Məhkəmə qərarları › İş №1(008)-51/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-51/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-51/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə, saat 01:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əmirxəlil döngəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin arxa tərəfinə gələrək, evin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının qıfılını küçədən tapdığı dəmir armaturla sındıraraq tövləyə qanunsuz daxil olub, tövlədən Zərərçəkmiş şəxs4 məxsus hər biri 150 manat dəyərində 4 baş qoyunları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 08 fevral 2022-ci il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçib, həyətdəki evin zala açılan plastik pəncərəsini əli ilə basıb açaraq həmin pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında paltar dolabının üst rəfində olan fotoşəkil çərçivəsinin altından sonuncuya məxsus 400 manatı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 12 fevral 2022-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 7 fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçib həyətdəki evin plastik pəncərəsini əli ilə basıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin içərisindəki elektrik naqillərini kəsib gizli olaraq talamış və Zərərçəkmiş şəxs3 ümumilikdə 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 14 fevral 2022-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçmiş həyətdəki evin giriş qapısının üst hissəsindən yəni, dam hissədən yaşayış sahəsinə qanunsuz daxil olub evin içərisindəki elektrik naqillərini kəsib gizli olaraq talamış və Zərərçəkmiş şəxs2 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,822 qram psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,822 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 14 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yaşadığı evin yaxınlığında olduğu zaman Sabunçu RPİ-nin 15ci PB-nin əməkdaşları tərəfindən küçədə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişdir. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getmişdir. Polis şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. 16 fevral 2022-ci il tarixdə o sərbəst buraxılmışdır. O, 21 fevral 2022-ci il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İttiham aktın müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan oğurluq etdiyi qeyd olunsa da, qeyd olunan oğurluq hadisələri onun tərəfindən törədilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ona məxsus fərdi yaşayış evi var. Həmin evin təmir işləri tamalanmadığı üçün evdə yaşayış yoxdur. Sonuncu dəfə 04 fevral 2022-ci il tarixdə həmin evdə olmuş, həmin hər hansı əşyanın oğurlandığını müəyyən etməmişdir. 14 fevral 2022-ci il tarixdə, saat 09 radələrində fərdi yaşayış evinə getdiyi zaman evin zal və yataq otağında divarın içərisinə yerləşdirilmiş olan elektrik naqilləri kəsilərək oğurlandığını aşkar etmiş, bununla bağlı dərhal polisə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, 08 fevral 2022-ci il tarixdə, saat 07 radələrində Kürdəmir rayonuna getmiş, həyat yoldaşı isə həmin gün, saat 11 radələrində işə getmiş, evdə heç kim olmamışdır. 08 fevral 2022-ci il tarixdə, saat 14 radələrində evə gələrək həyətin giriş qapısının qıfılını açıb həyətə daxil olmuş, daha sonra evin giriş qapısını açarla açıb evə daxil olduqda evin zal otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, pəncərini həyat yoldaşının açıq qoyduğunu düşünmüş, lakin, yataq otağına keçdiyi zaman otağın dağınıq vəziyyətdə olduğunu, otaqda olan şəkil çərçivəsinin altında olan 400 manat pulun götürüldüyünü görərək həyat yoldaşına zəng etmişdir. Telefon danışığı zaman yoldaşı işdə olduğunu və işə gedərkən evdə olan pulu götürmədiyini ona bildirmiş, o, naməlum şəxs tərəfindən evdən oğurluq edildiyini düşündüyü üçün qaynı Şahid1 zəng vuraraq məlumat vermişdir. Şahid1 gəldikdən sonra ondan baş vermiş hadisə ilə bağlı polisə məlumat veribvermədiyini soruşmuş, o, Elvinə, həyəcanlandığı üçün polisə məlumat verməyi unutduğunu bildirmişdir. Bundan sonra qaynı Elvin DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonradan özü Sabunçu RPİ-nin 15-ci PB-yə gedərək hadisə barədə ərizə və izahat yazmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əmirxəlil döngəsi, Bağlar massivində nömrəsiz ünvanda fərdi yaşayış evi var. Həmin evin həyətində xırda buynuzlu qoyun heyvanlarına baxır. Hər gün heyvanlarını Sabunçu rayonu, Pirşağı qəsəbəsində boş sahəliyə aparıb otardıqdan sonra axşam radələrində həyətindəki tövləyə salır. Tövlənin qapısını qıfılla bağlayır. 20 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində həyətindəki tövlədən qoyunların səs küyünü eşitmiş, bundan sonra bayıra çıxdıqda nömrəsini və markasını görə bilmədiyi bir avtomobilin oradan uzaqlaşdığını görmüş, daha sonra tövləyə baxdıqda, tövlənin küçə tərəfdən qapısının, eləcə də, tövlənin öz dəmir qapısının üzərində olan qıfılların sındırıldığını, 4 baş qoyunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda fərdi yaşayış evi var. Həmin evdə təmir başa çatmadığı üçün yaşayış yoxdur. 12 fevral 2022-ci il tarixdə, saat 21 radələrində özünə məxsus fərdi yaşayış evinə getdiyi zaman evin işıqlarının yanmadığını görərək otaqlara baxmış, ona məlum olmuşdur ki, naməlum şəxs evə mətbəxin plastik pəncərəsini açmaq yolu ilə daxil olub evin birinci və ikinci mərtəbəsindəki bütün otaqlara çəkilmiş elektrik naqillərini kəsilərək oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. 14 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısının həyat yoldaşıdır. 08 fevral 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq evdən oğurluq edildiyini bildirmiş, o, dərhal Elşənin yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs1, özünün 08 fevral 2022-ci il tarixdə, saat 07 radələrində Kürdəmir rayonuna, həyat yoldaşı isə həmin gün, saat 11 radələrində işə getdiyini, saat 14 radələrində evə qayıtdığı zaman otaqların dağınıq vəziyyətdə olduğunu və yataq otağında paltar şkafındakı fotoşəkil çərçivəsinin altında olan 400 manat pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. O, Elşəndən baş vermiş hadisə ilə bağlı polisə müraciət edib-etmədiyini soruşmuş, Elşən həyəcanlandığı üçün polisə məlumat verməyi unutduğunu bildirmişdir. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsində olan 14 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 29-30-ci vərəqəsində olan 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə şəffaf rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 42-43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli 6/917 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 161” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs aşkar edilərək...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,822 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metemafetamindir. Tədqiqata sərf ediildikdən sonra metamfetaminin qalıq çəkisi 1.772 qramdır. Cinayət işinin 1-ci cildinin 65-67-ci vərəqələrində olan 16 fevral 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Arif Qarayevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 68-69-cu vərəqələrində olan 16 fevral 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 160-cı vərəqəsində olan 21 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 207-216-cı vərəqəsində olan 22 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 9-13-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-156/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 49-50-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 11 mart 2022-ci il tarixli, 1218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 57-69-cu vərəqəsində olan 26 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.772 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “…Polis bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır....” və “...İttiham aktın müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan oğurluq etdiyi qeyd olunsa da, qeyd olunan oğurluq hadisələri onun tərəfindən törədilməmişdir...” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 fevral 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.772 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.772 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar