Məhkəmə qərarları › İş №1(008)-507/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-507/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-507/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, M.Nərimanov küçəsi, ev 1, inzibati bina, 1 saylı cəzaçəkmə müəssisəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ massivi 1533 ünvanında yerləşən və saxlanc yeri hesab edilən ətrafı hasarlanmış boş torpaq sahəsinin içərisində sahibsiz 31 baş qoyunu gizli olaraq talamaq məqsədi ilə hasarlanmış həyətin dəmir barmaqlıq qapısının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırmaqla qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin qiyməti 400 manat olan 29 baş dişi və bir ədədinin qiyməti 550 manat 2 baş erkək qoyunu qabağına qatıb sürməklə gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12700 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov 78a ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşayış olmayan evindən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hasarlanmış həyətin hasarından aşmaqla, evin qapısını açarla açma üsulu ilə açıb qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 1000 manat dəyərində xalçanı, bir ədədi 250 manat olan ümumilikdə 500 manat dəyərindəki iki ədəd xalçanı, bir ədədi 100 manat, iki ədədi hərəsi 200 manat olan çini qabları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Pirşağı qəsəbəsi, Bağlar massivində piyada bir məhəllədən keçərkən dörd tərəfi hasarlı, bir hissəsi uçduğu üçün dəmir barmaqlıq qapısı olan yerdən həyətin içərisində sahibsiz qoyunlar olmasını görmüşdür. Həmin barmaqlığın qıfıl kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb, həyətə daxil olmuşdur. Qoyunları saymış və 31 baş olmalarını görmüşdür. Onları qovalayıb həyətdən çıxarmış və qabağına qatıb, yolla üzü Fatmayi qəsəbəsi istiqamətində aparmışdır. Yolda tanımadığı adamlara qoyunları ucuz qiymətə satdığını desə də maraqlanan olmamışdır. Sonda Abşeron rayonu, Fatmayi qəsəbəsinə gələndə bir nəfər, sonradan adının Ağalar olmasını bildiyi şəxsə qoyunları ucuz qiymətə satdığını deyərkən o, qiymətini soruşmuşdur. O, 31 baş qoyuna 3000 manat pul istədiyini, evdə problemi olmasını, həmin qoyunların öz qoyunları olmasını, onları “əlimyandı” qiymətə satıb, evdə dalaşdığı üçün xaricə getmək istədiyini demişdir. Ağalar ondan bir az şübhəli qalmış və ona qoyunları oğurladığını bildirməmək və onu arxayın salmaq üçün şəxsiyyət vəsiqəsinin üzərində olmasını, onun şəklini çəkə biləcəyini demişdir. O da şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və 2 nəfər tanışını çağırıb, onların köməkliyi ilə qoyunları yaxınlıqdakı həyətə salmışdır. Ona nağd şəkildə elə oradaca 2000 manat pul verdikdən sonra, Ağalar öz avtomobili ilə onu bankomatın yanına aparıb, oradan da 1000 manat pul çıxıb, ona vermişdir. O da Ağalarla sağollaşıb, getmişdir. Həmin gün pulun bir qismini xərcləmiş və daha sonra Masallı rayonuna gedib, orada dincələrək qalan pulu da orada xərcləmişdir. Lakin 18 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gələndə polis əməkdaşları onu yaxalamışlar. Bundan sonra polis idarəsində barəsində cinayət işi qaldırılmış və istintaqdan barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilərək azadığa çıxmışdır. Daha sonra ağır xəstələnmiş və uzun müddət istintaqın çağırışına gedə bilməmişdir. Xəstəliyi ağır olduğu üçün özünü müalicə etdirmək istəyirmiş. Lakin özünü müalicə etdirməyə imkanı olmamışdır. Pul əldə edib, şəxsi ehtiyaclarını və müalicəsini ödəmək üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bir mərtəbəli evin qarşısına gəlmişdir. Bundan sonra həmin evin sol yan hissəsinə keçib hasardan həyətə tullanmışdır. Daha sonra həyətdə, evin qarşısına gəlmiş və evin mətbəx qapısının sol tərəfində olan pəncərənin qarşısına qoyulmuş açarı görmüşdür. O, həmin açarı götürüb sol tərəfdə yerləşən və mətbəxə açılan qapını açarla açmışdır. Evə girdikdən sonra qonaq otağında olan televizoru götürmək istəyərkən ağır olduğuna görə təkrar yerə qoymuş və bundan sonra digər otağa keçib oradan pəncərənin kənarında olan 3 (üç) ədəd çini qabı götürüb mətbəxin qapısından çölə çıxmışdır. O, həmin evdən çıxdıqdan sonra Pirşağı qəsəbəsində yerləşən ünvanına gəlmiş və həyətində həmin çini qabları gizlətmişdir ki, evdə arvadı görməsin. Həmin hadisədən 2 gün sonra yəni xx.xx.2025-ci il tarixdə həmin çini qablardan ikisini Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan yerdə 50 manata satmışdır. xx.xx.2025-ci il tarixdə də polis əməkdaşları tərəfindən saxlanılaraq 15-ci PB-yə gətirilmiş və əlində qalan 1 (bir) ədəd çini qabı isə polis əməkdaşlarına təhvil vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, adı çəkilən 31 baş qoyun ona məxsusdur. 16 dekabr 2024-cü il tarixdə saat 09 radələrində evinin həyətində olan tövlədən həmin 31 baş qoyunlarını çıxarıb, qonşuluqda olan ətrafı daş hasarla əhatələnmiş, bir hissəsi uçduğu üçün həmin hissəyə dəmir barmaqlıqdan olan qapı (darvaza) qoyulmuş boş həyətə ötürmüş və qapını da qıfılla bağlamışdır. Həmin gün saat 15 radələrində həyətə keçərkən qapının qıfılının sındırıldığını və həyətdə olan 31 baş qoyununun oğurlanmasını aşkar etmiş və DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bundan bir gün sonra qoyunları polislər tərəfindən tapılmış və ona göstərilmişdir. O, öz qoyunlarını tanımış və həmin qoyunlar sağsalamat ona təhvil verilmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evi ona məxsusdur. Lakin o, həmin bağ evində mütəmadi olaraq yaşamır, sadəcə həmin bağ evinə ara sıra istirahət etmək üçün gedib gəlir. O, sonuncu dəfə həmin bağ evinə xx.xx.2025-ci il tarixdə getmişdir. Həmin bağ evinin içərisini biraz səliqəyə saldıqdan sonra təxminən saat 17 radələrində həmin ünvanda çıxaraq Nərimanov rayonu ərazisində yerləşən daimi yaşadığı ünvanına gəlmişdir. O, həmin bağ evindən çıxan zaman həmin bağ evinin qapısını açar vasitəsi ilə kilitləmişdir. Lakin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 13:30 radələrində həmin bağ evinə daxil olan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin içərisinə nəzər yetirən zaman evdə olan bir ədəd 1000 manat dəyərində qədimi xalça, 2 ədəd ümumi dəyəri 500 manat olan (biri 250 manat dəyərində) xalça və ümumi dəyəri 500 manat olan 3 ədəd qədimi çini qabların evdə olmadığını görmüşdür. Bundan əlavə evin yataq otağına baxış keçirən zaman pəncərənin açıq vəziyyətdə olduğunu və mətbəx qapısının da evdə olan ehtiyat açar ilə açılmasını görmüşdür. Bundan sonra DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Həmin xalçalar və çini qablar qədimi idi və qiymətləri dediyi dəyərdə olarmış. Çini qablardan biri, 100 manat dəyərindəki çini qab ona geri qaytarılmışdır. Hərəsinin qiyməti 200 manat olan 2 ədəd çini qab isə yoxdur. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən müəyyən edilmişdir ki, o, türk vətəndaşı Eren Koçun yanında X4 ilə birlikdə fəhlə kimi çalışırmış. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində X4 ilə birlikdə Eren Koçun işi olan pomidor yeşiklərini yük avtomobilinə yükləyirmişlər. Bu zaman sonradan adının Cambulad olmasını bildiyi bir nəfər kişi qabağında qoyunları otlada-otlada onlara yaxınlaşmışdır. Onlara qoyunları təcili satmasını, alıb-almadıqlarını soruşmuşdur. O, maraqlanmasa da Ağalar onunla söhbət etməyə başlamışdır. O da işini görə-görə gah onların söhbətini eşidirmiş, gah da eşitmirmiş. Eşitdiyinə görə Cambulad Ağalara deyirmiş ki, oğlu onunla dava edir, onunla yola getmir. Ailəsində problem olduğu üçün özü bəslədiyi qoyunları çox ucuz qiymətə, 31 baş qoyunu 3000 manat pula satıb, Rusiyaya gedəcəkmiş. Ağalar birdən qoyunların oğurluq olmasını deyərkən Cambulad öz şəxsiyyət vəsiqəsini verib satacağını, istəmirsə çıxıb gedəcəyini demiş və uzaqlaşmaq istəyərkən Ağalar onunla danışmış və bir az özündə olan pullar, bir az da kimdənsə borc pul almış və ondan xahiş etmişdir ki, həmin qoyunları yaşadığı yerin həyətinə salmağa kömək etsin. O, ona kömək etmiş və qoyunları yaxınlıqdakı yola kimi aparmağa kömək edib və oradan da geri qayıtmışdır. Yəni Ağaların evinə kimi qoyunları aparmamış, avtomobil yolundan keçirib geri qayıtmışdır. Yarı yoldan Ağalar özü qoyunları aparmışdır. Bundan sonra qoyunların oğurluq olmasını bilmişlər. Həqiqətən də Ağalar qoyunları alanda Cambulad and-aman edib, özünə məxsus olmasını, “canından bezib” əlində olan qoyunları dəyər-dəyməzə satıb çıxıb gedəcəyini dediyini, öz şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb, qoyunların özünə məxsus olmasını yazmasını dedikdən sonra Ağalar qoyunları almağa razılaşmışdır. Bildiyinə görə Ağalar sonradan türk vətəndaşı Eren Koçun yanına Türkiyə Respublikasına getmişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçrilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xalçaların və çini qabların oğurlandığı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivindəki, nömrəsiz fərdi yaşayış evidir. Cinayət işinin 30-cu vərəqində olan 27 mart 2025-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan “Baxış keçirilməsi və götürmə haqqında” 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, qoyunların oğurlandığı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi, Bağlar massivindəki fərdi yaşayış evinin həyətində yerləşir. Cinayət işinin 59-61-ci vərəqələrində olan “Maddi sübutun götürülməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, oğurlanmış 31 baş qoyun Abşeron rayonu, Fatmai qəsəbəsi, yeni yaşayış massivindəki X3 həyətindən götürülərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Həmin protokola foto şəkillər çəkilərək əlavə edilmişdir. Cinayət işinin 82-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 115-116-cı vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əhməd Qurbansoyun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan “Tutulmuş şəxsin X1 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dan azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 119-122-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) ay hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti olaraq 7 (yeddi) il 1 (bir) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 9/183 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların təqdim edilmiş məktuba əsasən orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12700,00 manat müəyyən edilir, o cümlədən: 29 baş dişi qoyun diri çəkisi 60 kq - 11600,00 manat (29 baş x 400 manat); 2 baş erkək qoyun diri çəkisi isə 80 kq - 1100,00 manat (2 baş x 550 manat). Cinayət işinin 172-176-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-140/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən, saat 17:40-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 184-189-cu vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə 31 baş qoyunun və 01 ədəd çini qabın maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-310/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay hissəsindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş qalan 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 iyul 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir: «Cinayət Məcəlləsinin 83-cü maddəsində “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.”. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli hökmü üzrə 15 fevral 2018-ci il tarixə cəzasının çəkilməmiş qalan 1 (bir) ay hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya tam birləşdirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmləri üzrə məhkumluğunun ödənilməsi üçün müvafiq olaraq qanunla müəyyən edilmiş 2 illik müddətin və 6 illik müddətin axımı, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan cəzasını Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini 16 dekabr 2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, yuxarıda qeyd olunan hər iki hökm üzrə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – 31 baş qoyunun və 01 ədəd çini qabın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 31 baş qoyunun və 01 ədəd çini qabın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar