Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-501/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi ev 24-də qeydiyyatda olan və Yasamal rayonu, Mustafa Sübhi küçəsi 217-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X7, satış məsqədi olmadan qanunsuz olaraq psixotrop maddə xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, X7 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1,829 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə saat 00:30 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,829 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır arada bir metamfetamindən istifadə edir. Narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxslərdən alır. Həmin şəxslərin anket məlumatları ona məlum deyildir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında narkotik vasitə almaq istəmişdir. Elə bu səbəbdən də internet vasitəsi ilə Tik- Tok sosial şəbəkəsindən əldə etdiyi +98 993-456-8758 saylı mobil nömrəyə vhatsap vasitəsi ilə zəng etmişdir. Həmin şəxs özünü Yavər adı ilə təqdim edərək narkotik vasitə olan metamfetamin təşkil edə biləcəyini demişdir. O, həmin şəxsə 2 qram sifariş vermiş və sonuncunun təqdim etdiyi hesab nömrəsinə 100 manat pul göndərmişdir. Bir neçə saat sonra həmin şəxs ona vhatsap vasitəsi ilə məkan göndərərək narkotik vasitənin orada olduğunu bildirmişdir. O, saat 00:30 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində narkotik vasitəni əldə etdikdən sonra oradan uzaqlaşmaq istəyərkən iki nəfər mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşıb Sabunçu RPİ-in 13-cü PŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə ona bir neçə sual verərək danışmışlar. Həmin vaxt o, özünü şübhəli aparmış və qeyri adekvat cavablar verdiyinə görə 13-cü PŞ-nə onlarla birlikdə gəlməyini istəmişlər. O, 13-cü PŞ-nə gəldikdən sonra xidməti otaqlardan birində ona hüquq-vəzifələri izah olunduqdan sonra video çəkiliş vasitəsi ilə üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olması barədə sual verilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibində selofana bükülmüş psixotrop maddəni könüllü olaraq masanın üzərinə qoymuşdur. Həmin psixotrop maddə onun iştirakı ilə video çəkiliş ilə qablaşdırılaraq tərkibi və çəkisinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Əməlindən peşmandır, atası və bacısı əlil olmaqla xəstədir, onlara o baxır, xahiş edirki ona yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə müvəkkilidir, 19 fevral 2024-cü il tarixdə saat 00:30-da iş yoldaşı ilə birlikdə inzibati ərazidə gəzintidə olan zaman Sabunçu rayonu, ünvan 3 ünvanın yaxınlığında bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdə həmin şəxsin özünü qeyri adekvat aparması, suallara cavablardan yayınmağa çalışması onun narkotik vasitələrin istifadəsində şübhə yaratdığından həmin şəxsə onlarla birlikdə Sabunçu RPİ-nə getmələri təklif olunmuş və o, etiraz etmədən onlarla birlikdə getmişlər. Bundan sonra Sabunçu RPİnin 13-cü PŞ-də təhqiqatçı tərəfindən X4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X6 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda X7 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadə üçün «Whatsapp» ani mesajlaşma proqramında +**********58 nömrəli istifadəçiyə 100 manat ödəməklə almasını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində X1 və Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.74-76); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş X6 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra X7 əynində olan mavi rəngli cins şalvarının sağ arxa cibindən SAMSUNG A10 markalı mobil telefon, qara rəngli gödəkcənin sağ yan cibindən isə 01 ədəd sellofana bükülmüş ağ rəngli, kristal şəkilli spesifik iyə malik olan maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd selofana bükülmüş ağ rəngli, kristal şəkilli maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında vhotsop vasitəsi ilə +98993 *** ** ** nömrənin sahibi tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd selofana bükülmüş ağ rəngli, kristalşəkilli spesifik iyə malik olan maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmadı (i.v.23-24); məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №160» dairəvi möhür əksləri olan, «Vət. X4 üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddə; «imza» Azər Abdulov» və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,829 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (i.v.29-32); Videogörüntüyə baxış keçirilməsi haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən tərəfindən X7 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. X7 təqdim etdiyi bükümdəki psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə axşam saatlarında votsap sosial şəbəkəsi vasitəsi ilə +98 993 *** ** ** nömrənin sahibindən 100 manata almasını bildirmişdir (i.v.44); Mobil telefona baxış keçirilməsi haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefon aparatı «SAMSUNG» markalı «A10» modelli mobil telefon aparatıdır. Mobil telefon aparatının yaddaşına, votsap sosial şəbəkəsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir telefon danışığı və ya SMS yazışması müəyyən edilmədi (i.v.45); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.63-65); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 17:00-da X7 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.66-67); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.70); məhkəmə-narkoloji ekspertizasının 11.0.2024-cü il tarixli 1615 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 Psixostimulyatorların və OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.77-78); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə X3 aşkar edilmiş 1,829 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 19 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,779 qram psixotrop maddə metamfetamin, maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 19 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.80-84); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,829 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə X4 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, ondan aşkar olunmuş psixotrop maddənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 19 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməməmk haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş X3 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,829 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,779 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 19 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X6 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş X3 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,829 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,779 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat X3 tutularaq dövlət nəfinə keçirilsin. X4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (X6 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-501/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-501/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver