Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-506/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,547 qram narkotik vasitə heroini, xeyli miqdarda təmiz çəkisi 1,913 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 03 aprel 2025-ci il tarixdə, saat 13 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən ümumi iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,547 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 1,913 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl X2 və onun həyat yoldaşı Səmayə Canəliyeva ilə birgə yaşamış, rəsmi qaydada heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmamış, əsasən fərdi qaydada çalışaraq öz maddi ehtiyaclarını təmin etmişdir. 2025-ci ilin yanvar-fevral aylarından etibarən icarəyə götürdüyü nəqliyyat vasitələri vasitəsilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2014-2015-ci illər ərzində ilk dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və sonrakı dövrlərdə sözügedən vasitəni yalnız əlində olduğu hallarda, fasilələrlə qəbul etmişdir. Elə hallar olmuşdur ki, o, aylarla, bəzən isə illərlə narkotik vasitədən istifadə etməmişdir. 2025-ci ilin yanvar ayından etibarən isə o, ilk dəfə olaraq psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroini istifadə etmişdir. O, narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkələr vasitəsilə tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, "Nəsid" adını istifadə edən şəxsdən əldə etmişdir. Qeyd olunan şəxslə heç vaxt real ünsiyyətdə olmamış, aralarındakı bütün əlaqə yalnız WhatsApp mobil tətbiqi vasitəsilə həyata keçirilmişdir. "Nəsid" adlı şəxs narkotik vasitələrin əldə olunması üçün müxtəlif məbləğlərdə ödənişlərin, adını və nömrəsini dəqiq xatırlamadığı "M10" adlı hesablar vasitəsilə ödəniş terminallarından həyata keçirilməsini tələb etmiş, müvafiq göstərişlərə əsasən müxtəlif vaxtlarda ona təqdim olunmuş hesab nömrələrinə ödənişlər etmişdir. Ödənişlər edildikdən sonra "Nəsid" ona sifariş etdiyi narkotik vasitə və ya psixotrop maddənin yerləşdiyi yerin lokasiyasını və həmin yerə dair fotoşəkilləri göndərmişdir. O isə təqdim edilən ünvanlara gedərək narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yerləri müəyyənləşdirərək, həmin maddələri götürmüş və sonradan şəxsi istifadəsi üçün istifadə etmişdir. “Nəsid”lə heç vaxt fiziki ünsiyyətdə olmamış, əlaqə yalnız “WhatsApp” mobil tətbiqi vasitəsilə həyata keçirilmişdir. 02 aprel 2025-ci il tarixində axşam saatlarında “WhatsApp” vasitəsilə “Nəsid”lə əlaqə saxlamış və ondan şəxsi istifadəsi üçün təxminən 0,5 qram heroin və təxminən 2 qram metamfetamin istəyini bildirmişdir. Cavab olaraq “Nəsid” həmin maddələr qarşılığında 440 manat tələb etmiş və bildirmişdir ki, ertəsi gün ödəniş üçün uyğun M10 hesab nömrəsini göndərəcək. 03 aprel 2025-ci il, saat 10:30 radələrində “Nəsid” ona ***-***-**-** saylı nömrəni təqdim edərək həmin nömrənin M10 hesabına 440 manat göndərməsini tələb etmiş, o, razılaşaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Million” ödəniş terminalından göstərilən hesaba saat 11:30 radələrində ödəniş etmiş və qəbzin şəklini “Nəsid”ə göndərmişdir. 03 aprel 2025-ci il tarixində saat 12:00 radələrində ödənişdən sonra “Nəsid” ona narkotik vasitə və psixotrop maddələrin yerləşdiyi yerin lokasiyasını və fotoşəkillə işarələnmiş məkan təsvirini təqdim etmişdir. O, göstərilən ünvana gedərək, ümumilikdə iki bükümdə – birində heroin, digərində isə metamfetamin olan maddələri götürmüş və şalvarının sağ yan cibinə yerləşdirmişdir. Daha sonra, həmin gün saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonuna qayıtmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin "1-ci sahə" adlanan ərazisində olarkən ona mülki geyimli şəxsər yaxınlaşaraq xidməti vəsiqəsini təqdim edib özünü polis əməkdaşı kimi təqdim etmiş, ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Lakin o, polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Şöbədə aparılmış ilkin təhqiqat zamanı o, şübhəli şəxs qismində saxlanılmış və dövlət hesabına vəkillə təmin olunmuşdur. Hüquqları izah edildikdən sonra, videoçəkilişlə və vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı şalvarının sağ yan cibindən 01 bükümdə psixotrop maddə metamfetamin, 01 bükümdə narkotik vasitə heroin, şalvarının sol yan cibindən 02 ədəd mobil telefon aparatı (markaları "Xiaomi" və "Samsung Galaxy A02") aşkar edilərək götürülmüşdür. İlk dəfə polis əməkdaşları tərəfindən saxlanıldığı üçün qorxduğunu və bu səbəbdən videoçəkiliş zamanı yalan ifadə verdiyini, guya aşkar edilən narkotik vasitə və psixotrop maddələri dayısı X2 üçün aldığını bildirmişdir. Bu ifadəni verməkdə məqsədi cinayət məsuliyyətindən yayınmaq olmuşdur. O, düşünmüşdür ki, dayısı Yadulla Canəliyev əvvəllər narkotik vasitələrin istifadəsinə görə dəfələrlə məhkum olunduğuna görə, bu məsələ araşdırıldıqda məsuliyyətdən azad edilə bilər. Buna görə də həmin ifadəni verməyə məcbur qaldığını bildirmişdir. X1 onun tərəfindən “Nəsid” adlı şəxsdən 440 manat müqabilində əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin barədə heç bir məlumatı olmamış, Onlar arasında bu mövzu ilə bağlı heç bir söhbət baş tutmamış, dayısı X2, onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinə başladığından tamamilə xəbərsiz olmuşdur. O, heroin və metamfetamin maddələrini şəxsi istifadəsi üçün almış, bu maddələri təkrar-təkrar almağın həm maddi, həm də hüquqi risklər doğurduğunu nəzərə alaraq, bir dəfəyə uzunmüddətli istifadə üçün 440 manat qarşılığında maddələri əldə etmişdir. O, bu maddələri satmaq niyyətində olmamış, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid ifadəsində göstərmişdir ki, o, 03 aprel 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman, fərdi evlərin yaxınlığında şübhəli davranış sərgiləyən bir şəxsi müşahidə edərək həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmişdir. Polis əməkdaşı olduğunu bildikdən sonra şübhəli şəxs narahatlıq ifadə edərək şəxsiyyət vəsiqəsinin yanında olmadığını bildirib, hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişdir. Lakin həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişdir. Polis şöbəsində aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının ciddi nəzarəti altında saxlanılmış, üzərində qanunsuz əşyaların olması ehtimalına qarşı tədbirlər görülmüşdür. Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin xidməti otağında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi məqsədilə dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin, digər bükümdə isə narkotik vasitə heroinə oxşar maddə müəyyən olunmuşdur. Bundan əlavə, şalvarının sol yan cibindən iki ədəd mobil telefon aparatı götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ondan aşkar olunmuş maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olub və həmin maddələri 440 manat məbləğində ödəniş müqabilində İran İslam Respublikasının vətəndaşı “Nəsid” adlı şəxsdən almış, ödəniş etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində küçədən həmin maddələri götürmüşdür. Aldığı narkotik vasitə və psixotrop maddəni dayısına verməyi planlaşdırmışdır. Götürülmüş maddələr qanunvericiliyin tələblərinə uyğun şəkildə qablaşdırılaraq müvafiq protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən oxunaraq tərəflər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid və Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngli, kristal formalı, 01 ədəd ağ kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, həmin şalvarın sol yan cibindən 02 ədəd mobil telefon aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 22-23). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v.31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1253 nömrəli, 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,547 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 1,913 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin ümumi qalıq çəkisi 0,497 qram psixotrop maddə metamfetaminin ümumi qalıq çəkisi 1,863 qram təşkil edir. (i.v.32-33). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefonlarda olan məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, «Xiaomi Hyper OS» markalı mobil telefon aparatında ***-***-**-** və ***-***-**-** saylı sim nömrələri mövcuddur. Həmin mobil telefon aparatında "WhatsApp", "Telegram", "İnstagram" və digər sosial şəbəkə tətbiqləri quraşdırılmamışdır. Telefonun yaddaşı nəzərdən keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat və ya digər xüsusatlar aşkar edilməmişdir. «Samsung Galaxy A02» markalı digər mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin telefonda ***-***-**-** saylı sim kart istifadə olunur və bu nömrə ilə aktiv "WhatsApp" tətbiqi quraşdırılmışdır. "Kontaktlar" bölməsində İran İslam Respublikasının vətəndaşına məxsus olduğu ehtimal edilən «+98 992 196 4228» nömrəsi «Nəsid» adı altında qeyd olunmuşdur. Mobil telefonda quraşdırılmış "WhatsApp" tətbiqi üzərindən aparılmış baxış nəticəsində, Təqsirləndirilən şəxs həmin «Nəsid» adlı şəxs ilə narkotik vasitə — heroin və psixotrop maddə — metamfetaminin əldə olunması məqsədilə yazışmalar apardığı müəyyən edilmişdir. Yazışmalar zamanı Təqsirləndirilən şəxs qeyd olunan maddələri həmin şəxsdən sifariş etdiyi və ödəniş qarşılığında əldə etdiyi faktları öz təsdiqini tapmışdır. (i.v.78-85). “Sənədlərə baxış keçirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair mobil telefon danışıqları və qısa mesaj xidmətləri (SMS) üzrə çıxarışlar əldə edilmişdir. Həmin çıxarışlara baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, təqdim olunmuş məlumatlarda istintaq üçün əhəmiyyət və maraq kəsb edən hər hansı bir xüsusat aşkar olunmamışdır. (i.v.106-107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi X3-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 05 may 2025-ci il tarixli, 2599 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi nəticəsində müəyyən edilmişdir ki, əvvəllər kannabinoid qrupundan olan narkotik vasitələrdən istifadə etmə halları mövcud olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.135-136). "Maddi sübut kimi tanıma haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,863 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,497 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v.137-138). "Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, "Xiaomi" və "Samsung Galaxy A02" markalı mobil telefonlar saxlanılması üçün Təqsirləndirilən şəxs qohumlarına qaytarılmışdır (i.v.147-154). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslr yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.12). “Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-154/2025 nömrəli, 05 aprel 2025-ci il tarixli” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanılmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.69-74). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 109). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmadı), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), Təqsirləndirilən şəxs azadlığının 03 aprel 2025-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.497 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 1.863 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-506/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-506/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver