Məhkəmə qərarları › İş №1(008)-5/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-5/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-5/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində «Methadone 40» göstəricisi olan təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən kovalyut kəsiyində qəhvəyi rəngli dairəvi formalı bütöv 02 ədəd həb və 01 ədəd həbin yarısını və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,129 narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 iyun 2022-ci il tarixdə, saat 10:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Kürdəxanı market»-in qarşısında barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı üzərində «Methadone 40» göstəricisi olan təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən kovalyut kəsiyində qəhvəyi rəngli dairəvi formalı bütöv 02 ədəd həb və 01 ədəd həbin yarısını və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,809 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə, saat 11:37-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Oba» marketin qarşısında barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkisi 1,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər xuliqanlıq cinayətinə görə məhkum olunmuşdur. 02 iyun 2022-ci il tarixdə və 08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində olduğu zaman Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən polis bölməsinə aparılmış, polis bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, onun satış məqsədi olmadan narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün saat 10:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Kürdəxanı market»-in qarşısında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ kağız bükümü, 02 ədəd tam və 01 ədəd yarım həbi çıxararaq təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin, həblərin isə metadon olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm və həblər zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, saat 11:37-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Oba» marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş, bükümdə ağ rəngli, kristal şəkilli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (səh.,9). Cinayət işi materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddə aşkar olunaraq götürülmüşdür. (səh., 28-29). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. (səh.,43). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 6/4912 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N161” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,809 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən psixotrop maddə metamfetaminin qalıq çəkisi 1.759 qramdır. (səh., 44-45). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (səh.,82- 84). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (səh.,85). Cinayət işi materiallarında olan 02 iyun 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (səh.,110). Cinayət işi materiallarında olan 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş tünd qəhvəyi rəngli maddə və 03 ədəd həb aşkar olunaraq götürülmüşdür. (səh., 127-128). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. (səh.,135). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 6/3096 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan, “Şübhəli şəxsin üzərindən aşkar olunan narkotik maddə...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,129 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; kovalyut kəsiyində üzərində “Methadone 40” göstəricisi olan qəhvəyi rəngli, dairəvi formalı 2 ədəd bütöv həb və bir ədəd həbin yarısı (1/2 həb) metadondur, təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram (üzərindəki göstəricələrə əsasən bir həbdə 0,04 qram) olduğu müəyyən edilmişdir. Tədqiqata sərf edildikdən narkotik vasitə heroinin qalıq çəkisi 0.079 qram, metadon həblərinin sayı 01 ədəd və ½ həbdir. (səh., 134-139). Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (səh., 171-173). Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (səh.,174-175). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 5252 nömrəli, 15 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (səh.,187-188). Cinayət işi materiallarında olan 01 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,079 qram narkotik vasitə heroin, 1.759 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd və ½ hissə metadon həbi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (səh., 206-214). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 26 may 2021-ci l tarixdə cəza müddəti başa çatmışdır. (səh., 92-94). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 225/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 24 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 22 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun təkrarən satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni olan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilmir, cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 20 yanvar 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək, 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.079 qram narkotik vasitə heroin, qalıq çəkisi 1.759 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd və ½ hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalan 0.079 qram narkotik vasitə heroin, qalıq çəkisi 1.759 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd və ½ hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 02 ədəd disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar