Məhkəmə qərarları › İş №1(008)-509/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-509/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-509/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,370 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 02 yanvar 2023-cü il tarixdə, saat 22:25 radələrində ünvan 1 ünvanının yaxınlığında barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə olan metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 2022-ci il tarixdə dekabr aynın sonunda sosial şəbəkə vasitəsi ilə onun kimi narkotik maddə aludəçisi olan şəxslə tanış olmuşdur. Həmin tanımadığı şəxslə sosial şəbəkə ilə yazışdıqda həmin tanımadığı şəxs istifadəsi üçün ona psixotrop maddə olan metamfetamin təşkil edə biləcəyini bildirmişdir. Psixotrop maddə əldə etmək üçün əvvəllər tanmadığı şəxsin «Whatsap» proqramı vasitəsi ilə ona göndərdiyi hesab nömrəsinə 02 yanvar 2023-cü il tarixdə, günorta saatlarında metronun «Neftçilər» stansiyasının yaxınlığında yerləşən «Araz market» mağazada Emanat aparatı vasitəsi ilə tanımadığım şəxsin ona bildirdiyi hesab nömrəsinə 25 manat pul göndərmişdir. Bundan sonra tanımadığı şəxs «Whatsap» proqramı vasitəsi ilə yazaraq onun götürəcəyi psixotrop maddənin Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığında yerləşən şirniyyat dükanın yaxınlığındakı ağacın dibinə qoyduğunu bildirmişdir. Bundan sonrada o qeyd olunan ünvana getmiş və psixotrop maddəni götürüb əynində oan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq üzərində saxlamışdır. 02 yanvar 2023-cü il tarixində, saat 22:25 radələrində ünvan 2 ünvanın yaxınlığında yol kənarı ilə gedən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədlərini göstərməyini bildirmişlər. Bu zaman üzərində gəzdirdiyi psixotrop maddəyə görə narahat olduğundan onların verdikləri suallara dolğun cavab verə bilmədiyindən və onlardan yayınmaq istədiyimi görüb polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. PB- də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və PB-nin xidməti otaqların birində polis əməkdaşları vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirərkən üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində psixotrop maddə metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində psixotrop maddə metamfetamin olmasını polis əməkdaşlarına bildirmişdir. O üzərində saxladığı bir ədəd kağıza bükülmüş psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan psixotrop maddə metamfetamindir, Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə 01 ədəd zərfdə qablaşıdırlaraq tərkibinin və çəkisinin müəyyən edilməsi üçün aiyyəti üzrə ekspertizaya göndərilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün baş idarə rəisinin adına 02 yanvar 2023-cü il tarixdə raport yazmışdır. Baş idarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 02 yanvar 2023-cü il tarixdə qərar verilməklə baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında o həmkarı Şahid2lə birlikdə 02 yanvar 2023-cü il tarixdə saat 22:25 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən ünvan 5 ünvanın yaxınlığında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs həmkarı Şahid2lə bərabər tərəflərindən saxlanılaraq ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edildikdən üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefon və 5 manat pulu, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd kağız bükümü təqdim edərək təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan pul və mobil telefon onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan bir həftə əvvəl sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsin hesab nömrəsinə 25 manat pul köçürdükdən sonra həmin maddəni Bakı şəhəri, Nizami rayonu ərazisindən ona deyilən yerdən götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümə baxış keçirilən zaman bükümün içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin kağız büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kağız bükümü təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə baxış keçirilmiş və üzərindən başqa əhəmiyyət kəsb edən əşya və ya predmet aşakr edilməmişdir. O, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və gələcəkdə istifadəsi üçün üzərində saxladığını bildirmişdir (i.v. 30-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 03 yanvar 2023-cü il tarixli, 6/06 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..."sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v.38-43). Məhkəmə-narkoloji ekspertizasının 24 mart 2023-cü il tarixli, 347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.94-95). “Sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,370 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalıq qalmış 0,320 qram metamfetaminin Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.102-108). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 22:25-dən tutulmuş hesab edilmişdir (i.v.20). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.75-77). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.78). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 iyun 2021-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 09 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarı tətbiq edilməklə həmin qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.84-85). “Amnistiya aktının tətbiq edilməsi barədə” 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsinin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır (i.v.86). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 7(003)- 1593/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-124/2020 saylı, 27 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını (AR CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, sonuncu dəfə barəsində Amnistiya aktının tətbiq edilməsinə və ona dövlət tərəfindən humanist addım atılaraq güzəşt edilməsinə baxmayaraq yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,320 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar