Məhkəmə qərarları › İş №1(008)-502/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-502/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-502/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu Karrar kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3- 1, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımış və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə zərərçəkmiş şəxsin əl çantasından çıxarmaqla elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edərək talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,296 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının qarşısında 09 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,296 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 fevral 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində 60 saylı avtobus marşrutunda zərərçəkmiş şəxs X1 əl çantasından içərisində 20 manat nağd pul olan 1 ədəd dəyəri 90 manat təşkil edən «Berjka» markalı bej rəngli pul kisəsini çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 110 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 fevral 2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Heydər Əliyev» parkının yanında «Oba» marketdə vahid niyyətlə əhatə olunan qəsdlə X2 məxsus «Paşa bank» bank kart hesabından 42 manat, «Kapital bank» bank kart hesabından 180 manat, «Unibank» bank kart hesabından 42 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs X2 ümumilikdə 264 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə heroin almışdır. Həmin tarixdə saat 18:30 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadıq evinin yanında iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxslər Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları olmuşlar. Polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar. Polis bölməsində vəkil dəvət edilmiş, hüquqları izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir büküm şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vasitə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolu və zərfi imzalamışdır. Bundan başqa 12 fevral 2024-cü il tarixdə səhər saatlarında o, Bakıxanov qəsəbəsində H.Əliyev parkının yanında yerdən bir ədəd pul kisəsi tapmış, o, həmin pul kisəsinə baxmış və görmüşdür ki, 3 ədəd bank kartları var, biri Paşa bank, biri Unibank və digəri isə Kapital bank kartları olmuşdur. Pul kisəsində başqa heçnə olmamışdır. O, həmin kartları götürüb elə orada olan «Bravo» marketə daxil olmuş və mağazada 4 blok Sobranie 2 blokda Kent siqaretlərini alıb hər üç kartdan ümumi 300 manat pul ödəniş etmiş və oradan çıxan kimi həmin kartlarıda pul kisəsinidə tullamışdır. Sonradan onu Kürdəmir rayon polis şöbəsinə aparmışlar, daha sonra onu oradan Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirmişlər və orada onu pis döymüşlər, daha sonra onu Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirmişlər, lakin Sabunçu polisinin əməkdaşları ona heç bir təziq göstərməmişlər. O bir daha qeyd etmişdir ki, o, heç kimi pulunu oğurlamamışdır və heç kimin cibindən pul kisəsini çıxartmamışdır, o, yerdən tapdığı pul kisəsində olan kartları xərcləyib siqaret almışdır. Pul kisəsində 3 ədəd bank kartdından başqa heç nə olmamışdır. O, pul kisəsini oğurlamamışdır, yerdən tapmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 153 ünvanında yerləşən «Port Baku ToWer»in tərkibinə aid olan Pasha Mall-da memar olaraq işləyir. O, hər gün səhər saat 08:30 radələrində Sabunçu rayonu məhkəməsinin qarşısından 60 saylı avtobus marşrutu ilə Neftçilər metrosuna qədər gedib oradan düşüb Neftçilər metrosu ilə metronun 28 May stansiyana gedib oradan çıxıb piyada öz iş yerinə getmişdir. 12 fevral 2024-cü il tarixdə o, yenə də həmişəki kimi Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon məhkəməsinin qarşısından 60 saylı marşruta minib metronun Neftçilər stansiyasının yanına getmişdir. Metronun Neftçilər stansiyasının yanında avtobusdan düşəndə çantasının ağzının açıq olduğunu görmüş, lakin içinə baxmadan çantanın ağzını bağlamışdır, elə düşünmüşdür ki, yadından çıxıb açıq qoymuşdur. Təxminən saat 09:15 radələrində o, iş yerinə, yəni Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 153 ünvanına gəlib çatmış, binaya daxil olanda saat 09:18-də onun mobil telefonuna sms gəlmişdir və həmin smsdən görmüşdür ki, onun Paşa bank kart hesabından 42 manat, Kapital bank kart hesabından 180 manat və Unibank kart hesabından 42 manat pul Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Oba marketdə xərclənmişdir, həmin vaxt o, dərhal çantasını açmış və görmüşdür ki, çantada olan «Berjka» markalı bej rəngli dəyəri 90 manat təşkil edən pul kisəsi və içərisində olan bank kartları o cümlədən 20 manat nağd pulu oğurlanmışdır. O, dərhal kartlarını bloklamış və bu barədə polisə müraciət etmişdir. Ümumiyyətlə o həmin günü Bakıxanov qəsəbəsində H.Əliyev parkının yanında olmamışdır. Avtobusda olarkən ağ köynəkli bir şəxsin ona yaxınlaşdığını hiss etsə də, pul kisəsinin necə oğurlanmasını hiss etməmiş, avtobusdan düşəndən sonra çantasının açıq olduğunu görmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona dəymiş ziyanə tam ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin 7-ci PB-də sahə rəisi işləyir. 09 yanvar 2024-cü il tarixdə xidmət etdiyi polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrini qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlum daxil olmuşdur. Məlumat əsasında polis bölməsində əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu yaradılmış və o da həmin qrupun üzvü təyin edilmişdir. 09 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:30 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoyaraq içərisindəkinin kakos olduğunu və şəxsi istifadəsi üçün 20 manata Nəsimi rayonu Papanin adlanan ərazidən 09 yanvar 2024-cü il tarixdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 Müşfiq oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.172-174); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 13 mart 2024-cü il tarixli qərardan görünür ki, X2 məxsus Paşa Bank, Unibank və Kapital bank tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən kart hesablarından pulun gizli yolla talanaraq oğurlanması faktı üzrə cinayət işi başlanılmışdır (i.v.01); Hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev qəsəbəsi, küçəsində vətəndaş X1 ictimai nəqliyyat vasitəsinə əyləşdiyi Sabunçu rayon məhkəməsinin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v.6-7); tutma haqqında 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.45); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-153/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.66-79); şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45 dəqiqədən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.93); şəxsi axtarış və götürmə aparılması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli vilvet şalvarının sol yan cibindən 1 ədəd şəffa sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoydu. Bundan sonra həmin 1 ədəd bükülünün içərisində nə olduğunu soruşduqda o, həmin şəffaf bükülünün içərisində kakos adlı narkotik maddə olduğunu, həmin maddəni, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində, Papanin adlanan yerdən tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və iyirmi ilə yaxın müddətdir ki, narkotik maddə istifadə etdiyini bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülən bükülü elektron tərəzi vasitəsilə çəkildi, təqribən 0,51 qram təşkil etdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olundu, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs ayağında olan ayaqqabısı çıxarılaraq içərisinə baxıldı. Ayaqqabısının içırisindən hər hansı bir əşya aşkar olunmadı (i.v.103-104); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/107 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.....” və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,296 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.108-111); Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli ptorokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı tərəfindən videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi maddəni Bakı şəhəri, Nəsimi rayonu “papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin bükümdə olan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi vasitəsi ilə təhqiqatçı tərəfindən miqdarı çəkildi və çəkisinin 0,51 qram olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf selofana bükülmüş bükülü təhqiqatçı Təqsirləndirilən şəxs tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılır, Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 175 saylı möhürü ilə möhürlənir və üzəri imzalarla təsdiq olunur. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı (i.v.122); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.143-144); Qətimkan tədbiri seçilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.145); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2024-cü il tarixli 162 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.152-153); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci madəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli "Amnistiya qərarının 1.1 bəndinə əsasən azad edilmişdir, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (i.v.156-158); Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi barədə 29 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,296 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,246 qram narkotik vasitə heroin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.207-211); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-352/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 13 iyun 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixadək uzadılmışdır (i.v.237- 241); Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-698/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-206/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş materiallarında olan CD diskə baxış keçirilmiş, həmin görüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsə məxsus pul kisəsini tapdığını bildirmişdir, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs həmin pul kisəsini 12 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində H.Əliyev parkının yanında yerdən tapdığını bildirmişdir. Lakin zərərçəkmiş şəxs X4 həmin xüsusatları təkzib edərək ifadəsində göstərmişdir ki, ümumiyyətlə o həmin günü Bakıxanov qəsəbəsində H.Əliyev parkının yanında olmamışdır. Avtobusda olarkən ağ köynəkli bir şəxsin ona yaxınlaşdığını hiss etsə də, pul kisəsinin necə oğurlanmasını hiss etməmiş, avtobusdan düşəndən sonra sumkasının açıq olduğunu görmüşdür. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməlinə, yəni zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq əməlinin törədilməsinə görə məhkum olunmuşdur. Bütün bunlar Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların özünü müdafiə xarakterli ifadə olduğuna dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,296 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməklə onunla barışmasını(CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2009cu il tarixli, Kürdəmir rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmləri üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 0,256 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı(CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3- 1, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,296 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,246 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar