Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-485/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 25 may 2025-ci il tarixdə saat 23:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsinin arxa küçəsində qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu X2 üz nahiyəsindən qəsdən bir neçə dəfə sillə ilə vurub ona, sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvasıətrafı nahiyənin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Günayla təxminən 2 ildir ki, qeyri-rəsmi münasibətdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Günay ona zəng edərək, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat” kafeyə gedəcəyini bildirmişdir. O isə Günay ilə razılaşmış və yanına gələcəyini bildirmişdir. O, daha sonra əmisigilə getmiş və orada bir qədər içki qəbul etmişdir. Daha sonra saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabraf kafeyə getmiş və Günayı oradan götürüb “Zeytun” kafeyə getmişdir. Orada bir qədər oturduqdan sonra o, dostlarını görmüş və həmin məkandan çolə çıxmışdır. Bir qədər sonra yenidən masaya qayıtmış, lakin, Günayı və mobil telefonunu orada görməmişdir. O, buna qəzəblənmiş, çünki, Günay onun mobil telefonuna tez-tez baxmışdır. O, oradan çıxmış, lakin, Günayı tapa bilməmişdir. O, evə gedən zaman Sabunçu rayonu, Zabrat qəsəbəsi, “İst petrol” yanacaq doldurma məntəqəsinin arxa küçəsində Günay ilə qarşılaşmışdır. O, Günaya nə üçün telefonunu götürdüyünü demiş, Günay isə cavab olaraq telefonu masanın üzərində sahibsiz qalmaması üçün götürüdüyünü bildirmişdir. O, isə Günayın telefonunu götürdüyü üçün ondan öz telefonunu istəmişdir. O, Günayın telefonuna tez-tez baxır. Lakin həmin zaman Günay mobil telefonunu ona verməmişdir. O, isə bundan qəzəblənmiş Günayın üz nahiyəsinə bir-neçə dəfə şillə zərbəsi endirmişdir. Daha sonra oradan uzaqlaşıb getmişdir. Həmin hadisənin üzərindən 10 dəqiqə keçəndən sonra həmin yerə yaxınlaşmış, lakin, Günayı orada tapa bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs ilə təxminən 2 ildir ki, qeyri-rəsmi münasibətdədir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Nicata Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat” kafeyə gedəcəyini bildirmişdir. Nicat isə işlərinin olduğunu və axşam yanına gələcəyini bildirmişdir. Nicat axşam saat 23 radələrində Əliyeva Günayın yanına gəlmişdir. Nicat onun yanına gələn zaman içkili formada olmuşdur. O, Nicat ilə birgə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zeytun” kafeye getmişdir. Orada biraz əyləşdikdən sonra sanitar qovşağına getmişdir. Oradan geri dönən zaman Nicatı yerində görə bilməmiş, lakin, Nicatın mobil telefonları masanın üzərində olmuşdur. O, bir qədər Nicatı gözləmiş, lakin, Nicat geri dönməmişdir. O, mobil telefonunu götürüb həmin məkandan çıxmışdır. Həmin məkandan çıxıb üzü yaşadıqları ev istiqamətində getmişdir. Həmin zaman Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsinin arxa küçəsində Nicat ilə qarşılaşmışdır. Nicat onun üzərinə gələrək onun mobil telefonunu apardığını bildirmişdir. O isə cavab olaraq Nicatın məkanda olmadığını və telefonun masanın üzərində sahibsiz qalmaması üçün götürdüyünü bildirmişdir. Daha sonra Nicat ondan telefonunda nə gizlətdiyini soruşmuşdur. O isə cavab olaraq heçnə gizlətmədiyini bildirmişdir. Nicat onun mobil telefonunu istəmiş, lakin o, mobil telefonunu Nicata verməmişdir. Həmin zaman Nicat əsəbiləşərək onun üz nahiyəsindən bir-neçə dəfə sillə zərbəsi endirmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı heç bir şikayt və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 25 may 2025-ci il tarixli protokoldan görünür ki, X2 müraciəti əsasında hadisənin baş verdiyi yer - Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsinin arxa küçəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi» X5 Sabunçu Rayon Şöbəsinin 30 may 2025-ci il tarixli 1147 saylı ekspert rəyindən görünür ki, vət. X1 göz almasının ağlı qişasına qansızma və sol gözyuvasıətrafı nahiyənin qançırları aşkar edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xəsarətlər xx.xx.2025-ci il tarixdə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərərvurmaya aiddir; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR CM-nin 73.2-ci maddəsi tətbiq edilərək xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxsin ifadəsi, işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.” İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs artıq bir dəfə, yəni xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 128 maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Onun yenidən AR CM-nin 128-ci maddəsi ilə məsuliyyətdən azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən istisna olunur. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-485/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-485/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver