Məhkəmə qərarları › İş №1(008)-51/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-51/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-51/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmayan, işləməyən, Kürdəmir rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Note” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin yolayrıcından kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində sola dönən zaman Şahid idarə etdiyi “Hyundai Santafe” markalı 90-DA- 747 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində idarəetməni itirib yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona baş beyin silkələnməsi, sol almacıq və əng sümüklərinin yerini dəyişən, qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, çənə və hər iki bud nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun “B” kateqoriyalı sürücülük vəsiqəsi və hadisəyə qədər 6 ildən çox sürücülük təcrübəsi olmuşdur. Mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. “Nissan” markalı, “Note” modelli, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edirdi. xx.xx.2023-cü il tarixdə, saat təqribən 13:20-də qeyd etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə hərəkət edib avtomobili sola doğru “Aygün Mall” ticarət mərkəzinin qarşısına getmək, qarşıdan və arxadan gələn avtomobillərin keçməsini gözləyib sola doğru dönmə əməliyyatı etdikdə, bu zaman qarşı əks istiqamətdən, sağdan gələn “Hyundai” markalı, “Santa Fe” modelli, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ yan hissəsinə dəymişdir. Zərbədən o, idarə etməni itirmiş və avtomobil fırlanaraq sol arxa hissəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan qadına dəymişdir. Qadın zərbədən yerə yıxılmışdır. O və həmin avtomobilin sürücüsü qadına ilk tibbi yardım göstərib həmin şəxsi X3 aparmışlar. Hadisə zamanı avtomobildə ondan başqa heç kim olmamış, o özü tək olmuşdur. Avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Sadəcə o, dönmə əməliyyatını icra edərkən avtomobilin bir qədər ləng hərəkət etməsini nəzərə almamışdır. Bu onun idarə etdiyi avtomobillər üçün xarakterikdir. O, düşünmüş digər avtomobil çatana qədər dönməni başa vuracaq, lakin avtomobilin qeyd edilən xüsusiyyətini nəzərə almamışdır. Zərərçəkmiş şəxsə əməliyyatı və müalicəsi üçün ümumilikdə 1500 manat xərc çəkmişdir. Hazırda Zərərçəkmiş şəxs tələb etdiyi ziyanı ödəyə bilmir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat təqribən, 13 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, “Aygün Mall” ticarət mərkəzinin qarşısında dayanmışdır. Bu zaman o, yerində dayanmışdır, sol tərəfdən gələn ağ rəngli “Hyundai” markalı, “Santa Fe” modelli, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürətli gəldiyini görüb bir qədər arxaya çəkilmişdir. Bu zaman həmin avtomobil qarşı tərəfdən gələn “Nissan” markalı, “Note” modelli, 77- KP-278 dövlət qeydiyyat nömrə nişanlı avtomobil sola doğru dönmə əməliyyatı edərkən onun qabaq sağ hissəsinə çırpılmışdır. Zərbədən “Nissan” markalı, “Note” modelli, 77- KP-278 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetməni itirmişdir. Yolda sola doğru fırlanmış və arxa sol hissəsi ona dəymişdir. Nəticədə o, 3-4 metr məsafədə yuxarı qalxıb daha sonra yerə yıxılmış və özündən getmişdir. Daha sonra aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmişdir. Əməliyyat olunmuş, üzünə implant qoyulmuşdur. Hazırda həmin implantların çıxarılması üçün əməliyyat olunmalıdır. Bundan başqa hadisədən təxminən 1 ay sonra təqsirləndirilən şəxslə birlikdə xəstəxanaya gedib sol çiynindən MRT olunmuşdur. Həmin MRT nəticələrindən də görünür ki, çiyində vətər qopmuşdur. Həkim təqsirləndirilən şəxsin yanında demişdir ki, əməliyyat olunmalıdır. Bunun üçün də yüksək xərc tələb olunur. Qolunu hərəkət elətdirə bilmir. Sifəti təmiz keyimişdir. İki dəfə əməliyyat olunmalıdır. Təxmini 8000-10.000 manat məbləğində xəsrc tələb olunur. Sürücü Təqsirləndirilən şəxs tərəfindən xəstəxanaya cəmi 1400 manat pul verilmişdir. Sonra da dava-dərman üçün 100 manat pul vermişdir. Onunla nə bu, nə də digər sürücü maraqlanmışdır. Ona görə də hər iki sürücüyə qarşı şikayətçidir. Ona dəymiş ziyanı ödəmədiyinə görə təqsirləndirilən şəxsə qanuna uyğun cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, özünə məxsus “Hyundai” markalı, “Santa Fe” modelli, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, saat təqribən, 13:20-də qeyd etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, “Aygün Mall” ticarət mərkəzinin qarşısı ilə saatda 40/km sürətlə hərəkət etmişdir. Bu zaman qarşı əks istiqamətdən gələn “Nissan” markalı, “Note” modelli **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sola doğru qarşısında dönmə əməliyyatı etmişdir. Bu zaman o, dərhal əyləcdən istifadə etsə də avtomobilinin qabaq hissəsi ilə həmin avtomobilin arxa sağ təkər hissəsindən vurmuşdur. Zərbədən həmin “Nissan” markalı, “Note” modelli **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etməni itirərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan qadına dəymişdir. Qadın zərbədən yerə yıxılmışdır. Daha sonra qadına ilk tibbi yardım göstərib onu X3 aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/15304 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur; xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 tərəfindən Təqsirləndirilən şəxs “Nissan Note” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2028-ci il tarixədək idarə etmək hüququ verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 08 iyul 2023-cü il tarixli 1558 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol almacıq və əng sümüklərinin yerini dəyişən, qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, çənə və hər iki bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir; Baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerinin yaxınlığında yerləşən videomüşahidə kamerası vasitəsilə qeydə alınmış 01 ədəd DVD diskə köçürülmüş videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı videogörüntünün 00:07-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note” markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, S.Qocayev küçəsi ilə hərəkətdə olarkən qırmızı rəngli “Bakubus” avtobusunun qarşısında ani tormozlama etməsi, videogörüntünün 0.11-ci saniyəsində qarşıdan hərəkətdə olan avtomobillərə yol vermədən sola dönmə əməliyyatı etməsi, videogörüntünün 00:12-ci saniyəsində qarşıdan hərəkətdə olan Şahid idarə etdiyi “Hundai Santafe” markalı, **-DA-*** dövlə nömrə nişanlı avtomobillə toqquşması, videogörüntünün 00:12-ci saniyəsində toqquşmadan sonra idarəetməni itirən Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note” markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında dayanan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində yerə yıxılması görüntüləri aşkar edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerinin yaxınlığında yerləşən videomüşahidə kamerası vasitəsilə qeydə alınmış 01 ədəd DVD diskə köçürülmüş videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı videogörüntünün Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note“ markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsi ilə hərəkətdə olarkən qırmızı rəngli “BakuBus” avtobusunun qarşısında ani tormozlama etməsi, videogörüntünün 0.16-ci saniyəsində qarşıdan hərəkətdə olan avtomobillərə yol vermədən sola dönmə əməliyyatı etməsi, videogörüntünün 00:16-ci saniyəsində qarşıdan hərəkətdə olan Şahid idarə etdiyi “Hyundai Santafe” markalı **-DA- *** dövlət nömrə nişanlı avtomobillə toqquşması, videogörüntünün 00:17-ci saniyəsində toqquşmadan sonra idarəetməni itirən Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note“ markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında dayanan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində yerə yıxılması görüntüləri aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 8/3859 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Nissan Note” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X6” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AD 300398 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisə görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2025-ci il tarixli, T95/2025 saylı rəyindən görünür ki, vətəndaş P.M.Paşayevada baş beyin silkələnməsi, sol almacıq və əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, çənə və hər iki bud nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyalar) bilavasitə təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, avtoqəza zamanı piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Belə ki, təqdim edilmiş sol çiyin qurşağının MRT-qrafik CD görüntülərinin ekspert radioloq tərəfindən tədqiqatı zamanı göstərilən sümüklərin sümük tamlığı pozulmadığından, oynaqətrafı elementlərdə postdegenerativ dəyişikliklər hesabına patomorfoloji prosesin kölgəliyi izlənildiyindən sol çiyin qurşağında yaranmış dəyişiklikləri məhkəmə tibbi baxımdan xəsarət kimi qiymətləndirmək və onları xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqələndirmək mümkün olmadı. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini nəzərə alır və CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.), hadisə anının videogörüntülərini əks etdirən 2 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar- iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar