Məhkəmə qərarları › İş №1(008)-494/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-494/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-494/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Babalı oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il təvəllüdlü, Lənkəran şəhərində olmuş, Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda qanunsuz və əvəzsiz olaraq əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs əlaqə və imkanlarından istifadə etməklə sonuncunu Bakı şəhəri ərazisində olan məktəblərdən birinə drektor vəzifəsinə təyin etdirəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs məxsus “Nissa Tida” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 21.500 manat və həmin dövürdə Azərbaycan məzənnəsi ilə 8.500 manat təşkil edən 5.000 ABŞ dollar olmaqla 21 aprel 2022-il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində Bilgəh Pirşağı yolunun kənarında “İstanbul Meyhanə” restoranının yaxınlığında ümumilikdə 30.000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 30.000 manat pulu onu məktəblərin birində direktor vəzifəsinə təyin etmək üçün almışdır. 2018-ci il tarixdə onun Lənkəran şəhərində olan obyektləri yanmışdır və bu səbəbdən maddi sıxıntıları başlamışdır. O, zərərçəkmiş şəxsi Azər adlı tanışı vasitəsilə tanımışdır. 21 aprel 204-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, Bilgəh Pirşağı yolunun kənarında “İstambul Meyhanə” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs və Azərlə görüşmüşdür. Onlar Naibə xanımın maşınında oturaraq bir qədər söhbət etmişdirlər. Söhbət əsnasında o, Naibə xanıma onu məktəblərdən birinə direktor vəzifəsinə düzəldəcəyinə söz vermişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Naibə xanım çantasından 30.000 manat pulu çıxararaq ona vermişdir. Daha sonra onlar sağollaşmışlar. O, Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs pulu qaytarmaqda çətinlik çəkməyə başlamışdır. Zərərçəkmiş şəxs ona mütəmadi olaraq zəng edirdi və verdiyi pulu tələb edirdi o, isə sonuncuya bildirmişdir ki, maddi vəziyyəti pisdir imkan olan kimi həmin vəsaiti qaytaracaqdır. Daha sonra isə Zərərçəkmiş şəxs ondan polis orqanlarına şikayət etmiş o, axtarışda olduğu üçün heç bir yerdə işləyib Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Şahid 30.000 manat puldan heç bir vəsait verməmişdir. Əməlindən peşmandır. Azadlıqda olarkən onun sexi olmuş, yaxşı dövriyyəsi olmuşdur. Yenə də azadlıqda olsa işləyib zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilər. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı Salvyan Universitetində rus dili ədəbiyyat müəlliməsi işləyir. 2021-ci ilin iyun ayında məktəb drektoru keçmək üçün Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə imtahanında iştirak etmiş 40 baldan keçid balını toplamış və öyrənmişdir ki, imtahandan keçmişdir. İmtahandan 2 gün sonra onu Elm və Təhsil Nazirliyinin yanında yerləşən 211 saylı məktəbə müsabiqəyə çağırmışlar və o, həmin müsabiqədə iştirak etmişdir. Bundan sonra gözləmişdir ki, onu dəvət edəcəklər və drektor vəzifəsinə təyin edəcəklər. Lakin uzun vaxt keçsə da onunla əlaqə saxlayan olmamış və o başqa yollar axtarmağa başlamışdır ki, tanışlıqla bəlkə bu məsələni həll edə bilsin. Söhbət əsnasında şagirdi Adilin atası Şahid ilə danışanda sonuncu ona demişdir ki, tanışı var Ramil adlı şəxsdir Emin Əmrullayevin evində təmir işləri görür və Ramil ilə yaxın münasibəti vardır. O, Azərdən xahiş etmişdir ki, sonuncu imkan varsa Ramil ilə danışın. Bundan sonra Azər və o, Ramil ilə Neftçilər metrosunun yaxınlığında görüşmüşlər. Ramil ona demişdir ki, Elim və Təhsil naziri Emin Əmirullayevin evində təmir işləri görür və sonuncuya bu məsələ ilə bağlı söz deyə bilər. Həmçinin söhbət zamanı Ramil ona demişdir ki, sənədlərini hazırlasın ki, həmin sənədləri X2 təqdim etsin. O, bununla bağlı Ramilə öz razılığını verərək sənədlərini (CV, drektor keçmək üçün sertifikat, diplomumun surətini, tərəqqi medalını təsdiq edən sənədin surətlərini) hazırlayıb Azər vasitəsi ilə Ramilə göndərmişdir. Bundan bir hafta sonra Azər onunla əlaqə saxlamış və demişdir ki, Ramil bu işin həlli üçün 30.000 manat pul istəyir əgər həmin pul verilsə 1 ay ərzində onu Bakı şəhər üzrə məktəblərdən birinə drektor vəzifəsinə işə götürəcəklər O, bu hala sevinərək razılıq vermiş və özünə məxsus olan qızıl-zinət əşyalarını satıb əlində olan pulun üstünə qoyaraq 30 000 manat düzəltmiş və Azərlə görüşüb 21 aprel 2022- ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Bilgəh Pirşağı yolunun üstündə yerləşən “İstanbul meyhane” restoranının yaxınlığına gedib orada Ramillə görüşmüşər. Ramil həmin yerdə onunla görüşdə demişdir ki, narahat olmasın onun sənədlərini Emin müəllimə vermişdir sonuncu da sənədlərə baxdıqdan sonra bildirmişdir ki, hər bir sənəd qaydasındadır. O, istifadəsində olan “Nissan Tida” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobildə 30 000 manat pulu Ramilə təqdim etmişdir. Həmçinin pulu Ramilə verən zaman istifadəsində olan mobil telefonla Ramili videya çəkmişdir ki, birdən sonuncu onu aldatsa əlində sübutu olsun. Təqsirləndirilən şəxs pulu sayıb götürdükdən sonra bildirmişdir ki, 1 həftəyə məsələ həllini tapacaqdır. O, Ramilin dediyi kimi nəinki 1 həftə hətta 1 ay gözləmiş lakin Ramildən hər hansı bir xəbər çıxmamışdır, o Ramilə pulun qayıtmadığı təqdirdə polis orqanlarına müraciət edəcəyini bildirdikdə Ramil hər dəfə müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. O, bir qədər də gözləmək qərarına gəlmiş, Azər demişdir ki, səbrli olsun pulu götürüb ona verəcəkdir. Amma bunlara baxmayaraq Ramil pulu vermirdi və hədə qorxu gəlirdi ki, o, dövlət işində işləyir əgər şikayət etsə onunda başı ağrıyacaqdır. Lakin Təqsirləndirilən şəxs uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmadığını görüb sonuncudan şikayət etmək qərarına gəlmişdir. Mülki iddiasını müdafiə edir, cinayət nəticəsində dəymiş ziyanın, yəni 30000 manat pulun və 180 manat dövlət rüsumunun ümumilikdə 30180 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cəza ilə bağlı məsələnin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı Slavyan Universitetində rus dili ədəbiyyat müəlliməsi işləyən Zərərçəkmiş şəxs onun oğlu Adilin müəllimidir. Belə ki, oğlu Adil sonuncunun yanına hazırlığa getmişdir. Naibə müəllimə ilə münasibətləri yaxşı olduğu üçün sonuncu ilə danışan zaman demişdir ki, imtahan verib lakin onu direktor vəzifəsinə təyin etmirlər. O, Zərərçəkmiş şəxs dediyini öz yaddaşında saxlamış və bu barədə təsadüfi söhbət nəticəsində 17 ildir tanıdığı Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, narahat olmasın, o, Emin Əmrullayevin evində usta kimi çalışır Naibə müəllimənin işini həll edə bilər. O, bu barədə Naibə müəlliməyə məlumat vermiş, sonuncu sevinmişdir. O Ramil ilə Zərərçəkmiş şəxs Neftçilər metrosunun yaxınlığında görüşdürmüşdür. Görüş zamanı Ramil ona dediyi sözlərin eynisini Zərərçəkmiş şəxs də demişdir. 1 həftə sonra Zərərçəkmiş şəxs imtahan nəticələrini və digər sənədlərinin surətini ona vermiş o da, həmin sənədləri Təqsirləndirilən şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində təqdim etmişdir. Ramil bundan bir neçə gün sonra ona bildirmişdir ki, müəllimənin işi üçün 30.000 manat pul lazımdır. O, bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs məlumat vermiş Zərərçəkmiş şəxs öz razılığını vermişdir. Təxminən 2 həftə sonra pul hazır olanda Naibə xanımla bir yerdə 21 aprel 2022-ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi Bilgəh Pirşağı yolunun üstündə yerləşən “İstanbul meyhane” restoranının yaxınlığına Ramil ilə görüşmüşlər. Naibə xanımın istifadəsində olan “Nissan Tida” markalı ** GY *** dövlət nömrə nişanlı avtomobildə 30.000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. O, pulu sayıb götürmüş və demişdir ki, 1 həftəyə xəbər verəcəkdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək dediyi vaxtda işi görə bilməmiş və ona təqdim edilən 30.000 manat pulu qaytarmaqdan yayınmağa başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və iş icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və xx.xx.2025-ci il tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-207/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025ci il tarixdən hesablanmaqla 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona qarşı dələduzluq etmiş Təqsirləndirilən şəxs 30.000 manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun, cəmi 30180 manat pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. DVD diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “həmin DVD diskə baxış keçirən zaman məlum olmuşdur ki, diskdə 01 ədəd fayl vardır. Həmin fayl açıldıqda məlum olur ki, 05 dəqiqə 41 saniyə davam edən video görüntü vardır. Həmin videogörüntüdə, avtomobilin ön sağ oturacağında zərərçəkmiş Zərərçəkmiş şəxs sükan arxasında Azər adlı şəxsin avtomobilin arxa oturacağında isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əyləşməsi görünür. Videogörüntüyə baxış keçirərkən məlum olur ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalandır. Belə ki, o, Zərərçəkmiş şəxs sonuncunun şəhər məktəblərinə direktor vəzifəsinə təhsil naziri Emin Əmirullayevin vasitəsi ilə təyin etdirəcəyini vəd edir. İş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək danışıqlardan: Təqsirləndirilən şəxs: mən nazirə deyə bilmərəm ki, konkret olaraq hansı məktəbə direktor təyin edəcəksən o axı ayıb olar” Zərərçəkmiş şəxs: amma elə elə ki, təyinat məsələsi 1 aydan gec olmasın. Təqsirləndirilən şəxs: Əşi o boyda nazirə söz deyilir e sənin üçün day bundan o tərəfi var bəyəm. Təqsirləndirilən şəxs: baxaaa əmrin olandan sonra əlavə olaraq 10.000 manatda verəcəksən bax bunu hesab kitab elə Azər adl şəxs: “bax ay müəllimə rasşotuvu bil əgər əmrin veriləndən sonra 10.000 manatı verə bilməyəcəksənsə heç indidən 30.000 manatı da, vermə çünki sonradan Ramilidə pis vəziyyətdə qoymayaq. Zərərçəkmiş şəxs: əmrim veriləndə baxarıq. Bundan sonra Zərərçəkmiş şəxs çantasından sellofan torbaya bükülmüş pulları çıxarır və Təqsirləndirilən şəxs bildirir ki, “burda 20.000 manat, 5000 ABŞ dolları və 1500 manat pul vardır ümumilikdə 30.000 manat edir” bundan sonra Təqsirləndirilən şəxs pulları götürərək bir qədər də söhbət edir və avtomobildən enir.” Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Nizami RPt-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xaraketerini, ictimai təhlükəlilik dərəsəcini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, AR CPM-nin 132.1.6-cı maddəsinə əsasən içərisində videogörüntü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 30.000 manat pul və 180 manat dövlət rüsumu, ümumilikdə 30180 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 30.180 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar