Məhkəmə qərarları › İş №1(008)-501/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-501/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-501/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs1 Habil oğlunun iştirakı ilə 23 avqust 1981-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lənkaran şəhəri, H.Əliyev prospekti ev 01 ünvanda ev 01 ünvanda qeydiyyatda olan, Xırdalan şəhəri, R.Behbudov küçəsi ev 21 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan qrup şəxs halında 25 dekabr 2022-ci il tarixə keçən gecə, saat 03:00 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus Kamaz markalı, «az ** BE ***» dövlət qeydiyyat nişanlı yük avtomobilin iki ədəd ümumi dəyəri 500 manat təşkil edən akkumlyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 dekabr 2022-ci il tarixə keçən gecə, saat 02:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda adlanan ərazidə Zərərçəkmiş şəxs1 yaşadığı ünvanın qarşısında saxladığı «Hovo» markalı, «az ** ED ***» dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd ümumi dəyəri 1.400 manat təşkil edən iki ədəd akkumlyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1.400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2022-ci il tarixə keçən gecə, saat 03:00 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Kamaz» markalı, «az ** BE ***» dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd ümumi dəyəri 500 manat təşkil edən akkumlyatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə o Samidlə rastlaşmış və bir qədər söhbət etmişlər. Ona məlum olmuşdur ki, Samiddə heç bir yerdə işləmir və onunda maddi vəziyyəti pisdir. Samidin idarə etdiyi «Nissan Sunny» markalı avtomobillə onlar Sabunçu rayonu ərazisinə gəlmişlər. Bu zaman Samid Koroğlu metrostansiyası yaxınlığında müştəri götürmüş və həmin müştəri ilə onlar Sabunçu rayonu, Anaşkin küçəsi 27 saylı binanın yaxınlığına gəlmişlər. Orada müştəri düşüb çıxıb getmişdir. Bu zaman Samidin gözü orada dayanan «Kamaz» markalı yük avtomobilinə sataşmışdır. Həmin vaxt Samid «bu Kamazın akkumlyatorlanı söküb aparıb sataq pul əldə edək», demiş və onlar razılaşmışlar. Samid avtomobildən düşmüş və Kamazın yanına yaxınlaşmışdır. Samid həmin Kamazın iki ədəd akkumlyatorlarını söküb gətirmiş avtomobilin yük hissəsinə qoyub sürüb çıxıb getmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində o Balaxanı qəsəbəsində icarə əsasında idarə etdiyi «az ** KL ***» dövlət qeydiyyat nişanlı «Nissan Sunny» markalı avtomobillə hərəkətdə olan zaman yolun kənarında mağazanın yanında bir «Şaqman» markalı yük avtomobilinin dayandığını görmüş və o öz idarə etdiyi avtomobili saxlamışdır. Avtomobildən düşüb həmin yük avtomobilinin hər iki akkumlyatorunu söküb, gətirib avtomobilinə yükləmişdir. 25 dekabr 2022-ci il tarixdə Elnurla o 20 Yanvar metrostansiyası yaxınlığında görüşmüşlər. Oradan Elnurla müştəri götürmüş, Koroğlu metrostansiyasına qədər və oradan isə Sabunçu rayonuna qədər müştəri götürmüşdür. Onlar Bakıxanov qəsəbəsində həmin müştərini düşürdükdən sonra, o Elnura oğurluq edib pul qazanmalarını təklif etmişdir. Elnurda təklif ilə razılaşmış və yolun kənarında Anaşkin küçəsi 27 saylı ünvanın qarşısında «Kamaz» markalı yük avtomobili görmüşlər və o da həmin yük avtomobilinin akkumlyatorlarını söküb aparıb satıb pul qazanmağı düşünmüşdür. Avtobildən düşüb həmin akkumlyatorları söküb, öz avtomobilinə qoymuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o özünə məxsus olan «Hova» markalı, «az ** ED ***» dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. Həmin yük avtomobilini o hər axşam gətirib yaşadığı evin qarşısında yolun kənarında saxlayır. 03 dekabr 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində o həmin yük avtomobilini yaşadığı evin qarşısında yolun kənarında saxlamışdır. 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında avtomobilin mühərrikini işə salmaq istədikdə, avtomobil işə düşməmişdir. Avtomobildən düşüb baxdıqda iki ədəd akkumlaytorun oğurlandığını müəyyən etmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun 2001-ci ildən «Kamaz» markalı, «az ** BE ***» dövlət qeydiyyat nişanlı avtomobili var və o həmin avtomobillə yük daşıyıb ailəsini dolandırır. 22 dekabr 2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evin qarşısında küçədə saxlayıb evə getmişdir. 25 dekabr 2022-ci il tarixdə səhər saatlarında o yük avtomobilinə əyləşib mühərriki işə salmaq istəyən zaman avtomobilin iki ədəd akkumlyatorlarının yerində olmadığını aşkar etmişdir. Daha sonra o avtomobilin akkumlyatorların oğurlanması barədə polisə müraciət etmişdir. Ona məxsus olan akkumlyatorlar ona qaytarılmışdır.Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində Şahid ifadəsində göstərmişdir ki, o Biləcəri qəsəbəsində yerləşən balaca bir vaqonda dəmir, metal alışı və satışı ilə məşğul olur. Maddi vəziyyəti çətin olduğu üçün o bu işlə məşğuldur. Bir dəfə Təqsirləndirilən şəxs2 ona dəmir metal gətirmişdir. S.Ə.Abbullayevin şəxsiyyət vəsiqəsinin surətini götürmüş və onun gətirdiyi dəmir məmulatlarını almışdır. Tarixi tam dəqiq yadında olmadığı vaxtada bir nəfər onun yanına gəlmişdir. Həmin şəxsin yanında olan bir qızla ona bir neçə gün əvvəl Samid adlı şəxs dəmir satmasını demişdir. O olanları xatırlamışdır. Həmin şəxs özünü Samidin dostu kimi təqdim edərək, onda iki ədəd yük avtomobilinə aid akkumlyatorların olduğunu və satdığını demişdir. O da həmin oğlanın şəxsiyyət vəsiqəsi olmadığı üçün qızın şəxsiyyət vəsiqəsini telefonla şəkilini çəkib, ona 114 manat pul vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 9/21 saylı, 06 fevral 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən «Kamaz» markalı 53220 markalı, «az ** BE ***» dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 2 ədəd «Forward» markalı, 190 amperlik akkumlyatorların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 360.00 manat (2 ədəd x 180 manat) müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 9/22 saylı, 30 yanvar 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd üzərində markalanma göstəriciləri olmayan, qara rəngli az müddət istifadə olmuş, saz vəziyyətdə olan 190 amper gücündə akkumlyatorun 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 360.00 manat (2 ədəd x 180 manat) müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 30 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib, «01» (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 28 avqust 2020-ci ildə şöbənin qeydiyyatından çıxarılmışdır. 05 avqust 2020-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin dəyişiklik edilməsi haqqında 01 may 2020-ci il tarixli qərara əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 30 yanvar 2023-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)327/21 saylı, 09 iyul 2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məcləsininin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndnə əsasən cəzanın çəəkilməmiş hissəsi «06» (altı) ay azaldılmışdır. 29 aprel 2022-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş «02» (iki) ay, «29» (iyirmi doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 28 iyul 2022-ci ildə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza ğəyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyət ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi müəyyən edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)327/2021 saylı, 09 iyul 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolu saat 00:10-dan, saat 00:30-dək tərtib olunmuşdur (səh., 49). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismndə cəlb olunma haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 100). X5 təqsirləndirilən şəxs qismində dindirilməsi 18 yanvar 2023-cü il tarixdə, saat 12:45-də başlanmış, həmin tariixdə saat 13:15-də bitmişdir (səh., 106). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi barədə 18 yanvar 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 111). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 18 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 117). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolu saat 01:10-dan saat 02:25-dək tərtib olunmuşdur (səh., 65). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismndə cəlb olunma haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur( səh., 91).Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilməsi 18 yanvar 2023-cü il tarixdə, saat 11:45-də başlanmış, həmin tariixdə saat 12:10-da bitmişdir (səh., 97). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi barədə 18 yanvar 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir ( səh., 113). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 18 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 115). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun alternativ cəza ilə islah olumasını mümkün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini, lakin islah olunmadığını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «03» noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından «həbs» edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 100 manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 50 manat) tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə dörd ədəd akkmlyatorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 (hər birinə ayrı-ayrılıqda) iştirak etdikləri 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdən, 18 yanvar 2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət (saatlarda hesablanmaqla) nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən «02» (iki) il, «07» (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdən, 18 yanvar 2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət müddət (saatlarda hesablanmaqla) nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «02» (iki) il, «06» (altı) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «03» noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından «həbs» edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 50 manat) tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə dörd ədəd akkmlyatorun sahiblərinə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 (hər birinə ayrı-ayrılıqda) iştirak etdikləri 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar