Məhkəmə qərarları › İş №1(008)-50/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-50/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-50/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,441 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 iyul 2024-cü il tarixdə saat 13:45 radələrində ünvan 3 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada onun üzərində şəxsi axtanş keçirilərkən əynindəki boz rəngli qısa şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümündə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı xeyli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,441 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 iyul 2024-cü il tarixdə yaşadığı ünvan 3, mənzil 14 ünvanında olarkən qapı döyülmüşdür. O səsə həyətə çıxdıqda 3 nəfər mülki geyimdə olan şəxsi həyətdə görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını, onunla bir telefon nömrəsi ilə bağlı söhbət etmək istədiklərini bildirmişlər. O da razılaşmışdır. Hava isti olduğundan məhəllənin yuxarısında saxladıqları avtomobildə söhbət etməyi təklif etmişlər. O da razılaşaraq onlarla birlikdə getmişdir. Telefonu həmin vaxt evdə qalmışdır. Onu avtomobilə mindirib 12-ci PŞ-nə gətirmişlər. Bölmədə olarkən onun qarşısına narkotik vasitə qoymuşlar və video çəkiliş zamanı ona məxsus olmasını bildirməsini demişlər. Əks halda ona daha yüksək miqdarda narkotik vasitə istifadəçisi olmasına dair ittiham elan olunacağını bildirmişlər. Həmin vaxt onun qolundan iki dəfə yumruq zərbəsi endirmişlər və razılaşmadığı halda onun üçün yaxşı olmayacağənı bildirmişlər. O da məcbur olub razılaşmış və onların dediyi kimi etmişdir. Onu evdən gəlib aparan polis əməkdaşları video çəkiliş zamanı üzərinə baxış keçirilməsində iştirak edən polislərdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatlan daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün baş idarə rəisinin adına 03 iyul 2024-cü il tarixdə raport yazmışdır. Baş idarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 03 iyul 2024-cü il tarixdə qərar verilməklə baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid2 ilə birlikdə 03 iyul 2024-cü il tarixdə saat 13:45 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Polis şöbəsinə tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Ona üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli qısa şalvarının sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən isə altı manat pulu, bir ədəd alışqanı və içində siqaret dənələri olan bir ədəd siqaret qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddəni özü qəbul etmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonunda adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəsinin təxmini çəkisini müəyyən etmək məqsədilə elektron tərəzi ilə çəkilmiş və 0,83 qram olması müəyyən olunmuşdur. Ekspert rəyində narkotik vasitənin 0,441 qram olması ilə bağlı qeyd etmək istəyir ki, onlar tərəfindən narkotik vasitənin qablaşdırılmış şəkildə və elektron tərəzidən istifadə edilməklə təxmini çəkisi müəyyən edilmişdir. Ekspert tərəfindən isə xüsusi cihazlar vasitəsilə narkotik vasitənin təmiz çəkisi müəyyən olunmuşdur. Ona görə də çəkidə fərq ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli qısa şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvə rəngli, heroinə bənzər kütləni və əynində olan şalvarın sol yan cibindən 6 (altı) AZN pul, 1 (bir) ədəd alışqan və içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əlavə olaraq hər hansı əşya aşkar edilmədi. Sonra həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 0,83 qram oldu. Daha sonra həmin kütlə qablaşdırıldı, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalandı və götürüldü, digər əşyalar və pul geri qaytarıldı; Təqsirləndirilən şəxs verilmiş sualllara cavab olaraq üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, onu Sabunçu rayonunda tanımadığı şəxsdən istifadə etmək üçün əldə etdiyini və üzərində saxladığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, mobil telefon işlətmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış və 1 ədəd DVD-də protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16- 2-6/3442 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,441 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2024-cü il tarixli 5072 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qanacının 15% pul dövlət nəfinə tutulmaqla 1 il 06 ay müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs qazancından 15% məbləğdə pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzası Ümummilli Lidey Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının təsiri altına düşdüyündən, 0, xx.xx.2013-cü il tarixdə cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2012-ci il tarixli, 1(007)-108/2012 saylı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə hissəsində icra edilməsi üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2012-ci il tarixli AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış məktubunda sonuncunun Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin BDYPİ-nə göndərilməsinə dair müraciətinə cavab olaraq Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin cinayət işinin materiallarına əlavə edilmədiyi bildirilmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin 07 yanvar 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə 01 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(007)-108/2012 saylı hökmündə göstərilmiş məlumatlar Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi alındıqdan sonra başalayacaqdır. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməsinə dair dövlət ittihamçısının mövqeyinə münasibət bildirərək qeyd edir ki, yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə hissəsində qanunvericiliyin tələbərinə uyğun olaraq icra olunması üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş və sonuncu tətəfindən icraya qəbul edilmiş və həmin hökmdə göstərilmiş məlumatlar mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin məktubundan belə anlaşılır ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi alındıqdan sonra başalayacaqdır. Halbuki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın müddətinin axımının dayandırılmasına dair belə bir qayda nəzərdə tutulmamışdır. İnzibati xətalar qanunvericiliyinin normalarının isə analogiya üzrə tətbiqinə yol verilmir. AR CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Hökmün icrası barədə 11 may 2012-ci il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü 11 may 2012-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyatı üzrə AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci madddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görür. Yenə həmin Məcəllənin 157-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə anlaşılır ki, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti sürücülük vəsiqəsinin müvafiq dövlət orqanına nə vaxt göndərilməsindən, ümumiyyətlə göndərilib-göndərilməməsindən asılı olamayaraq AR CM-nin 45.2-ci maddəsinə uyğun olaraq hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Şəxsə nəqliyyat vasitəsini idarə etmə hüququ verən orqanın funksiyası isə həmin sənədin saxlanmasından ibarətdir və bu cəzanın icrası müddətiin axımına heç bir təsir göstərmir. Cinayət qanunvericiliyində sürücülük vəsiqəsinin təqdim edilməsinə və təqdim edilmədiyi halda müddətin axımının dayandırılmasına dair bir norma nəzərdə tutulmadığı halda təqsirləndirilən şəxsin üzərinə əlavə öhdəliklər qoyulması cinayət qanunvericiliyi normalarının təqsirləndirilən şəxsin ziyanına olaraq genişləndirici təfsir olunmasına gətirib çıxarır ki, bu da yol verilməzdir. Qanunvericiliyin normalarından da görünür ki, qanunverici orqan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin axımını məhkumdan asılı etməmiş, yalnız hökmün qanuni qüvvəyə minməsi ilə şərtləndirmişdir. Qanunverici orqan sürücülük vəsiqəsinin müvafiq orqana təqdim edilməsini icra məmurunun üzərinə qoymuşdur. Bu istiqamətdə dövlət orqanı tərəfindən zəruri tədbirlərin görülməməsinin mənfi nəticələrini təqsirləndirilən şəxs daşıya bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza çəkilməmiş hesab edilə və hazırki cəza ilə birləşdirilə bilməz. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,441 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,391 qram çəkidə olan qalıq hissəsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı görüntünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur; Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitənin üzərində olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Təqsirləndirilən şəxs polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən qolundan yumruqla vurulduğunu, xəsarətlərin olmasını göstərsə də, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa şəxs azadlıqda olmasına baxmayaraq döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına, xəsarətlərlə bağlı isə tibb müəssisəsinə müraciət etməmiş və məhkəmə iclasında bunun səbəblərini də izah edə bilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,441 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar və AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 iyul 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,391 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar