Məhkəmə qərarları › İş №1(008)-490/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-490/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-490/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, X3 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 avqust 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 0078 nömrəli evin pəncərəsini açmaqla qanunsuz olaraq evə daxil olub oradan 800 manat dəyərində olan «Goronje» modelli kondisionerin iç hissəsini, hər birinin dəyəri 50 manat olmaqla 02 ədəd ümumilikdə 100 manat dəyərində kişi şalvarını, hər birinin dəyəri 40 manat olmaqla 04 ədəd ümumilikdə 160 manat dəyərində qadın şalvarını, 01 ədəd 1800 manat dəyərində «Tohsiba» markalı notebooku, hər birinin dəyəri 90 manat olmaqla 02 ədəd ümumilikdə 180 manat dəyərində kişi smart qol saatını, 01 ədəd 35 manat dəyərində kişi köynəyini, 01 ədəd 80 manat dəyərində kişi üçün ətir, 10 manat dəyərində bir qutu içərisində 6 ədəd stəkanları, 80 manata alınmış “Qurani-Kərim” kitabını, 45 manat dəyərində Wİ-Fİ aparatını, 2 manat pul, 70 manat dəyərində kabel televiziya aparatını, 33 manat dəyərində saç fenini, 60 manat dəyərində bıçaq dəstini, 100 manat dəyərində bal, 42 manat dəyərində 03 kq dana ətini, 50 manat dəyərində kişi eynəyini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 3647 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 noyabr 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin pəncərəsinə əli ilə mexaniki təsir göstərib açaraq qanunsuz olaraq pəncərədən yaşayış sahəsinə daxil olaraq, mənzildən sonuncuya məxsus 900 manat dəyərində olan kombi aparatı, 80 manat dəyərində su qızdırıcısı, 400 manat dəyərində musiqi mərkəzi, 200 manat dəyərində qadın plaşı, 150 manat dəyərində kişi paltosu, 80 manat dəyərində qadın donu, 40 manat dəyərində divan örtüyü və 40 manat dəyərində qadın köynəyini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 noyabr 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus məxsus ünvan 4 ünvanında yerləşən evə qanunsuz daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində «Samsung» markalı televizoru, 300 manat dəyərində gümüş qolbaq sırğa dəstini, 01 ədəd 100 manat dəyərində kişi paltosunu, 01 ədəd 250 manat dəyərində qadın gödəkcəsini, 765 manat dəyərində restoran aparaturasını, 600 manat dəyərində 01 ədəd samovarı, 1000 manat dəyərində «ROBELLA» markalı kombi istilik sisteminin daxili hissələrini, 1800 manat dəyərində gümüş yemək dəstini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 5115 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 dekabr 2023-cü il tarixdə saat 10-dan 17 dekabr 2023-cü il tarix saat 16 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi 27 saylı evin 4 saylı mənzilinə giriş qapısını açıb qanunsuz olaraq daxil olmaqla mənzildə quraşdırılmış 850 manat dəyərində kombi aparatının iç hissəsini və 140 manat dəyərində suqızdırıcı aparatın iç hissəsini söküb, 01 ədəd 500 manat dəyərində «Samsung» markalı televizor, 01 ədəd 1700 manat dəyərində Türkiyə Respublikası istehsalı kişi gödəkcəsi, 01 ədəd 650 manat dəyərində Türkiyə Respublikası istehsalı kişi dəri gödəkcəsi, 01 ədəd 1500 manat dəyərində velosiped, hər birinin dəyəri 100 manat olmaqla 14 cüt ümumilikdə 1400 manat dəyərində kişi ayaqqabılarını, ümumi dəyəri 500 manat olmaqla 7 ədəd kişi ətirlərini, hər birinin dəyəri 50 manat olmaqla 04 ədəd ümumilikdə 200 manat dəyərində kişi şalvarlarını, 300 manat dəyərində kişi kostyumunu, hər birinin dəyəri 40 manat olmaqla 08 ədəd ümumilikdə 320 manat dəyərində kişi köynəyini, 40 manat xırda pul, 80 manat dəyərində hamam aksesuarlarını, hər birinin dəyəri 60 manat olmaqla 02 ədəd ümumilikdə 120 manat dəyərində kişi jiletləri, 01 ədəd saç qırxan aparatı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 8300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə saat 10 radələrindən 09 yanvar 2024-cü il tarix saat təxminən 20:30 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin plastik qapısını açmaqla qanunsuz olaraq evə daxil olub oradan ümumi dəyəri 2600 manat olan 25 qram çəkidə 583 əyyarlı Rusiya istehsalı brilyant dəsti, 3500 manat dəyərində 30 qram çəkidə 750 əyyarlı İtalya istehsalı «Versace» brendinə məxsus 01 ədəd brilyant kolyeni, 700 manat dəyərində 10 qram çəkidə 750 əyyarlı İtalya istehsalı olan «Versace» brendinə məxsus qızıl klonu, 01 ədəd 350 manat dəyərində 3,5 qram çəkidə Rusiya istehsalı 565 əyyarlı qızıl üzüyü gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs5 7150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsdən azad olunduqdan bir müddət sonra maddi sıxıntıları yarandığı üçün oğurluq edərək pul əldə etməyi qərarlaşdırmışdır. Bu məqsədlə, 13 avqust 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4-cü Mədən küçəsi ərazisində yerləşən evin pəncərəsini açmaqla qanunsuz olaraq evə daxil olub oradan kondisionerin iç hissəsini, 02 ədəd kişi şalvarını, 04 ədəd qadın şalvarını, 01 ədəd notebooku, 02 ədəd kişi smart qol saatını, 01 ədəd kişi köynəyini, 01 ədəd kişi üçün ətir, bir qutu içərisində 6 ədəd stəkanları, “Qurani-Kərim” kitabını, Wİ-Fİ aparatını, 2 manat pul, kabel telviziya aparatını, saç fenini, bıçaq dəstini, bal, kişi eynəyini gizli olaraq talamışdır. O, növbəti dəfə 07 noyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu, Q.Musabəyov küçəsi ünvanında yerləşən mənzilin pəncərəsinə əli ilə mexaniki təsir göstərib açaraq qanunsuz olaraq pəncərədən yaşayış sahəsinə daxil olaraq, mənzildən kombi aparatı, su qızdırıcısın, musiqi mərkəzi, qadın plaşı, kişi paltosu, qadın donu, divan örtüyü və qadın köynəyini oğurlamışdır. Bundan başqa, o, 23 noyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi R.Məcidov küçəsi ünvanında yerləşən evə qanunsuz daxil olaraq oradan 01 ədəd «Samsung» markalı televizoru, gümüş qolbaq sırğa dəstini, 01 ədəd kişi paltosunu, 01 ədəd qadın gödəkcəsini, restoran aparaturasını, 01 ədəd samovarı, kombi istilik sisteminin daxili hissələrini, gümüş yemək dəstini gizli olaraq talamışdır. Bundan başqa o, 2023-cü ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi 27 saylı evin 4 saylı mənzilə giriş qapısını açıb qanunsuz olaraq daxil olmaqla mənzildə quraşdırılmış kombi aparatının iç hissəsini və suqızdırıcı aparatın iç hissəsini sökmüş, 01 ədəd «Samsung» markalı televizor, 01 ədəd kişi gödəkcəsi, 01 ədəd kişi dəri gödəkcəsi, 01 ədəd velosiped, müxtəlif geyim əşyalarını, kişi ətirlərini, xırda pul, hamam aksesuarlarını, 01 ədəd saç qırxan aparatı gizli olaraq talamışdır. Növbəti dəfə o, 2024-cü ilin yanvar ayında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin plastik qapısını açmaqla qanunsuz olaraq evə daxil olub oradan brilyant dəsti, 01 ədəd brilyant kolyeni, qızıl klonu, 01 ədəd qızıl üzüyü gizli olaraq talamışdır. Oğurladığı əşyalardan bəzilərini zərərçəkmiş şəxslərə qaytarılmışdır. Bununla əlaqədar barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət işi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi ev 27, mənzil 4 ona məxsusdur. 15 dekabr 2023-cü il tarixdə, səhər 10 radələrində iki gün müddətində qonaq getmiş, evdən çıxan zaman mənzilin qapısını və pəncərəsini bağlamışdır. 17 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı mənzilə geri qayıtdığı zaman evin həyətyanı sahəsinin və giriş qapısının açıq olduğunu görərək mənzilə daxil olmuş, mənzil olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evdən oğurluq edildiyini anladığı üçün mənzilə baxış keçirmiş, 850 manat dəyərində kombi aparatının iç hissəsinin, 140 manat dəyərində suqızdırıcı aparatın iç hissəsinin, 01 ədəd 500 manat dəyərində Samsung markalı televizorun, 01 ədəd 1700 manat dəyərində Türkiyə Respublikası istehsalı kişi gödəkcəsinin, 01 ədəd 650 manat dəyərində Türkiyə Respublikası istehsalı kişi dəri gödəkcəsi, 01 ədəd 1500 manat dəyərində velosipedin, 14 cüt hər birinin dəyəri 100 manat olan kişi ayaqqabılarının, 7 ədəd ümumi dəyəri 500 manat olan kişi ətirlərinin, 04 ədəd hər birinin dəyəri 50 manat ümumi dəyəri 200 manat olan kişi şalvarlarının, 300 manat dəyərində kişi kostyumunun, 08 ədəd hər birinin dəyəri 40 manat ümumi dəyəri 320 manat dəyərində kişi köynəyinin, 40 manat xırda pulun, 80 manat dəyərində hamam aksesuarının, 02 ədəd hər birinin dəyəri 60 manat ümumi dəyəri 120 manat olan kişi jiletinin, 01 ədəd saç qırxan avadanlığın oğurlandığını müəyyən etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra polis əməkdaşları oğurluq faktının baş verdiyi mənzilə gələrək baxış keçirmiş, daha sonra ərizə və izahatı alınmışdır. Baş vermiş hadisə zamanı ona ümumilikdə 8300 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında cinayət işi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 0078 nömrəli ev ona məxsusdur. 13 avqust 2023-cü il tarixdə ailə üzviləri ilə birlikdə qeydiyyatda olduğu Gədəbəy rayonuna istirahətə getmiş, 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhərinə yaşadığı mənzilə geri qayıtmışdır. O, yaşadığı mənzilin pəncərəsinin açıq olduğunu görərək ona məxsus mənzildən oğurluq edildiyindən şübhələnmiş, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə özünə məxsus mənzilə daxil olaraq baxış keçirmiş, 800 manat dəyərində olan Goronje modelli kondisionerin iç hissəsini, hər birinin dəyəri 50 manat olan ümumilikdə 100 manat dəyərində 02 ədəd kişi şalvarı, hər birinin dəyəri 40 manat olan ümumi 160 manat dəyərində 4 ədəd qadın şalvarı, 1800 manat dəyərində Tohsiba markalı notebook, hər birinin dəyəri 90 manat olan ümumi 180 dəyərində 02 ədəd kişi smart qol saatı, 35 manat dəyərində 01 ədəd kişi köynəyi, 80 manat dəyərində kişi üçün ətir, bir qutu içərisində 6 ədəd stəkan olan 10 manat dəyərində stəkanlar, 80 manata alınmış “Qurani-Kərim” kitabı, 45 manat dəyərində Wİ-Fİ aparatı, 2 manat pul, 70 manat dəyərində kabel televiziya aparatı, 33 manat dəyərində saç feni, 60 manat dəyərində bıçaq dəsti, 100 manat dəyərində bal, 42 manat dəyərində 03 kq dana ətini, 50 manat dəyərində olan kişi eynəyinin oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3647 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında cinayət işi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 08 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətin giriş qapısını bağlayaraq övladları ilə birlikdə Xaçmaz rayonuna getmiş, 09 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində yaşadğı mənzilə qayıtmış və oğlu həyətin giriş qapısını açmaq istəmişdir. Bundan sonra oğlu hasardan keçərək giriş qapısını içəri hissədən açmış, o, həyətə daxil olmuş, həmin vaxt mənzildə olan bəzi əşyalar evin həyətanı sahəsinə dağılmış, mənzilin isə plastik qapısı açıq olmuşdur. Onlar yaşadıqları evdən oğurluq olmasından şübhələnmiş və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra ora polis əməkdaşları gəlmişlər. Onlar ilkin mənzilə baxış keçirən vaxt mənzildən yataq otağında paltar dolabının üstündə saxladığı 01 ədəd qadın üçün nəzərdə tutulmuş üzərində brilyant qaşlar olan təxminən 25 qram çəkidə 750 əyyarlı İtalya istehsalı Versace brendinə məxsus 3500 manat dəyərində qızıl kolye, 01 ədəd 350 manat dəyərində 3,5 qram çəkidə Rusiya istehsalı 565 əyyarlı qızıl üzük, 01 ədəd 480 manat dəyərində qızıl klon, paltar dolabından 01 ədəd 2500 manat dəyərində qara rəngli qadın üçün xəz və bundan başqa çoxlu sayda pal-paltar və yataq dəstlərinin oğurlanmasını aşkar etmişdir. Oğlu bununla bağlı Sabunçu RPİ-in 12-ci PŞ-nə ərizə yazaraq ərizədə yuxarıda qeyd olunanları yazmışdır. Daha sonra yaşadığları mənzilə qayıdaraq mənzilə yenidən baxış keçirmişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, ümumi dəyəri 2600 manat olan 25 qram çəkidə 583 əyyarlı Ruysiya istehsalı brilyant dəst, 3500 manat dəyərində 30 qram çəkidə 750 əyyarlı İtalya istehsalı Versace brendinə məxsus 01 ədəd brilyant kolye, 700 manat dəyərində 10 qram çəkidə 750 əyyarlı İtalya istehsalı olan Versace brendinə məxsus qızıl klon, 01 ədəd 350 manat dəyərində 3,5 qram çəkidə Rusiya istehsalı 565 əyyarlı qızıl üzük oğurlanmışdır. Digər əşyaları isə o, mənzildə sellofan paketlərdən tapmışdır. Baş vermiş hadisə zamanı ona ümumilikdə 7150 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunaq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdir ki, Türkiyə Respublikasında yaşayır. 23 noyabr 2023-cü il tarixdə səhər saatlarında rəfiqəsi İrina Xəlilova onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq yaşadığı evdə olub olmadığını soruşmuş, o, mənzildə olmadığını bildirdikdə, İrina ona yaşadığı mənzilin giriş qapısının açıq olmasını bildirmişdir. O, bundan sonra qohumluq əlaqəsi olan Cəlil Xəlilova zəng vuraraq onun mənzilinə getməyini demişdir. Cəlil ona məxsus mənzilə getmiş və oradan onunla əlaqə saxlamışdır. O, sonuncuya mənzilin giriş qapısnını bağlamağını bildirmişdir. Cəlil onun həyətyanı sahəsinin giriş qapını İrina ilə birlikdə bağlamışlar. 25 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərinə gəlmişdir. Yaşadığı mənzilə daxil olaraq ora DİN-nin 102 xidmətinə zəng vurub polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar və o, ilkin izahat yazmışdır. Polis əməkdaşları getdikdən sonra mənzilə baxış keçirən zaman mənzildən 01 ədəd 300 manat dəyərində Samsung markalı televizor, 300 manat dəyərində gümüş qolbaq sırğa dəsti, 01 ədəd 100 manat dəyərində kişi paltosu, 01 ədəd 250 manat dəyərində qadın gödəkcəsi, 765 manat dəyərində restoran aparaturası, 600 manat dəyərində 01 ədəd samovar, 1000 manat dəyərində ROBELLA markalı kombi istilik sisteminin daxili hissələrinin, 1800 manat dəyərində gümüş yemək dəstinin oğurlanmasdını aşkar etmişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 5115 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində doğulduğu Gürcüstana istirahət etmək üçün getmişdir. Həmin vaxt yaşadığı ünvan 3 ünvanında olan mənzilin qapısını kilid ilə bağlamış və mənzilin açarını qohumu Samirə vermişdir. Bundan sonra Gürcüstana getmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonlarında Gürcüstandan Rusiya Federasiyasına müalicə almaq üçün getmişdir. 10 noyabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Hava limanında onu qarşılayan qohumu Samir bildirmişdir ki, ona məxsus mənzildə oğurluq hadisəsi baş vermişdir və sonuncu bununla bağlı 12-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. O, yaşadığı mənzilə gələrək mənzildən nələr oğurlandığını aşkar etmək üçün mənzilə baxmışdır. Həmin vaxt müəyyən etmişdir ki, özünə məxsus 900 manat dəyərində olan kombi aparatı, 80 manat dəyərində suqızdırıcı, 400 manat dəyərində musiqi mərkəzi, 200 manat dəyərində qadın plaşı, 150 manat dəyərində kişi paltosu, 80 manat dəyərində qadın donu, 40 manat dəyərində divan örtüyü və 40 manat dəyərində qadın köynəyi oğurlamışdır. Baş vermiş hadisə zamanı ona ümumilikdə 1890 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023cü ilin iyul ayının əvvəllərində qohumu Adilə doğulduğu Gürcüstana istirahət etmək üçün getmişdir. Həmin vaxt sonuncu yaşadığı ünvan 3 ünvanında olan mənzilin qapısını kilid ilə bağlamış və mənzilin açarını ona vermişdir. xx.xx.2023-cü il tarixli baldızı Adiləyə məxsus Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi ev 67 B fərdi yaşayış evinə nəzarət edirmiş və evə baxış keçirən zaman hər hansı bir oğurluq hadisəsi aşkar etməmişdir. Mətbəx otağı fərdi yaşayış evinə daxil olmadığına görə və həmin otaq ayrı olduğuna görə su qızıdırıcısı və kombi sistemi mətbəx otağında yerləşmişdir. xx.xx.2023cü il tarixdə səhər saat 10 radələrində yenidən həmin evə baxış keçirən zaman müəyyən etmişdir ki, evin qapı pəncərəsi bağlı olsa da mətbəx otağının qapısı plastik olduğundan onun orta kant hissəsini çıxardaraq oradan Novella markalı olan kombi sistemin və köhnə su qızıdırıcısını sökərək onların içində olan mis detallarını oğurlamışlar. Məhkəmə iclasında ifadəsi elan olunaq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017ci ildən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 28 ünvanında təxminən 9 kv/m ərazisi olan dükanı aylıq 500 manata icarəyə götürərək qızıl zinyət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 09 yanvar 2024-cü il tarixdə saat təxminən 10 radələrində çalışdığı dükanda olan zaman bir nəfər təxminən 45 yaşında kişi cinsli və yanında 20 yaşında bir xanım dükana yaxınlaşmışlar. Həmin şəxs ona qızıl satmaq istəməsini bildirmişdir. O, həmin şəxsdən qızılın oğurluq olub olmamasını soruşmuş, həmin şəxs bildirmişdir ki, qızıllar həyat yoldaşına məxsusdur. Bundan sonra o, sonuncudan qızıllara baxmaq üçün qızılları istəmişdir. Həmin qızıllar yerli mal sayılan yəni üzəri 585, alt hissəsi 750 əyyar olan 18,5 qr çəkidə komplekt 1 cüt sırğa və 1 ədəd üzük olmuşdur. O, həmin qızılları Şahid3 şəxsiyyət vəsiqəsinin surəti ilə almış və həmin qızıllar müqabilində 1200 manat pulu həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs 1 ədəd klonu və qırıq sepi ona təqdim edərək qiyməti ilə maraqlanmışdır. Həmin klon və sepi çəkdikdən sonra o, sonuncuya 1270 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs satmayacağını bildirərək klon və sepi götürüb getmişdir. Həmin gün təxminən 3 saat sonra həmin şəxs tək dükana gələrək 01 ədəd klonu və qırıq sepi ona təqdim etmişdir. Klon və sep 18,67 qr çəkidə olmuşdur. O, həmin şəxsə 1270 manat pul ödəmişdir. Klon və sepi alarkən həmin şəxs heç bir sənəd təqdim etməmiş və o, da bir gün öncə Şahid3 şəxsiyyət vəsiqəsi ilə həmin şəxsdən qızıl aldığındən sonuncudan heç bir sənəd tələb etməmişdir. Həmin gündən sonra o, qeyd olunan şəxsləri görməmişdir. O, həmin qızılları tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Gülnarə Şeydayevanın ikinci həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onlarla birlikdə yaşayır. 2023-cü ilin yanvar ayında sonuncu həbsdən azad olunmuşdur. Həbsdən azad olunduqdan sonra heç bir yerdə işləməmişdir. Ailəni anası dolandırır. 09 yanvar 2024-cü il tarixdə səhər saat təxminən 8 radələrində o, səhər yuxudan durduqdan sonra yaşadığı mənzildə atası ona bildirmişdir ki, bibisi xəstədir və sonuncunun müalicəsinə pul lazımdır. Buna görə də bibisi özünə məxsus qızılları atasına vermişdir ki, həmin qızılları lombarda girov qoyaraq pul götürüb bibisinə versin. Lakin həmin qızılları lombarda girov qoymaq üçün şəxsiyyət vəsiqəsi lazımdır. Atasının isə şəxsiyyət vəsiqəsi yoxdur. Bunun üçün ondan xahiş etmişdir ki, o, sonuncu ilə gedərək həmin qızılları lombarda girov onun şəxsiyyət vəsiqəsi ilə qoysunlar. O, sonuncu ilə razılaşmışdır. Bundan sonra atası və azyaşlı qardaşı Nihat birlikdə avtobus ilə metronun Qara Qarayev stansiyasının yaxınlığına gəlmişlər. Atası bir qızıl dükanının açıq olduğunu görüb oranın lombard olmasını bildirmişdir. Onlar hər üçü həmin dükana daxil olmuşlar. Atası cibindən pul kisəsinə oxşar bir əşya çıxararaq içindən sarı qızıla bənzər əşyalar çıxarıb orada çalışan xanıma təqdim etmiş və sonra isə ondan şəxsiyyət vəsiqəmi istəmişdir. O, şəxsiyyət vəsiqəsini cibindən çıxaraq sonuncuya vermişdir. Atası isə öz növbəsində həmin şəxsiyyət vəsiqəsini qadına vermişdir. Həmin vaxt dükanda çalışan qadın qızıl və şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və şəxsiyyət vəsiqəsini ona vermişdir. Sonra isə dəqiq xatırlamadığı məbləğdə pulu atasına vermişdir. Bundan sonra onlar hər üçü dükanı tərk edərək bayıra çıxmışlar. O, atası və qardaşından ayrılaraq dərsə getmişdir. Sonra atasından məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-14811/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 25 noyabr 2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ elinin şəhadət (suvenirin şüşəsi üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-14054/2023 nömrəli, 18 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, 08 noyabr 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi (02 dəfə) (su qızdırıcının üzərindən götürülmüş izlər) ilə eynilik təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsində olan 23 yanvar 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-11410/2023 nömrəli, 23 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə ünvan 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Sabunçu RPİ-nin MSY-dən daxil olan) xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (02 dəfə) (plastik pəncərənin üzərindən götürülmüş izlər) ilə eynilik təşkil etmişdir.Digər eyniliklər müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 166-171-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-47/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 219-224-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-141/2022 nömrəli, 30 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 234-243-cü vərəqəsində olan 12 mart 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluqlarla bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 26-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 27-28-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 9/830 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 176 müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 34-46-cı vərəqəsində olan 04 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023cü il tarixdə ünvan 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, Şahid2 tərəfindən təqdim edilən 01 ədəd A4 kağızda foto və 01 ədəd CD-disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs müəyyən olunaraq götürülümüş “üzərində markalanma göstəricisi olmayan içərisi cırılmış, sökülmüş vəziyyətdə 20sm x 22sm ölçülü 01 ədəd çanta, Çin istehsalı “Nevval” markalı, NVVL-747 model ütü 01 ədəd, taxta materialdan hazırlanmış oyuncaq maşın, qara rəngli üzərində markalanma göstəricisi olmayan smart tipli qol saatı (təyinatı üzrə yararsız) 01 ədəd, üzərində rolex X1” yazıları olan qol saatı 01 ədəd, üzərində “Darenpj” yazısı olan 30smx24sm ölçülü çanta 01 ədəd, üzərində “X4” yazısı olan qara rəngli şalvar 01 ədəd, üzərində “PRBLC 1980” yazısı olan cins şalvar 01 ədəd, üzərində markalanma göstərici olmayan ağ-yaşıl-mavi rəngli kofta 01 ədəd, qara rəngli üzərində “X5 to win healty” yazısı olan gpdəkcə 01 ədəd, göy rəngli, üzərində “Natiaojie Raw İDE099” yazısı olan papaqlı qısaqol gödəkcə 01 ədəd, qara rəngli 110 sm uzunluğunda kişi bel kəməri (qayış uzun müddət istifadə olunmuş) 01 ədəd sahibləri müəyyən olunmadığından Sabunçu RPİ-nin MSK-na, üzərində “Massimo Dutti” yazısı olan köynək 01 ədəd 10 manat, üzərində “Castello dora” yazısı olan köynək 01 ədəd, üzərində “Uki” yazısı olan kostyum dəst 01 ədəd, üzərində “tomas Guerriero” yazısı olan pencək 01 ədəd iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 216-218-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-985/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzanını çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 04 iyun 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın 02 (iki) ay 20 (iyirmi) gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsi və himayəsində yetkinlik yaşına çatmayan övladının olması cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin təhlükəli resvidini isə cəzanı ağrılaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 985/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli hökmü ilə və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-141/2022 nömrəli, 30 mart 2022-ci il tarixli tarixli hökmü ilə məhkumluqları ödənilməmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs müəyyən olunaraq götürülümüş “üzərində markalanma göstərici olmayan içərisi cırılmış, sökülmüş vəziyyətdə 20smx22sm ölçülü 01 ədəd çanta, Çin istehsalı “Nevval” markalı, NVVL-747 model ütü 01 ədəd, taxta materialdan hazırlanmış oyuncaq maşın, qara rəngli üzərində markalanma göstəricisi olmayan smart tipli qol saatı (təyinatı üzrə yararsız) 01 ədəd, üzərində “Rolex X1” yazıları olan qol saatı 01 ədəd, üzərində “Darenpj” yazısı olan 30smx24sm ölçülü çanta, 01 ədəd üzərində “X4” yazısı olan qara rəngli şalvar, 01 ədəd üzərində “PRBLC 1980” yazısı olan cins şalvar, 01 ədəd üzərində markalanma göstərici olmayan ağ-yaşıl-mavi rəngli kofta, 01 ədəd qara rəngli üzərində “X5 to win healty” yazısı olan gödəkçə, 01 ədəd göy rəngli, üzərində “Natiaojie Raw İDE099” yazısı olan papqlı qısaqol gödəkçə, 01 ədəd qara rəngli 110 sm uzunluğunda kişi bel kəməri (qayış uzun müddət istifadə olunmuş) sahibləri müəyyən olunanadək məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, Şahid2 tərəfindən təqdim edilən 01 ədəd A4 kağızda foto və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, üzərində “Massimo Dutti” yazısı olan köynək 01 ədəd 10 manat, üzərində “Castello dora” yazısı olan köynək 01 ədəd, üzərində “Uki” yazısı olan kostyum dəst 01 ədəd, üzərində “tomas Guerriero” yazısı olan pencəyin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs müəyyən olunaraq götürülmüş “üzərində markalanma göstərici olmayan içərisi cırılmış, sökülmüş vəziyyətdə 20smx22sm ölçülü 01 ədəd çanta, Çin istehsalı “Nevval” markalı, NVVL-747 model ütü 01 ədəd, taxta materialdan hazırlanmış oyuncaq maşın, qara rəngli üzərində markalanma göstəricisi olmayan smart tipli qol saatı (təyinatı üzrə yararsız) 01 ədəd, üzərində “Rolex X1” yazıları olan qol saatı 01 ədəd, üzərində “Darenpj” yazısı olan 30smx24sm ölçülü çanta, 01 ədəd üzərində “X4” yazısı olan qara rəngli şalvar, 01 ədəd üzərində “PRBLC 1980” yazısı olan cins şalvar, 01 ədəd üzərində markalanma göstərici olmayan ağ-yaşıl-mavi rəngli kofta, 01 ədəd qara rəngli üzərində “X5 to win healty” yazısı olan gödəkçə, 01 ədəd göy rəngli, üzərində “Natiaojie Raw İDE099” yazısı olan papqlı qısaqol gödəkçə, 01 ədəd qara rəngli 110 sm uzunluğunda kişi bel kəməri (qayış uzun müddət istifadə olunmuş) sahibləri müəyyən olunanadək məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, üzərində “Massimo Dutti” yazısı olan köynək 01 ədəd 10 manat, üzərində “Castello dora” yazısı olan köynək 01 ədəd, üzərində “Uki” yazısı olan kostyum dəst 01 ədəd, üzərində “tomas Guerriero” yazısı olan pencəyin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar - xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, Şahid2 tərəfindən təqdim edilən 01 ədəd A4 kağızda foto və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar