Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-502/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,137 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsinə qədər daşımış, 08 may 2025-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsində olan zaman onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə baxış keçirilərkən, əynindəki açıq sarı rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,137 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ali təhsillidir, Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasında mühəndis elektrik ixtisasını bitirmiş, özəl şirkətdə işləmişdir. Əvvəllər narkotik istifadəsinə görə məhkum olunmuş, azadlığa çıxarkən atasını itirdiyini öyrənmiş, bundan sonra da bacısı vəfat etmişdir, bu hadisələr ona pis təsir etmiş, iradəsi zəif olduğundan yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat, təxminən 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsində piyada gedən zaman iki nəfər şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün ona hüquq və vəzifləri izah edilmiş, bundan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan açıq sarı rəngli şalvarının sağ yan cibindən şəffaf siqaret sellofanına bükülmüş psixotrop maddəni təqdim etmişdir. O, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən sosial şəbəkədən tanış olduğu, üzdən tanımadığı, adını və yaşadığı evi bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Ona psixotrop maddə satan şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin ona məxsus olmuş, şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Əməlindən peşmandır. Hazırda özü könüllü olaraq müalicə olunması üçün reabilitasiya mərkəzində müalicə alır, xahiş edir ki, məhkəmə tərəfindən nəzərə alınsın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 08 may 2025-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 08 may 2025-ci il tarixdə saat 11.00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsində olan zaman müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirməklə, tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan andan üzərinə baxış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan psixotop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynindəki açıq sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlə tərəflərindən qablaşdırılmış və Polis Bölməsində müdafiəçinin iştirakı ilə həmin bükümə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş 1 ədəd bükülünün içərisindəki maddə el arasında «Patı» kimi adlandırılan psixotrop maddə metamfetamindir və onu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar tərəfindən həmin şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində iş üzrə Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.91-93); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 08 may 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynndəki açıq sarı rəngli şalvarının sağ yan cibindən şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddələr təqdim etdi. Sonra həmin büküm qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfindən imzalanaraq götürülmüş, daha sonra şəxsin üzəri yoxlanılaraq sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddə olan büküm sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir(i.v.07-08); şübhəli şəxsin tutulması haqqında 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.12); baxış aparılması haqqında 08 may 2025-ci il tarixli protokoldan görünür ki,Sabunçu RPİ-nin 15-ci PB-nə daxil olmuş məlumat əsasında 08 may 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsində saxlanılaraq həmin ünvanda üzərinə baxış keçirilmiş və üzərində aşkar olunaraq götürülmüş şəffaf rəngli selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddənin qablaşdırıldığı zərfə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və götürülmüşdür(i.v.35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 09 may 2025-ci il tarixli, 6/1746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:”Azərbaycan Respublikası DİN Zərflər üçün JVs 161” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, l(bir) ədəd bükümdə təmiz çəkisi 1,137 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v.46-49); Video yazıya baxış keçirilməsi haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o, əynindəki açıq sarı rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü təqdim etmişdir(i.v.76); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.82-83); Qətimkan tədbirinin seçilməsi barədə 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.84-85); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 23 may 2025-ci il tarixli, 3070 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.95-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022- ci ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir(i.v.101-109); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,137 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1,087 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilməli, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.110-115); “Yeni Başlanğıc” reabilitasiya mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi barədə müraciət etdiyi üçün xx.xx.2025-ci il tarixində tərəflərindən qəbul edilmiş, ilkin yoxlama zamanı onun 6 ay müddətində stasionar müayinə olunması məqsədə müvafiq hesab edilmiş, xx.xx.2025-ci il tarixdə kursu tam olaraq müvəffəqiyyətlə başa vuracaqdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixli bir azyaşlı övladı vardır. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, baxış aparılması haqqında 08 may 2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1.137 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, könüllü olaraq narkomaniya xəstəliyindən müalicə olunması üçün reabilitasiya mərkəzinə yerləşməsini(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 may 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 1,137 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,087 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-502/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-502/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver