Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-510/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi Bakı şəhəri 2 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X5 və onların müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, X6, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Fərid Bəxtiyar oğlu, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6 və X1 və Linkedin sosial şəbəkələrdə özlərinə məxsus profillərdən “dələdüz", “fırıldaqçı”, “əxlaqsız davranışlı", “həddini bilməyən” şəxs kimi ifadələr işlədərək onu təhqir etmişlər. Onların barəsində, habelə təsisçisi və rəhbəri olduğu "xxxx" MMC haqqında yaydıqları böhtan və təhqir xarakterli məlumatlar geniş əhali kütləsi dairəsində yayılmış və bu yalan məlumatlar yayıldıqdan sonra dost-tanışlar ona zəng vuraraq yayılan məlumatlardan narahatlığını bildirmişlər. F.Rustamzadənin və X.Camalovanın yaydıqları böhtan və təhqir xarakterli məlumatlar həqiqəti əks etdirmir, yalandır və əsas məqsədi onu və rəhbəri olduğu şirkəti əhali arasında gözdan salmaq, işgüzar nüfuza zərər yetirməkdir. Əmindir ki, F.Rustamzadə və X.Camalova rəqib şirkətlərin sifarişlərini yerinə yetirirlər. Hadisənin araşdırılması və hüquqi qiymət verilməsi üçün o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X15 tərəfindən barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X6 və X3 idarəsinə dəvət oluunaraq izahatları alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, X6 və X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinmələri barədə hökm qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 və nümayəndəsi Müdafiəçi2 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və X8 və onların müdafiəçisi Müdafiəçi1 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndələrini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddəsinə əsasən şikayəti vermiş şəxsin imzası göstərilməlidir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Şikayət ərizəsində X6 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin həmin hərəkətləri nə vaxt törətdikləri göstərilməmişdir. Eyni zamanda şikayət ərizəsində törədilmiş cinayət haqqında məlumatda X6 və X5 Facebook və Linkedin sosial şəbəkələrdə özlərinə məxsus profillərdən “dələdüz", “fırıldaqçı”, “əxlaqsız davranışlı", “həddini bilməyən” şəxs kimi ifadələr işlədərək onu təhqir etdikləri, Aisa Aslanova və onun təsisçisi və rəhbəri olduğu "xxxx" MMC haqqında böhtan və təhqir xarakterli məlumatları geniş əhali kütləsi arasında yayması göstərilsə də, həmin şəxslərin CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının CM-nin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən t əhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Göründüyü kimi şikayət ərizəsində verilmiş ittihamın məzmunu ilə hüquqi tövsifi uyğunsuzluq təşkil edir. Həmçinin, cinayət əməli X6 və X8 tərəfindən törədildiyi təqdirdə, həmin cinayət hadisəsi nəticəsində ona məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə əks olunmamışdır. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X9 şikayət ərizəsində şikayətin verildiyi yer göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.7-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-510/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-510/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver