Məhkəmə qərarları › İş №1(008)-497/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-497/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-497/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsində məişət tullantılarının yığıldığı ərazidə tanışı Zərərçəkmiş şəxs onu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə evdən götürüb üzərində saxladığı zavod üsulu ilə hazırlanmış, məişət-təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən mətbəx çapacağı (qiyməkeş) ilə sonuncunun sol və sağ əl, həmçinin baş nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının sol nahiyəsinin, sol qulaq seyvanının, sol gicgah nahiyəsinin geniş sahəli çapılmış-kəsilmiş yaraları, sol əlin ovuc səthinin, sağ əlin İİ barmağının kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-29-11/2-71/2024 saylı, 24 iyun 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Məmmədli kəndi Əziz Əliyev küçəsi Abşeron rayonunun mülkiyyətindədir. Sözügedən əraziyə polis nəzarəti Sabunçu rayon Polis İdarəsi tərəfindən aparılır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024-dən görünür ki, Məmmədi kəndi inzibati ərazi dairəsi Abşeron rayonu ərazisinə daxildir. Həmçinin, Sabunçu rayonunun inzibati ərazi dairələrində Məmmədli qəsəbəsi yoxdur. Bundan başqa, Sabunçu rayon icra hakimiyyətinin rəsmi veb saytına baxış zamanı Bakı şəhəri Sabunçu rayonuna daxil olan qəsəbələr arasında Məmmədli qəsəbəsinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi çıxış edərək hər biri ayrı-ayrılıqda işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Dövlət ittihamçısı polisdən bununla bağlı sənəd olmadığından mövqe bildirə bilməyəcəyini bildirmişdir. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, 05 may 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsinin törədildiyi yer isə Abşeron rayonu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar