisi yaxınlaşmışdır. Post Patrul gəldikdən sonrada sürücünü görməmişdir. Mərhumla dost olmuşdur, mərhum onun sol tərəfindən keçmişdir, təxminən 15 metr məsafə olardı üzü Qaraçuxur istiqamətində. O, 1 ədad Post Patrul maşını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə vaxtı 5 nəfər olmuşlar. O, mərhum dostu Məmmədov Sadiq, Hüseyn, Cavid, Ramin hadisədən əvvəl görüşmüşlər. Hadisə vaxtı yolu birinci o keçmiş, onlar arxada gəlmişlər. O yolu keçəndə guppultu səsini eşitmiş və arxaya dönüb görmüşdür ki, dostu Məmmədov Sadiq zərbənin nəticəsindən göyə qalxmış və yerə düşmüşdür. Qaçıb dostunun yanına çatmış və kömək etməyə çalışmışdır, qan çox getməsin deyə müdaxilə etmişlər. Hadisə baş verən kimi dostları Hüseyn və Ramin X24a zəng etmişlər. Hadisə baş verdikdən təxminən 10 dəqiqə sonra polis yaxınlaşmışdır. Ondan təxmini 7-8 dəqiqə sonra TTY avtomobili hadisə yerinə gəlmişdir. Hadisəni törədən təqsirləndirilən şəxsi orada görməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin hadisədən sonra axtarmışdır ki, görsün hadisəni kim törədib. Demişlər ki, maşını buradadı amma özü yoxdur. Təqsirləndiriləni orada heç kim görməmişdir. Polis demişdir ki, təqsirləndirilənin maşını oradadır. Hadisənin baş verdiyi saatı tam dəqiq xatırlamır, video görüntüdə qeyd olunub. Təqsirləndirilən şəxsi on hadisə yerində axtarmışdır, tapa bilməmişdir, demişlər ki, qaçmışdır. Təqsirləndirilənə heç bir xəsarət yetirməmişdir, onu birinci dəfə məhkəmə iclasında görmüşdür. Polislər gələndə də sürücü orada olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dostları ilə Bakıxanov Qəsəbəsində yerləşən “Borussiya” playstation playstation kulubunda görüşmüşlər, onlar oradan çıxanda təxminən 01:20 olarmış, lakin saat tam dəqiq yadında deyil. Hamısı birlikdə çıxmışlar. Dostu Əli lap qabaqda yolu keçmiş, maşına getmişdir, onun arxasında Hüseynlə o keçmiş və onların arxasından mərhum Sadiq Məmmədov yolu keçmişdir. Yolu keçəndə görmüşdür ki, Sadiq onlardan qabaqda keçir, artıq yolun tam ortasında olmuşdur. Birdən bərk səs gəldiyini görmüş və mərhum havaya qalxıb yerə çırpılmışdır. Təqsirləndirilən şəxs avtomobili həddindən artıq yüksək sürətlə idarə etmişdir. Həmin yerdə əyləc izləridə olmamışdır. Qəzadan sonra o, Sadiqə yaxınlaşmış, hadisə yerində təqsirləndirilən şəxsi görməmişdir, onların yanına yaxınlaşmamışdır. Avtomobili hadisə zamanı görmüşdür, lakin qəzadan sonra həmin avtomobil orda olub-olmaması barədə məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, vuran maşını qəza anında görmüşdür. Qəzadan sonra onlar qəzanı törədəni axtarmış, lakin orada olmamışdır, o maşını Sadiqə dəyəndə görmüşdür. Sürət həddi çox olduğu üçün bərk dəymişdir və Sadiq yerindəcə ölmüşdür. Onunla təqsirləndirilən şəxs arasında heç bir mübahisə olmamışdır. O, dostunun yanında olmuşdur. Hadisidən təxminən 10-15 dəqiqə sonra ora polis işçisi yaxınlaşmış və daha sonra X24 gəlmişdir. Həmin vaxt polis gəldikdə ondan soruşmuşdur ki, vuran adam haradadır.O, polisə demişdir ki, onlar bayaqdan X24a yığmışlar, lakin gələn olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, hadisə axşam saatlarında baş vermişdir, onlar Sabunçu Rayon İcra Hakimiyyətinin yanında xidmətdə olmuşlar. Onlara o istiqamətdən gələn maşınlar orada hadisə olduğunu bildirmişlər. Onlar idarəyə məlumat verərək hadisə yerinə getmişlər və orada 3-4 nəfərin yəni mərhumun dostlarının agresiv olduğunu görmüşlər. Onlar dostlarını sakitləşdirməyə çalışdıqdan biraz keçdikdə X24 hadisə yerinə gəlmişdir. Daha sonra yol polisi işçiləri də hadisə yerinə gəlmişlər. Yol polisi işçilərindən hadisə törədən “Toyota Prius” markalı avtomobilin sürücüsünün harada olduğunu soruşmuşlar. Yol Patrul Xidməti təqsirləndirilənin döyüldüyü üçün qorxub arxa küçədə dayandığını bildirmişdir. Onlar oraya getdikdə orada 4-5 nəfər adam- özü, qardaşı, dostları dayanmışlar. Oraya getdikdə təqsirləndirilənin qorxub pis olduğunu görmüşlər və zərərçəkmiş şəxsin yaxınları ilə mübahisə etməməsi üçün onu avtopatrul maşınına əyləşdirmişdir. Daha sonra təqsirləndirilən şəxsin onlarda olması barədə rəhbərliyə məlumat vermişlər və birbaşa bölməyə aparmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, arxa küçə deyəndə təqsirləndirilən şəxsin dayandığı yer ilə hadisə yeri arasında 50-60 metr məsafə olardı. Hadisə yerindən 2 tin o tərəfdə qabaqda olmuşdur. X24 maşını onlarla paralel hadisə yerinə getmişdir. Onlar təqsirləndirilən şəxsdə hər hansı bir xəsarət görməmişlər. Hadisə yerində zərərçəkmiş şəxsin dostları olmuş, onlar agressiv və əsəbi olmuşlar.Onlar gələndə hadisə yerində X24 maşını olmuşdur. Orada onlardan başqa da polis əməkdaşları olmuş, idarənin müavini də orda olmuşdur. Hadisə yerində o, Əli Hacıyev, İdarənin əməliyyatçıları, İdarənin rəis müavini, yol patrul inspektorları olmuşdur. Təqsirləndirilən şəxsin yanına getdikdə “Dörd Fara” markalı maşının qabağına yığışmışlar, 4-5 nəfər olmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 şahid X12 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla Neftçilərdə bir yerdə taksi fəaliyyəti ilə məşğul olur, o, Qaraçuxurdan üzü Neftçilər istiqamətinə hərəkət edərkən “2 Tikə” restoranını keçdikdən sonra Poladın maşınını görmüşdür və ondan yol istəmişdir. Poladı keçib getdikdən sonra hadisə olmamışdan əvvəl hadisə baş verəcək yerdən keçmişdir. O, Neftçilər metrosu tərəfdən adam götürüb üzü Qaraçuxur qəsəbəsi istiqamətinə gedərkən “Bakıxanov yarmarkası”ndan döndükdən sonra səs-küyün olduğunu görmüşdür. Yol bağlanmış vəziyyətdə olmuş, biraz hərəkət etdikdən sonra onların taksi fəaliyyəti ilə məşğul olan digər yoldaşlarının sağda dayandığını görmüşdür. Onlar Təqsirləndirilən şəxs adam vurduğunu ona bildirmişlər. Həmin zaman onun maşınında 3 nəfər müştəri olmuşdur. Həmin müştəriləri Qaraçuxur qəsəbəsinə düşürüb hadisə yerinə geri qayıtmışdır. Qasımdan Poladın harada olduğunu soruşduqda onun maşınında olduğunu bildirmişdir. Qasım həmin yerdə vəziyyət gərgin olduğundan öz maşını ilə məhlənin arasına sürdüyünü bildirmişdir. Həmin yerə getdikdə Poladın maşının içərisində oturduğunu görmüşdür. 3-5 dəqiqə sonra Post Patrul maşını gəlib hadisəni törədənin harada olduğunu soruşduqda, yanlarında olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o hadisəni baş verən anda görməmişdir. Həmin vaxtı Poladı görməmiş, soruşduqda demişlər ki, kənardadır. Hadisə yerinə birinci dəfə gəldikdə maşında müştərilər olmuşdur, orada təxminən 10 dəqiqə dayandıqdan sonra müştəriləri aparmaq üçün Qaraçuxur istiqamətinə hərəkət etmişdir. Oradan getdikdən sonra Qasıma zəng vurmuş və bildirmişdir ki, Polad hadisə törədib. Ondan sonra Qaraçuxura gedib müştəriləri düşürüb qayıtmağı 15 dəqiqə çəkərdi. Polad hadisə yerindən təxmini 100 metr sonra sola dönəndə ara məhəllədə dayanmışdır. Hadisəni ilkin görən və Poladı zərərçəkmişin yaxınlarının əlindən alan şəxs Xaliq olmuşdur. Neftçilərdən üzü Qaraçuxur istiqamətində hərəkət edərkən yolun bağlı olduğunu görmüş, orada başqa taksi sürücüsünü görmüş və məsələnin nə olduğunu soruşduqda Poladın adam vurduğunu ona bildirmişlər. Hadisə yerində çox adam olmuşdur. Hadisə yerindən Neftçilərə 5-6 dəqiqəyə getmiş təxmini və 6-7 dəqiqəyə hadisə yerinə qayıtmışdır. O, həmin vaxtı Neftçilərə gedəndə orada taksi olmamış, Qaraçuxura getdiyini bildirmiş, hami minmiş və hərəkət etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onlar Neftiçilər metrosundan Qaraçuxur istiqamətində taksi fəaliyyəti ilə məşğul olmuşlar. Hadisə təxmini saat 12-dən sonra baş vermişdir. Yol ilə hərəkət edən zaman qum daşıyan maşına yol verdikdən sonra hərəkətini davam etdirmiş və hadisənin baş veriyi yeri görmüşdür. Köməyə ehtiyac olduğunu düşünüb həmin yeri keçib qabaqda maşını saxlamışdır. Avtomobildən düşdükdən sonra hadisəni Poladın törətdiyini görmüşdür. Poladın sürdüyü maşının nömrəsi yadında deyil, amma maşın orada olmuşdur. Hadisə yerinə gəldikdə orada haqlı olaraq narazılıq olmuşdur. X24a zəng etmişlər. Hadisə yerində tam olaraq kimlərin olduğunu bilməsə də başa düşdüyü qədər zərərçəkmiş şəxsin yaxınları orada olmuşlar və haqlı olaraq narazılıqlarını bildirmişlər. Polad hadisə yerində olmuş, onu binanın kənarında saxlamışlarki, heç bir narazılıq olmasın. Poladı başqa maşında otuzdurmuşlar. Sonradan polis maşınları gəldikdə hadisəni törədən şəxsin harada olduğunu soruşmuşlar və onlar maşında olduğunu bildirmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Poladı orada vuran olmuş və onu buna görə oradan götürmüşlər ki, dava yaranmasın. Poladı vuranı o şəxsən tanımamış, amma cavan adam olmuşdur. Poladı vuranda onu birinici göy iş formasında olan bir şəxs aralamışdır. Hadisə yerinə polis gəlmişdir, amma Polad axıra kimi orada olmuşdur. Daha sorna X25 maşını ilə bölməyə aparmışlar. Poladı oradan ayırmışlar ki, başqa hadisə olmasın. Həmin yerdən olan məsafə uzaq məsafə olmamışdır. Çox adam olduğundan kim olduqlarını bilməmişdir. Yol polis maşını tez gəlmişdir. Post Patrul maşını daha sonra yaxınlaşmışdır. Hadisə “Kaspi” liseyinin qarşısında baş vermişdir. “Kaspi” liseyinin sonunda döngə var və yaşayış binasına gedir, Poladı həmin yerə aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin müstəntiqi X13 verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslə ilkin görüş zamanı onda gözlə görülən xəsarətlər olmamışdır. Özünü mühafizə eləmək üçün polislərə yaxınlaşmışdır. Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmişdir. Barışıq müqaviləsinin ləğvi barədə ərizə iş materiallarına əlavə olunmuşdur. Hadisə yerinin protokolunda hərşey əks olunmuşdur. Materialda olan video görüntüdəndə görünür ki, təqsirləndirilən şəxs diqqətsizlik etmiş, piyadanı görməli olduğu halda görməmiş və qəza törətmişdir. Video görünütü təxminən 1 dəqiqədir. Yalnız hadisəyə aid olan görüntülər əlavə olunmuşdur, həmin vaxta “Təhlükəsiz Şəhər” kamerası işləməmişdir. Onlar görüntüyə baxmış, hadisə həmin kameralardan görünmədiyi üçün ətrafda olan obyteklərin kamerasından görüntünü götürmüşlər. O, təqsirləndirilən şəxsin ifadəsini yönləndirəcək birşey deməmişdir. Təqsirləndirilən şəxsin öz fikri ola bilər ki, onu vuranlardan şikayət etməmişdir. Təqsirləndirilən şəxsdə gözlə görünən xəsarət olmamışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası 264-cü maddəsi ilə cinayət təqibini rədd eləmişdir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs hadisədən sonra sərxoşluq vəziyyəti ilə bağlı tibbi müayinədən və narkoloji müayinədən keçmişdir. Həmin aktlarda saatda qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra gələrək özünü polisə bəlli etmişdir. Təqsriləndirilən polisə və həkimə özünü, şəxsiyyətini bəlli etmiş, hadisə barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs hadisə yerində birbaşa onun yanında olmuş, sənədləşmədə iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, həmin gün 01:00-da yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvanında “Kaspi” liseyinin qarşısında sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 04-14); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BA 053081 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.18); xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA PRİUS minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 xüsusi mülkiyyətindədir (i.v.19); xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “TOYOTA PRİUS minik” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2032-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir(i.v.23); 1/4784 saylı xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 03:30-da keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətinin ayıq olduğu müəyyən edilmişdir(i.v.24); 3361 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı narkotik maddə və psixotrop maddələrdən istifadə halları müəyyən edilməmişdir(i.v.29); Baxış və götürülmə aparılması haqqında 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 15 dekabr 2023-cü il tarixdə saat 00:15 radədə Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi “Kaspi” liseyinin qarşısında yolu ilk olaraq bir nəfər yolun sağından soluna doğru adi yeriş addımları ilə piyada keçib qurtarır, arxası ilə isə 3 nəfər yol kənarına yaxınlaşırlar, onlardan 2 nəfəri yola girməyib hərəkətlərini dayandırırlar, üçüncü şəxs isə onların yanından yola daxil olub sağdan sola doğru adi addımlarla yolu keçən zaman “Toyota-Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaraçuxur qəsəbəsi istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətinə hərəkət edərək piyadanı gəldiyi sürətlə vurur və piyada havaya qalxıb yerə çırpılması, avtomobilin sürücüsünün isə yolun sağında avtomobili dayandırması müşahidə edilir (i.v.30-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X22 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 325 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları. İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma. Çənə sümüyünün yerini dəyişən qapalı sınığı. Sol baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları. Ağciyərlərin əzilmiş-cırılmış yaraları. İkitərəfli hemopnevmotoraks (döş boşluqlarına hava və qanın yığılması). Böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaralan, qançır və sıyrıqları. - Xəsarətlər həyatidir, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi şəraitində minik avtomaşını vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. X1 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir.

3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,37 % o qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə praktiki ayıq kimi qiymətləndirilir. Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.42-48); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X4 tərəfindən cinayət işi üzrə hüquqi varis X9 dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq 15000 manat pul ödənmiş, X14 tərəfindən həmin məbləğdə pul qəbul edilmişdir(i.v.66); zərərçəkmiş şəxsin hüquqi varisi X7 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi, iddia və şikayəti yoxdur (i.v.67); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032ci il tarixədək etibarlı olan) BD 034279 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb(i.v.73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.74); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/667 nömrəli rəyindən görünür ki, Toyota Prius markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.77-80); zərərçəkmiş şəxsin hüquqi varisi X7 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən(qarşı tərəfə fikrinin dəyişməsi) imtina etmişdir (i.v.81-82); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.106); Sübutların qiymətləndirilməsi haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı hadisə yerinin yaxınlığındakı iaşə obyektləridən kameralarından götürülmüş hadisəyə dair videogörüntünün köçürüldüyü 01 ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə olunmuşdur (i.v.113-119); Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 68000 manat məbləğində pulun tutularaq X9 ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı hadisənin görüntüsünün əks olunduğu diskə baxış keçirilmiş, həmin görüntünün baxış və görüntünün aparılması haqqında 16 dekabr 2023cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin hüquqi varisi arasında ilkin barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi bu barədə notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Cinayət işi üzrə hüquqi varis X9 dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq 15000 manat pul ödənmiş, X14 tərəfindən həmin məbləğdə pul qəbul edilmiş, bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Lakin sonradan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən fikrinin dəyişməsi səbəbindən notariat qaydada təsdiq edilmiş barışıqla bağlı ərizə ləğv edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən barışığa yönəlmiş real cəhd edilmiş, ilkin olaraq barışıq əldə olunmasına baxmayaraq sonradan həmin barışıq ləğv edilmiş, dəymiş maddi və mənəvi ziyan olaraq zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən əlavə məbləğdə pul tələb edilmiş, bu barədə mülki iddia da verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu hərəkətləri ona cəza təyin edilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, real olaraq barışığa cəhd etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəfn xərcləri, dəymiş maddi və mənəvi ziyan olaraq 15000 manat pul ödənilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X7 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş maddi təzminat olaraq 68000 manat tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı, eləcə də dövlət ittihamçısı iddianın təmin edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh və onun müdafiəçisi isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı X7 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə istintaqı zamanı mülki iddiaçı X14 göstərmişdir ki, mərhum oğlu hər ay 1200 manat maaş alaraq ona anasının adına kreditlə götürdüyü evin borcunu ödəmiş və digər ehtiyaclarını qarşılamışdır. Lakin, mülki iddiaçı iddia ərizəsində göstərdiyi halların təsdiqi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə 15000 manat pul təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiada göstərilən hallar əlavə araşdırma tələb etdiyindən, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm mülki iddiaçının, həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar